Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ
Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi-alim Rizvan Hüseynov Orta Dəhliz layihəsinin dayanıqlı şəkildə həyata keçirilməsində Cənubi Qafqazın rolu və dəhlizin əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: Orta Dəhliz layihəsinin dayanıqlı həyata keçirilməsində

Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi-alim Rizvan Hüseynov Orta Dəhliz layihəsinin dayanıqlı şəkildə həyata keçirilməsində Cənubi Qafqazın rolu və dəhlizin əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: Orta Dəhliz layihəsinin dayanıqlı həyata keçirilməsində Cənubi Qafqazın rolu nədən ibarətdir? Orta Dəhliz layihəsinin əsas ana xətti və logistika mərkəzi rolunu Cənubi Qafqaz, xüsusilə də Azərbaycan oynayır. Azərbaycanın bu layihədə müstəsna əhəmiyyəti vardır. Layihənin rəsmi adı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur, lakin daha çox "Orta Dəhliz" adı ilə tanınır. Adından da göründüyü kimi, layihənin əsas məqsədi Xəzər dənizi üzərində nəqliyyat, logistika və tranzit infrastrukturunun qurulması və inkişaf etdirilməsidir. Bu baxımdan Xəzərin hər iki sahilində yerləşən Azərbaycan və Qazaxıstan layihənin əsas dayaqları hesab olunur. Hər iki ölkə sinerji şəklində Orta Dəhlizin ana xəttini təşkil edir. Bununla yanaşı, Türkiyə və Özbəkistan da layihədə mühüm rol oynayırlar. Beləliklə, Orta Dəhlizin əsas iştirakçıları Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistandır. Layihənin əsas yükünü isə Azərbaycan və Qazaxıstan öz üzərinə götürür. Xüsusilə Azərbaycan Xəzərin qərb sahilində mühüm logistika qovşağı kimi çıxış edir. Bu dörd ölkənin səylərinin koordinasiyalı və sinxron şəkildə birləşdirilməsi Orta Dəhlizin uğurunu müəyyən edən əsas amillərdən biridir Orta Dəhlizin yüksəlişi fonunda Mərkəzi Asiya geoiqtisadi cəhətdən necə qurulmalıdır? Mərkəzi Asiya, yaxud tarixi adı ilə Türküstan ölkələri üçün Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil. Bu yol üzərində geniş iqtisadi və sənaye infrastrukturu formalaşdırılmalıdır. Söhbət təkcə nəqliyyat şəbəkəsindən getmir. Burada sənaye müəssisələri, enerji layihələri, süni intellekt texnologiyaları, rəqəmsal xidmətlər və internet infrastrukturu da inkişaf etdirilməlidir. Başqa sözlə, Orta Dəhliz, sadəcə, yük daşınması üçün yaradılmış marşrut deyil, türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin edən strateji platformadır Ümumiyyətlə, qlobal logistika və ticarətin dəyişən strukturunda Orta Dəhlizin hazırkı rolunu necə xarakterizə edərdiniz? Qlobal ticarət və logistika sistemində baş verən dəyişikliklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Mövcud geosiyasi şəraitdə Rusiya üzərindən Çindən və Türküstandan Avropaya daşınan yüklər ciddi məhdudiyyətlərlə üzləşir. Bunun əsas səbəbi Rusiyaya qarşı tətbiq olunan sanksiyalardır. Digər tərəfdən, İran da sanksiyalar altındadır və bölgədə davam edən gərginliklər nəqliyyat marşrutlarının sabitliyinə mənfi təsir göstərir. Dəniz yollarında, xüsusilə Yaxın Şərq regionunda müşahidə olunan təhlükəsizlik problemləri də alternativ marşrutlara olan tələbatı artırır. Belə bir şəraitdə Azərbaycan, Türküstan və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz ən etibarlı və perspektivli quru nəqliyyat marşrutlarından birinə çevrilir. Bu marşrutun Avropadakı əsas tərəfdaşları Şərqi Avropa ölkələridir. Burada Baltik, Qara və Adriatik dənizlərini birləşdirməyi hədəfləyən İntermarium layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihənin əsas iştirakçıları Polşa və Balkan ölkələri başda olmaqla Şərqi Avropa dövlətləridir. Azərbaycanın enerji resursları artıq bu regionun bir sıra ölkələrinə ixrac edilir və bu səbəbdən Azərbaycan İntermarium layihəsində də strateji rol oynayır. Nəticə etibarilə, Azərbaycan bir sıra mühüm beynəlxalq təşəbbüslərin mərkəzində dayanır. Bunlara Orta Dəhliz, İntermarium layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və Çinin "Bir kəmər, bir yol" təşəbbüsü daxildir. Bu layihələrin kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avrasiya məkanında nəqliyyat və logistika sahəsində getdikcə daha mühüm mövqe qazanır. Hazırkı dövr Azərbaycan üçün həm strateji, həm də iqtisadi baxımdan mühüm imkanlar yaradır. Bu səbəbdən ölkə yaranmış yeni geosiyasi və iqtisadi şəraitdən maksimum dərəcədə faydalanmalı, öz tranzit və logistika potensialını daha da gücləndirməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


