"Tehranda doğulsam da, Bakını vətən bilirəm"
Müsahibimiz Cənubi azərbaycanlı bəstəkar-müğənni Arif Mehmandostdur Arif bəy, istərdim söhbətimizə "Mehmandost" soyadı ilə başlayaq. Bu soyad çox poetik səslənir, əslində. Soyadınız sizin xarakterinizi, sənət yolunuzu necə və nə qədər ifadə edir? Biz əslən Qarabağdan olan, sonradan oradan köçüb Ər

Müsahibimiz Cənubi azərbaycanlı bəstəkar-müğənni Arif Mehmandostdur Arif bəy, istərdim söhbətimizə "Mehmandost" soyadı ilə başlayaq. Bu soyad çox poetik səslənir, əslində. Soyadınız sizin xarakterinizi, sənət yolunuzu necə və nə qədər ifadə edir? Biz əslən Qarabağdan olan, sonradan oradan köçüb Ərdəbilə gedən və orada Mehmandost kəndində məskunlaşan bir nəsilik. Ulu babam Qarabağdan olub, onlar köçəndən sonra Mehmandost kəndində yaşayıblar və soyadım da elə o kəndin adıdır. Yəni "mehman sevən, qonaq sevən" deməkdir. Bizim soyadımız əslində bundan bir az da uzundur, amma mən onu qısaldıb sənətdə özümü "Arif Mehmandost" kimi tanıtmışam. Başqa bir şeydən istifadə etmək istəməmişəm, məncə, bu cür daha yaxşıdır, gözəldir. Məncə, bu soyad ailəmizi tam ifadə edir. Biz də qonaqpərvər, qonağı, mehmanı sevən insanlar olmuşuq Tehranda doğulmusunuz, indi Bakıda yaşayırsınız. Sizcə, insanın vətən hissi coğrafiya ilə məhdudlaşır, yoxsa dillə, xatirələrlə bağlıdır? Bu yaxınlarda oğlumdan məktəbdə "Vətən haradır?" - deyə soruşmuşdular. Orada uşaqlar cavab vermişdilər ki, vətən doğulduğun yerdir. Amma mənim üçün elə deyil. Mən Tehranda doğulsam da, həqiqətən də özümü Tehranın balası kimi hiss etməmişəm. Demək olar, altı ildir ki, heç oraya getməmişəm. Sonuncu dəfə bir-iki günlük gedib tez qayıtmışam, çünki qalmaq istəməmişəm. Orada mənim ürəyimi açan, "qayıtmaq istəyirəm, bura vətəndir" dedirdən heç bir xatirə yoxdur. Həqiqətən də mənim üçün vətən, sizin dediyiniz kimi, dili və xarakteri mənə doğma olan, özümü bağlı gördüyüm yerdir. Özümü harada yaxşı hiss edirəmsə, mənim dilimə, şəxsiyyətimə toxunulmayan yer haradırsa, orası mənim üçün vətəndir. Ona görə hiss edirəm ki, vətən bəzən insanın doğulduğu yer olmaya da bilər Bəs göz açdığınız, doğulduğunuz yerdən - Tehrandan sizi soyudan nə idi? Əslində, biz orada həmişə öz dilimizdə danışmağa çəkinmişik. Çünki həmişə elə məsələlər olub ki, insanın şəxsiyyətinə, dilinə, ləhcəsinə toxunublar. Biz heç vaxt heç bir milləti, heç bir insanı təhqir etməmişik. Amma orada bizim dilimizə qarşı münasibət fərqli olub. Çöldə-bayırda danışanda da Azərbaycan dilində çox danışmırdıq. İndi təzəlikcə dəyişilib, deyirlər kim necə istəyir danışır, kimsə onlara toxunmur, təhqir eləmir, amma yenə də o ab-hava var. Orada, demək olar ki, lətifələrin 90 faizi azərbaycanlılara, türklərə ünvanlanıb, onlara aid deyilir. Bu da insanı həmişə incidib. "Niyə bizi təhqir edirlər, niyə bu lətifələr daha çox bizə yazılır, bizə deyilir?" - bu suallar həmişə adamı ağrıdıb Ona görə mən orada olan bəzi şeylərdən çox incidim. Məktəb vaxtı biz evdə həmişə Azərbaycan dilində danışmışıq, amma Tehranda məktəbə gedəndə bəzi sözlərimə görə uşaqlar məni ələ salırdılar. "Bu nə sözdür danışırsan, niyə belə deyirsən?" - deyirdilər. Mən də başqa cür bilmirdim. Hətta bir dəfə dedim ki: "Gecə çox soyuq idi, yorğanı üstümə çəkdim". Onlar da qayıtdı ki: "Yorğan nədir?" Dedim: "Yorğan da, üstünə çəkirsən". Sonra yadıma "döşək" sözü düşdü, dedim: "Döşək". Dedilər: "Döşəyi alta salırlar, üstə yox". Buna görə uşaqlar məni ələ salırdılar. Sonra başa düşdüm ki, həqiqətən də bizim dilimiz fərqlidir və bu fərqliliklər bizi incidirdi. Sonra yavaş-yavaş öyrəşdik. İçimizdə hansı hissləri yaşadıq, onu Allah bilir, amma yaşadıq Ailəniz nə vaxt Ərdəbilə köçüb? Çünki dediniz ki, Qarabağdan Ərdəbilə köçüblər, amma fars dilini, o yerli şivəni ailəyə daxil etməyiblər Mənim babamın babası köçüb Qarabağdan. Rəhmətlik babam həmişə deyirdi ki, "biz Qarabağdan gəlmişik". Babamın çox gözəl səsi var idi, o vaxtlar Məhərrəmlik ayında öz məscidlərində mərsiyə oxuyardı. Həmişə deyirdi ki, "bizim səsimiz Qarabağdan gəlir". Mən bura gələnə kimi bunu heç vaxt başa düşmürdüm, fikirləşirdim ki, Qarabağ haradır... Heç o qədər də məlumat verməmişdilər, maraqlanmamışdıq. Bəlkə də səhv özümüzdə olub. Nə mənim rəhmətlik atam, nə də başqası maraqlanmırdı ki, biz niyə özümüzü bu dilə belə bağlamışıq, niyə evdə hamımız Azərbaycan dilində danışırıq. Mənim rəhmətlik nənəm son gününə kimi farsca danışa bilmədi, heç danışmaq da istəmədi. Babam da farsca çətinliklə danışırdı. Tehranda 40-50 il işləmişdi, amma yenə də farsca danışmaq istəmirdi, evdə Azərbaycan dilində danışırdıq. Ona görə biz məktəbdə o çətinlikləri çəkirdik Mən Azərbaycana gələndən sonra burada ailə qurdum. Bura gələndən sonra bildim ki, Qarabağ haradır, necə yerdir. Əvvəl elə bilirdim bura balaca bir rayondur, kənddir. Sonra gördüm ki, çox böyük, zəngin bir coğrafiyadır, çox gözəl bir yerdir. Babamın "Qarabağdan gələn səs" dediyi o ifadənin nə demək olduğunu da məhz burada başa düşdüm Sizin dilinizə, milli kimliyinizə qarşı yönələn bu təzyiqlər sizdə daha çox yaralar yaratdı, yoxsa müqavimət və mübarizə hissi? Məncə, yara yaratdı. Müqavimət göstərmədik, yəni onlarla mübarizə aparmadıq, qarşı durmadıq. Çünki mən hiss edirəm ki, biz çox məzlum xalqıq. Hər gələn bizə zərər vurmağa çalışıb... Allah cənab Prezident İlham Əliyevin canını sağ eləsin, Qarabağ məsələsinin həllindən sonra bəlkə bizdə də çox şey dəyişdi. O torpaqların geri qayıtması Cənubi Azərbaycanda da böyük ümid və inam yaratdı. Bu dəqiqə görürəm ki, o məsələlərlə bağlı orada da