Ermənilərin Başkənd iddiası - Anklav kəndlər nə vaxt qaytarılacaq
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam etdiyi bir vaxtda anklav (esklav) kəndlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ermənistan rəhbərliyinin Gədəbəy rayonunun Şınıx bölgəsində yerləşən Başkənd kəndinə iddiasından geri çəkilmədiyi müşahidə olunur. Baş nazir Nikol Paşinya

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam etdiyi bir vaxtda anklav (esklav) kəndlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ermənistan rəhbərliyinin Gədəbəy rayonunun Şınıx bölgəsində yerləşən Başkənd kəndinə iddiasından geri çəkilmədiyi müşahidə olunur. Baş nazir Nikol Paşinyan parlament seçkiləri ərəfəsində nümayiş etdirdiyi xəritədə Ermənistanın "Artsvaşen" adlandırdığı Başkəndi ölkəsinin ərazisi kimi təqdim edib Bununla yanaşı, Paşinyanın xəritəsində Naxçıvanın Kərki və Qazaxın işğal altındakı digər üç kəndinin Azərbaycanın esklavı kimi yox, Ermənistanın ərazisi kimi göstərilməsi suallar doğurur. Qeyd edək ki, Paşinyan seçkiqabağı təşviqat kampaniyası zamanı da Başkənd məsələsinin gündəmdə qaldığını bildirərək, anklavların qarşılıqlı mübadiləsinin mümkün variantlardan biri olduğunu vurğulayıb Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, anklavlar məsələsi həmişə gündəmdə olub: “Anklavlar məsələsi mən nazir olanda da gündəmdə idi. Torpaqlarımızın 20%-i işğal altında olsa da, həmsədrlərlə, eyni zamanda Ermənistanla anklavlar məsələsinə toxunurduq. Həmsədrlər yalnız onu deyirdilər ki, işğal altında olan torpaqlar azad olunandan sonra bu məsələyə baxılacaq. Məndə bu məsələnin hələ də gündəmdə olması ilə bağlı heç bir şübhə yoxdur. Diplomatiyada qarşılıqlı şəkildə torpaqları, kəndləri dəyişmək mümkündür. Bu da delimitasiyanın bir mövzusudur və məsələ yəqin ki, müzakirə olunur. Torpaq torpaqdan fərqlidir, yəni bir torpaq meşəlik, digəri isə əkin üçün yararlı ola bilər. Ekspertlər səviyyəsində bu məsələlər müzakirə edilir. Azərbaycanın istəyi, Ermənistan tərəfinin xoş niyyəti olsa, bu məsələni həll etmək mümkündür” Sabiq nazir vurğulayıb ki, anklavlar (esklavlar) məsələsinin həlli üçün xeyli nüanslar müzakirə edilib aydınlaşdırılmalıdır: “Anklavlarla necə əlaqə saxlanılacağı məsələsi də ortaya çıxacaq. Əvvəla, yollar çəkilməli və daha sonra onun təhlükəsizliyi təmin edilməlidir. Çəkilən yollar ayrı ölkənin ərazisindən keçdiyinə görə, onun təhlükəsizliyi üçün ora qoşun yeridə bilməzsən, deyəcəklər ki, bu, işğaldır. Bir sözlə, xeyli nüanslar olsa da, bu məsələni həll etmək mümkündür” Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan özü anklavlarla bağlı tələblərə şifahi razılıq verib: “Paşinyanın hazırlatdığı xəritəyə çox da fikir vermək lazım deyil. Həmin xəritə seçki kampaniyası dövründə ermənilərin səsini qazanmaq üçün idi. Ona görə də reallıq fərqlidir. Təbii ki, anklavlar məsələsi həll olunmalıdır, biz kəndlərimizi tələb edirik. Paşinyanın da buna şifahi razılığı var. Paşinyan çox güman ki, xəritədə anklavları da göstərəcəyi təqdirdə səs itirəcəyindən ehtiyatlanıb. Əslində isə Azərbaycan kəndlərini geri qaytarmağa etiraz etmir” Ekspert vurğulayıb ki, sadəcə olaraq, ilk növbədə konstitusiya dəyişiklikləri olmalıdır: “Kəndlərin qaytarılmasına etiraz yoxdur. Bu məsələ gələcəkdə sərhədlərin müəyyənləşdirilməsi prosesində öz həllini tapacaq. Sülh sazişinin imzalanmasına, TRIPP yolunun inşasına başlanılmasına ehtiyac var. Paralel olaraq kəndlərin qaytarılması, delimitasiya və demarkasiya prosesləri onsuz da aparılır. Önəmli olan odur ki, ermənilərin əksəriyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin gücləndirilməsinə səs verdi. Samvel Karepetyan, Robert Köçəryan kimi adamlara səs verənlər isə Azərbaycan və Türkiyə ilə düşmənçiliyin tərəfdarıdırlar. Demək olmaz ki, bütün erməni cəmiyyəti reallığı qəbul edib. Reallığı qəbul etməyən ermənilərin də sayı kifayət qədərdir. Hər halda Paşinyan seçkilərdə qalib gəlib və təkbaşına hökumət formalaşdıracaq. Bu o deməkdir ki, Azərbaycanla sülh danışıqları davam edəcək. O söylənilən məsələlər də paralel müzakirə mövzusu olacaq”. Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub. Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir


