Tenqri
Ana Səhifə
Dünya

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixi şəxsiyyət haqqında danışarkən diqqəti ilk cəlb edən məqamlardan biri də onun dövrünü və həyat tərzini əks etdirən geyimlərdir. Tarixin süzgəcindən keçərək günümüzə gəlib çatan bu geyimlər yalnız estetik görünüş deyil, həm də həmin dövrün mədəniyyətini, zövqünü və sosial həyatını özündə əks et

0 baxışazertag.az
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
Paylaş:

Tarixi şəxsiyyət haqqında danışarkən diqqəti ilk cəlb edən məqamlardan biri də onun dövrünü və həyat tərzini əks etdirən geyimlərdir. Tarixin süzgəcindən keçərək günümüzə gəlib çatan bu geyimlər yalnız estetik görünüş deyil, həm də həmin dövrün mədəniyyətini, zövqünü və sosial həyatını özündə əks etdirir. Şəxsiyyətin geyim üslubu onun yaşadığı mühit, dünyagörüşü və cəmiyyətdəki mövqeyi barədə mühüm məlumatlar verir. Bu baxımdan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağın xan qızı Xurşidbanu Natəvanın geyimləri də xüsusi maraq doğurur. Onun istifadə etdiyi libaslar təkcə fərdi zövqünün deyil, həm də dövrünün saray mədəniyyətinin və milli geyim ənənələrinin zəngin nümunələridir. Şairənin şəxsi əşyaları və əl işləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunur və onun yüksək zövqünü, sənətkarlıq bacarığını əks etdirir Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayeva ətraflı məlumat verib O söyləyib ki, muzeydə mühafizə olunan eksponatlar arasında Natəvanın hazırladığı və ya istifadə etdiyi müxtəlif məişət və geyim nümunələri yer alır. Bu əşyalar XIX əsr Azərbaycanının maddi-mədəni irsini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır “Kolleksiyanın maraqlı nümunələrindən biri xurcundur. Keçmişdə ərzaq və müxtəlif əşyaların daşınmasında istifadə edilən bu məişət əşyası qara mahud parçadan hazırlanıb. Onun üzəri müxtəlif rəngli saplarla işlənmiş yarpaq naxışları ilə bəzədilib. Xurcunun üzərində həm miladi, həm də hicri təqvimi ilə tarixlərin qeyd olunması onu tarixi baxımdan da qiymətli edir. Natəvanın əl işləri arasında Quranqabı da xüsusi yer tutur. Güləbətin və ipək saplardan toxunan bu nümunə həm dini ənənələrin, həm də incə sənətkarlığın ifadəsidir. Zərif işlənməsi onun yüksək ustalıqla hazırlandığını göstərir”,-deyə Aynur Babayeva əlavə edib Şairənin şəxsi geyim nümunələrinin də kolleksiyanın dəyərli hissəsini təşkil etdiyini diqqətə çatdıran baş mütəxəssis deyib: “İpək zərxara parçadan tikilmiş köynək dövrün geyim mədəniyyətini əks etdirən nümunələrdəndir. Yaşıl məxmər və sətin parçalarla işlənmiş nimtənə isə XIX-XX əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi ənənəvi üst geyimlərindən biri olub. Onun qolları və ətək hissəsi güləbətin tikmələri ilə bəzədilib. Kolleksiyada yer alan heybə də Natəvanın sənətkarlıq bacarığını nümayiş etdirən nümunələrdəndir. Zərxara qanovuz atlasdan hazırlanan heybənin üzəri güləbətin və ipək saplarla təkəlduz üsulunda işlənib. Bu, Azərbaycan dekorativ-tətbiqi sənətinin gözəl örnəklərindən hesab olunur. Natəvana məxsus tuman da dövrün qadın geyim mədəniyyətini əks etdirir. Qanovuz parçadan tikilmiş bu geyim növü XIX əsrdə qadınların gündəlik istifadə etdiyi əsas geyimlərdən biri olub. Həmin dövrdə geyimlərin rəngi və naxışları sahibinin yaşına və sosial vəziyyətinə uyğun seçilirdi Tənbəki kisəsi kolleksiyanın diqqətçəkən eksponatlarındandır. Güləbətin və təkəlduz tikmə üsulları ilə hazırlanan bu kisələr həm məişətdə istifadə olunur, həm də qızların cehizinin vacib hissəsi sayılırdı. Natəvanın hazırladığı nümunə incə ornamentləri və nəfis işlənməsi ilə seçilir. Azərbaycan evlərinin daxili interyerində mühüm yer tutan taxça pərdələri də Natəvanın əl işləri sırasında qorunur. Bu pərdələr həm dekorativ, həm də funksional əhəmiyyət daşıyaraq xalqımızın estetik zövqünü əks etdirir” Kolleksiyanın maraqlı nümunələrindən birinin də məhz başmaq olduğunu vurğulayan A.Babayeva deyib: “Məxmər və mahud parçadan hazırlanan başmağın üzəri yaşıl, firuzəyi, qara və qırmızı rəngli muncuqlar, eləcə də güləbətin tikmələri ilə bəzədilib. Başmağın üzərindəki tikmələrin Natəvan tərəfindən işlənməsi bu eksponatın dəyərini daha da artırır. Natəvanın şəxsi əşyaları arasında qırxaçar cam da yer alır. Misdən hazırlanmış bu məişət əşyası XIX əsr Azərbaycan məişət mədəniyyətinin öyrənilməsi baxımından maraqlı nümunələrdəndir. Şairənin əl işləri onun yalnız söz sənətində deyil, tətbiqi sənətin müxtəlif sahələrində də böyük istedada malik olduğunu göstərir. Güləbətin saplarla tikdiyi yaxalıqlar, başmaqlar, xurcunlar və digər nümunələr Natəvanın yüksək bədii-estetik zövqünü və peşəkar sənətkarlıq bacarığını əks etdirir. Məhz bu sənətkarlıq nümunələri sayəsində o, dövrünün görkəmli şəxsiyyətlərinin rəğbətini qazanmış, hətta məşhur fransız yazıçısı Aleksandr Düma tərəfindən də yüksək qiymətləndirilib” Bu gün Milli Azərbaycan Tarixi Muzeyində qorunan həmin eksponatlar Xurşidbanu Natəvanın çoxşaxəli fəaliyyətini, Azərbaycan qadınının sənətkarlıq ənənələrini və XIX əsrin maddi-mədəni irsini yaşadan qiymətli nümunələr kimi böyük əhəmiyyət daşıyır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler