Tenqri
Ana Səhifə
Dünya

Yeniyetmələr arasında zorakılıq: məktəb mühitində psixososial dəstək və təkmilləşmə istiqamətləri

Son dövrlərdə məktəb mühitində yeniyetmələr arasında baş verən zorakılıq halları göstərir ki, yeniyetmə aqressiyası təkcə fərdi davranış pozuntusu və ya ani, təcrid olunmuş reaksiya kimi izah oluna bilməz. Bu hal daha çox çoxölçülü və qarşılıqlı əlaqəli amillərin təsiri ilə formalaşan psixososial pr

0 baxışapa.az
Yeniyetmələr arasında zorakılıq: məktəb mühitində psixososial dəstək və təkmilləşmə istiqamətləri
Paylaş:

Son dövrlərdə məktəb mühitində yeniyetmələr arasında baş verən zorakılıq halları göstərir ki, yeniyetmə aqressiyası təkcə fərdi davranış pozuntusu və ya ani, təcrid olunmuş reaksiya kimi izah oluna bilməz. Bu hal daha çox çoxölçülü və qarşılıqlı əlaqəli amillərin təsiri ilə formalaşan psixososial problem kimi nəzərdən keçirilməlidir. Fərdi səviyyədə emosional tənzimləmə çətinlikləri, impulsivlik, öz reaksiyalarını idarəetmədə zəiflik, eləcə də sosial vəziyyətləri qavrama və şərh etmə tərzi ön plana çıxır. Sosial səviyyədə isə ailə münasibətləri, valideyn nəzarəti, emosional dəstəyin səviyyəsi və yaşıd təsiri mühüm rol oynayır. Bununla yanaşı, uşağı əhatə edən sosial çevrə, məktəb mühiti, burada formalaşan münasibətlər və psixoloji təhlükəsizlik səviyyəsi də yeniyetmələrin davranışlarına birbaşa təsir göstərir Rəqəmsal mühitin genişlənməsi bu prosesə əlavə və getdikcə daha güclü təsir göstərən amil kimi çıxış edir. Aqressiv məzmunlu rəqəmsal oyunlar, zorakılığı normallaşdıran vizual materiallar və ekranda təqdim olunan rol modelləri yeniyetmələrdə aqressiv reaksiyaların formalaşması ilə əlaqələndirilir (Anderson et al., 2023) Bununla yanaşı, kiberbullinq və onlayn münaqişələr yeniyetmələrin gündəlik sosial həyatının ayrılmaz bir hissəsinə çevrilib. Tədqiqatlar göstərir ki, bir çox hallarda onlayn mühitdə başlayan mübahisə və qarşıdurmalar real həyatda da davam edir (Kowalski et al., 2014; OECD, 2021). Digər tərəfdən araşdırmalara görə, kiberbullinq və rəqəmsal mühitdə aqressiya yeniyetmələrdə stres, sosial geri çəkilmə, emosional gərginlik, psixoloji rifahın azalması və sosial funksionallığın zəifləməsi ilə əlaqəlidir (Smith et al., 2024; Johnson & Lee, 2023) Mövcud empirik tədqiqatlarda yeniyetmələrdə psixi sağlamlıq problemlərinin geniş yayıldığı təsdiqlənir. Dünya Səhiyyə Təşkilatının 2025-ci ildə yayımlanan məlumatlarına əsasən, hər yeddi yeniyetmədən biri psixi sağlamlıq pozuntusu yaşayır və bu problemlər yeniyetmələr arasında ümumi xəstəlik yükünün əhəmiyyətli hissəsini təşkil edir. Bununla yanaşı, UNESCO-nun 2024-cü ildə dərc olunan məlumatlarında qlobal miqyasda məktəb mühitində hər üç şagirddən birinin hər ay yaşıdları arasında qısnamanın (“bullying”) hansısa formasına məruz qaldığı qeyd olunur Son illərdə müəllimlərə, məktəb heyətinə qarşı yönəlmiş şifahi və fiziki zorakılıq hallarında da artım müşahidə olunur (RAND Corporation, 2024). Bu tendensiya aqressiv davranışların yalnız yaşıdlar arasında münasibətlərlə məhdudlaşmadığını, daha geniş məktəb mühitinə və institusional münasibətlər sisteminə də sirayət etdiyini göstərir Qlobal tendensiyalar Azərbaycan kontekstində nəzərdən keçirildikdə daha kompleks mənzərə ortaya çıxır. Aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda məktəblilər üzrə ümumi davranış problemləri göstəriciləri beynəlxalq orta səviyyələrlə müqayisədə kifayət qədər yüksəkdir (Osmanlı, 2019). Daha sonrakı araşdırmalarda məktəbyaşlı uşaqların 54.1 %-nin emosional və davranış çətinlikləri baxımından risk qrupuna daxil olduğu müəyyən edilib (Osmanlı və digərləri, 2022). Eyni tədqiqatlar çərçivəsində gender fərqləri də diqqətəlayiqdir: oğlanlarda xaricə yönəlmiş davranış problemlərinin, xüsusilə aqressiv davranışların daha yüksək səviyyədə müşahidə olunduğu, qızlarda isə emosional çətinliklərin daha çox ön plana çıxdığı müəyyən edilib (Osmanlı digərləri, 2022) Bununla yanaşı, rəsmi statistik göstəricilərin dinamikası nəzərdən keçirildikdə Azərbaycanda uşaqlar, yeniyetmələr arasında psixi və davranış pozuntuları səbəbindən ilk dəfə diaqnoz qoyulması hallarının artdığı müşahidə olunur. Lakin bu göstəricilərin yalnız müraciət və qeydiyyat əsaslı olması nəzərə alındıqda real yayılma səviyyəsinin daha yüksək olduğunu ehtimal etmək mümkündür Bir çox hallarda psixi sağlamlıq çətinlikləri stiqma, məlumatlılığın aşağı olması və xidmətlərə əlçatanlıq problemləri səbəbindən vaxtında aşkar olunmur. Emosional və davranış bacarıqlarının sistemli şəkildə dəstəklənməməsi isə riskləri dərinləşdirir və müdaxiləni gecikdirir. Nəticədə mövcud xidmət modelinin erkən aşkarlama, profilaktika və davamlı dəstək funksiyalarını yetərli səviyyədə təmin etmədiyi görünür Bununla yanaşı, Azərbaycan kontekstində mövcud empirik bazanın məhdudluğu problemin real miqyasını və dinamikasını daha dəqiq qiymətləndirməyi çətinləşdirir. Standartlaşdırılmış metodologiyalarla aparılmış, uzunmüddətli və davamlı izləməyə əsaslanan tədqiqatların yenilənməsinə ehtiyac var. Milli səviyyədə təmsil edici məlumatların azlığı siyasət, profilaktika və müdaxilə qərarlarının sübut əsaslı şəkildə formalaşdırılmasına mane olur İcma əsaslı yanaşmanın zərurəti. Beynəlxalq yanaşmalar psixi sağlamlıq problemlərinə cavab olaraq icma əsaslı xidmət modellərini prioritet istiqamət kimi müəyyən edir (WHO, 2021; UNICEF, 2021). Bu yanaşma psixososial dəstəyin yalnız ixtisaslaşmış yardım formatı ilə məhdudlaşmamasına, daha əlçatan olmasına və uşağın gündəlik həyat mühitində təşkil edilməsinə imkan yaradır. Məktəblər yeniyetmələrin həyatında mərkəzi yer tutan sosial ekosistem kimi bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Gündəlik təmasın intensivliyi məktəbi risk siqnallarının erkən mərhələdə müşahidə olunduğu, eyni zamanda geniş əhatəli profilaktik və dəstəkləyici müdaxilələrin həyata keçirilə bildiyi əsas platformaya çevirir. Məktəb əsaslı psixi sağlamlıq və sosial-emosional öyrənmə müdaxilələri həm aqressiv davranışların azalması, həm də emosional rifahın yüksəlməsi baxımından effektivdir (UNESCO, 2025; WHO, 2021). Bu yanaşmanın uğurlu praktik nümunələrindən biri Finlandiyada tətbiq olunan “KiVa” proqramıdır. Tədqiqatlara əsasən, “KiVa” proqramı zorakılıq və qurbanlaşdırılma səviyyələrinin azalması ilə əlaqəlidir; daha yeni araşdırmalarda isə proqramın effektiv tətbiqinin və yaşıd müdafiə davranışlarının gücləndirilməsinin nəticələr üçün əhəmiyyəti vurğulanır (Kärnä et al., 2011; Herkama et al., 2024; Garandeau et al., 2023) Məktəbdə psixososial dəstək sisteminin təkmilləşdirilməsi İnstitusional çərçivə və standartlaşdırma. Psixososial dəstək xidmətlərinin effektiv təşkili üçün ilk növbədə məktəb əsaslı psixososial dəstəyin institusional əsaslarının müəyyənləşdirilməsi vacibdir. Bu, xidmətin təşkili prinsipləri, etik və hüquqi çərçivə, məsuliyyət bölgüsü, yönləndirmə mexanizmləri, keyfiyyət standartları və fəaliyyət istiqamətlərinin daha dəqiq müəyyən olunmasını tələb edir Hazırkı şəraitdə məktəb psixoloqlarının rolu, səlahiyyət çərçivəsi və təhsil müəssisəsində psixoloji xidmətin keyfiyyət standartları ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu isə praktikada xidmətin təşkili, müdaxilənin məzmunu və keyfiyyət səviyyəsinin vahid çərçivə ilə deyil, çox vaxt fərdi yanaşmalar əsasında formalaşmasına səbəb olur Bu baxımdan, psixososial dəstək proseslərinin standartlaşdırılması, standart fəaliyyət prosedurlarının, vahid sənədləşmə mexanizmlərinin, eləcə də profilaktik tədbir və müdaxilə proqramlarının hazırlanması, tətbiq prinsiplərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu isə zorakılıq halının aşkarlanması, intihar riski və ya özünə zərər ehtimalı, uşağın məxfiliyinin qorunması, məlumat paylaşımının etik, hüquqi sərhədləri və digər həssas hallarla bağlı vahid, düzgün yanaşmanın formalaşmasına, tədbirlərin izlənməsinə, qiymətləndirilməsinə, keyfiyyətin qorunmasına xidmət edir Böhran vəziyyətlərinə hazırlıq. Məktəb mühitində böhran və fövqəladə hallara hazırlıq ayrıca əhəmiyyət daşıyır. Böhran vəziyyətlərinə cavab mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsi, məsul şəxslərin və koordinasiya sisteminin aydınlaşdırılması risklərin daha effektiv idarə olunmasına imkan yaradır. Bu yanaşma hadisə anında effektiv cavabla yanaşı, sonrakı izləmə və dəstək proseslərinin də standartlaşdırılmış şəkildə təşkilini tələb edir Kadr potensialının gücləndirilməsi. Məktəbdə psixososial dəstək komandasının mövcudluğu, mütəxəssislərin nəzəri və praktiki hazırlığı, qiymətləndirmə və konsultasiya bacarıqları, müdaxilə proqramlarını hazırlamaq və tətbiq etmək səriştələri, mövcud resurslardan səmərəli istifadə, əməkdaşlıq, eləcə də etik, hüquqi qərarvermə bacarıqları xidmətin effektivliyində həlledici rol oynayır Eyni zamanda müəllimlərin hazırlığında psixi sağlamlıq komponentlərinin gücləndirilməsi, pedaqoji heyətin risk əlamətlərini tanıma, ilkin dəstək göstərmə, uyğun yönləndirmə, sinif idarəetməsi və davranış problemlərinin idarə olunması bacarıqlarının inkişafı da vacib istiqamətlərdəndir Məktəbdə çalışan mütəxəssislərin, pedaqoji heyətin özünə qayğı və rifahının dəstəklənməsi emosional yüklənmənin, peşəkar tükənmənin qarşısını almaqla yanaşı, həssas hallara reaksiyada duyarsızlaşma riskinin azalmasına, məktəbdə sağlam psixoloji mühitin qorunmasına töhfə verəcək Resurslar və xidmətlər arasında əlaqələndirmə. Məktəb əsaslı psixososial dəstəyin effektivliyi yalnız onun mövcudluğu ilə deyil, əlçatanlığı, koordinasiyası və davamlılığı ilə müəyyən olunur. Bu baxımdan, təhsil, səhiyyə və sosial xidmətlər arasında keçid və əlaqələndirilmiş əməkdaşlıq uşaqların ehtiyaclarına uyğun və fasiləsiz dəstək sisteminin formalaşmasına şərait yaradır, eyni zamanda mütəxəssislərin vəziyyətləri daha sistemli şəkildə idarə etməsinə imkan verir Profilaktika, erkən müdaxilə və fərdiləşdirilmiş dəstək. Məktəbdə zorakılığın qarşısının alınması, psixososial rifahın gücləndirilməsi üçün müdaxilələrin pilləli və sistemli şəkildə təşkili vacibdir. Bu yanaşma universal profilaktika tədbirlərini, risk qrupları üçün erkən müdaxiləni və daha mürəkkəb hallarda fərdiləşdirilmiş dəstəyi bir-birini tamamlayan səviyyələr kimi nəzərdən keçirməyə imkan yaradır Universal profilaktika. Məktəb mühitində bütün şagirdləri və daha geniş mənada təhsil müəssisəsindəki icmanı əhatə edən bu səviyyədə qiymətləndirmə və monitorinq mühüm yer tutur. Qiymətləndirmə ehtiyacların müəyyən edilməsi, risk qruplarının erkən aşkarlanması və müdaxilə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Sistemli monitorinq isə həm fərdi izləməyə, həm də qərarların və tədbirlərin sübut əsaslı şəkildə formalaşdırılmasına xidmət edir Bu səviyyədə sosial-emosional öyrənmə proqramları xüsusi əhəmiyyət