Xalqınızın İlham Əliyev kimi müdrik rəhbəri var - Gürcü jurnalistlə MÜSAHİBƏ
Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq Budəfəki müsahibimiz

Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq Budəfəki müsahibimiz qonşu Gürcüstandan olan jurnalist Vaso Kopanadzedir. O, həm də siyasi şərhçi, “Gürcüstanda Xarici Biznes” jurnalının icmalçısıdır Vaso Kopanadze ilə müsahibəni təqdim edirik: Gürcüstanda jurnalistikanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Gürcüstanda jurnalistikanın hazırkı vəziyyətini ümumilikdə müsbət qiymətləndirmək olar. Çünki prinsip etibarilə, jurnalistlər – istər hakimiyyəti dəstəkləsinlər, istərsə də dəstəkləməsinlər – öz fəaliyyətlərini həyata keçirmək baxımından heç bir ciddi problemlə üzləşmirlər. Bu baxımdan demək olar ki, Gürcüstanda media plüralizmi tam şəkildə mövcuddur Son illərdə ölkənizin media mühitində hansı əsas dəyişikliklər baş verib? Gürcüstanın media mühitindəki dəyişikliklər ümumilikdə cəmiyyət və dövlət həyatında baş verənlərlə bağlıdır. Belə ki, ölkədə və cəmiyyətdə siyasi qütbləşmə kifayət qədər yüksək səviyyədədir və bu da media mühitinə birbaşa təsir göstərir. Bir tərəfdən hökuməti və hakim siyasi qüvvəni dəstəkləyən media qurumları var, digər tərəfdən isə mövcud siyasi kursu kəskin tənqid edən mətbuat fəaliyyət göstərir. Bu vəziyyət həm birinci, həm də ikinci qrup media nümayəndələrinin fəaliyyətində öz əksini tapır Gürcüstanda media azadlığı ilə bağlı vəziyyəti necə xarakterizə edərdiniz? Gürcüstanda KİV azadlığı ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar. Media azadlığına hər hansı ciddi təhlükə mövcud deyil və hər bir kütləvi informasiya vasitəsi öz fəaliyyətini istədiyi istiqamətdə qurmaq imkanına malikdir. Bu baxımdan hazırda ciddi problem yoxdur və ümid edilir ki, gələcəkdə də olmayacaq Sizcə, Gürcüstanda KİV daha çox siyasi təsir altındadır, yoxsa müstəqil fəaliyyət göstərə bilir? KİV-in siyasi təsir altında olub-olmaması əsasən onların öz seçimindən asılıdır. Bəzi media qurumları siyasi təsir altına düşməyi seçir, digərləri isə hakimiyyət və müxalifət arasında balansı qorumağa çalışaraq nisbətən müstəqil fəaliyyət göstərir. Bu səbəbdən hər hansı medianın siyasi təsir altında olması daha çox onun öz mövqeyi və seçimidir Sosial şəbəkələr və rəqəmsal media ölkənizdə jurnalistikaya necə təsir edib? Sosial şəbəkələrin və rəqəmsal medianın inkişafı Gürcüstanda jurnalistikaya ciddi təsir göstərib. Bu gün sosial şəbəkələrdə bloq yazan hər kəs özünü jurnalist adlandıra bilər. Bu hal bir tərəfdən müsbətdir, çünki hər kəs öz fikrini ifadə etmək imkanı qazanır. Digər tərəfdən isə “özünü jurnalist elan edən” belə şəxslərin fəaliyyət keyfiyyəti, peşə hazırlığı və düşüncə səviyyəsi çox vaxt arzuolunan səviyyədə olmur Əgər KİV dövlət maraqları ilə həqiqət arasında seçim etməli olsa, hansına üstünlük verilməlidir? İdeal vəziyyət, əlbəttə ki, dövlət maraqları ilə həqiqətin üst-üstə düşdüyü haldır və demokratik, inkişaf etmiş cəmiyyətdə belə olmalıdır. Lakin nadir hallarda seçim zərurəti yaranarsa, dövlət maraqlarına üstünlük verilməlidir. Çünki həqiqət bəzi hallarda müxtəlif cür şərh oluna bilər və belə vəziyyətlərdə media nümayəndələri fəaliyyətlərində ilk növbədə dövlət maraqlarını əsas götürməlidirlər Gürcüstanda jurnalistlərin orta əməkhaqqı və iş şəraiti haqqında nə deyə bilərsiniz? Gürcüstanda jurnalistlərin orta əməkhaqqı ilə bağlı dəqiq statistika mövcud deyil və maaşlar ciddi şəkildə fərqlənir. Məsələn, çap mediasında çalışan jurnalistlər televiziya və radio sahəsində çalışanlara nisbətən xeyli az maaş alırlar. Xüsusilə televiziya kanallarında əməkhaqları daha yüksəkdir. Çap mediasında çalışan jurnalistlərin maaşı təxminən 500 lari və ya daha yuxarıdır ki, bu da kifayət qədər aşağı hesab olunur. Arzu olunandır ki, həm media qurumlarının ümumi səviyyəsi, həm də çap nəşrlərinin tirajı artsın və nəticədə jurnalistlərin maaşı ən azı 2–3 dəfə yüksəlsin Enerji və nəqliyyat layihələri Azərbaycanla Gürcüstanı necə yaxınlaşdırır? İqtisadi layihələrin həyata keçirilməsi, neft kəmərlərinin və qaz boru xətlərinin fəaliyyəti ilə bağlı məsələlər — xüsusilə də Gürcüstan ərazisindən keçərək ölkələrimizi və daha sonra digər dünya regionlarını birləşdirən enerji layihələrinin əhəmiyyəti — Gürcüstan kütləvi informasiya vasitələrində çox tez-tez müzakirə olunur Siyasi münasibətlərin kifayət qədər möhkəm olması, iki ölkə rəhbərlərinin dünya siyasətinə dair baxışlarının getdikcə daha çox yaxınlaşması, həmçinin dövlət başçılarının bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi Gürcüstan mediasında geniş və müntəzəm şəkildə işıqlandırılır Təbii ki, enerji və nəqliyyat layihələri Azərbaycanla Gürcüstanı daha da yaxınlaşdırır. Xüsusilə Yaxın Şərqdəki böhran şəraitində və Ermənistan üzərindən nəzərdə tutulan layihələrin faktiki olaraq uzun müddətdir aktuallığını itirməsi fonunda bu layihələrin əhəmiyyəti getdikcə artır Həmin layihələr hazırda tam şəkildə fəaliyyət göstərir və daha böyük potensiala malikdir. Bu isə həm Gürcüstanın, həm də Azərbaycanın iqtisadiyyatına çox müsbət təsir göstərir Siz Azərbaycanın hansısa bölgəsində olmusunuz? Bəli, mən bir neçə dəfə Azərbaycanda olmuşam. Sonuncu prezident seçkiləri zamanı beynəlxalq müşahidəçi kimi iştirak etmişdim. Həmin seçkilər demokratik şəraitdə keçirildi və cənab İlham Əliyev layiqli qələbə qazandı Sonuncu dəfə isə ötən ilin oktyabr ayında Azərbaycan–Gürcüstan Media Forumu çərçivəsində ölkənizdə oldum. Bu, hər iki ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən çox vacib media forumu idi İndiyədək Azərbaycanda yalnız Bakı şəhərində olmuşam Azərbaycanla bağlı ən çox yadınızda qalan təəssüratlar hansılardır? Təəssüratlara gəldikdə, istər seçkilər zamanı, istərsə də müxtəlif formatlı görüşlər çərçivəsində ünsiyyətdə olduğumuz insanlar yadda qaldı. Azərbaycanlılar xarakter baxımından gürcülərə bənzəyirlər - çox açıqürəkli, mehriban insanlardır və onların hər biri Gürcüstan haqqında böyük səmimiyyət və istiliklə danışır Eyni zamanda, hər bir azərbaycanlı öz ölkəsinin vətənpərvəridir və məhz bu hisslər, bu düşüncə tərzi bizi bir-birimizə daha da yaxınlaşdırır. Xalqlarımızın nümayəndələri arasında qarşılıqlı hörmət olduqca, biz daha yaxın xalqlara çevrilirik Azərbaycanlı həmkarlarımızla - istər jurnalistlər, istərsə də politoloqlarla apardığımız məzmunlu söhbətlər də çox məhsuldar və faydalı olur. Azərbaycan mədəniyyəti isə hər dəfə insanı müsbət mənada heyrətləndirir. Çünki Azərbaycan böyük və zəngin mədəniyyətə malik bir ölkədir və məhz mədəniyyət sahəsində münasibətlərimizin inkişafı üçün çox böyük potensial mövcuddur Qarabağda aparılan bərpa və quruculuq işləri barədə nə deyə bilərsiniz? Biz bilirik ki, Qarabağda genişmiqyaslı bərpa və tikinti işləri aparılır. Azərbaycanın hazırkı rəhbərliyinin bu bölgənin bərpasına belə həssaslıq və böyük qayğı ilə yanaşmasını yalnız alqışlamaq olar Bu, Azərbaycanın gələcək inkişafı baxımından həqiqətən də çox böyük və əhəmiyyətli bir işdir Gürcüstandakı Azərbaycan icması haqqında da danışmağınızı istərdik Gürcüstanın Azərbaycana münasibəti kifayət qədər yaxşı, mehriban qonşuluq və pozitiv xarakter daşıyır. Bu da ondan irəli gəlir ki, ölkələrimizi strateji tərəfdaşlıq birləşdirir və hər iki dövlətin rəhbərləri bu münasibətlərin inkişafı və möhkəmlənməsi üçün çox iş görürlər Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın vaxtlarda Tbilisiyə böyük nümayəndə heyəti ilə etdiyi səfər də münasibətlərin inkişafına mühüm töhfə verdi. O, Gürcüstan rəhbərliyi ilə görüşlər keçirdi və ölkələrimizi birləşdirən bir çox iqtisadi layihələr müzakirə olundu Bütün bunlar göstərir ki, ölkələrimizin rəhbərləri və xalqları arasında həqiqi dostluq mövcuddur və bu dostluq çox böyük dəyərə malikdir. Azərbaycan–Gürcüstan münasibətlərinin Cənubi Qafqaz regionu üçün son dərəcə vacib olması isə danılmaz bir həqiqətdir Gürcüstanda yaşayan azərbaycanlılar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər? Gürcüstandakı Azərbaycan icması, eləcə də Azərbaycandakı gürcü icması müvafiq olaraq həm Gürcüstanın, həm də Azərbaycanın həyatında mühüm rol oynayır. Gürcüstanda yaşayan azərbaycanlılar ölkə vətəndaşlarıdır və düşünürəm ki, hamının malik olduğu bütün hüquqlardan istifadə edirlər Azərbaycanlıların əsasən hansı sahələrdə çalışdığına gəldikdə isə onlar müxtəlif sahələrdə - ticarət, mədəniyyət və digər istiqamətlərdə fəaliyyət göstərirlər. Tbilisidə çox gözəl Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir Mən hesab edirəm ki, onların istədikləri sahədə çalışmaq və inkişaf etmək üçün bütün perspektivləri mövcuddur. Bu da tamamilə təbiidir, çünki ölkə vətəndaşı milli mənsubiyyətindən asılı olmayaraq öz fəaliyyət və iş sahəsini sərbəst şəkildə seçə bilər Sizcə, Gürcüstanın siyasi idarəetmə sistemində azərbaycanlıların sayının az olmasının səbəbi nədir? Düzünü desəm, Gürcüstanın polis idarəetmə sistemində azərbaycanlıların sayının niyə az olması ilə bağlı konkret səbəb deyə bilmərəm. Lakin parlamentdə azərbaycanlı millət vəkilləri var, həmçinin Azərbaycan dili ilə yanaşı, gürcü dilini də bilən və müxtəlif gürcü televiziya kanallarında çalışan jurnalistlərimiz mövcuddur Yəqin ki, əgər belə bir problem varsa, bu, müəyyən mənada Gürcüstan azərbaycanlıları arasında dövlət dili olan gürcü dilinin bilik səviyyəsinin hələ də arzuolunan səviyyədə olmaması ilə bağlıdır. Ola bilsin ki, məhz bu amil Gürcüstanın siyasi idarəetmə sistemində azərbaycanlıların sayının daha nəzərəçarpacaq səviyyədə təmsil olunmasına maneə yaradır Azərbaycan mədəniyyətinin hansı cəhətləri sizi daha çox təsirləndirib? Azərbaycanın tarixi, ədəbiyyatı, Şərqə məxsus düşüncə tərzi, davranış və insanlarla ünsiyyət mədəniyyəti hər zaman insanı heyran edir. Azərbaycanlılarla ünsiyyətdən sonra belə bir təəssürat yaranır ki, qonşularımız həqiqətən də böyük və qədim bir mədəniyyətin daşıyıcılarıdır Biz gürcülərin də qədim və zəngin mədəniyyətə sahib olması, məhz Azərbaycan–Gürcüstan dostluğunun mədəniyyət sahəsində inkişafı üçün çox möhkəm və əlverişli bir təməl yaradır Gürcüstan və Azərbaycan xalqları arasında hansısa oxşarlıqları görürsünüz? Xalqlarımız arasındakı oxşarlıqlara gəldikdə, bunlar vətən sevgisi, vətənpərvərlik, münasibətlərdə sadəlik və səmimilik, eləcə də bizi birləşdirən ədalət hissidir. Biz yalnız öz ölkələrimizi sevmirik, eyni zamanda qonşu dövlətlərə də hörmətlə yanaşırıq. Həm azərbaycanlılar, həm də gürcülər regionumuzda uzunmüddətli sülhün bərqərar olmasının, Cənubi Qafqazın təhlükəsizlik və rifah içində yaşamasının tərəfdarıdırlar Bunlar bizim ortaq dəyərlərimizdir və düşünürəm ki, ölkələrimizin rəhbərləri də mərhələli şəkildə bu istiqamətdə irəliləyərək regionumuzda uzunmüddətli sülhə və rifaha nail olacaqlar. Baxmayaraq ki, bu gün dünya siyasətində və qlobal iqtisadiyyatda kifayət qədər ciddi çətinliklər mövcuddur Gürcü mətbəxinin ən məşhur yeməkləri hansılardır və gündəlik həyatda insanlar daha çox nəyə üstünlük verirlər? Xinkali, xaçapuri, çaxoxbili, kababi və digər bir çox yeməklər, məsələn, mamalıqa bənzər qomi həm Gürcüstan sakinləri, həm də ölkəmizin qonaqları arasında ən məşhur təamlardan hesab olunur ki, bu da heç kimə sirr deyil. Gündəlik həyatda biz də, qonaqlarımız da daha çox məhz bu yeməklərə üstünlük veririk Əlbəttə, necə deyərlər, zövqlər müxtəlifdir və Gürcüstanda başqa çoxlu dadlı yeməkləri də sınamaq mümkündür. Məsələn, lobya ilə hazırlanan çox gözəl yeməklərimiz var. “Lobiani” adlanan, pendir əvəzinə lobya ilə hazırlanan xaçapuri növü də Gürcüstanda olduqca məşhurdur Şükürlər olsun ki, gürcü mətbəxi zəngin və rəngarəngdir. Mən bilirəm ki, çoxlu azərbaycanlılar, o cümlədən dostlarım da hər fürsətdə gürcü restoranlarına və dadlı yeməklər təqdim olunan digər məkanlara böyük məmnuniyyətlə gedirlər Gürcülərə xas olan maraqlı sosial və mədəni ənənələr hansılardır? Sosial və mədəni ənənələr cəmiyyətimizdə üstünlük təşkil edən tarixi və mənəvi dəyərlərə əsaslanır. Bunlar ailə dəyərləridir. Biz ailə institutuna və ənənələrə böyük hörmətlə yanaşırıq Zaman-zaman Qərbdəki bəzi “tərəfdaşlarımızın” bizə aşılamağa çalışdığı dəyərlər isə bizim üçün yad hesab olunur və cəmiyyətimiz tərəfindən tam qəbul edilmir. Məsələn, insanların erkən yaşlardan öz cinsini seçə bilməsi, bəzi Qərb ölkələrində eynicinsli nikahların norma hesab edilməsi və gey-paradların keçirilməsinin adi hal kimi qəbul olunması Gürcüstan üçün müsbət yanaşma deyil. Mən düşünürəm ki, Azərbaycanda da insanlar bu məsələlərlə asanlıqla barışa bilməzlər Məhz ailə, mədəniyyət və digər ənənəvi dəyərlər həm Gürcüstan, həm də Azərbaycan cəmiyyətləri üçün çox vacibdir və bizi bir-birimizə bağlayan əsas amillərdən biridir Gürcü cəmiyyəti ölkənin Avropa İttifaqına inteqrasiya prosesini necə qarşılayır? Gürcüstan cəmiyyəti Avropa İttifaqına inteqrasiya ideyasını dəstəkləyir. Lakin son illərdə, xüsusilə də son iki-üç ildə bu məsələ Gürcüstan cəmiyyətində kifayət qədər ciddi müzakirə mövzusuna çevrilib. Çünki Avropa İttifaqı rəsmilərinin Gürcüstan rəhbərliyinə, eləcə də ölkənin suverenliyinin möhkəmləndirilməsi istiqamətində apardığı siyasətə münasibəti ədalətli və səmimi hesab olunmur Buna görə də Gürcüstanın Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilmək istəyinə münasibətdə müəyyən soyuma müşahidə olunur. Biz Avropa İttifaqında baş verən prosesləri böyük diqqətlə izləyirik. Hazırkı Gürcüstan rəhbərliyi təxminən 2030-cu ilə qədər ölkənin Avropa İttifaqına üzvlüyünü hədəfləsə də, çox şey qarşıdakı üç-dörd il ərzində Avropa İttifaqının necə davranacağından və Gürcüstan–Avropa İttifaqı münasibətlərinin necə formalaşacağından asılı olacaq Hazırkı vəziyyətdə isə deyə bilərik ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyənlərin sayı tədricən azalır Sizcə, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün ən vacib amillər hansılardır? Cənubi Qafqazda sabitlik üçün ən vacib amillərdən biri, ilk növbədə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və daha da yaxşılaşmasıdır. Hamımız Azərbaycan və Ermənistan arasında sülh və tərəfdaşlıq sazişinin imzalanmasını gözləyirik Bununla yanaşı, Gürcüstanla Rusiya arasında münasibətlərin yaxşılaşması, Gürcüstanın ərazi bütövlüyünün mərhələli şəkildə bərpası, eləcə də region ölkələri - Gürcüstan, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də böyük əhəmiyyət daşıyır Azərbaycanlı oxuculara və jurnalistlərə hansı mesajı vermək istərdiniz? Azərbaycanlı oxuculara ən xoş və səmimi arzularımı çatdırmaq istəyirəm. Çünki onlar dost xalqın nümayəndələridir. Bu xalqın İlham Əliyev kimi ağıllı və müdrik rəhbəri var. O, çoxşaxəli və düşünülmüş xarici siyasət yürüdür, həmçinin, ölkə daxilində gedən prosesləri də uğurla idarə edir Suveren dövlət quruculuğu yolunda yaranan çətinliklərə baxmayaraq, o, hər bir ölkənin qarşısına zaman-zaman çıxan problemlərin öhdəsindən bacarıqla gəlir. Mən inanıram ki, Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişaf baxımından parlaq gələcəyi var Azərbaycanlı jurnalist həmkarlarımıza da ürəkdən təbriklərimi çatdırmaq istərdim. Onları hər il 3 may tarixində qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrik edir, yaradıcılıq və peşə fəaliyyətlərində yeni uğurlar, şəxsi və ictimai həyatlarında xoşbəxtlik arzulayıram Eyni zamanda, onlara və bütün Azərbaycan xalqına ölkənin daha da inkişaf etməsini arzu edirəm ki, biz hamımız bir-birimizin nailiyyətlərinə sevinək


