“Hər zaman Yaradanın əlini çiynimdə hiss etmişəm...” - Hüseyin Büyükfırat
Müsahibimiz Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri, xeyriyyəçi Hüseyin Büyükfıratdır O, 30 ilə yaxın bir müddətdir ki, Türkiyə-Azərbaycan münasibətləri sahəsində həm ticari, həm də ictimai və mədəni əlaqələrin qurulmasında aparıcı rol oynayı

Müsahibimiz Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri, xeyriyyəçi Hüseyin Büyükfıratdır O, 30 ilə yaxın bir müddətdir ki, Türkiyə-Azərbaycan münasibətləri sahəsində həm ticari, həm də ictimai və mədəni əlaqələrin qurulmasında aparıcı rol oynayıb və hər iki ölkədə strateji təşəbbüslər irəli sürüb İctimai fəaliyyətlərinə 1993-cü ildə tələbələr üçün kitab kampaniyası ilə başlayan Büyükfırat, 1994-cü ildə Azərbaycan Müsəlman Tələbələr Birliyini qurub, Qarabağ müharibəsi şəhidlərinə yardım aksiyalarına rəhbərlik etmiş və Azərbaycanda İHH və Milli Görüş Hərəkatının nümayəndəsi təyin olunub. Azərbaycanda Qız Quran Kursu, Hafizlik Mərkəzi, Ahıska Türklərinin kompakt şəkildə yaşadığı Saatlı rayonunda məscidin tikilməsi kimi təşəbbüsləri həyata keçirib. Tarix və mədəni irsin qorunmasına xüsusi önəm verən Hüseyin Büyükfırat Qafqaz İslam Ordusu şəhidlərinin məzarlarının bərpası, Xocalı soyqırımı ilə bağlı maarifləndirmə tədbirləri və elmi simpoziumların təşkilində fəal iştirak edib İşğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində TÜİB və KOBİA tərəfindən “Cocuq Mərcanlı İnkişaf Layihəsi” hazırlanıb, mərkəzin açılışı Azərbaycan Respublikasının Prezienti Cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib. 2022-ci ildə Azərbaycan dövlətinə göstərdiyi üstün xidmətlərə görə, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Vətən müharibəsi zamanı onun təşəbbüsü ilə “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması yaradılıb, platforma çərçivəsində Azərbaycanın 33 şəhərində 2300-dən artıq şəhid və qazı ailəsi ziyarət edilib. Bundan əlavə, 19 nəfər şəhid və qazı ailəsi üzvü olan azərbaycanlı tələbə Sivas Cümhuriyyət Universitetinə bakalavr təhsili almaq üçün göndərilib Hüseyn bəy, uşaqlığınız və erkən gəncliyiniz Türkiyənin Şanlıurfa regionunda - Bozova bölgəsində keçib. O illər sonrakı həyat yolunuz üçün sizə hansı mənəvi təməl rolunu oynayıb? Bizim Urfa, Mesopotamiya dediyimiz qədim coğrafiyanın qəlbidir və bura həqiqətən bəşəriyyət üçün çox önəmli bir yerdir. Təbii ki, hər kəsə öz məmləkəti, öz doğulduğu yer əhəmiyyətlidir, çünki bir söz var: "İnsanın ana vətəni doğulduğu yer və uşaqlığıdır". Bəli, uşaqlığımız bizim fərdi ana vətənimizdir, lakin Urfa həm də bir növ bəşəriyyətin ana vətənidir. Mesopotamiya tarixin əzəlidir. Bu gün bütün dünyanın diqqətlə izlədiyi, ziyarət etdiyi 12 min illik tarixi olan Göbəklitəpə məhz bu torpaqlardadır. Mən məhz o qədim yaşam hafizəsi, yəni tarixin ilk yaşayış məskəni olan ərazidə doğulub boya-başa çatmışam. Sonralar, səhv etmirəmsə, təxminən ci illər idi, dünyaca məşhur professor, Göbəklitəpə qazıntılarına rəhbərlik edən böyük alman alimi Klaus Şmidti də Azərbaycana dəvət etmişdim. "Hilton"da möhtəşəm bir tədbir keçirdik, gözəl bir proqram hazırladıq, o, orada Göbəklitəpəni anlatdı. Sonra ADA Universitetində, daha sonra isə Elmlər Akademiyasında çıxışları oldu. Bunun hamısı arxivlərdə, TRT-də və digər xəbər kanallarında da yayımlandı. O zaman Klaus Şmidt mikrofonu alıb danışanda zala döndü və dedi: "Mən Hüseyin bəyi 7 yaşından bəri tanıyıram". Təbii ki, hər kəsə maraqlı gəldi: 7 yaşında uşaq haradan alman professorun tanışı ola bilər? Məsələ budur ki, onlar o bölgəyə qazıntı işləri üçün gələndə – 80-ci illərin o qarışıq dövrlərində – onlara güvənli bir sığınacaq və sözü keçən, nüfuzlu insanların himayəsi lazım idi. Araşdırmışdılar və babamı tapmışdılar – o, bölgənin öndə gələn simalarından, aşirət rəhbərlərindən biri idi. Babam onların məqsədini öyrənəndə dedi: "Təbii ki, gəlin. Bura tarix və elm üçün gəlmisinizsə, biz sizə hər cür şərait yaradarıq". Onlara geniş bir ev lazım idi və babam bizim böyük evimizi onlara verdi. Mən onda 7-8 yaşlarında idim. Onlarla hələ də çox gözəl əlaqələrimiz var. Sualınıza dönsək, uşaqlığımın və erkən gəncliyimin keçdiyi o torpaqlar hər addımbaşı tarixdən ibarətdir. Rəvayətlərə görə, Həzrəti Adəmin ilk yaşadığı yer, ilk əkinçilik, ilk şəhərləşmə və mədəniyyət məhz burada başlayıb. Bizim qəsəbəmiz "keçid başı" idi – Urfa ilə Adıyaman arasında Fərat çayı üzərində logistika yalnız gəmilərlə mümkün idi və o gəmilər də tarixən bizim ailənin, babalarımızın ixtiyarında olub. Mənəvi təmələ gəlincə, evimizdə babamdan qalan bir “qonaq otağı” vardı. Orada evimizə gələn-gedən qarşılanardı. Babam bizə hələ uşaqkən sosial həyatın qaydalarını öyrədirdi: "Evdə qonaqdan yuxarı başda oturmazlar”, “Böyük gələndə ayağa durun”, “Süfrəni vaxtında qurun, qonağa “acsanmı?” deyə soruşmayın, birbaşa yeməyini gətirin". O qonaq otağı bizim üçün “həyat universiteti” idi. Orada biz həyatımızda ən önəmli məsələni - təmənnasız yaxşılıq etməyi öyrəndik. Babam qonaq olmayanda çıxıb yoldan keçən birini süfrəsinə dəvət edərdi. Bunlar hər toplumun mənəvi kodlarıdır. Allahın kainatı hansı qanunlarla idarə etdiyini, heç bir şeyin təsadüf olmadığını biz o mühitdə hiss etdik. Məncə, Yaradan yaxşı insanlara bir missiya yükləyir və onlara mənəvi kodlar bəxş edir. Urfa həm də peyğəmbərlər coğrafiyasıdır, İbrahim Peyğəmbərin duası olan yerlərdir. Bu duadan bizim həyat yolumuza da pay düşübsə, buna yalnız şükür edirik. Mən hər zaman Yaradanın əlini çiynimdə hiss etmişəm və həyatımın hər anında bunun təzahürlərini görmüşəm Azərbaycana ilk gəlişiniz nə vaxt olub? Azərbaycana gəlişim 90-cı illərin əvvəllərinə təsadüf edir. Bilirsiniz, o dövrlər həm müstəqillik mübarizəsi, həm də Qarabağ və Bosniya hadisələri səbəbindən hər bir türk və müsəlman gəncin diqqətinin bu bölgələrdə olduğu bir vaxt idi. Universitet seçimi zamanı tanışlarımız Azərbaycanı məsləhət gördülər. Böyük qardaşım həmin vaxt Adıyamanın milli təhsil müdiri idi. Mənə dedi ki, "yaxşı bir fürsətdir, get". Beləcə gəldim və Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil oldum. Həyatımda maraqlı bir nüans var, adətən, taleyüklü məsələləri öncədən yuxuda görürəm. Azərbaycana gəlməmişdən əvvəl bəyaz atlı ruhani şəxslər gördüm. Sanki onlar məni ailəmlə bir yerdə bu istiqamətdə – tam Azərbaycan səmtinə doğru aparırdılar. Bizi yola saldılar və arxamızca su tökdülər. Belə mənəvi, gözəl bir rüya idi. O yuxudan 3-4 ay sonra bir də baxdım ki, hər şey rəvan oldu və mən artıq Azərbaycandayam Bakıya ilk gələndə hansı hissləri yaşadınız? Bakıya ilk gələndə - 1992-ci ilin dekabrı idi. Burada vəziyyət çox ağır idi – komendant saatı, küçəyə çıxma yasağı... Həmin vaxt ölkənin çətin günləri idi. Çörək, ərzaq növbəsi... Elmlər Akademiyası metrostansiyası tərəfdəki yataqxanada qalırdım, yaxşı çörək tapmaq üçün Tibb Universitetinin yanınadək gəlməli olurdum. Amma mən bir urfalı olaraq özümü burada heç vaxt yad hiss etməmişəm. Geyimimiz, danışığımız, mənəviyyatımız o qədər bənzər idi ki, ilk gündən buranı sevdim. O illərdə biz həmişə "nə edə bilərik?" sualı ilə yaşadıq Həmin vaxt bu sualla qarşınıza hansı hədəfləri qoymuşdunuz? İlk həftələrdə çatışmayan cəhətləri görürdüm. Amma özümə sual verdim ki, madam Allah bura gəlməyi bizə qismət edib, burada insanlara və özümüzə necə kömək edə bilərik? Beləcə hədəflər qoydum və işə başladıq. Mən bura gəlməzdən öncə Türkiyədə bir kitab evim vardı. Ailəmizin durumu şükür ki, yaxşı idi. Mən orada kitab evini tən yarıya bölmüşdüm: bir tərəfdə yeni kitablar satılırdı, digər tərəfdə isə imkanı olmayan tələbələr üçün pulsuz qiraətxana qurmuşdum. Adını yazdırıb kitabı aparır, oxuyub qaytarırdılar. Bu təşəbbüs Adıyamanda böyük əks-səda doğurdu. Sonra qardaşım bunu bütün məktəblərdə "Beş dəqiqəni mənə ayırarsanmı?" kampaniyası kimi başlatdı və bu, bütün Türkiyəyə yayıldı. Hələ də bu kitablaşma ənənəsi bu gün Türkiyədə başqa adlarla davam edir. Azərbaycanda da hələ tələbə ikən bu kitab hərəkatını başlatmışdım və bu addım gənclər arasında geniş rəğbət doğurmuşdu 24 yaşınızda Azərbaycanda "Müsəlman Tələbələr Birliyi"ni qurmusunuz, bu ideya necə yaranmışdı? Müxtəlif ölkələrdən gələn tələbələri bir araya toplamaq fikri ilə bu birliyi qurmuşduq. Dil, milliyət fərqi olmadan, eyni müsəlman ümmətinin övladları olaraq birləşib gözəl işlər görməyi, asudə vaxtımızı səmərəli, faydalı keçirməyi qərara aldıq. Əvvəlcə futbol turnirləri keçirdik, sonra kompüter və dil kursları, teatr dərnəkləri yaratdıq, dərgi çıxardıq. Ayrıca bir binanı icarə edib mədəniyyət mərkəzi kimi istifadə edirdk. O illərdə birliyimizin səhnələşdirdiyi tamaşalarımızla Şəkiyə, Gəncəyə, digər rayonlara qastrola getmişik. Mədəniyyət, sənət, ədəbiyyat, kitab kimi ortaq maraq sahələrimiz olduğuna görə bir-birimizlə dil tapmaq asan idi. Adıyamandakı təcrübəm də o vaxt mənə burada çox böyük fayda verdi Qarabağ mövzusu sizin həyatınızda daim mərkəzi yer tutub - istər torpaqlarımız işğal altında olanda, istərsə də indi - Zəfər qazanandan sonra. Azərbaycanın haqq məsələsinə sizin yanaşmanız necə idi - buna daha çox vətəndaşlıq borcu, yoxsa mənəvi öhdəlik kimi baxırdınız? Bu, mənim üçün mənəvi öhdəlik idi. Mən 90-cı ildə Azərbaycana gələndən bir müddət sonra həmin vaxt Türkiyədə olanda millət vəkili olan Nəcməddin Ərbakandan zəng gəldi ki, təcili Azərbaycana get, Qarabağdan yaralılar var, sən mütləq orada qalmalı və onlara dayaq olmalısan. Sonra Rəcəb Tayyib Ərdoğan da gəldi və Heydər Əliyevlə də möhtəşəm görüşləri oldu, mən də o görüşdə iştirak edirdim. Heydər Əliyev çox böyük bir lider və siyasi düha idi, o ağır illərdə ölkəni fəlakətdən necə xilas etdiyinin canlı şahidi oldum. Mənim üçün Ərbakan hoca həmişə mənəvi örnək olub, o, mənə böyük düşünməyi öyrədib. Onunla görüşüb gedəndə elə bilirdin ki, bütün dünyanı fəth edə bilərsən. O, dünya siyasətinin ən önəmli simalarından idi, həm də dahi bir mühəndis idi. Hətta Almaniyada tank mühərrikləri ilə bağlı elə bir ixtira etmişdi ki, almanlar sonra demişdilər: "Biz bunu vaxtında bilsəydik, sovetlərə yenilməzdik". Onun mənəvi dəstəyi və açdığı üfüqlər mənim həyatımda həlledici rol oynayıb. Elə Ərbakan hocanın o sözündən sonra da Qarabağ mənim üçün daim könül məsələsi olub. Qarabağ işğal altında olanda daim çadır şəhərciklərinə ziyarətlər edirdik, demək olar ki, hər bir rayondan qaçqın ailələrlə görüşlərimiz olurdu, xeyriyyəçilik və yardımlarla məşğul olurduq. Xocalı şahidləri ilə birgə o illərdə Türkiyəyə getmişdik. Türkiyə Böyük Millət Məclisində Azərbaycan bayrağını açan ilk insan olmuşam. O zaman mənə dedilər ki, burada bayraq açmaq olmaz, imza at. Dedim mən imza atıram, amma yenə də o bayrağı orada dalğalandıracağam (gülür). Polis müdiri də sağ olsun, sonda "yaxşı etmisən" dedi. O illərdə Tibb Universitetində oxuya-oxuya "Semaşko"ya (Kliniki Tibbi Mərkəz) gedib yaralıları ziyarət edirdim. Bir türkün gəlib onları axtarması onlara böyük mənəvi güc verirdi. Kəlbəcər, Füzulidən olan qaçqın dostlarımla 30 il bir yerdə olduq, övladlarını evləndirdik, xeyir işlərində iştirak etdik. Şükür ki, bu gün azad Qarabağımız var. İndi - Zəfər qazanılandan sonra mən istər fərdi şəkildə, istərsə də TÜİB (Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi) sədri olaraq türkiyəli və azərbaycanlı iş adamlarını doğma Qarabağda sərmayə yatırmağa, iş qurmağa çağırıram Azərbaycanda həm də uzun müddət Qafqaz İslam Ordusu şəhidlərinin izini axtarmısınız. Tarixi yaddaşı qorumaq sizin üçün niyə bu qədər önəmlidir? Belə bir məsəl var: Keçmişini bilməyən gələcəyini də bilməz. Hesab edirəm ki, insan ən azı son 100 illik tarixini yaxşı bilməlidir. Tarix bizə millətlərin mənəvi kodlarını və ənənələrini verir. Tarix əcdadımızla bizim aramızda bir körpüdür. Ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun əsgərləri burada qardaşları üçün canlarından keçib şəhid olublar. Sovet dövründə bu yaddaşı silmək istəmişdilər, amma biz o məzarlıqları, o izləri yenidən üzə çıxarmağı özümüzə vəfa borcu bildik. Bu, bizim ortaq tariximizdir və öyrənilməli, araşdırılmalı, qorunmalıdır Öz təbirinizcə desək, Azərbaycan nə vaxt könül coğrafiyanızın mərkəzinə çevrildi? İndi özünüzü daha çox haraya aid hiss edirsiniz - Şanlıurfaya, yoxsa Bakıya? Bura gəldiyim ilk gündən bütün qəlbimlə bura bağlanmışam. Amma gənc övladım Ebrarı bu torpaqda dəfn etdikdən sonra Azərbaycan mənim üçün tamamilə vətənləşdi. Türkiyə və Azərbaycan mənim üçün bir-birindən ayrılmaz anlayışlardır. Tarixən də belə olub; bizim Urfada bir çox aşirətlər var ki, kökləri Gəncədən gəlib. Vətən sevgisi könüldən qopmayan məsələdir, amma mənim ən uzun müddət yaşadığım şəhər Bakıdır. 20 yaşıma qədər Türkiyədə olmuşamsa, ondan sonrakı bütün ömrüm Bakıda keçib. Bakının küçələrini bəlkə də Türkiyənin bir çox şəhərlərindən daha yaxşı tanıyıram. Mənim burada olmağım bu respublikanın müstəqilliyini bərpa etdiyi tarixlə həmyaşıddır, bu illər ərzində hər şey gözlərimin önündə yaşanıb. Azərbaycanın vətəndaş müharibəsi ilə üz-üzə qaldığı o qanlı-qadalı illərdən başlamış, Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər və ondan sonra Azərbaycanın yüksəlişinin, inkişafının canlı şahidiyəm. Bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur və bu, bizi çox sevindirir Övlad itkisi kimi ən ağır tale sınağı ilə üzləşəndə təsəlli olaraq nəyə sığındınız? Allaha sığındım. Övlad acısı dünyada heç bir şeylə müqayisə edilməyəcək ağrıdır, sanki insanın əli-qolu qırılır və ömürlük "əlil" qalır. Övlad yarası heç vaxt sağalmır. Allaha inanırıq, müsəlmanıq, sadəcə inancımla ayaq üstə qalıram və özümü bir işlə, xidmətlə məşğul edirəm. Ancaq Allaha sidq-ürəkdən inanmaqla bu sınağa dözmək olur Azərbaycanlılarda sizi ən çox təsirləndirən mənəvi xüsusiyyətlər hansılardır? Burada rayonlara, kəndlərə çox getmişəm. Oradakı inanc mənə çox doğma gəlir. İndi o qədər ideologiyalar, siyasi maraqlar dinə qarışıb ki, bəzən din adına ortaya çıxıb tam başqa yerlərə xidmət edirlər. Amma Azərbaycanda dinin cəmiyyət arasında çox səmimi, saf və "ilkin" halında qaldığını görürəm. Burada inanc birbaşa qul və Allah arasında, vasitəsiz bir bağ kimidir. İkincisi, Sovet sisteminin sıxıntıları və uzun illər davam edən Qarabağ ağrısına baxmayaraq, insanlar mənəviyyatlarını qoruya biliblər Bildiyimə görə, türk seriallarından birində azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev rolunu canlandırmısınız... Hardandır Tağıyevə olan bu sevgi? Mənim Hacı Zeynalabdin Tağıyevə olan sayğım və sevgim əslində bir təsadüflə başladı. Bakıya ilk gəldiyim zaman qaldığım yer Zeynalabdin Tağıyev adına küçədə idi. Küçənin adına baxıb “Görəsən, bu kimdir?” deyə maraqlandım. Sonra onun haqqında kitablar alıb oxuduqca bu insana heyran qaldım, bu böyük şəxsiyyətin həyatı mənə çox yaxın gəldi. Düşünürəm ki, həyatda heç nə təsadüf deyil; bəlkə də sonralar xeyriyyəçiliklə məşğul olmağımda bu təsadüf kimi görünən təvafüqün də mənəvi rolu olub. Tağıyevin hələ yüz il əvvəl İslam coğrafiyasında ilk qızlar məktəbini açması, təhsilə verdiyi önəm və dünyanın hər nöqtəsinə — Türkiyədəki zəlzələlərdən tutmuş, Afrika və Banqladeşə qədər uzanan yardım əli məni çox təsirləndirdi. Qərara gəldim ki, bu böyük insanı Türkiyədə hər kəs tanımalıdır. Bu mənəvi borcu yerinə yetirmək üçün “Paytaxt: Əbdülhəmid” serialının prodüseri, dostum Yusif Eren Esenkal ilə danışdım. Nəticədə Tağıyevin Sultanı ziyarət edib ona brilyantlarla bəzədilmiş Qurani-Kərim hədiyyə etdiyi o tarixi səhnəni işlədik və həmin rolu özüm canlandırdım. Mən həmişə istəmişəm ki, qardaş Azərbaycanla bağlı məqamlar Türkiyənin seriallarında olsun. Sonralar isə "Alparslan", "Diriliş Ərtoğrul" kimi serialların prodüserləri ilə danışdıq, Azərbaycan mövzusunun orada işlənilməsinə nail olduq. Bu, bir tanıtım missiyası idi və çox yaxşı nəticə verdi. Düşünürəm ki, Azərbaycan Türkiyəni çox yaxşı tanıyır, amma Türkiyə tərəfində bu məlumat bir az əksikdir. Qarabağ zəfəri ilə bir az bunun önü açıldı, amma əlaqələr təkcə protokollarda qalmamalıdır. Anadoluya çıxmaq, sosial layihələr etmək, insanları, vətəndaşlarımızı bir-biri ilə sosiallaşdırmaq lazımdır. Məmurlar gəldi-getdi olur, amma sadə insanların qurduğu dostluq nəsillərlə qalır. Həm də turizm asanlaşmalıdır ki, insanlar bir-birini daha yaxından tanısınlar Bu yaradıcı və mənəvi axtarışlar sizə nə verir? İnsanlar dünyaya gəlir, yaşayır və gedir. Heç birimiz əbədi deyilik. Mən uşaqlıqdan bioqrafiya oxumağı çox sevirəm. Böyük insanların həyatını oxuyanda anlayırsan ki, hamı bir gün ölür, ən önəmlisi odur ki, özündən sonra bir iz qoyasan. İslam inancımıza görə, mələklər etdiyimiz yaxşı-pis hər şeyi “əməl dəftərimizə yazır”. Həyatı bir teatr səhnəsi kimi düşünsək, anlamalıyıq ki, rolumuz nədir? İnsan hər zaman yaxşı rolda olmaq istəyir. Yaxşılıq etmək insana daxili rahatlıq və həyatına yön verir. Amma bunu həm də Allah insana nəsib eləməlidir. Əlindən gələni etdikdən sonra isə Allaha təvəkkül etməlisən – Özünüzü daha çox iş adamı, yoxsa missiya daşıyıcısı kimi görürsünüz? – Deyərdim ki, 90 faiz missiya, 10 faiz ticarət adamıyam – Bu missiyada sizi daha çox nə motivasiya edir? – Bir insana hər hansı missiyanı Yaradan bəxş edir. Peyğəmbərimizin bir sözü var: bir işi görəndə özünü rahat və xoşbəxt hiss edirsənsə, deməli, o, xeyirli və düzgün işdir. Mən həyatım boyu bu həqiqətə inanmışam. Məsələn, Axıska türkləri ilə bağlı həyata keçirdiyimiz layihələri, işləri xatırlatmaq istərdim. Onların o sürgün həyatını, zülmlərini eşidəndə sadəcə gedib qapılarını döymək, bir salam vermək belə savab iş idi. Bu illər ərzində onlarla ailə kimi qaynayıb-qarışdıq və bu doğma bağlar hələ də davam edir. Əsas motivasiyam savab iş görməkdən aldığım o daxili hüzur, mənəvi-ruhi dinclikdir Sonda həyatınızı bir cümlə ilə ifadə etməli olsaydınız, bu necə olardı? Yaxşılıq yaxşıdır Söhbətləşdi: Sevinc Mürvətqızı


