Tenqri
Ana Səhifə
Dünya

Xatirə folklor janrı kimi

Bilal Alarlı Hüseynov ADPU Cəlilabad filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xatirə folklorun əhvalat və rəvayət janrlarına yaxın olan, lakin ifadə xüsusiyyətlərinə görə fərqlənən, daha çox Qərbi Azərbaycandan və Qarabağdan toplanmış folklor nümunələri içərisində özünəməxsus yeri

0 baxış525.az
Xatirə folklor janrı kimi
Paylaş:

Bilal Alarlı Hüseynov ADPU Cəlilabad filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xatirə folklorun əhvalat və rəvayət janrlarına yaxın olan, lakin ifadə xüsusiyyətlərinə görə fərqlənən, daha çox Qərbi Azərbaycandan və Qarabağdan toplanmış folklor nümunələri içərisində özünəməxsus yeri olan bir janrdır. Xatirə memorial janr olaraq, tarixi hadisələr və tanınmış şəxsiyyətlər haqqında məlumatlardan, həmçinin yer-yurd adlarının açıqlamalarından ibarətdir ki, bu da həmin janrı müxtəlif elm sahələri, daha çox tarix, etnoqrafiya, toponimika və arxeologiya ilə bağlayır. Xatirənin folklorşünaslıq baxımından janr xüsusiyyətlərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır İlkin olaraq, xatirənin folklor janrı kimi tədqiqat istiqamətlərinin araşdırılması vacib amil sayılır. Əsas tədqiqat istiqamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: Janrın bədii və tarixi xüsusiyyətlərinin öyrənilməsi; Janrın struktural xüsusiyyətlərinin araşdırılması; Toplama işinin mahiyyəti; Tematik araşdırmaların bədiilik və tarixilik sintezi Janrın əhatə dairəsi də genişdir. Tematik araşdırmaların bədiilik və tarixilik sintezinin əsasında xatirə janrının struktural cəhətləri və tematik imkanları dayanır Xatirə janrı folklorun rəvayət və olmuş əhvalat janrlarından elmiliyi və tarixi dəqiqliyi ilə fərqlənir. Xatirə janrı tərcümeyi-hal rəvayətlərinə daha yaxındır. Lakin tərcümeyi-hal rəvayətləri bir qayda olaraq, aşıqların başına gələnləri və sevgi macəralarını əhatə edir. Əhvalatların bir növü (janrdaxili dəyişimi) sayılan olmuş əhvalat da xatirəyə yaxın nümunədir. Fərq ondadır ki, olmuş əhvalat ağızdan-ağıza keçir, dəyişikliyə məruz qalır, daha çox danışanın və dinləyənin maraqlarına uyğunlaşdırılır. Olmuş əhvalat bu xarakterinə görə söhbət əsnasında söylənilən məsəli xatırladır. Xatirə isə söyləyicinin şəxsi müşahidələrini, başına gələnləri əlavələr olunmadan, bəzək-düzəksiz şərh edir. Xatirədə fakt əsasdır, onun ictimai-siyasi mahiyyəti önə çəkilir Qarabağdan toplanmış xatirələr yer-yurd adlarını, tarixi şəxsiyyətlər haqqında məlumatları əsas götürür. Xatirə konkret fakta əsaslanır, konkret şəxslərin başına gələnləri təsvir edir. Folklor janri kimi xatirə tarixilik və coğrafilik keyfiyyətlərini bütün mətnlərdə qoruyub saxlayır. Buna görə də xatirə janrı üçün iki mühüm cəhət əsas götürülür: 1) Xatirə milli yaddaşın tərkib hissəsidir; 2) Xatirə gerçək hadisələri əks etdirir. Milli yaddaşın tərkib hissəsi kimi bu mətnlərdə öz əksini tapan tarixi hadisələr əsas götürülür. Onlardan bir neçəsinə nəzər salaq: 31 mart soyqırım hadisələrindən bəhs edən xatirələr; Qərbi Azərbaycandan deportasiya faktlarından bəhs edən xatirələr; Qaçaq hərəkatlarından bəhs edən xatirələr; Sovet dönəminin repressiyalarından bəhs edən xatirələr; Qarabağ hadisələrindən bəhs edən xatirələr; Yer-yurd adlarından bəhs edən xatirələr; Tarixi şəxsiyyətlərdən bəhs edən xatirələr AMEA Folklor İnstitutu əməkdaşlarının öz elindən-obasından didərgin salınmış və müxtəlif bölgələrdə məskunlaşmış Qərbi azərbaycanlılardan topladıqları “Qərbi Azərbaycan folkloru” toplusunun II cildində “1918-ci il qırğınları” başlığı altında doqquz xatirə təqdim olunur. Xatirələrdən birində deyilir: “Mənim babam iki dəfə qaçqınçılıx yaşayıb: bir 1905-ci ildə, 1918-ci ildə. Çən dərəsində Mədinə kəndi var. Mədinə min evdən ibarət olup. Bizim tayfaya mədinəlilər deillər. Biz o kənddə olmuşux – babalarım, nənələrim, əslim, köküm. Erməni-müsəlman davası düşəndə qaçıflar İrana. Sovet hökuməti gələndə babamgil, nənəmgil gəliblər Mədinəyə ki, erməniləri kənddə yerləşdiriblər”. 1918-ci il hadisələri bir neçə xatirədə təsvir olunur. Xatirələr hadisələrin şahidlərinin dilindən söyləndiyi üçün tarixilik baxımından mühüm əhəmiyət daşıyır: “1918-ci il ermənilər bizim kəndə - Amağuya hücum eliyib kəndi qırıblar. Bizim kəndin ətrafında qonşu erməni kəndləri var. Orda bizim camaatla ünsiyyəti olan olub, biz kirvə deyirik də. Bular gəliblər ki, gəlib sizi qıracaxlar, tədbir görün çıxın kənddən. Ağıllılar arvad-uşağın götürüb aparıb Yayçıya, beş-altı nəfər də özündən deyən olub ki, gələcək, onu mən öldürəcəm. İki-üç dənə tüfəynən guya erməninin qabağında duracax. Elə olub ki, səhərisi ermənilər hücum eliyiblər”. “1950-ci il deportasiyası” və “1988-ci il deportasiyası” başlıqları altında verilmiş xatirələrdə də acınacaqlı hadisələrdən danışılır. Çubuxlu deportasiyasından bəhs edən xatirədə deyilir: “Mən Spitak qızıyam, ancax Calaloğlu rayonunun Quybişev (Çabuxlu) kəndində rusun, erməninin ortasındeydim. Heç kimim yoxuydu orda. Altmış azərbaycanlı varıydı orda. Sən demə, üç-dörd il ondan qabax onnar fikirrəşillərmiş ki, azərbaycannıları çıxardax. Mən ermənicə təmiz bilerdim. Calaloğluna alverə gedəndə baxerdim ki, azərbaycannıları görəndə söyüllər”. Erməni vəhşiliyini detallarına qədər təsvir edən bu xatirədə “Ay cammat, kömək edin” deyən yaşlı qadın da təcavüzə məruz qalır. Ermənilər güllələyib öldürdükləri adamların meyidlərini ailələrinə vermirlər, onları quyuya töküb üstünü torpaqlayırlar Xatirələrdə bölgələrə məxsus dialekt xüsusiyyətlərinin saxlanılması dilçilik elmi üçün maraqlı mənbə sayıla bilər. Həmin bölgələrin şivə xüsusiyyətlərinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır “Qərbi Azərbaycan folkloru” toplusunun I cildində Abbasqulu bəy Şadlinski, Səməd ağa, Kəblə Nağı, Mələk oğlu Əli, Adil xan və digər tanınmış şəxsiyyətlər haqqında, yer-yurd adları haqqında xatirələr yer almışdır. “Erməni zülmü xatirələrdə” başlığı altında 11 xatirə təqdim olunur. Xatirələrdən birində 1905-ci və 1918-ci illərdə baş verən hadisələrdən danışılır: “Anam yazıx danışırdı ki, yeddi yaşım varıdı birinci müharibədə. Onda, deyir, hamını orda qırdılar, həmən o Amağuda”. “Nuru Paşanın ordusu ilə bağlı xatirələr”də ermənilərin bu yerlərə 1828-ci il olaylarından sonra gəlmələri və Alban kilsələri ilə bağlı məlumatları saxtalaşdarmaları haqqında danışılır. Qərbi Azərbaycandan toplanan xatirələr içərisində aşıqların başına gələnlərdən, tarixi şəxsiyyətlərin həyatından da söhbət açılır. Folklorşünas Tacir Səmiminin