Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH
Azərbaycanın müasir dövlətçilik salnaməsinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı gündür. 5 il əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prez

Azərbaycanın müasir dövlətçilik salnaməsinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı gündür. 5 il əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları bu Bəyannamə iki qardaş dövlətin tarixin sınaqlarından layiqincə çıxmış münasibətlərini tamamilə yeni mərhələyə yüksəltdi Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib Deputat qeyd edib ki, Türkiyə dövləti 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycana mühüm siyasi və mənəvi dəstək verdi, beynəlxalq səviyyədə və bütün platformalarda respublikamızın haqlı mübarizəsini qətiyyətlə müdafiə etdi. Bu qətiyyətli, prinsipial və cəsarətli mövqe ermənipərəst dairələr üçün mesaj oldu. Ermənistanın yanında olan, onu açıq və ya gizli müdafiə edən siyasi mərkəzlər gördülər ki, Azərbaycan yalnız deyil. Bu mənada 44 günlük Vətən müharibəsi həm də Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun təcəssümünə çevrildi “2021-ci ilin iyun ayında isə bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir tarixi təntənəsinə şahidlik etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşaya gəlməsi və burada Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş iki ölkə arasındakı münasibətlərin nə qədər möhkəm təməllərə söykəndiyini növbəti dəfə nümayiş etdirdi. Bu hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsinin rəmzinə çevrildi. Xüsusilə qeyd edilməlidir ki, Türkiyə Prezidentinin NATO Zirvə toplantısından sonra, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya kimi nüfuzlu dövlətlərin rəhbərləri ilə keçirdiyi görüşlərin ardınca Azərbaycana səfəri çərçivəsində Şuşaya getməsi mühüm siyasi məna daşıdı. Bununla Türkiyə rəhbərliyi beynəlxalq ictimaiyyətə açıq şəkildə mesaj verdi ki, Türkiyə dünən olduğu kimi, bu gün də, gələcəkdə də Azərbaycanın yanında dayanmağa davam edəcək Bu səfər zamanı imzalanan Şuşa Bəyannaməsi isə Vətən müharibəsində daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətlərinin siyasi-mənəvi təntənəsi kimi tarixə yazıldı. Prezident İlham Əliyev həmin gün Şuşada mətbuata bəyanatında səfərin tarixi əhəmiyyətinin olduğunu qeyd edərək Bəyannamənin Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırdığını bildirdi”, deyə deputat vurğulayıb Onun sözlərinə görə, Şuşa Bəyannaməsi çox əhatəli bir sənəddir və burada iki dövlət arasındakı əlaqələrə dair olduqca mühüm məsələlər yer alıb: “Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində yaratdığı yeni reallıqlar Şuşa Bəyannaməsinin ruhunda dayanan əsas faktorlardır. Bu reallıqlardan biri kimi Zəngəzur dəhlizi məsələsinin sənəddə yer alması Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların bərpasını nəzərdə tutan birgə siyasi iradənin göstəricisi olmaqla yanaşı, Bakı ilə Ankaranın regional və qlobal əməkdaşlığa töhfə vermək niyyətlərini bəyan edir Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənədə əsasən, Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edir və bu istiqamətdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar” Deputat qeyd edib ki, ötən 5 ilin reallıqları, Azərbaycan və Türkiyənin regional və qlobal məsələlərdə nümayiş etdirdikləri ortaq mövqe, Zəngəzur dəhlizinin açılması istiqamətində göstərdikləri qətiyyət, iki qardaş dövlətin Silahlı Qüvvələrinin davamlı şəkildə hərbi təlimlər keçirmələri Şuşa Bəyannaməsi ilə qarşıya qoyulan məqsədlərin həyata vəsiqə aldığını təsdiq edir. Bu baxımdan, Şuşa Bəyannaməsi ilk gündən Cənubi Qafqaz regionunun gələcək taleyini müəyyən edən mükəmməl hüquqi sənəd kimi özünü göstərməkdədir “Azərbaycan-Türkiyə münasibətləri həmişə strateji məzmun daşıyıb. İndiyədək iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini müəyyən edən sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bu tərəfdaşlığı daha da möhkəmləndirdi və ona yeni siyasi məzmun verdi. Bu baxımdan, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının möhtəşəm rəmzidir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününü və gələcəyini müəyyənləşdirən mühüm siyasi-hüquqi sənəd kimi çıxış edir. Bu sənəd iki qardaş dövlətin birliyinin sarsılmazlığını, strateji müttəfiqliyinin dönməz xarakter daşıdığını və "Bir millət, iki dövlət" fəlsəfəsinin beynəlxalq münasibətlər müstəvisində uğurlu təcəssümünü bütün dünyaya nümayiş etdirir”, -deyə X.Fətiyev əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


