Ucalıq
Mənəvi saflıq, anda sədaqət, şərəf yüksəkliyindən baxanda bir-birinə çox bənzəyən, kənar müşahidəçi gözü ilə fərqli görünən iki insan taleyi - şəhid Mehman Musayevin və onun sevgi dünyasının fədai xanımı Sevda Əliyevanın həyat hekayəsi! Bu heyrətamiz hadisədən xəbər tutduğum gündən üç aydan artıq v

Mənəvi saflıq, anda sədaqət, şərəf yüksəkliyindən baxanda bir-birinə çox bənzəyən, kənar müşahidəçi gözü ilə fərqli görünən iki insan taleyi - şəhid Mehman Musayevin və onun sevgi dünyasının fədai xanımı Sevda Əliyevanın həyat hekayəsi! Bu heyrətamiz hadisədən xəbər tutduğum gündən üç aydan artıq vaxt keçib. Ancaq eşitdiklərimin təəssüratı gecələr də, gündüzlər də yaddaşıma hakim kəsilib, məni rahat buraxmır, düşündürür, duyğulandırır Həyat hekayəsinin xanım iştirakçısı Sevda ilə əziz şəhidlərimizdən birinin anım mərasimində tanış oldum. Əvvəllər onun haqqında sosial şəbəkələrdə verilən xəbərlərdən, süjetlərdən, qismən də olsa, məlumatlı idim İlk tanışlıqdan sonra xahiş etdim ki, həyat hekayəsini elə öz dilindən, təfsilatı ilə dinləmək, öyrənmək istəyindəyəm. Düşünmək üçün vaxt istədi. Nəhayət, günlərin birində üz-üzə oturub həmsöhbət olmağa razılıq verdi Xatırladım ki, Sevda xanım indi ömrünun 63-cü yazını yaşayır. Lakin özünün etiraf etdiyi kimi, həyatında yaz əhval-ruhiyyəli günlər olduğu yadına gəlmir. Əhd-peyman bağladığı Mehmanın Birinci Qarabağ savaşında itkin düşmə xəbərini aldığı gündən üzü bəri işıqlı dünyamız onun gözündə öz aydınlığını, cazibəsini birdəfəlik itirib. "Həyatımda heç vaxt səndən başqa heç kim olmayacaq!" - bir payız axşamı nişanlısı Mehmana verdiyi bu sözü, sədaqət andını pozmağı bir an olsun xəyalına belə gətirməyib. Halbuki doğmaları da, rəfiqələri də dəfələrlə, illərlə onu inandırmağa çalışıblar ki, insan dünyaya bir dəfə gəlir, ailə qurmaq, övladlar böyütmək, xoşbəxt ömür yaşamaq sənin haqqındır. Ağıllı ol, bu itki Allahın məsləhətidir, onunla barışmalısan, yeni həyata başlamalısan Deyilənlərin Sevda üçün heç bir dəyəri, mənası olmayıb. Hələ yeniyetmə çağlarından ailədə də, ətrafda da Sevdanı həmişə özünəməxsus davranış, düşüncə sahibi kimi görüblər. Qız rəfiqələri arasında oğlan xarakterli hərəkətləri, qətiyyəti ilə tanınıb Bu xasiyyətinə görədir ki, 17 yaşında onu ilk dəfə görüb aşiq olan uzaq qohumu Mehmanı da çox, həm də insafsızcasına incidib. İndi həmin günlərin ağrı-acısını çəkir. Sevdaya yaxınlaşmaq, "hə" cavabı almaq üçün qız həyalı, utancaq, ürəyi yuxa kimi yumşaq olan bu gənci düz 11 il intizarda qoyub Kəlbəcərdə doğulub boya-başa çatan Mehman Musayev Gəncə Kənd Təsərrüfatı institutunda oxuduğu illərdə qohumluq münasibətlərinə görə bir neçə dəfə Sevdanın ailəsinin yaşadığı Ağdama gəlsə də, bir könüldən min könülə vurulduğu qızla görüşə bilməyib. Sevda buna imkan yaratmayıb. Mehman dərdini anasına açıb. Maya xala Kəlbəcərdən Ağdama sözaçdıya gəlib. Firuzə ana da: - Xəbərsiz deyilik - deyib, sonra da qızını işarə edərək - bunu yanmasın, sözə baxandı ki! Yenə bir nəticə hasil olmayıb. Mehmangilin ailəsinə get-gəli olan Sevdanın dayısı arvadı Xalidə xanım bu məsələyə görə bir neçə dəfə Sevdaya "hücum" edib, onun bəyənmədiyi gəncin yüksək əxlaqlı, mədəniyyətli, canlara dəyən oğul olduğunu bildirib. Əlavə də edib ki, gözəlliyinə güvənmə, o da yaraşıqda heç səndən geri qalmır. Bu xasiyyətini, tərsliyini görə-görə o gül kimi uşaq sənin nəyinə vurulub, onu anlaya bilmirəm Axır ki, Xalidə xanım Sevdanı yumşalda bilib. Mehmanla Sevdanın üz-üzə ilk görüşü 1990-cı ilin əvvəllərinə təsadüf edib. Oğlanın mehribanlığı, ölçülü-biçili davranışı, həssaslığı, nəvazişi get-gedə Sevdanı məftun edib. Ondan uzaq qaldığı illərə təəssüflənib. Bunu "Sevda" sözünü ona heç kimin deyə bilmədiyi şirinlikdə dilinə gətirən Mehmanın özünə də etiraf edib 1992-ci ilin oktyabrında xoşbəxt günlərini yaşayan cütlük nişan mərasimi keçirib, bir-birinin barmağına üzük taxıb. Yaxın aylarda toy etmək barədə qərara gəliblər Bu xoş hadisənin təsiri ötməmiş qız evinin ağbirçəyi Firuzə ana gözlənilmədən dünyasını dəyişib. Toy hazırlığı dayandırılaraq, bir il sonraya saxlanıb. Həmin dövrdə xain qonşularımiz ermənilərin Azərbaycana, xüsusən də sərhəd rayonu olan Kəlbəcərə hücumları şiddətlənib. Murovdağ ətrafında, Ömər yüksəkliyində ağır döyüşlər başlayıb. Qeyrətli el oğlu kimi, təbii ki, Mehman da kənarda qalmayıb. Milli Ordunun tərkibində ölüm-dirim savaşına girib Mehmanın özü, Sevdanın isə ürəyi döyüş meydanında qalıb. Nişanlısının, bütün əsgərlərimizın qələbəsi, cansağlığı üçün gecə-gündüz dua edib. Lakin cəbhədən gələn xəbərlər çox vaxt ürəkaçan olmayıb. 1993-cü il mart ayının 27-də isə Sevdanın taleh işığını, arzularını zülmətə qərq edən acı xəbər verilib - Mehmanın itkin düşmə xəbəri! Dərd tək gəlmir, deyirlər. Bu acı xəbərdən sonra Kəlbəcər, onun ardınca isə Ağdam və daha bir neçə rayonumuz işğala məruz qalır. Evlərini tərk etmək məqamı gələndə Sevda Mehmanın bəylik köynəyini, kostyumunu qarşısına qoyur, doyunca ağlayıb, bir daha and içir: "Mehman, bil, səndən sonra mən də yoxam. Qayıdıb gəlsən, mən də həyata qayıdacam, gəlməsən, diri ikən ölmüşəm. Yalnız sənin xəyalınla, cismən yaşayacam". Və əzizinin geyimlərini evdə qoyub çıxır O vaxtdan bir qərinədən artıq zaman ötür. Sevda yenə də həyatda təkdir. Yalnız itkisi barədə düşünür. Köçkünlük illərində Mehmana şəhid statusu verilməsi və 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Mehmanın nəşinin tapılması ona təsəlli olsa da, bu, varlığına hakim kəsilən boşluğu doldurmur. Tanıyanlar yaxşı bilirlər ki, onun üzünün gülməməsinin, ailə xoşbəxtliyi, oğul-qız sahibi olmaq sevinci yaşamamasının bir səbəbi var. Hər kişinin bacarmadığı, azərbaycanlı xanım Sevda Əliyevanın, hər cür məhrumiyyətlərə rəğmən, dəyanət göstərərək pozmadığı anda sadiqlik! Mində bir təsadüf edilən, çoxluğun diqqət və marağına səbəb olan bu halı ilə Sevda xanım həm də öz ruh dünyasının qəhrəmanı, əzizi, şəhidimiz Mehmanın adının, xatirəsinin yaşamasına vəsilə olur Var ol, Sevda bacım, sözünə sadiqliyin və dəyanətinlə səcdəyə layiq ucalıqdasan!