topladığı və “Sözüm-söhbətim Ağbaba” kitabında təqdim etdiyi xatirələrdə Aşıq İsgəndər, Həsən xan, Əzizə Cəfərzadə, Əhməd Cəfərzadə, Allahverdi və Allahqulu müəllim, Alyoşa Bayramova, Usta Məcid, Zərifə müəllimə, Aşıq Xosrov və başqalarının başına gələn hadisələrdən söhbət açılır Qarabağ hadisələrindən bəhs edən xatirələr daha çox yer-yurd adları və tarixi şəxsiyyətlər haqqında məlumatları əhatə edir. Bu xatirələrdə Qarabağ müharibəsinin səbəbləri, gedişatı və nəticələri də öz əksini tapmışdır. AMEA Folklor İnstitutunun nəşr etdiyi “Qarabağ: folklor da bir tarixdir” toplularında yerli əhalinin etnik mənşəyinə, tarixi şəxsiyyətlərinə, toponim və etnotoponimlərinə diqqət yetirilir. Belə mətnləri tayfa, nəsil və yer adları, həmçinin tarixi şəxsiyyətlər haqqında rəvayətlərdən fərqləndirmək çətindir. Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor örnəklərində mifoloji mətnlər, əfsanə, rəvayət və xatirələr bir başlıq altında verilir. Janr fərqi qoyulmadan dini şəxsiyyətlər, pirlər, ocaqlar, tayfa, nəsil, yer adları, tarixi şəxsiyyətlər, qaçaqlar, tanınmış insanlar və pəhləvanlar haqqında mətnlər təqdim olunur ki, bu da həmin folklor nümunələrinin janr fərqlərini təyin etməyin nə qədər çətin olduğunu təsdiq edir Oxşar tematik mövzularda olan xatirələr konkretliyi, gerçəkliyi və söyləyicinin şəxsi müşahidələrinə əsaslanması ilə seçilir. Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəklərində xatirələr bu yerlərdə məskunlaşmış Kəbirli, Afşar, Şahsevən və Qaradolaq türk etnoslarından söhbət açılır. Toplunun tərtibçisi İlkin Rüstəmzadə “Xatirələr” başlığı ilə oxuculara təqdim edilən nümunələrin adları çəkilən tayfaların şifahi irsinin öyrənilməsində mühüm rol oynadığını yazır. Hər etnos haqqında bir neçə xatirə verilir. Kəbirlilər haqqında olan 16 xatirənin hər birinin fərdi tematik yükü vardır. Mətnlərdən birində Kəbirli etnosunun bu bölgədəki arealı göstərilir: “Salmanbəyli, Təzəkənd, Pərioğulları, Rəncbərlər, Hüsülünün yarısı, Hajı Bədəlli, Kürdəmirdə Qarabucax kəndləri kəbirli kəndləridir. Kəbirli dörd tirədi, qırx qoldu, Tirələr bunlardır: Urbabalı, Arıxməmmədli, Qərvənd, Qızıllı”. Göründüyü kimi, bu xatirə mətni geneoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Əfşarlar haqqında olan 29, Şahsevənlər haqqında 17, Qaradolaqlar haqqında 14 xatirədə də nəsillərin şəcərə prinsiplərinə xüsusi önəm verilir. Tayfa və nəsillər haqqında xatirələr “Qarabağ: folklor da bir tarixdir” toplusunun sonrakı kitablarında da yer almışdır. Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıl rayonlarından toplanmış folklor örnəklərində Eyvazalılar, Tatalılar, Aşıqlı, Əlnəzərli, Sərxanlı, Əlpənahlı, Boşçallar, Qaralılar, Oruclu, Axıcanlı, İmamverdilər, Binnətli, Xalac, Sirik, Kolanı, İsmayılbəyli, Borsunlu, Xələfli və başqa tayfalar, nəsillər, tirələr haqqında xatirələr toplanmışdır. Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəklərinin 5 xatirə mətnində 1918-ci il hadisələrindən danışılır. Hadisələrin real şahidinin ermənilərin hücumu ilə bağlı xatirələri repressiv faciələrin milli yaşantısı kimi təqdim olunur: “Nooruz bayramıydı da. Hamı yeməh bişirmişdi. Deyir, onda gördüh ki, həmən boz atlılar başladılar gülləbaran etməyə bizi. ...Hər şeyimiz ojax üstündə qaldı”. Zəngilan və Şuşa rayonlarından yazıya alınmış 14 xatirə mətni də 1918-ci ildə ermənilərin müsəlmanları qırması, öz ata-baba yurdundan didərgin salması haqqındadır “Qarabağ: folklor da bir tarixdir” toplusunun müxtəlif kitablarında “Qarabağ müharibəsi xatirələrdə” başlığı altında Kəlbəcər, Laçın, Xocalı, Ağdarə və Murovda ermənilərin işğal dövründə törətdikləri insanlığa sığmayan vəhşiliklərdən danışılır. Xocavənd rayonundan toplanmış xatirələr “Köçürmə siyasəti”, “Daşnak vəhşilikləri” və “Qarabağlı faciəsi” adlanır. “Köçürmə siyasəti” xatirəsində rusların yerli əhaliyə təzyiqindən bəhs olunur: “İndiki Füzuli qavax Qaryagin adlanırdı. Yanı 1905-ci ildəki o köçürmə siyasəti həyata keçirilir Rusiyada. O inqilapçı kətçiləri köçürüllər bizim torpaxlara. Azərbaycanı mənimsəməy üçün rusdarı sürgün eliyillər Azərbaycana. Onda o Qızılqaya deyirdih, indi Gevarkavan deyillər. Qızılqayıya rusdar gəlif. Sora Kurapatkinin özünə rusdar gəlif. Yerri camahatı çıxardıflar, gətiriv o rusdarı yerrəşdiriflər” “Daşnak vəhşilikləri” xatirəsi ermənilərin Azərbaycan kəndlərini işğal etməsi haqqındadır: “Martuni dediyimiz yerdə ermənilər olmuyuf, soradan gəlif. Həmən orda polis şöbəsinin binası olufdu. Polis şöbəsinin binasın da azərbaycannı tikif. Bir də vayenkomatın binası varıydı, o da azərbaycannının olufdu. Ermənilər məlumat eliyir bizim camahata kin, bı gejə sizin kəndə hücum olajax. Camahat çıxıf kətdən”. Müxtəlif toplularda Qarabağın ayrı-ayrı yaşayış məntəqələrində baş verən faciələr də təsvir olunur. “Qarabağ müharibəsi xatirələrdə” başlığı altında təqdim olunan mətnlərdə “Qarabağlı faciəsi”ndən və “Ağdaban faciəsi”ndən bəhs olunur. Xatirə mətnləri işğal dövründə qələmə alındığı üçün tarixi əhəmiyyəti daha böyükdür. Mənəviyyatını, milli kimliyini unutmayan xalq Vətən sevgisini Zəfər təntənəsindən sonra da davam etdirir və bu sevgini daha çox folklor nümunələrində yaşadır Qeyd etmək vacibdir ki, Azərbaycanın müxtəlif rayonlarından yazıya alınan folklor nümunələri içərisində də həmin bölgələrin tarixi, tanınmış şəxsiyyətləri, yer-yurd adları haqqında xatirələr mövcuddur. Toplama tarixinin yaşı onillikləri əhatə etsə də, xatirə ilk dəfə olaraq, folklor janrı kimi elmi şəkildə öyrənilir, bədii və tarixi xüsusiyyətləri araşdırılır, tematik və struktural özəllikləri xarakterizə olunur. Qərbi Azərbaycan və Qarabağla bağlı tarixi hadisələrə aydınlıq gətirən, yer-yurd adlarının mənsubiyyətini gerçək faktlar əsasında araşdıran, ayrı-ayrı şəxsiyyətlər haqqında el arasında gəzən söz-söhbətlərə janr xüsusiyyəti verən xatirə folklor nümunəsi olaraq qalmır, tarixçilər, etnoqraflar üçün də istinad mənbəyinə çevrilir. Buna görə də bu yazıda xatirə janrının tarixi gerçəkliklərə işıq salan folklor örnəyi kimi təqdimatına daha çox diqqət yetirilir Yekun olaraq bildirirəm ki, xatirə janrının Qərbi Azərbaycan və Qarabağ folklorunda özəl yeri vardır və daha çox bu bölgələrdə baş verən tarixi hadisələri təsvir edir. Xatirə janrının öyrənilməsi Azərbaycan xalqının keçmişində baş vermiş hadisələrin qaranlıq məqamlarına aydınlıq gətirir, deportasiyaların, repressiyaların, qırğınların, münaqişələrin əsil mahiyyətini, sirli məqamlarını folklor “dili” ilə açıb-ağardır

Kaynak: 525.az

Diğer Haberler