İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb
Faşizmi üzərində qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndə heyəti Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Vyana şəhərinin mərkəzində bu şəhərin İkinci dünya müharibəsinin sonların

Faşizmi üzərində qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndə heyəti Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Vyana şəhərinin mərkəzində bu şəhərin İkinci dünya müharibəsinin sonlarında azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində yüz minlərlə Azərbaycan övladı alman faşizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub. Azərbaycanlılardan təşkil olunmuş milli diviziyalardan birinin döyüş yolu Avstriya torpaqlarından da keçib. 1945-ci ilin yazında Avstriyanın, xüsusilə də Vyananın faşistlərdən azad edilməsində 223-cü Azərbaycan milli atıcı diviziyası böyük şücaət göstərib Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsində buranın azad edilməsi və İkinci Dünya müharibəsinin başa çatmasının 81-ci ildönümü münasibətilə mərasim keçirilib İkinci Dünya müharibəsi zamanı Avstriyada ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in azad edilməsi münasibətilə keçirilən anım tədbirində Azərbaycan səfirliyinin nümayəndə heyəti də iştirak edib. Nümayəndələr ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən lövhə qarşısında əklil qoyub, həlak olanların xatirəsini yad ediblər Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan bu ölkədəki səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilib Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” fəaliyyət göstərib, onlardan biri olan “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilib 1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameraları və krematoriya olduğu kimi saxlanılır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


