“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY
“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi Milli Məclisin komitə iclasında birinci oxunuşda müzakirə edilib. Bu qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi Milli Məclisin komitə iclasında birinci oxunuşda müzakirə edilib. Bu qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların statusu, sosial müdafiəsi, dəstək mexanizmlərinin tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır Qanun layihəsini yalnız sosial proqram kimi qiymətləndirmək doğru olmaz. Onun əsas mahiyyəti keçmiş məcburi köçkünlərin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqlarının tam şəkildə bərpasını təmin etməkdir Bunu AZƏRTAC-a açıqlamasında "Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin (İB) sədri Nurəddin Mehdiyev deyib İctimai Birliyin sədri qeyd edib ki, həm işğal dövründə, həm də Vətən müharibəsində qazanılan Qələbədən sonra məcburi köçkünlərin sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. “Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsi bərpa olunaraq istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qanun layihəsinin əsas yeniliklərindən biri keçmiş məcburi köçkünlərin uzun illər davam edən müvəqqəti məskunlaşma mərhələsindən çıxaraq daimi yaşayış hüququ əldə etmələridir. Belə ki, Qarabağda və Şərqi Zəngəzurda inşa olunan evlərin vətəndaşlara tam mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulur. Bununla da öz doğma yurdlarına qayıdan sakinlər mülkiyyətlərinin tamhüquqlu sahibi kimi tanınacaq və onların əmlak hüquqları dövlət tərəfindən təmin ediləcək. Eyni zamanda, qanun layihəsi Böyük Qayıdış Proqramının hüquqi bazasını daha da möhkəmləndirir. Həmçinin layihədə keçmiş məcburi köçkünlərin sosial müdafiə tədbirlərinin davam etdirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və dövlət dəstəyi mexanizmlərinin qorunması nəzərdə tutulur. Mövcud güzəştlər, o cümlədən təhsil və digər sosial təminat tədbirləri qanun qüvvəyə mindikdən sonra da üç il müddətində saxlanılacaq”, - deyə N.Mehdiyev bildirib Qanun layihəsinin həm də sosial ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan N.Mehdiyev deyib: “Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların konstitusion hüquqları bərpa olunur və onların cəmiyyətə tam inteqrasiyası üçün yeni imkanlar yaradılır. Mülkiyyət hüququnun təmin edilməsindən sonra məcburi köçkün statusu yeni mərhələyə keçəcək. Qanun layihəsinin qəbul olunması işğaldan azad edilmiş ərazilərin inkişafına da mühüm töhfə verəcək. İnsanların öz doğma torpaqlarında uzunmüddətli yaşamaq, işləmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və sosial həyat qurmaq imkanları genişlənəcək. Bu isə Qarabağın və Şərqi Zəngəzurun həm iqtisadi, həm də demoqrafik inkişafını sürətləndirəcək. Ümumilikdə bu qanun layihəsi Azərbaycanın münaqişədənsonrakı dövrdə həyata keçirdiyi bərpa və reinteqrasiya siyasətinin mühüm tərkib hissəsidir. Layihə keçmiş məcburi köçkünlərin hüquqlarının təmin olunması, Böyük Qayıdış prosesinin davamlılığının gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində vacib hüquqi addımdır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


