İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə
AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda Qafqaz Albaniyasının etnomədəni irsinin öyrənilməsinə yönəlmiş yeni antropoloji tədqiqatlara başlanılıb. Ekspedisiyaya tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva rəhbərlik edir. O, UNEC Multikulturalizm Təd

AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda Qafqaz Albaniyasının etnomədəni irsinin öyrənilməsinə yönəlmiş yeni antropoloji tədqiqatlara başlanılıb. Ekspedisiyaya tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva rəhbərlik edir. O, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri və AMEA-nın aparıcı elmi işçisidir Professor Məhəbbət Paşayeva Azərbaycanın etnoqrafiyası, multikulturalizm tarixi və Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə bağlı fundamental araşdırmaların müəllifi kimi tanınır. O, daha əvvəl Qarabağ və Şərqi Zəngəzurda alban irsinin tədqiqi istiqamətində uğurlu elmi layihələr həyata keçirib Professor Məhəbbət Paşayeva AZƏRTAC-a müsahibəsində aparılan tədqiqatlar və əldə olunan ilkin nəticələr barədə məlumat verib Məhəbbət xanım, bu ekspedisiyanın əsas məqsədi və gözlənilən nəticələri nələrdir? Əsas məqsədimiz Qafqaz Albaniyasının etnomədəni irsinin müasir etnososial mühitdə, yerli əhalinin adət-ənənələrində və məişətində qorunub saxlanılan canlı izlərini kompleks şəkildə tədqiq etməkdir. İlk növbədə, İsmayıllı bölgəsində alban tayfalarının antropoloji davamlılığını elmi şəkildə izləməyi hədəfləyirik. Xüsusilə müasir dövrdə demoqrafik azalmanın müşahidə olunduğu bəzi qədim kəndlərin tədqiqinə daha çox yer veririk. Məqsədimiz tarixlə bu günümüz arasındakı mədəni varislik bağlarını bərpa etməkdir. İnanırıq ki, toplanan yeni antropoloji materiallar alban etnomədəni irsinin öyrənilməsinə mühüm töhfələr verəcək – Niyə məhz İsmayıllı? Bu bölgənin Qafqaz Albaniyası tarixi və yerli əhalinin antropoloji kökləri baxımından əhəmiyyəti nədir? – Müasir İsmayıllı rayonu zəngin etnik tərkibi, qədim ənənələri və multikultural həyat tərzi ilə seçilən bir bölgədir. Bura tarixən Qafqaz Albaniyasının həm mərkəzi (Qəbələ), həm də strateji önəm daşıyan Girdiman və Lpinya vilayətlərini əhatə edib. Məhz bu səbəbdən İsmayıllı alban etnomədəni və dini irsinin tarixi davamlılığını izləmək üçün bizə zəngin materiallar və yeni elmi perspektivlər təqdim edir Bölgə, xüsusilə erkən orta əsrlərdən bəri alban-türk ortaq mədəniyyətinin mühüm arealı olub. Ən diqqətçəkən məqamlardan biri budur ki, xristianlıq rəsmi dövlət dini statusunu itirdikdən sonra da İsmayıllıda alban xristian ənənələri yaşamağa davam edib. Ərazidə orta əsrlər boyu fəaliyyət göstərmiş və günümüzə qədər gəlib çatmış alban kilsələri ilə xristian qəbirləri bu tarixi varlığın canlı sübutudur Məhz bu səbəbdən İsmayıllıda alban izlərini araşdırmaq elmi baxımdan çox vacibdir. Xüsusilə Gənzə, Qalagah, Tubukənd, Qalacıq, İstisu, Mollaisaklı, Hacıhətəmli, Qoşakənd və Sülüt kimi qədim kəndlərin maddi mədəniyyəti elmə çox önəmli faktlar qazandırır – Hazırda ekspedisiya çərçivəsində görülən işlər və tətbiq olunan elmi metodlar barədə nə deyə bilərsiniz? – Ekspedisiyamız çoxşaxəli elmi fəaliyyət planına malikdir və biz prosesə sırf multidisiplinar elmi metodlarla yanaşırıq. Hazırda sistemli çöl tədqiqatları ilə İsmayıllı rayonunun bir sıra qədim yaşayış məskənlərində sahə müşahidələri aparırıq. Vizual antropoloji və müqayisəli qarşılaşdırmalarla qədim xristian nekropollarındakı qəbir daşlarının, məbəd qalıqlarının və inanc yerlərinin spesifik elementlərinin tipoloji xüsusiyyətlərini Qafqaz Albaniyası abidələrinin digər nümunələri ilə qarşılaşdıraraq öyrənirik. Maddi mədəniyyət nümunələrinin araşdırılması ilə paralel olaraq yerlərdə xalq yaddaşında qorunub saxlanılan alban izlərini daşıyan etnik-folklor komponentlərini, inancları, ziyarətgahları və şifahi ənənələri canlı daşıyıcılardan - yerli əhalidən qeydə almaq üçün sorğu və müsahibə metodlarından istifadə edirik. Toponimik və linqvistik araşdırmalardan da istifadə edərək bölgədəki qədim toponimləri müqayisəli şəkildə təhlil edirik – Tədqiqat coğrafiyanız kifayət qədər genişdir. Konkret hansı kəndlərdə işlər aparılıb və xristianlıq dövrü Albaniyasına dair hansı maddi irs qeydə alınıb? – Biz rayonun çox geniş bir arealını əhatə etmişik. Qalacıq, İstisu, Qoşakənd, Ağbulaq, Mollaisaqlı, Hacıhətəmli, Hapıt, Ruşan, Vəng, Qalagah, Kürdeldarbəyli, Tubukənd, Sülüt, Gənzə kimi qədim yaşayış məskənlərində sistemli çöl tədqiqatları həyata keçirmişik. Bu araşdırmalar nəticəsində bölgənin çoxqatlı etnik tarixinə dair tamamilə yeni antropoloji materiallar üzə çıxarılıb, mühüm etnoqrafik informasiyalar əldə edilib Tarixən Qafqaz Albaniyasının mühüm dini-mədəni areallarından biri olmuş İsmayıllıdakı məbəd qalıqları və spesifik memarlıq elementləri xristianlıq dövrü Albaniyasının mühüm göstəriciləridir. Xüsusilə də adıçəkilən kəndlərdəki qədim qəbiristanlıqlarda qarşılaşdığımız alban etnosunun birbaşa izlərini daşıyan bərabər tərəfli xaç nişanlı qəbir daşları bu bölgənin qədim alban tayfalarının sıx məskunlaşdığı əsas mərkəzlərdən biri olduğunu bir daha təsdiqləyir – Hazırda davam edən çöl tədqiqatlarında praktiki olaraq nə kimi işlər görülür və işçi qrupunuz hansı istiqamətdə tədqiqatlar aparır? Praktiki işlərə gəldikdə isə hazırda çöl tədqiqatlarını intensivləşdirdiyimiz sahə İsmayıllı rayonunun müasir dövrdə müəyyən demoqrafik çətinliklər (miqrasiya, əhalinin azalması və s.) yaşayan, lakin tarixi və təbii nöqteyi-nəzərdən ən unikal kəndləri sayılan Tubukənd və Gənzə kimi qədim məskənlərdir. Elmi heyətimiz hazırda bu kəndlərdə mədəni varislik zəncirini bərpa etmək üçün intensiv antropoloji sorğular keçirir, qədim abidələrin və qəbirlərin vizual-antropoloji pasportlaşdırılmasını aparır. Yəni biz bir növ zamana qarşı yarışırıq ki, bu itmək təhlükəsi olan etnoqrafik yaddaşı vaxtında elmi dövriyyəyə qazandıraq. İnanırıq ki, ekspedisiyamızın tam yekun nəticələri Azərbaycan tarixinə çox dəyərli, yeni elmi töhfələr bəxş edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


