Müsahibədən geriyə qalan hisslər
Əslində necə qəribədir: uzun müddətdir ki, içdiyim çay, suyu, yediyim yeməyi yarımçıq saxlayır, qəbul etməli olduğum dərmanların sırasını unudur, hətta çox sevərək yazdığım romanımı tamamlamağa tənbəllik edirdim. Amma bir şeyin həm fərqinə vardım, həm də anladım ki, nəyinsə öhdəsindən tez bir zamand

Əslində necə qəribədir: uzun müddətdir ki, içdiyim çay, suyu, yediyim yeməyi yarımçıq saxlayır, qəbul etməli olduğum dərmanların sırasını unudur, hətta çox sevərək yazdığım romanımı tamamlamağa tənbəllik edirdim. Amma bir şeyin həm fərqinə vardım, həm də anladım ki, nəyinsə öhdəsindən tez bir zamanda gəlməyin arxasında böyük sevgi, pərəstişkarlıq dayanır. Hər şeyi adi qəbul edib, monoton davam edən həyatımda məni həyəcanlandıran və məndə xoş hisslər oyandıran duyğuların hələ də var olması böyük şans imiş. “Ölsəm bağışla”, “Təhminə”, “Park” kimi sevərək izlədiyim filmlərin baş qəhrəmanı Xalq artisti, aktyor Fəxrəddin Manafov barəsində nə qədər yazsam da, cümlələr hiss və təəssüratlarımı tam tamamlaya bilməz. Hətta heç mübaliğəsiz-cümlələr aciz qalar. Onun öhdəsindən peşəkarlıq, ustalıqla gəldiyi böyük sənəti hər kəsə məlumdur. Lakin şəxsiyyəti, humanist keyfiyyətləri barədə yaxından tanış olmaq üçün gərək bircə dəfə də olsa, canlı ünsiyyətin yaransın. Zahiri görünüşü və xarizması ilə sərt və zəhmli təsir bağışlasa da, müsahibə zamanı verdiyi cavablar onun tam fərqli, daha səmimi bir xarakterə sahib olduğunu göstərdi. Bəzən mənə elə gəlirdi ki, ən çox incəsənət, mədəniyyət sahəsinə yiyələnən insanlar açıqqəlbli olur və onların daxili aləmləri öz zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Lakin Fəxrəddin Manafov ilə həmin unudulmaz müsahibə günü mənə göstərdi ki, o, hansı sənət peşənin arxasınca getsəydi, yenə də indiki insani keyfiyyətlərini özü ilə daşıyacaqdı. Bir şəxsiyyət təsəvvür edin ki, danışmağa başlamamışdan əvvəl belə onun baxışları min məna daşıyır və çox şeyi ifadə edirdi. Mən onun dilə gətirəcəyi hər bir kəlməsini yerə-göyə sığdıra bilmədiyim həyəcan və maraqla gözləyirdim. Hətta saatlarla heç yorulmadan dinləyərdim ki, təki Fəxrəddin Manafov danışsın... Çünki hər görüş, hər müsahibə mənə yeni bir şey öyrədir. Bu müsahibə isə mənə sözün hər iki mənasında çox şey öyrətdi. Mən təkcə verdiyim suallara cavab almır, eyni zamanda həyat, sənət, insanlıqla bağlı çox şey öyrənirdim. Bu isə elə o gündən bəri də mənim üçün böyük qürurdur. Vətən, millət sevgisi, həyat yoldaşına olan sədaqət, bir insanın peşəsinə vurğunluğu kimi yüksək dəyərlərə sahib olan şəxsiyyətdən mən sanki, ustad dərsi aldım Yeri gəlmişkən, həyatımın monoton davam etməyindən danışırdım axı... Fəxrəddin Manafovdan müsahibə almamışdan bir gün öncə gecədən səhərə kimi gözümə yuxu getməmişdi. Uşaqlıqdan bəri ekran qarşısından böyük heyranlıq duyduğum sənətkarla görüşəcəyimi bilməyimin sevinci, həyəcanı bütün ruhumu ələ almışdı. Müsahibə alacağım saatın vaxtı yaxınlaşan zaman ürəyim sürətlə döyünür, əllərim titrəyir bir yandan sevinc, digər yandan isə məsuliyyət hissi mənə hakim olmuşdu. Sevincliydim ona görə ki, onun canlandırdığı bütün obrazların sevilməsinin də əsl səbəbi o rolları Fəxrəddin Manafovun canlandırmağı idi. Böyük ehtimal, biz hamımız həmin obrazları Fəxrəddin Manafova görə sevmişik. Məsuliyyətimin əsas səbəbi isə böyük sənətkarla görüşməyimdən irəli gəlirdi. Əslində səmimi etirafa qalsa, çox yaxşı bilirdim ki, o, dahidir. İllərlə iştirak etdiyi hər veriliş və ya müsahibələrini yaxından izləyərkən bunu aydın hiss etmək olurdu. Əzəldən bəri elə mütəffəkirlər olub ki, onun biliyi qarşısında onunla söhbət etməkdən insan çəkinib, hətta utanıb. Məhz Fəxrəddin Manafov da mənim üçün elə korifeydir. Və onun böyük sənəti, dahiliyinin fərqində olmağıma baxmayaraq, müsahibə almaq üçün ən böyük cəsarətimi şəxsiyyətinə olan sevgimdən alırdım. Sualların bir neçəsi təkrar olsa belə, sənətkarı yenidən dinləmək, onunla həmsöhbət olmaq mənim üçün adını verə bilmədiyim əvəzolunmaz hisslər idi. Üstəlik, müsahibə işıq üzü gördükdən sonra ətrafımdakı insanlardan da eyni hiss-həyəcanın şahidi olurdum. Cavablar və sualların əksəriyyəti eyni olduğu kimi, mənimtək insanların da sevgi və marağı Fəxrəddin Manafova qarşı dəyişilməz idi. Həmin gün telefon zənglərim susmur və insanlardan bu cümlələri eşidirdim: “O aktyor uşaqlıq sevgimdir”, “Həqiqətən çox dahi şəxsiyyətdir”, “Müsahibəni maraqla oxuduq”, “Mən də həmçinin o sənətkarı çox sevirəm” və s. Bütün bu gözəl sözləri, səmimi etirafları eşitmək isə məni kövrəldirdi... Əgər həqiqəti desəm, bu hər kəsə qəribə gələ bilər. Amma yenə də qeyd edim. İllər boyu gələcəyimlə bağlı müxtəlif imtahanlarda iştirak etmiş, kitablarım, məqalələrim işıq üzü görmüşdür. Ancaq ömrümdə heç bir zaman bu qədər şirin həyəcanı və güclü məsuliyyət hissini özümdə hiss etməmişdim. Hansı ki, Fəxrəddin Manafov ilə müsahibə gününün səhəri sual və cavabları qələmə alarkən içimdə həyəcan, sevgi, məsuliyyət hissləri paralel dövr edirdi. Yazımı yazıb bitirdikdən sonra isə qəribə kövrəlmək duyğusu içimdə baş qaldırdı. Əsasən, sevdiyim kitabı oxuyub bitirəndə və yaxud da özüm yazdığım kitabı sonlandıranda bu hissi keçirirdim. İlk dəfə idi ki, bu hissi bir müsahibəni yazıb bitirdikdən sonra yaşadım-sanki, ən doğma bir şeydən ayrılıram kimi... Ona görə də doğru qeyd etmişdim ki, bu, sadəcə mənim üçün müsahibə deyildi Sözsüz ki, yaradıcılıq fəaliyyətimdə bundan sonra da hansısa sevdiyim sənətkardan müsahibə almaq istəyim yenə də olacaq. Lakin əminəm ki, Fəxrəddin Manafovun şəxsiyyətinə və sənətinə hiss etdiyim sevgini bir daha bu qədər dərindən hiss etməyəcəyəm. Bunu isə belə şərh edərdim - misilsiz hörmət, dərin sevgi, güclü pərəstişkarlıq! Son olaraq qeyd edim ki (bir daha hansısa yazını sonlandırmaq mənim üçün çətin olsa da), zənnimcə, təkcə təbii gözəlliklər deyil, sənətinin zirvəsinə yüksəlmiş şəxsiyyətlər bir ölkənin sərvətidir. Fəxrəddin Manafov da mənim üçün bu sərvətin ən parlaq nümayəndələrindəndir


