Tenqri
Ana Səhifə
Dünya

"Teatr muzey deyil, canlı orqanizmdir"

Gümrah Ömər müasir Azərbaycan teatr məkanında yeni estetik axtarışları və aktyor mərkəzli səhnə düşüncəsi ilə seçilən rejissorlardandır. Onun yaradıcılığı xüsusilə son illərdə teatr mühitində formalaşan yeni rejissor nəslinin istiqamətini müəyyənləşdirən mühüm yaradıcılıq xətlərindən biri kimi qiymə

0 baxış525.az
"Teatr muzey deyil, canlı orqanizmdir"
Paylaş:

Gümrah Ömər müasir Azərbaycan teatr məkanında yeni estetik axtarışları və aktyor mərkəzli səhnə düşüncəsi ilə seçilən rejissorlardandır. Onun yaradıcılığı xüsusilə son illərdə teatr mühitində formalaşan yeni rejissor nəslinin istiqamətini müəyyənləşdirən mühüm yaradıcılıq xətlərindən biri kimi qiymətləndirilir. O, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, "Yuğ" Teatrı estetik məktəbindən keçmiş sənət adamı, Vaqif İbrahimoğlunun tələbəsi və teatr pedaqoqudur. Onun yaradıcılığında səhnə yalnız tamaşa məkanı deyil, mətnin, yaddaşın və dilin yenidən oxunduğu bir məkandır Gümrah Ömər ilə bu söhbətimizdə teatr, tərcümə və ədəbiyyatın kəsişmə nöqtələrindən danışmışıq Gümrah müəllim, İrəvan Dövlət Teatrının baş rejissoru olmaq sizə görə nə deməkdir? Bu, sadəcə bir vəzifə deyil, hər şeydən öncə böyük bir mənəvi məsuliyyətdir. İrəvan Teatrı bizim qədim mədəniyyət ocağımız, itirilmiş torpaqlarımızın diri qalan ruhudur. Burada baş rejissor olmaq - o ruhu qorumaq, didərgin düşmüş bir sənət məbədini Bakıda və dünyanın hər yerində ləyaqətlə təmsil etmək deməkdir. Bu teatr mənim üçün tarixi bir yaddaşın müasir səhnə dilinə çevrildiyi məkandır Bizim istedadlı və çalışqan bir kollektivimiz, özünü təsdiq etməyə can atan gənclərimiz var. Ən əsası isə odur ki, heyətimiz düşüncə baxımından azaddır, müasir tendensiyalara açıqdır və hətta yeni üslublarda, fərqli estetikada çalışmağa böyük maraq göstərir. Bütün bunlar, təbii ki, bir rəhbər və yaradıcı şəxs kimi məni daha da ruhlandırır Teatrın repertuar siyasətində əsas prioritetləriniz nələrdir? Tarixi yaddaşı olan bir teatrda yenilik etmək nə dərəcədə çətindir? Repertuar siyasətimizdə əsas prioritetimiz milli kimliklə bəşəri dəyərlərin vəhdətini yaratmaqdır. İrəvan Dövlət Teatrı tarixi yaddaşın daşıyıcısıdır, ona görə də repertuarda qədim köklərimizə, klassiklərimizə mütləq yer veririk. Lakin bu əsərləri şablonlarla deyil, yüksək estetik keyfiyyətlə təqdim etməyə çalışırıq. İzləyici teatrda həm öz keçmişini görməli, həm də bugünkü insan ağrısını, sevincini duymalıdır. Köklü ənənələri olan teatrda yenilik etmək hər zaman müqavimətlə rastlaşa bilər, çünki insanlar öyrəşdikləri "klassik" qəlibləri itirməkdən qorxurlar. Lakin teatr muzey deyil, canlı orqanizmdir. Yenilik etmək tarixi silmək yol, əksinə, həmin tarixi müasir gəncliyin dilində yenidən danışdırmaqdır. Çətindir, bəli, amma maraqlıdır. Biz keçmişin kölgəsində gizlənmək üçün deyil, o köklərdən güc alıb yeni zirvələrə çıxmaq üçün çalışırıq Rejissor kimi formalaşma prosesinizdə sizi ən çox dəyişən mərhələ hansıdır? Mən mərhum Vaqif İbrahimoğlunun ilk rəsmi tələbələrindən biri olmuşam. Onun aktyorluq kursunda təhsil almışam və