daşıyır. Özünüdərk, emosiyaların tənzimlənməsi, empatiya və sosial ünsiyyət bacarıqlarının inkişafı üzrə həyata keçirilən proqramlar uşağın psixososial inkişafını dəstəkləyir, aqressiv davranışların azalmasına və daha sağlam münasibətlərin formalaşmasına töhfə verir. Məktəb mühitində bu bacarıqların sistemli şəkildə dəstəklənməsi zorakılığın profilaktikasında mühüm qoruyucu amil kimi çıxış edir Psixi sağlamlıq savadlılığının artırılması da universal profilaktikanın vacib komponentlərindəndir. Bu, psixi çətinliklərin daha erkən tanınmasına, yardım axtarma davranışının güclənməsinə, psixoloji dəstəyin daha normallaşdırılmış şəkildə qəbul olunmasına və stiqmanın azalmasına şərait yaradır. Bu baxımdan, stiqma ilə mübarizə məktəb mühitində ayrıca əhəmiyyət daşıyır. Psixi sağlamlıqla bağlı damğalayıcı münasibətlərin azalması həm erkən müraciət imkanlarını genişləndirir, həm də şagirdlərin çətinliklərini gizlətmək əvəzinə dəstək axtarma ehtimalını artırır Universal profilaktika səviyyəsində ailə və icma ilə iş birliyi də əsas istiqamətlərdən biridir. Valideynlərin məlumatlandırılması, psixi sağlamlıq və davranış riskləri ilə bağlı fərqindəliyinin artırılması, məktəblə müntəzəm və aydın kommunikasiya mexanizmlərinin qurulması erkən siqnalların daha tez anlaşılmasına, müdaxilənin gecikməməsinə kömək edir. Ailə ilə iş birliyi yalnız məlumat paylaşımı deyil, həm də dəstəyin məktəb-ailə xəttində davamlı qurulması baxımından mühüm rol oynayır Erkən müdaxilə. Risk qrupunda olan şagirdlər üçün qısamüddətli, strukturlaşdırılmış fərdi və qrup əsaslı müdaxilələr, emosional tənzimləmə, impuls nəzarəti, problem həlletmə, münaqişələrin idarə olunması, sosial bacarıqların inkişafı, özünüifadə və yardım axtarma davranışının gücləndirilməsinə yönəlmiş proqramlar daha məqsədyönlü dəstək imkanı yaradır. Məktəb psixoloqunun müəllim və ailə ilə koordinasiyalı şəkildə apardığı müşahidə, qiymətləndirmə və dəstək prosesi erkən müdaxilənin effektivliyini artırır Fərdiləşdirilmiş dəstək. Daha mürəkkəb və davamlı psixoloji çətinlikləri olan uşaqlar üçün fərdiləşdirilmiş dəstək mexanizmləri vacibdir. Bu çərçivədə ehtiyaclara uyğun psixoloji müdaxilələrin planlaşdırılması, funksionallığın bərpasına yönəlmiş iş, ailə ilə əməkdaşlıq və zərurət olduqda ixtisaslaşmış xidmətlərə yönləndirmə əsas yer tutur. Qısa və strukturlaşdırılmış Koqnitiv davranış terapiyasının (CBT) məktəb kontekstində tətbiqinin emosional və davranış problemlərinin idarə olunmasında faydalı ola biləcəyi göstərilib (Jayasinghe et al., 2024). Lakin bu cür müdaxilələrin məktəb mühitində effektiv, təhlükəsiz tətbiqi müvafiq hazırlıq, etik çərçivə və yönləndirmə mexanizmləri ilə dəstəklənməlidir Beləliklə, yeniyetmələr arasında zorakılıq hallarına effektiv cavab yalnız fərdi davranışa yönələn yanaşma ilə məhdudlaşa bilməz. Bu problem ailə, məktəb, yaşıd münasibətləri, rəqəmsal mühit və daha geniş sosial kontekstin qarşılıqlı təsiri çərçivəsində dəyərləndirilməlidir. Bu baxımdan, məktəb əsaslı psixososial dəstəyin gücləndirilməsi, profilaktika və erkən müdaxilə mexanizmlərinin inkişafı, həmçinin ailə və xidmətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi prioritet məsələlər kimi çıxış edir. Nəticədə, bu istiqamətdə atılan addımlar yalnız risklərin azaldılmasına deyil, həm də uşaq və yeniyetmələrin emosional rifahının, sosial funksionallığının və sağlam inkişafının daha davamlı şəkildə dəstəklənməsinə xidmət edə bilər Bakı Psixologiya Mərkəzinin uzman psixoloq və psixoterapevti psixi sağlamlıq siyasəti və xidmətləri üzrə ixtisaslaşmış mütəxəssis

Kaynak: apa.az

Diğer Haberler