Liderliyin Heydər Əliyev zirvəsi
Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır “O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları

Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır “O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ilə yazıya körpü salmaq istədik. Çünki Azərbaycanı canından artıq sevən, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya Vətəni sevməyi öyrədən, dövlətə, xalqa xidmət nümunəsini göstərən Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi və dahi rəhbərin bunun gerçəkləşdirilməsi istiqamətində atdığı addımların miqyası ölçüyəgəlməzdir Bu fikirlər Milli Məclisin deputatı Vüqar Rəhimzadənin “Liderliyin Heydər Əliyev zirvəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir Tariximizin bu səhifəsini də unutmamalıyıq ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınaqədərki dövr Azərbaycanın dövlətçilik salnaməsində fəlakət illəri kimi xarakterizə edilir. Qısa müddətdə bir neçə dəfə dəyişilən, Azərbaycana idarə etmək bacarığında, səriştəsində olmayan səbatsız “rəhbərlərin” bağışlanılmaz səhvləri üzündən təhlükə ilə üzləşən ölkəmizi parçalamaq istəyən xarici qüvvələr daxili satqınlardan istifadə etməklə istəklərinə nail olmağa məqam axtarırdılar. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində yaranan vəziyyət isə daha acınacaqlı və dözülməz idi. Xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Ulu Öndər müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ümummilli Liderə sonsuz sevgisinin təsdiqidir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Müstəqillik tariximizin hər bir mərhələsini müqayisəli təhlil əsasında indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bu günün gəncləri həmin dövrün reallıqları barədə çox da məlumatlı deyillər. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən, Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı faciələrdən bəhs edərək bu çağırışı etmişdir ki, biz bu tarixi yaxşı bilməliyik. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə özünün yüksək idarəçilik bacarığı və vətənpərvərliyi, polad iradəsi, uzaqgörən, məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı Xalqımız Ümummilli Lider Heydər Əliyevin Vətəninə, dövlətinə, xalqına sevgisinin fonunda Azərbaycanın bu gününü və gələcəyini aydın görürdü. Xalqından güc alan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın addım-addım Zəfər zirvəsinə yüksəlməsini təmin edən möhkəm təməlin əsasını qoydu. Onun hər birimiz üçün bir çağırış olan “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dövlətimiz, xalqımız üçün gördüyü misilsiz işlərin məcmusudur. Bu çağırış hər kəsdən Onun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsini, hər bir anını dərindən öyrənməyi bir tələb kimi qarşımızda qoyur. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu, xalqına ən güclü, qüdrətli, hər birimizin qürur duyacağı Azərbaycan kimi təqdim etdi. Hakimiyyətə qayıdışının ilk günlərində Azərbaycanın o çətin günlərinin fonunda xalqına çağırışında belə bir inamı ifadə etdi ki, gün gələcək hər kəs belə güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Qısa zamanda xalqımız o qüruru yaşadı Xalqın sevgisindən, iqtidarla birliyindən bəhs edərkən 1994-cü, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdləri yada salmamaq olmur. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı həmin o çətin günlərdə xilaskarının ətrafında sıx birləşdi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da, Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı Zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya Azərbaycanın müasir siyasi sistemi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız Ümummilli Liderə olduğunun, dahi şəxsiyyətin isə xalqa, dövlətə sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədi ki, iqtidar partiyasına çevrildi Partiyanın 2021-ci ilin martında keçirilən VII qurultayı YAP-ın bu gününə və gələcəyinə xidmət edən mühüm qərarların qəbulu ilə yadda qaldı. Həmçinin yeni tərkib formalaşdı. Partiyanın yeni Nizamnaməsi qəbul edildi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə partiyanın müasir dövrün çağırışlarını özündə əks etdirən Proqramı hazırlandı və təsdiqləndi. “Biz birlikdə güclüyük!” çağırışı altında təqdim edilən yeni Proqramda növbəti dövrün hədəfləri öz əksini tapır. Əsas hədəflərdən biri Böyük Qayıdış Proqramının icrasına töhfələr verməkdir. Qurultayda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi Dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciəti Onun Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən oldu. Həmin müraciətində Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman göstərdi ki, Ulu Öndər Azərbaycan xalqı qarşısındakı bütün xidmətlərində olduğu kimi, bu seçimində də uzaqgörən oldu. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələ, təbii ki, Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin və 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında yeni dövrə qədəm qoyan 2024-cü ilin fevral ayında Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyərək onu da əlavə etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi Böyük Qayıdış Proqramının uğurlu icrası bu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Artıq 9 şəhər, onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Ağdamda, Zəngilanda və Xankəndidə Azərbaycan Milli Şəhərsalma forumları keçirilib. Bu forumlar Azərbaycanın yaxın günlərdə, 17-22 may tarixlərində ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimi dəyərləndirildi. Azərbaycan COP29 tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir olan bu Foruma ev sahibliyi etməklə növbəti dəfə dünyanın diqqətini paytaxt Bakıya, regionlarımıza, işğaldan azad edilmiş ərazilərimizə yönəldəcək. Hazırda bu ərazilərimizin hər biri beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Azad edilmiş ərazilərimizin strateji əhəmiyyətini təsdiqləyən mühüm amillər sırasında qısa müddətdə bu torpaqlarda üç hava limanının tikilib istifadəyə verilməsidir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları qonaqlarını qarşılamaqla Zəfərimizin reallıqlarının dünyaya çatdırılmasında öz sözünü deyir. Artıq bu və ya digər ölkələrin dövlət başçılarının bu hava limanlarında qarşılanması, Qarabağda və Şərqi Zəngəzurda görülən işlərlə yaxından tanış olmalarına şəraitin yaradılması son illərin mühüm hadisələri sırasındadır Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Prezident İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük Heydər Əliyev Fondunun Azərbaycan dövlətinin möhkəmləndirilməsinə töhfələri davamlıdır Sadalamaqla bitməyən uğurlarımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdıqlarıdır. Bu yol Azərbaycanı hər zaman inkişafa, zəfərlərə aparacaq. Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq məqsədilə yaradılan Heydər Əliyev Fondunun Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsinə töhfələri davamlıdır. Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir. Bu xidmətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirdi. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində humanitar layihələr reallaşmışdır. Fondun hazırda Böyük Qayıdış Proqramının icrasına töhfələri diqqətdən kənarda qalmır. Tarixi, mədəni və dini irsimizin bərpası və qorunması istiqamətində unikal layihələri uğurla reallaşdırması hər kəsdə böyük iftixar və sevinc hissi yaradır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin, həmçinin digər mühüm tədbirlərin keçirilməsi Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycan qarşısında dayanan bütün hədəflərə yüksək səviyyədə nail olacaq Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Ötən ilin avqust ayında ABŞ-də Prezident Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin əsasıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”. Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu sülh razılaşması Avropada bir sülh hekayəsi kimi dəyərləndirilir Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Qeyd etdiklərimizin fonunda bu qənaəti böyük qürur hissi ilə bildiririk ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır! 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