hələ tələbəlik illərimdən "Yuğ" teatrında aktyor kimi fəaliyyətə başlamışam. Əslində, rejissorluğa gəlişim müəllimimin təşəbbüsü ilə olub. O, mənə tamaşa qurmağı təklif etdi, mən isə sadəcə onun tapşırığını yerinə yetirmək məsuliyyəti ilə bu işə girişdim. Bir, iki... və beləcə, bu yol bu günə qədər davam etdi. İndi geriyə baxanda görürəm ki, ustadım ən doğru qərarı verib. Ruhu şad olsun. O, mənim çiyinlərimə həm mənəvi, həm də yaradıcı bir məsuliyyət qoyub; mən də bu yükü sevə-sevə daşımaqda israrlıyam. Vaxtilə mənə göstərilən o böyük etimadı və sayğılı münasibəti bu gün gənclərimizə ötürməyə çalışıram. Bu, bir növ mənəvi borcdur. Əlbəttə, onun yerini doldurmaq qeyri-mümkündür, lakin çalışırıq ki, bu zəncirin halqaları qırılmasın. Məhz bu istək məni həm də pedaqoji fəaliyyətlə məşğul olmağa sövq etdi. İnşallah, baxaq görək, bizdə necə alınacaq "Yuğ" Teatrında çalışmaq sizə nə verdi? Bu təcrübə indiki rejissor düşüncənizdə necə yaşayır? "Yuğ" teatrının mənim üçün müstəsna bir yeri var. "Yuğ" düşüncə və estetika baxımından bir ayin məkanıdır, lakin bunu Y.Qrotovskinin "Ayin teatrı" ilə qarışdırmaq doğru olmazdı. Çünki burada formaca peşəkar teatr vasitələrindən istifadə olunsa da, mahiyyət və məzmunca əsl "ayin" dayanır. Əgər bu niyyət hər hansı bir cəhddə alınmırsa, yerdə sadəcə maraqlı və müasir bir tamaşa qalır. Bu isə təbii ki, bizi pəjmürdə edir, çünki məqsədimiz yalnız tamaşa hazırlamaq deyil. Bəzən obyektiv və ya subyektiv səbəblərdən istədiyimiz ayini tam reallaşdıra bilmirik. Bunun əsas səbəbi bəzən fərqinə varmadan "tamaşa hazırlamaq" yarışına qoşulmağımızdır "Yuğ" estetikası ilə klassik teatr arasında hansı əsas fərqləri görürsünüz? Orada qazandığınız hansı düşüncə vərdişi bu gün də sizi tərk etmir? "Yuğ" teatrı ilə klassik teatr arasında formaca ciddi bir fərq yoxdur. Hər ikisinin ifadə planı peşəkar meyarlarla müəyyənləşdirilir və fərdi yaradıcı estetika ilə təqdim olunur. Lakin mahiyyət etibarilə bu iki modeldə əhəmiyyətli fərqliliklər var. Klassik teatrda rejissorun ideyası və cəmiyyətə ötürdüyü mesaj həlledicidir; bütün hədəflər məhz bu amala xidmət edir. "Yuğ" teatrında isə Yaradıcı Personanın (onu sadəcə rejissor adlandırmaq bəlkə də yetərli deyil) mənəvi və ruhsal dünyasının xüsusi məkanda manifestasiyasından söhbət gedir Rejissor olmaq daha çətindir, yoxsa rejissor yetişdirmək? Hər ikisi eyni dərəcədə məsuliyyətlidir. Rejissor olmaq öz daxili dünyanı, fəlsəfəni və ağrını başqalarına ötürmək bacarığıdırsa, rejissor yetişdirmək bir başqasının dünyasını kəşf etmək və ona yol göstərməkdir. Bu, sadəcə peşə öyrətmək deyil, şəxsiyyət formalaşdırmaqdır. Şəxsiyyət olmaq nə qədər çətin işdirsə, şəxsiyyət yetişdirmək ondan da çətindir. Çünki sənətkarın mayası şəxsiyyətdən yoğurulur. Hələ "şəxsiyyət"dən o yana, "sənətkar" olmaq, "dahi" olmaq kimi yollar da var ki, bu, artıq tale işidir - kimin bəxtinə qismət olar, kimin yox, bunu zaman göstərir Gənc aktyor və rejissorlarda sizi daha çox narahat edən nədir? Məni ən çox narahat edən məsələ zamanın məzmunsuz məsələlərə xərclənməsidir. Təəssüf ki, bu gün gənclər arasında yaradıcılıq adı altında