Tenqri
Ana Səhifə
Dünya

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Müasir dövrdə bəşəriyyəti narahat edən ən aktual problemlərdən biri də erkən evlilik və onun doğurduğu fəsadlardır. Beynəlxalq miqyasda uşaq istismarının bir növü hesab edilən bu mənfi təzahürə qarşı Azərbaycanda kompleks mübarizə və genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Ailə, Qa

0 baxışazertag.az
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO
Paylaş:

Müasir dövrdə bəşəriyyəti narahat edən ən aktual problemlərdən biri də erkən evlilik və onun doğurduğu fəsadlardır. Beynəlxalq miqyasda uşaq istismarının bir növü hesab edilən bu mənfi təzahürə qarşı Azərbaycanda kompleks mübarizə və genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda həyata keçirilən mütəmadi profilaktik işlər və ailələrin məsələyə obyektiv yanaşması nəticəsində hazırda Zaqatalada erkən evlilik halları demək olar ki, yox dərəcəsindədir Bu fəaliyyətin davamı olaraq, Mərkəzdə erkən evliliklərin fəsadlarına həsr olunmuş növbəti ictimai dinləmə təşkil edilib. Müzakirələrdə qız övladları və nəvələri ali təhsil alan ziyalı valideynlər, pedaqoqlar iştirak edərək öz təcrübələrini bölüşüb, tövsiyələrlə çıxış ediblər Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına əsasən, 18 yaşından kiçik şəxslər uşaq hesab edilir və bu yaş həddinə çatmayanların ailə qurması erkən evlilik kimi qiymətləndirilir. Beynəlxalq statistikaya görə, hər il dünyada 10 milyona yaxın uşaq erkən evliliyə məruz qalır. Bu hal fərdin psixi, mənəvi və bioloji inkişafına zərbə vurmaqla yanaşı, onu təhsildən yayındırır və sosiallaşmasına mane olur. Müasir dövrdə qlobal mübarizə nəticəsində bu statistika azalsa da, problem hələ də aktuallığını qoruyur Uzun illərin pedaqoqu, Zaqatalanın qabaqcıl təhsil ocaqlarından birinə rəhbərlik edən Elmira Hacıyeva iki övlad böyüdüb. İndi isə nəvələrinin tərbiyəsi ilə məşğuldur. Deyir ki, nəvələrinin harada olmasından aslı olmayaraq bu gün də onların təlim-tərbiyəsi valideynləri ilə yanaşı, onun da daim diqqətindədir: “Biz də ailədə çoxuşaqlı olmuşuq. Gəlin köçdüyüm ailə isə 17 nəfərdən ibarət idi. Lakin milli adət-ənənələrimiz, böyüklərin tərbiyəsi, nəsihəti bizim ailəmizin möhkəmlənməsində mühüm rol oynayıb. Üç qız nəvəm var. Valideynləri ilə yanaşı, mən də hər zaman onlarla ünsiyyətdəyəm. Böyük nəvəm İtaliyada magistr təhsili alır, digər nəvələrim isə hələlik ölkənin müxtəlif nüfuzlu ali məktəblərinin tələbələridir. İndi onların əsas məqsədi təhsil alıb ayaqda qala bilməkdir. Evlilik də vacibdir, inanıram ki, nəvələrim təhsillərini başa vurandan sonra bu barədə doğru qərar verəcəklər” Riyaziyyat müəllimi Məftunə Həsənova da erkən evliliyə qətiyyətlə “yox” deyən valideynlərdəndir. Həyat yoldaşı ilə birlikdə 3 qız övladı tərbiyə edir. Qızlarının ən böyüyü bu il yüksək bal toplayaraq region birincisi olub. O, qızlarının təhsil alması üçün çalışacağını bildirir. Qeyd edir ki, övladları da valideynlərinin sözünü eşidir və ancaq təhsilə meyilləniblər. “İstər qız, istər oğlan olsun. Onlar hər zaman ailə dəyərlərinə, məsləhətinə möhtacdırlar. Onları elə böyütməliyik ki, kənar təsirlərdən uzaq olsunlar. Vaxtı, zamanı çatanda evlilik də olacaq”, - deyə müsahibimiz əlavə edib Övladları ali məktəblərin son kurslarında təhsil alan Elnarə Məmmədova qızlarının zəhmətkeşliyindən və təhsil yolunda inamla irəliləmələrindən qürur duyduğunu ifadə edib İki qız övladı olan Billurə Muradova isə qonşuluqda baş verən erkən evliliyin acı nəticəsini xatırlayır və deyir ki, onun ailəsində də bu kimi məsələlər ciddi nəzarətdə saxlanılır. “Qonşumda bir gəlin illər əvvəl erkən evlənib. Mənim övladlarımın “Son zəng” tədbirlərini görəndə kövrəlir və etiraf edir ki, bu gözəl günü o, yaşaya bilməyib”, - deyən Billurə xanım övladlarının təhsilinə ciddi fikir verir, onların daha savadlı olması üçün bütün çətinliklərə qatlaşdıqlarını bildirir Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova vurğulayıb ki, erkən nikahlara bəzən zərərli adətlər, ailələrin maddi çətinlikləri, qız uşaqlarına yönələn daxili təzyiqlər və ya qaçırma halları səbəb olur. Bu halların qarşısını almaq üçün Mərkəz tərəfindən mütəmadi olaraq kənd və şəhər məktəblərində maarifləndirici görüşlər keçirilir, yeniyetmələrə real həyat hadisələri əsasında düzgün istiqamət verilir Müzakirələrin sonunda qeyd olunub ki, erkən evlilik gələcəkdə qeyri-sağlam ailə, psixoloji cəhətdən formalaşmamış qadın və qeyri-müəyyən gələcək deməkdir. Sağlam cəmiyyətin təməli isə fərdlərin qanunla müəyyən olunmuş yaşda, məsuliyyəti dərk edərək qurduğu sağlam ailələrdən başlayır. Cəmiyyətdə uşaqlar bir yük kimi deyil, dövlətin və millətin gələcəyi olan müstəqil bir fərd kimi dəyərləndirilməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler