Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
Dünya bazarında neftin qiyməti əksər hallarda geosiyasi mübarizədən asılı olub. Lakin bu mübarizə birbaşa neftə deyil, bazarın tələb və təklif prinsipinin uyğunluğuna təsir göstərib AZƏRTAC xəbər verir ki, 1970-ci illərin sonunda Sovet İttifaqının Əfqanıstana müdaxiləsinin qarşısını almaq üçün ABŞ

Dünya bazarında neftin qiyməti əksər hallarda geosiyasi mübarizədən asılı olub. Lakin bu mübarizə birbaşa neftə deyil, bazarın tələb və təklif prinsipinin uyğunluğuna təsir göstərib AZƏRTAC xəbər verir ki, 1970-ci illərin sonunda Sovet İttifaqının Əfqanıstana müdaxiləsinin qarşısını almaq üçün ABŞ Yaxın Şərqdəki neft hasilatçıları olan müttəfiqləri ilə danışıqlardan sonra bazara ucuz neft ixrac edildi ki, bu da təklifin artması və qiymətlərin kəskin şəkildə aşağı düşməsi ilə nəticələndi Həmin vaxt dünya bazarının 35 faizini neft ilə təmin edən SSRİ iqtisadiyyatı ciddi böhran keçirməyə başladı. 10 il müddətində neftin qiymətinin azalması tendensiyası davam etdi. Bazara o qədər neft ixrac edilirdi ki, 1980-ci illərin sonunda dünya bazarında 1 barel neftin qiyməti 8 dollara satılırdı. Bunun nəticəsində SSRİ nəinki Əfqanıstanı tərk etmək məcburiyyətində qaldı, az keçmədi ki, ittifaq dünyanın siyasi xəritəsindən silinərək tarixin arxivinə qovuşdu Adekvat siyasət bu gün də yürüdülür və neft amili ilə geosiyasi mübarizə davam etdirilir. Lakin bu dəfə hədəf İran, mübarizə vasitəsi isə nəqliyyat yollarının kəsilməsidir. Bu gün Hörmüz boğazının bağlanması dünya bazarının neft ilə təchizatında böyük problemlər yaradıb. Bir tərəfdən təchizatın, digər tərəfdən isə hasilatçı ölkələrin hərbi əməliyyatlar zamanı neft infrastrukturunun dağıdılması qiymətlərə təsirsiz ötüşməyib. Artıq 4-cü aydır ki, davam edən bu mübarizə bazarı elə həssas vəziyyətə gətirib ki, bəyan edilən hər bir siyasi addım, rəsmi şəxslərin hər bir sözü qiymətlərə birbaşa təsir edir. Əlbəttə ki, burada treyderlərin daha çox qazanc əldə etmək istəyi, həyata keçirdikləri ticarət manipulyasiyaları da var. Lakin bu manipulyasiyaya şərait yaradan qeyd etdiyimiz geosiyasi mübarizədir İran ilə ABŞ arasında gah Pakistan, gah da Qətər vasitəsilə aparılan danışıqlar bazarda nisbi sakitlik yaratmışdı. Qiymətlərin enmə tendensiyası olmasa da, artım da müşahidə edilmirdi. “Brent” markalı neftin bir barelinin qiyməti 92-95 dollar ətrafında cərəyan edirdi. Lakin dünən ABŞ Prezidenti Donald Trampın NBC telekanalına verdiyi müsahibədə yerüstü hərbi əməliyyatların baş verə biləcəyini istisna etməməsi və “biz İranın zənginləşdirilmiş uranının ardınca gedəcəyik. Əldə edə bilməsək, daha əhatəli hərbi əməliyyatlar keçirəcəyik”, - deməsi bazara təsirini göstərdi D.Trampın müsahibəsindən sonra London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,06 dollar artaraq 94,6 dollar təşkil edib. “Brent”in qiyməti birdən-birə 4,57, “Light”ın qiyməti isə 4,45 faiz artıb Rusiyanın maliyyə naziri Anton Sulianov bunu “qiymət artımında yeni mərhələ” adlandıraraq bildirib ki, büdcəyə 20 trilyon rubl əlavə gəlir gələcək və bəzi dövlət proqramlarını maliyyələşdirmək mümkün olacaq. Lakin neftin qiymətinin artması ilə yanaşı, idxal malları, nəqliyyat xərcləri, eyni zamanda, inflyasiya da artır ki, bu da gəlirləri aşağı salır Sinqapurun “ING Groep NV” investisiya şirkətinin analitiki Uorren Pattrson bildirib ki, İran ilə ABŞ arasında hər hansı razılaşmanın olmaması neftin qiymətinin artım riskini qüvvədə saxlayır. Qarşıdan gələn 3-cü rübdə qiymətlərin daha da artacağını gözləmək olar. Çünki 3-cü rüb elə bir dövrdür ki, bu dövrdə neftə daha çox ehtiyac yaranır. Bu rübdə kənd təsərrüfatında işlər intensivləşir. Yayda məhsul yığımı və nəqli, payızda isə əkin sahələrinin işlənməsi yanacağa ehtiyacı artırır. Buna görə də yaxın aylarda neftin qiymətinin aşağı düşəcəyini gözləmək əbəsdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

