Tenqri
Ana Səhifə
Dünya

WUF13 Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək - Ekspert rəyləri

Azərbaycanın elmi, mədəni və ictimai-siyasi tarixində mühüm hadisələr kimi iz qoyan beynəlxalq tədbirlər ölkənin qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrildiyini göstərir. Bu proses Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və yeni dünya düzəninin

0 baxışazertag.az
WUF13 Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək - Ekspert rəyləri
Paylaş:

Azərbaycanın elmi, mədəni və ictimai-siyasi tarixində mühüm hadisələr kimi iz qoyan beynəlxalq tədbirlər ölkənin qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrildiyini göstərir. Bu proses Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və yeni dünya düzəninin formalaşmasında artan rolunu əyani şəkildə nümayiş etdirir. Ölkəmizin beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və zəngin təcrübəsi də məhz bu cür mötəbər tədbirlər vasitəsilə real təsdiqini tapır Cari ildə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi hüququnun qazanılması Azərbaycanın diplomatik uğurlarının və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir. Bu forum ölkəmizin qlobal şəhərsalma proseslərində fəal iştirak etdiyini göstərir. Eyni zamanda, Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadı nümayiş etdirir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova ilə müasir memarlıq və şəhərsalma sahəsində özbəkistanlı ekspert Azizbek Hakimov da AZƏRTAC-a açıqlamalarında WUF13-ün ölkəmizdə keçirilməsinin faydalı və əhəmiyyətli olduğunu bildiriblər WUF13 Azərbaycan üçün şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır Professor Zahidə Məmmədova deyib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır: “Bu forum ölkəmizin qlobal urbanizasiya gündəmində daha fəal iştirakına, müasir şəhərsalma yanaşmalarının tətbiqinə və beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyasına mühüm töhfə verəcək. WUF13 Azərbaycanın urbanizasiya siyasətinin beynəlxalq standartlara uyğun inkişafı baxımından mühüm platformadır. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, yeni texnoloji və ekoloji yanaşmaları öyrənmək imkanı yaranacaq. Bu isə şəhərsalma prosesində daha dayanıqlı, inklüziv və insan mərkəzli modellərin tətbiqini sürətləndirəcək” AzMİU-nun dekanı qeyd edib ki, WUF13 xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri baxımından böyük əhəmiyyət kəsb edir: “Bu ərazilərin müasir şəhərsalma prinsipləri əsasında qurulması, “ağıllı şəhər” və “yaşıl memarlıq” konsepsiyalarının tətbiqi üçün forum çərçivəsində əldə olunacaq bilik və təcrübə xüsusi rol oynayacaq. Bu baxımdan, forum yerli mütəxəssislər, xüsusilə gənc memar və şəhərsalma üzrə təhsil alan tələbələr üçün unikal imkanlar açır. Burada tələbələrin və gənc mütəxəssislərin qlobal ekspertlərlə birbaşa ünsiyyət qurmasına, beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirməsinə şərait yaranacaq. Bu, gələcəyin şəhərlərinin qurulmasında yerli kadr potensialının gücləndirilməsi baxımından son dərəcə vacibdir” Onun sözlərinə görə, WUF13 Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərəcək. “Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin dayanıqlı inkişaf, şəhərsalma və memarlıq sahəsində regional lider kimi mövqeyini daha da gücləndirəcək. Bu, həm də Azərbaycan modelinin – ənənə ilə müasirliyin sintezinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platformadır”, - deyə Zahidə Məmmədova vurğulayıb WUF13 Mərkəzi Asiya ölkələri üçün də dəyərli hadisədir Özbəkistanlı ekspert Azizbek Hakimov bildirib ki, Azərbaycanda WUF13-ün təşkil olunması ölkənin dayanıqlı şəhər inkişafı və yaşayış məskənləri sahəsinə olan real bağlılığını göstərir: “Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlər bir şəhərin və ümumilikdə ölkənin hansı istiqamətdə inkişaf etdiyini nümayiş etdirən güclü göstəricidir. Qlobal səviyyədə urbanizasiya problemlərinin sürətlə artdığı bir dövrdə, şəhər inkişafı ilə bağlı biliklərin müzakirə olunduğu, paylaşıldığı platformaların yaradılması heç vaxt indiki qədər vacib olmayıb. WUF13-ün əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır, bu, Mərkəzi Asiya ölkələri üçün də dəyərli bir hadisədir. Region hazırda urban transformasiyanın həlledici mərhələsindədir və belə nüfuzlu bir forumun coğrafi və mədəni baxımdan yaxınlıqda keçirilməsi müəyyən imkanlar yaradır. Azərbaycan üçün ən konkret faydalardan biri dünyanın aparıcı urbanist mütəxəssislərinin və praktiklərinin bir araya gəlməsidir. Beynəlxalq ekspertlərlə yerli mütəxəssislər arasında bilik mübadiləsi çox dəyərlidir. Bu, öyrənmə prosesini sürətləndirir, mövcud yanaşmaları yenidən qiymətləndirməyə imkan yaradır və ümumilikdə regionda urban praktikaların keyfiyyətini artırır. Şəhər siyasəti, dizayn və idarəetmə sahəsində qlobal yeniliklərdən xəbərdar olmaq bu sahədə çalışan hər bir mütəxəssis üçün vacibdir” O diqqətə çatdırıb ki, digər mühüm məqam isə xarici ekspertlərin gətirdiyi obyektiv baxışdır: “Onlar şəhərləri daha neytral şəkildə qiymətləndirərək boşluqları, imkanları və prioritetləri müəyyənləşdirə bilirlər. Bu isə şəhərsalma proseslərində şəffaflığın və hesabatlılığın artmasına töhfə verir. Bundan əlavə, aparıcı memarlıq və şəhər dizaynı şirkətlərinin iştirakı gələcək əməkdaşlıqlar üçün birbaşa imkan yaradır. WUF kimi forumlar yalnız müzakirə platforması deyil, eyni zamanda, real layihələrə çevrilə biləcək tərəfdaşlıqların başlanğıcıdır. Dünyanın müxtəlif yerlərindən həmkarlarla tanış olmaq, ideya mübadiləsi aparmaq və peşəkar şəbəkə qurmaq olduqca qiymətli imkandır. Belə tədbirlər gələcək urbanist nəsil üçün güclü bir platformaya çevrilə bilər və bu, bəlkə də tədbirin ən uzunmüddətli təsirlərindən biri olacaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler