Tenqri
Ana Səhifə
Dünya

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

Azərbaycanda yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı təklif olunan qanun dəyişiklikləri ictimai müzakirələrin əsas mövzularından biridir. Mütəxəssislər hesab edirlər ki, uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qaydaların təkmilləşdirilmə

0 baxışazertag.az
Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ
Paylaş:

Azərbaycanda yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı təklif olunan qanun dəyişiklikləri ictimai müzakirələrin əsas mövzularından biridir. Mütəxəssislər hesab edirlər ki, uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qaydaların təkmilləşdirilməsi onların psixoloji sağlamlığının qorunması, rəqəmsal risklərin azaldılması və sağlam internet vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır Sosial medianın uşaqların emosional vəziyyətinə, davranışlarına və özünüdərkinə təsiri, valideyn nəzarətinin rolu, eləcə də rəqəmsal asılılıq və kiberzorakılıqdan qorunma yolları barədə AZƏRTAC-ın suallarını psixoterapevt, klinik psixoloq İlkin Kazımlı cavablandırıb. Həmin müsahibəni təqdim edirik: İlkin müəllim, yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasının məhdudlaşdırılması onların psixoloji inkişafı baxımından hansı müsbət nəticələr verə bilər? Psixoterapevt olaraq hesab edirəm ki, yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrə çıxışının müəyyən şəkildə məhdudlaşdırılması onların psixoloji sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər. Çünki bu yaşlarda uşağın şəxsiyyəti, özünə münasibəti və emosiyalarını idarəetmə bacarığı hələ formalaşma mərhələsində olur Sosial media uşaqları çox erkən yaşlardan başqaları ilə müqayisə etməyə başlayır. Onlar gördükləri görüntülərin reallığı tam əks etdirmədiyini anlamadıqları üçün öz görünüşlərini, həyatlarını və uğurlarını başqalarının paylaşdıqları ilə müqayisə edirlər. Bu isə zamanla özünəinamın zəifləməsinə, natamamlıq hissinin yaranmasına və emosional gərginliyə səbəb ola bilər Digər tərəfdən, uşağın psixoloji inkişafı üçün ən vacib mühit real həyat münasibətləridir. Ailə ilə ünsiyyət, yaşıdlarla oyunlar, canlı sosial təcrübələr və məktəb mühiti sosial medianın verə bilməyəcəyi bacarıqları formalaşdırır. Məhdudiyyətlər uşağın inkişafının əsasən real həyat üzərində qurulmasına imkan yarada bilər Sosial mediadan istifadənin uşaqların emosional vəziyyətinə, özünüdərkinə və davranışlarına təsiri ilə bağlı müşahidələriniz nələrdir? Son illərdə müraciət edən uşaq və yeniyetmələrdə sosial medianın təsirlərini daha aydın müşahidə edirik. Ən çox rast gəlinən problemlərdən biri özünüqiymətləndirmənin xarici təsdiqdən asılı hala gəlməsidir. Uşaq paylaşdığı şəklə neçə nəfərin baxdığına, neçə bəyənmə aldığına həddindən artıq önəm verməyə başlayır Bəzi hallarda sosial media uşaqlarda narahatlıq, özündən narazılıq, diqqət dağınıqlığı və emosional həssaslığın artmasına səbəb olur. Uşaq özünü olduğu kimi qəbul etmək əvəzinə, sosial şəbəkədə gördüyü obrazlara bənzəməyə çalışır. Xüsusilə yeniyetməlik dövründə bu müqayisələr özünəinam problemlərini daha da gücləndirə bilir Davranış baxımından isə səbirsizlik, ani nəticə gözləntisi, diqqətin tez yayınması və real ünsiyyətdən uzaqlaşma kimi hallarla qarşılaşırıq. Əlbəttə, sosial medianın faydalı tərəfləri də var, lakin erkən yaşlarda nəzarətsiz istifadə riskləri daha çox artırır Qanun layihəsində nəzərdə tutulan valideyn nəzarəti mexanizmləri uşaqların rəqəmsal vərdişlərinin formalaşmasına necə təsir göstərə bilər? Valideyn nəzarəti uşaqların sağlam rəqəmsal vərdişlər formalaşdırması üçün vacib vasitələrdən biridir. Burada əsas məqsəd uşağı izləmək və ya cəzalandırmaq deyil, ona rəqəmsal dünyada təhlükəsiz davranmağı öyrətməkdir Fikrimcə, valideyn nəzarəti uşağın internetdən istifadə müddətinin tənzimlənməsinə, yaşına uyğun olmayan məzmunlardan qorunmasına və texnologiya ilə münasibətinin daha balanslı qurulmasına kömək edə bilər. Uşaq erkən yaşlardan ekranın həyatın mərkəzi deyil, sadəcə bir hissəsi olduğunu öyrənməlidir Lakin nəzarət təkcə texniki proqramlarla məhdudlaşmamalıdır. Ən effektiv nəzarət valideynlə uşaq arasında qurulan etibarlı münasibətdir. Uşaq internetdə qarşılaşdığı problemləri valideyninə rahat şəkildə danışa bilməlidir Bəs, valideyn nəzarəti ilə uşağın şəxsi sərhədləri və müstəqilliyi arasında balans necə qorunmalıdır? Bu məsələdə ən vacib məqam nəzarətlə etibar arasındakı tarazlığı qorumaqdır. Uşaq özünü daim izlənilən və nəzarətdə saxlanılan biri kimi hiss etdikdə valideyndən uzaqlaşmağa başlaya bilər. Ona görə də valideyn nəzarəti şəffaf və açıq şəkildə həyata keçirilməlidir Valideyn uşağa hansı qaydaların niyə qoyulduğunu izah etməlidir. Uşaq başa düşməlidir ki, bu qaydalar onun azadlığını məhdudlaşdırmaq üçün deyil, təhlükəsizliyini qorumaq üçündür. Yaş artdıqca uşağa daha çox məsuliyyət və seçim imkanı verilməli, nəzarətin forması da dəyişməlidir Hesab edirəm ki, məqsəd uşağı tam nəzarətdə saxlamaq deyil, onun gələcəkdə özünü idarə edə bilən və təhlükələri tanıya bilən bir fərd kimi formalaşmasına kömək etməkdir İlkin müəllim, uşaqların rəqəmsal asılılıq, kiberzorakılıq və zərərli məzmunlardan qorunması üçün hüquqi tədbirlərlə yanaşı, hansı psixoloji və maarifləndirici addımlar vacibdir? Təkcə hüquqi məhdudiyyətlər bu problemlərin qarşısını almaq üçün kifayət deyil. Paralel olaraq həm valideynlərin, həm müəllimlərin, həm də uşaqların maarifləndirilməsi vacibdir İlk növbədə uşaqlara rəqəmsal savadlılıq öyrədilməlidir. Onlar internetdə gördükləri hər məlumatın doğru olmadığını, şəxsi məlumatların paylaşılmasının risklərini və kiberzorakılığın nəticələrini bilməlidirlər Valideynlər də rəqəmsal dünya ilə bağlı məlumatlandırılmalıdırlar. Bir çox hallarda uşaqlar internetdə valideynlərindən daha fəal olurlar və valideynlər hansı risklərlə qarşılaşdıqlarını tam anlamırlar. Buna görə ailələr üçün maarifləndirici proqramlar və təlimlər əhəmiyyətlidir Bundan əlavə, uşaqların emosional dayanıqlılığının artırılması çox vacibdir. Özünəinamı yüksək, emosiyalarını ifadə edə bilən və ailəsi ilə sağlam münasibət quran uşaqlar rəqəmsal risklər qarşısında daha dayanıqlı olurlar. Fikrimcə, uşaqları yalnız texnologiyadan qorumaq deyil, onları texnologiya ilə sağlam münasibət qurmağa hazırlamaq əsas hədəf olmalıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler