Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH
Prezident İham Əliyevin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi fikirlər və verdiyi mesajlar müasir beynəlxalq siyasi və iqtisadi reallıqların obyektiv təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda dünya mürəkkəb geosiyasi transformasiyalar, iqtisadi qeyri-müəyyənliklər, regional münaqişələr

Prezident İham Əliyevin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi fikirlər və verdiyi mesajlar müasir beynəlxalq siyasi və iqtisadi reallıqların obyektiv təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda dünya mürəkkəb geosiyasi transformasiyalar, iqtisadi qeyri-müəyyənliklər, regional münaqişələr, enerji təhlükəsizliyi ilə bağlı çağırışlar və qlobal sabitliyə təsir göstərən çoxsaylı risklərlə üz-üzədir. Belə bir şəraitdə Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi təcrübə bir çox ölkələr üçün uğurlu dövlət quruculuğu modeli kimi qiymətləndirilə bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra son dərəcə mürəkkəb sınaqlarla qarşılaşdı. Ərazilərinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaş məcburi köçkün vəziyyətinə düşdü, dövlət idarəetmə sistemi, iqtisadiyyat və ordu ciddi problemlərlə üzləşdi. Buna baxmayaraq, Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm addımlar atdı. Dünya siyasi tarixində nadir rast gəlinən hallardan biri kimi Azərbaycan ağır geosiyasi şəraitdə dövlət quruculuğunu gücləndirməyə, iqtisadi potensialını artırmağa, beynəlxalq tərəfdaşlıqlar formalaşdırmağa və nəticə etibarilə ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu və ölkənin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaratdı. Həmin dövrdə mövcud olan məhdud iqtisadi və hərbi imkanlar nəzərə alınaraq, milli maraqların təmin edilməsinin ən optimal yolu kimi enerji diplomatiyası seçildi. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının qlobal bazarlara inteqrasiyası ölkənin iqtisadi potensialını gücləndirməklə yanaşı, onun beynəlxalq mövqeyini də əhəmiyyətli dərəcədə möhkəmləndirdi”, - deyə politoloq diqqətə çatdırıb S.Hümbətov qeyd edib ki, Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışında bu tarixi inkişaf yoluna toxunulması təsadüfi deyil. Azərbaycanın enerji siyasəti bu gün artıq təkcə iqtisadi amil deyil, həm də regional sabitliyin, enerji təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığın mühüm elementlərindən biri kimi çıxış edir. Azərbaycan neft və qaz resurslarını siyasi təzyiq vasitəsinə deyil, qarşılıqlı faydalı əməkdaşlıq platformasına çevirib. Məhz bu yanaşma ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da artırıb. Eyni zamanda, çıxışda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh prosesinin irəlilədilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı səsləndirilən fikirlər ölkənin xarici siyasət prioritetlərini aydın şəkildə nümayiş etdirir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada dialoq, əməkdaşlıq və sabitliyin təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bu fəaliyyət ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional və qlobal təhlükəsizliyə də töhfə verir “Bakı Enerji Həftəsi” isə artıq beynəlxalq enerji gündəliyinin mühüm platformalarından birinə çevrilib. Enerji istehsalçılarını, istehlakçılarını, investorları və siyasətçiləri bir araya gətirən bu tədbir qlobal enerji təhlükəsizliyi, yaşıl keçid, yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm imkanlar yaradır. Bu baxımdan, “Bakı Enerji Həftəsi”nin əhatə dairəsinin və beynəlxalq nüfuzunun gələcək illərdə daha da genişlənəcəyi, onun qlobal enerji dialoqunun aparıcı platformalarından biri kimi mövqeyini gücləndirəcəyi şübhə doğurmur”, - deyə S.Hümbətov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


