Yaddaş unutqanlığa qarşı mübarizə silahıdır, unutqanlıq isə ikinci repressiyadır
“Repressiya qurbanlarının xatirəsini yaşatmaq yalnız keçmişə hörmət deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir. Yaddaş unutqanlığa qarşı mübarizə silahıdır. Çünki unutqanlıq ikinci repressiyadır” Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc Binnət Əsgərin “

“Repressiya qurbanlarının xatirəsini yaşatmaq yalnız keçmişə hörmət deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir. Yaddaş unutqanlığa qarşı mübarizə silahıdır. Çünki unutqanlıq ikinci repressiyadır” Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc Binnət Əsgərin “Maqadan. Sonuncu dayanacaq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Deputat bildirib ki, repressiyalar hər bir xalqın tarixində ən ağır və faciəli səhifələrdən biridir: “Azərbaycan müstəqillik qazandıqdan sonra tarixinin qanlı səhifələrinə hüquqi-siyasi qiymət verdi. Lakin Ulu Öndər Heydər Əliyevin hələ sovet illərində böyük Hüseyn Cavidi uzaq Sibirin adsız məzarlıqlarından xalqına və doğma torpağına qaytarması millətimizin keçmişi və gələcəyinə verilən misilsiz töhfə idi” Onun sözlərinə görə, Sovet totalitarizmi təkcə insanları fiziki məhv etməklə kifayətlənməyib, bütöv bir xalqın yaddaşını silməyə çalışıb: “QULAQ insanları yalnız həbs etmirdi. O, adamların adını, peşəsini, ailəsini, xatirəsini, hətta məzar yerlərini belə əlindən alırdı” Z.Oruc qeyd edib ki, totalitar rejim əvvəlcə dili, sonra hüququ dəyişir: “Dünən qonşu olan adam sabah ‘xalq düşməni’nə çevrilir, müəllim ‘casus’ adlandırılır, ailə başçısı naməlum istiqamətə aparılır və geri qayıtmır. NKVD troykaları hakimsiz, prokurorsuz, vəkilsiz, məhkumun iştirakı olmadan ölüm hökmləri çıxarırdı” Deputat repressiya qurbanı olmuş Azərbaycan ziyalılarının taleyinə də toxunub: “Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və onlarla digər görkəmli şəxsiyyət bir gecənin içində ‘xalq düşməni’ elan edildi. Onlar Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, elmini və milli düşüncəsini təmsil edən bir nəslin nümayəndələri idi” Onun sözlərinə görə, təkcə 1936-cı ilin oktyabrından 1938-ci ilin iyulunadək Azərbaycan SSR-də 25 min 222 nəfər həbs olunub, onların 13 min 356-sı azərbaycanlı olub. Ailə üzvləri də nəzərə alındıqda, repressiyalardan zərər çəkənlərin sayı on minlərlə insanı əhatə edib Z.Oruc bildirib ki, repressiya qurbanlarının xatirəsinin yaşadılması üçün yeni addımlar atılmalıdır. O, 1920–1953-cü illərdə repressiyaya məruz qalmış şəxslərin vahid açıq Dövlət Reyestrinin yaradılmasını, arxivlərin açılması və rəqəmsallaşdırılması üzrə dövlət proqramının qəbul edilməsini, məktəb və universitet proqramlarında Sovet siyasi repressiyalarına dair ayrıca bölmənin tədris olunmasını təklif edib Deputat həmçinin repressiya qurbanlarının ailələrinin təşkilatlanmasına dəstək verilməsini, Bakıda və bölgələrdə xatirə məkanlarının gücləndirilməsini, Hüseyn Cavidin heykəlinin ətrafında repressiya qurbanlarına həsr olunmuş memorial kompleksin yaradılmasını məqsədəuyğun hesab etdiyini bildirib Çıxışının sonunda Zahid Oruc vurğulayıb ki, xalqın yaddaşının qorunması milli borcdur: “Maqadanın buzlu yollarında, Kolımanın qızıl mədənlərinin dərinliyində, Sibirin adsız məzarlıqlarında qalan insanların ruhu bizdən yalnız bir şey istəyir: adlarımızı unutmayın. Yaddaşımızı qorumaq həm tarix qarşısında, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir”


