Şuşa Bəyannaməsi qardaşlıqdan müttəfiqliyə aparan tarixi yoldur
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni və keyfiyyətcə daha yüksək mərhələnin əsasını qoydu

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni və keyfiyyətcə daha yüksək mərhələnin əsasını qoydu. Tarixi Qələbədən sonra azad edilmiş Şuşada imzalanan bu sənəd yalnız Azərbaycan-Türkiyə əlaqələrinin inkişafını deyil, həm də regionun gələcək geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən mühüm strateji sənəd kimi qiymətləndirilir Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərinə, xalqlarımızın ortaq dəyərlərinə və böyük liderlər Mustafa Kamal Atatürk ilə Heydər Əliyevin siyasi irsinə söykənir. “Bir millət, iki dövlət” fəlsəfəsinin müasir dövrdə ən ali siyasi ifadəsi məhz Şuşa Bəyannaməsində öz əksini tapmışdır Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd iki dövlət arasında əməkdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirməklə yanaşı, gələcək fəaliyyət istiqamətlərini də müəyyənləşdirdi. Bəyannamə siyasət, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, energetika, nəqliyyat, təhsil, mədəniyyət, informasiya siyasəti və diaspor fəaliyyəti daxil olmaqla əməkdaşlığın bütün əsas sahələrini əhatə edir. Bununla da Azərbaycan-Türkiyə münasibətləri regional əməkdaşlıq modelindən çıxaraq qlobal əhəmiyyət daşıyan strateji müttəfiqlik platformasına çevrilmişdir Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı təhdid yaranacağı təqdirdə qarşılıqlı dəstək göstərməsi xüsusi vurğulanır. Bu müddəa yalnız iki ölkənin təhlükəsizliyinin təmin olunmasına deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin qorunmasına xidmət edir. Eyni zamanda, sənəd regionda revanşist və destruktiv meyllərin qarşısının alınması baxımından mühüm siyasi mesaj xarakteri daşıyır Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün etibarlı siyasi zəmin yaradır Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın daha da genişləndirilməsidir. Sənəd qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticələrini nümayiş etdirir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr regionun investisiya cəlbediciliyini artırmaqla yanaşı, yeni iqtisadi imkanlar formalaşdırır Şuşa Bəyannaməsi eyni zamanda enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə təkan verir. Azərbaycan və Türkiyə Avrasiyanın enerji xəritəsində mühüm mövqeyə malik olmaqla regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayırlar Şuşa Bəyannaməsində əksini tapan mühüm məsələlərdən biri də regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Avropa ilə Mərkəzi Asiya arasında yeni iqtisadi və logistik imkanlar yaradır Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsi və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə inteqrasiya perspektivləri Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artırır. Beləliklə, Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın inkişafına xidmət edən strateji platformadır Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində koordinasiyalı fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd olunur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal təhlükəsizlik məsələlərində ortaq mövqe nümayiş etdirmək barədə razılığa gəliblər. Bu yanaşma hər iki ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, milli maraqlarının müdafiəsinə və qlobal proseslərdə təsir imkanlarının genişlənməsinə xidmət edir Azərbaycan və Türkiyə artıq yalnız regional deyil, beynəlxalq səviyyədə də mühüm siyasi təşəbbüslərin müəllifləri və iştirakçıları kimi çıxış edirlər Şuşa Bəyannaməsi Türk dünyasının birliyi və inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəd Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ortaq maraqların müdafiəsi və türk xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində yeni imkanlar yaradır İnformasiya siyasəti, media əməkdaşlığı və diaspor fəaliyyətinin koordinasiyası sahəsində nəzərdə tutulan mexanizmlər beynəlxalq informasiya məkanında daha güclü və vahid mövqenin formalaşmasına xidmət edir. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin deyil, bütövlükdə Türk dünyasının strateji gələcəyini müəyyən edən mühüm siyasi sənəd kimi qiymətləndirilir Ümumilikdə deyə bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtələrindən biri olmaqla yanaşı, regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm geosiyasi sənəddir. Azad Şuşada imzalanması bu sənədə xüsusi tarixi və siyasi məna qazandırmışdır Bu gün Azərbaycan və Türkiyə arasında formalaşmış müttəfiqlik münasibətləri regional təhlükəsizliyin, iqtisadi inkişafın, enerji əməkdaşlığının və Türk dünyasının inteqrasiyasının əsas dayaqlarından biri kimi çıxış edir. Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq iradəsinin, strateji baxışının və gələcəyə hesablanmış əməkdaşlıq modelinin parlaq təcəssümü olaraq tarixdə öz layiqli yerini tutmuşdur Mehriban Vəliyeva Milli Məclisin deputatı