mübarizə aparırlar Məsələyə başqa tərəfdən baxsaq, uzun illər o mühitdə, farsların əhatəsində yaşayıb, ailənin daxilində, öz ruhunda dilini, milli kimliyini qoruyub saxlamaq da bir müqavimət, bir mübarizə üsulu deyilmi? Bir ailənin gücü bəlkə də buna çatıb ki, bu cür mübarizə aparsın Düzdür... Mən o tərəfdən baxmamışdım, amma haqlısınız. O çətinliklərə, o məhrumiyyətlərə baxmayaraq, evdə dilimizi, milli kimliyimizi qorumağımız özü də bir müqavimətdir. Çox sağ olun, bu, çox gözəl qeyd idi. Həqiqətən biz də mübarizə aparmışıq Musiqilərinizdə tez-tez həsrət, ayrılıq, nisgil hiss olunur və siz özünüz də bunu etiraf edirsiniz ki, musiqiləriniz həsrətdən, ayrılıqdan doğur. Sizcə, insan ən yaxşı mahnılarını ağrıdanmı yaradır? Məndə belə olur. Həqiqətən həsrət, ayrılıq həyatımda çox təsirli olub. Ən əsası da atamın rəhmətə getməsindən sonra oldu. 20 yaşımda atamı itirmişəm. Özü də gənc idi, rəhmətə gedəndə 49 yaşı var idi. Gözlənilməz anda bir qəza nəticəsində itirdik. Ona görə mənə çox pis təsir elədi. Anam tək qaldı, iki bacım var idi, birinin 12 yaşı var idi... Bütün bunlar mənim həyatıma çox təsir etdi. Hiss edirəm ki, indi musiqilərimdə də özümdən asılı olmayaraq, o hisslər var. Mən hər şeirə, hər sözə bağlana bilmirəm. Baxıram, misralar arasında özümü tapanda, o musiqini yazıram. Özümü tapsam, musiqini yazacam Deməli, bir bəstəkar kimi şeirə, sözlərə daha çox üstünlük verirsiniz Bəli. Birinci sözü oxuyuram, yaşayıram, sonra musiqi yazıram. O şeir ürəyimə yatmasa, heç vaxt yaza bilmərəm. Olub ki, bir şeiri bəlkə bir ay, ay yarım oxumuşam, zümzümə eləmişəm, amma alınmayıb. Təsadüfən nəsə baş verib, o hissi yaşamışam və o musiqi yaranıb. Məsələn, "Bahar və sevgilim" adlı bir mahnım var. O mahnının üzərində ay yarım, bəlkə də iki ay işlədim, amma yaza bilmirdim. Təsadüfən bir gün Yazıçılar Birliyi ilə Fəxri xiyabana getmişdik. İçəri daxil olanda hamı qəbirləri ziyarət etməyə getdi, məni isə Rəşid Behbudovun qəbrinin üstündə sanki bir qüvvə saxladı. Elə orada - Rəşid Behbudovun məzarının üstündə o mahnını yazdım. Araza həsr olunmuş "Yuxudadır" mahnımın mətnini, melodiyasını gecə yuxuda görmüşəm və gecə yarısı, saat 3-4-də durub onu oxumağa və yazmağa başlamışam. Yəni bu təsirlərin hamısını mən şeirdən, sözdən alıram. Mənə önəmli olan sözdür, melodiya ikinci dərəcəlidir Bəlkə də bu sözə, şeirə bağlılığınız idi sizi Xalq şairi Nəriman Həsənzadənin ailəsinə, həyatına daxil edən? Ola bilər, bəli. Mən o vaxt Bakıya gələndə Nəriman müəllimlə görüşdüm. İlk dəfə görüşəndə heç vaxt ağlıma gəlməzdi ki, bir gün Nəriman müəllimlə bir yerdə işləyəcəm. O vaxt mənə bir kitabını bağışladı, içinə ürək sözlərini də yazmışdı. O vaxt Tehranda konservatoriyada dərs deyirdim. O kitabı da özümlə İrana apardım. Burada Vətən müharibəsi başlayan vaxt o kitabı vərəqlədim ki, Azərbaycan dilində yazmağa başlayım. Çünki əvvəllər musiqiləri farsca yazırdım. Kitabı vərəqləyərkən Nəriman müəllimin "Azərbaycan" şeiri qarşıma çıxdı. Şeir ürəyimə çox yatdı. O vaxt müharibə gedirdi, mənim həyat yoldaşımın xalası oğlu da şəhid olmuşdu - Allah bütün şəhidlərimizə rəhmət eləsin. Evdə hamımız çox narahat idik. O hisslərlə həmin mahnını yazdım. Mahnını təqdim etməyə hazırlaşırdım ki, cənab Prezidentimiz Şuşanın azadlıq xəbərini verdi. Bu, artıq qələbə demək idi. Elə həmin gün mahnını paylaşdım. Həqiqətən, bu, mənim üçün böyük bir şərəf, sevinc oldu. Ondan sonra qərara gəldim ki, ancaq Azərbaycan dilində musiqi yazıb ifa edim. O vaxtdan bu günə təqribən, 45-46 mahnı yazmışam, amma birincisi elə Nəriman müəllimin sözlərinə oldu. Sonra Bakıya gəldim, burada işlə bağlı çətinliklər var idi. Bir müddət sonra Nəriman müəllimin köməkçisi kimi çalışmağa başladım. Elə o vaxtdan da bir yerdəyik. Allah ona uzun ömür versin! Bakıya ilk gəldiyiniz günlə indiki Arif Mehmandost arasında hansı fərqlər var? İlk dəfə Bakıya 2010-cu ildə gəlmişəm. Rəhmətlik atamın indiki həyat yoldaşımın dayısı ilə iş birliyi var idi. Yəni bura ilə əlaqələrimiz həmişədən var idi. Hətta heç vaxt unutmaram ki, oradakı obyektimizin adı "Araz" idi. Orada "Ərəs" deyirlər. Hamı bu adın mənasını soruşardı. Atam da deyirdi: "Bu, bizi ayıran bir çaydır". Çay, əlbəttə, ayırmır, amma rəmzi məna daşıyır. Azərbaycan sevgisi atamda o vaxtdan var idi. Özü neçə dəfə Azərbaycana, Cəlilabada gəlmişdi, dostlarının evinə gəlirdi. Bizi də gətirməyə çalışırdı. Həmişə bizə buradan danışar və çox gözəl olduğunu deyərdi. Təəssüf ki, onun sağlığında onunla birlikdə gəlməyimiz alınmadı. Amma sonra özüm gəldim və anamı, bacımı da gətirdim. Mən ilk gündən Bakıya gələndə özümü burada qürbətdə hiss etməmişəm. Ona görə, Tehranda doğulsam da, Bakını vətən bilirəm, öz doğma evimdəyəm. Burada çox rahatam, istədiyim dildə yazıram, oxuyuram. Nə qədər istəsəm, Azərbaycan dilində şeir tapa bilirəm. Azərbaycan şairlərini daha dərindən tanımağa başlamışam. Bundan böyük xoşbəxtlik yoxdur mənim üçün. Çünki mənim ən böyük nisgilim Azərbaycan dilində təhsil almamağımdır. Buna görə musiqilərimi yazarkən sözləri anlamaqda, onların poetik mənalarını duymaqda çox çətinliklər çəkmişəm Həyatınızı bir mahnı ilə adlandırsaydınız, o hansı mahnı olardı? Bu yaxınlarda Nəriman Həsənzadənin sözlərinə yazdığım "Sən" adlı mahnımı deyə bilərəm. Nəriman müəllimin "sandıq ədəbiyyatı" var ki, oradakı şeirləri məndən başqa heç kim oxumayıb. Həmin şeirlərdən biri də bu şeirdir. O, bunu Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə nəzirə kimi yazıb. Şeirin orijinalda adı da "Olaydı"dır. Bu mahnıda özümü daha çox tapmışam


