Xarabalıqlar üzərində ucalan gələcək: Azərbaycan dünyaya yeni şəhərsalma standartı təqdim edir - ŞƏRH
30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal altında qalan və məhv edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri bu gün nəinki regionun, demək olar ki, dünya miqyasında ən sürətli və miqyaslı yenidənqurma dövrünü yaşayır Vaxtilə Cənubi Qafqazın iqtisadi cəhətdən ən bərəkətli bölgələrindən olan bu əraz

30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal altında qalan və məhv edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri bu gün nəinki regionun, demək olar ki, dünya miqyasında ən sürətli və miqyaslı yenidənqurma dövrünü yaşayır Vaxtilə Cənubi Qafqazın iqtisadi cəhətdən ən bərəkətli bölgələrindən olan bu ərazilərdə işğal dövründə 9 şəhər, yüzlərlə kənd sözün əsl mənasında yer üzündən silinmişdi. Bu bölgələrdə mülki, iqtisadi və sosial infrastruktur tamamilə məhv edilmişdi Hələ bu da azmış kimi, erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzura milyonlarla mina basdırılıb və bu ərazini ən çox çirkləndirilmiş təhlükəli zonaya çevirmişdi. İlkin hesablamalara görə, 30 ilə yaxın dövr ərzində Azərbaycana dəyən ziyanın miqdarı yüz milyard dollardan çox olub Bu gün regionda sürətlə davam edən yenidənqurma və bərpa işləri milli ləyaqətin, mədəni irsin və həyatın doğma ocaqlara qayıdış zəngidir. Azərbaycan bu torpaqlarda sıfırdan elə bir müasir, ekoloji və dayanıqlı model yaradır ki, bu sistem yaxın gələcəkdə qlobal şəhərsalma trendlərini müəyyən edəcək. Azərbaycan post-münaqişə dövründə 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin Baş planını təsdiqləyərək, sıfırdan elə bir ekoloji, dayanıqlı və rəqəmsal model qurur ki, bu nəhəng qayıdış fəlsəfəsi müasir dünya üçün unikal şəhərsalma presedenti yaradır 30 illik işğal dövründə torpaqlarımızın, şəhər və kəndlərimizin məhv edilməsinə, onun bərpa prosesinə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda öz işinə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılışında da toxunub: "İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır" Ölkə başçısı çıxışında keçmiş fəlakətin miqyasını vurğulayır və bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün dünyada sıfırdan inşa edilən ən müasir ağıllı şəhər və yaşıl enerji konsepsiyaları ilə tikilən ən böyük urbanizasiya layihəsidir. Bu məqamın WUF13 kimi nüfuzlu beynəlxalq platformada səsləndirilməsi mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Azərbaycan bununla postmünaqişə dövründə həyata keçirdiyi bərpa modelini beynəlxalq ictimaiyyətə təqdim edir və işğalın real nəticələrini faktlarla nümayiş etdirir Qeyd edək ki, bu gün Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa prosesi sadə bərpa prosesi deyil. Bu gün ölkə başçısının siyasəti və qətiyyəti ilə aparılan işlər, icra olunan layihələr də göstərir ki, sözügedən bölgələr əslində qısa müddətə nəinki Azərbaycanın, həm də regionun ən inkişaf etmiş ərazilərinə çevriləcək. Təməli İlham Əliyev tərəfindən qoyulan bu genişmiqyaslı layihənin icrası üçün bu gün Azərbaycan bəlkə də planetin ən mürəkkəb minatəmizləmə əməliyyatını həyata keçirir, paralel olaraq da infrastruktur inqilabına start verib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi hesabatlarına əsasən, Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan və icra edilən avtomobil yollarının ümumi uzunluğu 3000 kilometrdən çoxdur. Bura Zəfər yolu, Şuşa, Ağdam, Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərinə çəkilən çoxzolaqlı magistrallar daxildir. Regionda, xüsusilə Toğanalı-Kəlbəcər-İstisu və Xudafərin-Qubadlı-Laçın yollarında çox sayda nəhəng tunellər tikilir Eyni zamanda regionun rəqəmsal və yaşıl gələcəyini də təmin etmək üçün ciddi addımlar atılıb. "Azərenerji"nin rəsmi hesabatlarına görə, işğaldan azad edilmiş ərazilərdə indiyədək 30-a yaxın kiçik və ekoloji təmiz su elektrik stansiyası tam bərpa edilərək və ya sıfırdan tikilərək şəbəkəyə qoşulub. Digər stansiyaların qurulması isə davam edir. Tamamilə dağıdılmış ərazilərdə şəhər və kəndlərin, müasir aqroparkların və sənaye zonalarının (Ağdam və "Araz Vadisi İqtisadi Zonası") salınması, Qarabağı qlobal logistik mərkəzə çevirən 3 beynəlxalq hava limanının (Füzuli, Zəngilan, Laçın) inşası dövlətin bu torpaqlarda həyata keçirdiyi nəhəng vizyonun miqyasını rəqəmlərlə sübut edir Bütün bu sadalanan faktlar bir daha sübut edir ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəliş prosesində bölgədə bəşəriyyətin ən mütərəqqi urbanizasiya standartları tətbiq olunur. Cəmi bir neçə il əvvələ baxsaq, viranələr, xarabalıqlar, tək salamat bir tikilinin də olmadığı bölgələr müşahidə edirdik. Amma bu gün bu xarabalıqlar üzərində geniş küçələr, yaşıllıq zolaqları, müasir bina və komplekslər, ticarət mərkəzləri və mehmanxanalar, müasir standartlara cavab verən məktəb və uşaq bağçaları inşa olunaraq, görünüş tamamilə dəyişir. Hökumətin "Böyük Qayıdış" proqramının əsas fəlsəfəsini isə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları təşkil edir. Bu yanaşma da öz növbəsində Qarabağı planetin ən innovativ və yaşıl intibah mərkəzlərindən birinə çevirməkdədir Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində Şuşa şəhəri xüsusi əhəmiyyət kəsb edir. Çünki Qarabağın incisi sayılan Şuşa qədim tarixə malikdir və bu xanlığın paytaxtı olmaqla yanaşı, Azərbaycanın zəngin musiqi, mədəniyyət və memarlıq nümunəsidir. Şəhərdə aparılan bərpa işləri, müasir yaşayış məhəllələri və hotellərin, restoran, park və bağların yenidən salınması onun tarixi ruhu ilə paralellik təşkil edir. Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa işlərinin ən bariz nümunəsi kimi, Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi məscidlər, karvansaralar, bəy mülkləri və XVIII–XIX əsrlərə aid qədim məhəllələr xüsusi həssaslıqla bərpa olunur Bakıda keçirilən WUF13 çərçivəsində Şuşanın yenidənqurma modelinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi şəhərin tarixi-mədəni irsinə verilən qlobal dəyərin sübutudur. Prezident İlham Əliyev öz çıxışında Şuşanın bərpası ilə bağlı fikrini bölüşərək deyib: "Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib" İşğaldan azad edilmiş torpaqların yenidən qurulması prosesində Xankəndi şəhərinə xüsusi diqqətin ayrılmasına həm tarixi ədalətin bərpası prizmasından, həm də regionun əsas gənclik, elm və təhsil mərkəzinə çevrilməsi prizmasından yanaşa bilərik. Aparılan bərpa işlərinə həssas yanaşılaraq şəhərin memarlıq siması, tarixi identikliyi və şəhərsalma quruluşu qorunulur. Paralel olaraq isə Xankəndi regionun əsas intellektual hərəkətverici qüvvəsi, gənclik və turizm mərkəzi kimi yenidən inşa edilir Prezident İlham Əliyevin sərəncamı ilə qurulan Qarabağ Universiteti isə bu strateji xəttin ən bariz nümunəsidir. Qısa müddət ərzində bu təhsil ocağı həm ölkənin, həm də regionun ən mütərəqqi universitetinə çevrilib. Bu ali təhsil müəssisəsi həm tədris keyfiyyəti, həm də tədqiqat potensialı ilə bölgəyə yenidən intellektual gənclik enerjisi qazandırır, yerli əmək bazarının ixtisaslı kadr ehtiyacını daxili resurslar hesabına qarşılamaq funksiyasını üzərinə götürür Eyni zamanda Xankəndi və ətraf yaşayış məntəqələrində kəsilməz elektrik enerjisi, təbii qaz təminatı tam bərpa edilib, fiber-optik texnologiyalara əsaslanan dayanıqlı rəqəmsal rabitə şəbəkəsi qurulub və respublikanın magistral nəqliyyat-logistika qovşaqları ilə birbaşa bağlantılar təmin olunub. Atılan bu addımlar sayəsində Qarabağın digər sənaye və kənd təsərrüfatı zonaları ilə vəhdət yaradılıb. Bu gün Xankəndi və Qarabağ regionu, Şərqi Zəngəzur bölgəsi investorlar üçün yüksək iqtisadi rentabelliyə malik bir mərkəzə çevrilib WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan "yaşıl" şəhərsalma modeli və dayanıqlı ekoloji layihələr beynəlxalq ictimaiyyətin xüsusi diqqətini çəkib. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin "yaşıl enerji zonaları" elan edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma, tətbiq olunan ekoloji standartlar dünya üçün unikal şəhərsalma presedenti yaradır Eyni zamanda belə yanaşma yeni salınan şəhər və kəndlərdə ekoloji tarazlığı bərpa edir, biomüxtəlifliyi qoruyur, atmosferə atılan zərərli qazların qarşısını alır. Bu da öz növbəsində hava keyfiyyətini ən yüksək standartlara çatdırmağa təsir edir. Bu konsepsiyaya uyğun olaraq isə Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrində alternativ enerji mənbələrindən, yəni günəş, külək və hidroenerji potensialından istifadə edilir. Amma diqqət ediləsi məqam odur ki, yaşıl enerji istehsalı sadəcə daxili istehlak üçün nəzərdə tutulmayıb Azərbaycanın hədəflərindən biri də regionda istehsal edilən yaşıl enerjinin qlobal bazarlara ixrac edilməsidir. Bu isə ölkənin beynəlxalq arenada strateji çəkisini daha da artıracaq. Belə bir ixrac potensialı isə regionun və ölkənin iqtisadiyyatına böyük üstünlüklər qazandıracaq. Birincisi, qeyri-neft sektorunun sürətli inkişafı, ikincisi, milyardlarla dollar birbaşa xarici investisiyaların cəlbi, hansı ki, Qarabağ və Şərqi Zəngəzurun daha da inkişafına təkan verəcək Bu yanaşma eyni zamanda bölgənin tamamilə yaşıl enerji üzərində qurulması və ekoloji təmiz məhsul istehsal etməsi ilə müşayiət olunur ki, bu da öz növbəsində Qarabağı qlobal bazarda unikal bir brendə çevirir. "Qarabağda istehsal olunub" etiketi beynəlxalq arenada ekoloji təmizliyin simvolu olacaq. Paralel olaraq isə ənənəvi yanacaqdan istifadənin minimuma endirilməsi Qarabağın təbiətini, meşələrini, çaylarını və havasını toxunulmaz saxlayır Bu ekoloji təmizlik Şuşa, Kəlbəcər, Laçın kimi bölgələrin kurort-sağlamlıq və ekoturizm potensialını dəfələrlə artırır. Qarabağda tətbiq olunan bu ekoloji və iqtisadi sinerji modeli, regionu yaxın gələcəkdə qlobal dekarbonizasiya trendlərinin və yaşıl iqtisadiyyatın ən dinamik şəbəkəsinə çevirəcək. Əslində post-münaqişə ərazilərinin bu cür tamamilə "yaşıl" konseptlə sıfırdan qurulması qlobal miqyasda analoqu olmayan bir təcrübədir Nəticə olaraq, bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin öz daxili maliyyə vəsaiti hesabına aparılan bərpa və quruculuq işləri dünyada analoqu olmayan unikal bir təcrübədir. Azərbaycan bu təcrübəsini Ümumdünya Şəhərsalma Forumunda da təqdim edərək sübut etdi ki, bu gün sözügedən ərazilərdə dağıntılar üzərində qurulan şəhər və kəndlər sadəcə postmünaqişə ərazilərinin bərpası prosesi deyil Bu, dünyanın üzləşdiyi kütləvi dağıntılar, vandalizmə və vəhşiliyə məruz qalan ərazilərə, ekoloji böhranlara qarşı Azərbaycan dövlətinin cavabıdır. Sıfırdan rəqəmsal, yaşıl və insan mərkəzli yaşayış məntəqələri quran Azərbaycan Forumda da bütün dünyaya və qonaqlara təkrarolunmaz bir plan təqdim etdi Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