müxtəlif manipulyasiyalarla məşğul olmaq meyli güclüdür. Yaradıcılığın qayəsində duran o ali ruhsal ehtiyacın bədii həllə, sənət əsərinə transformasiyası deyil, daha çox özünüreklam ön plana keçir. Sənət fədakarlıq tələb edir, lakin indi sənətdən daha çox "sənətçi obrazı" yaratmağa maraq böyükdür. Onu da qeyd edim ki, bu, təkcə gənclərə aid deyil, ümumi bir tendensiyadır - insanlar mahiyyətdən çox görünüşə qaçırlar Tələbələrinizə "unutmayın" deyə xüsusilə vurğuladığınız bir prinsip varmı? Bəli, hər zaman təkrar etdiyim və "unutmayın" dediyim əsas prinsip budur: ləyaqətli olmaq və həqiqi yaradıcılıqla məşğul olmaq. Peşəkarlıq zamanla qazanılan, texniki bir məsələdir - çox çalışmaqla hər kəs yaxşı mütəxəssis ola bilər. Lakin əgər insanda ləyaqət və daxili yaradıcılıq ehtiyacı yoxdursa, onun göstərdiyi bütün peşəkar fəaliyyətin nə bəşəri, nə də sənət baxımından bir mənası var. Sənət ləyaqətin güzgüsüdür Sizcə, bu gün Azərbaycan teatrının əsas problemi nədir? Azərbaycan teatrının problemləri kompleks xarakter daşıyır. Burada ilk növbədə təfəkkür və bədii-estetik zövq məsələsini qeyd etməliyəm. Konservatizmə, köhnəlmiş qəliblərə həddindən artıq bağlılıq bizi irəli getməyə qoymur. Digər tərəfdən, səhnə əsərinin hədəfi çox zaman düzgün müəyyənləşmir. Teatrın "mən hamıdan ağıllıyam" iddiası ilə çıxış etməsi tamaşaçı ilə araya sədd çəkir. Üstəlik, texniki tərəf, yeni texnologiyaların qıtlığı da bu günün reallığıdır ki, biz bu boşluğu mütləq doldurmalıyıq Teatr tamaşaçını dəyişməlidir, yoxsa tamaşaçı teatrı? Teatrın tamaşaçını dəyişmək kimi bir "əbədi və əzəli" missiyası yoxdur. Teatr daha çox insanı yeniləməli, onun özü ilə ünsiyyət qurması üçün vacib bir vasitə olmalıdır. Səhnə insanı qorxutmamalı, əksinə, ona inam və daxili güc aşılamalıdır. Əgər teatr bunu bacarmırsa, o, sadəcə müvəqqəti bir əyləncəyə və ya intellektual bir "tok-şou"ya çevrilir. Bəlkə bir az sərt səslənir, amma reallıq budur - teatr ruhun təmizlənmə yeridir, sadəcə mühazirə zalı deyil Sizin üçün tamaşa mətndən başlayır, yoxsa mətni aşan bir yerdən? Mənim üçün tamaşa mətnin içindəki ən gizli və son dərəcə vacib mahiyyətdən başlayır. Mətn bir toxum kimidir: əgər o toxumu tapmamışıqsa, biz nəyi becərəcəyik? Karl Yunqun dili ilə desək, hər şey arxetipdən başlayır. Arxetipsiz mədəniyyət, arxetipsiz sənət mümkün deyil. O, yaradıcılığın sıxılmış enerji qaynağıdır, bütün mənalar və mesajlar məhz onun təzahürüdür. Əgər bu enerji səhnədə zəngin forma, ifadəli məzmun və ayinlə əhatə olunursa, biz ondan irrasional və mistik duyğular ala biliriksə, deməli, orada həqiqi sənət yaranıb. Teatrın missiyası mətnin hərflərini deyil, onun altındakı o qədim ruhu canlandırmaqdır Rejissor kimi mətnlə işləyərkən ilk olaraq nəyi "eşidirsiniz": müəllifin səsini, dövrün nəfəsini, yoxsa səhnənin imkanlarını? Mən işə amansız bir araşdırma, analiz mərhələsi ilə başlayıram ki, sonda yeni bir sintez yarada bilim. Burada ilk "eşitdiyim" və ən önəmli hesab etdiyim məqam müəllifin yaradıcılıq paradiqmasıdır. Əgər biz müəllifin qurmaq istədiyi dünyanı, onun düşüncə sistemini anlamayacağıqsa, onda o mətnlə bizim nə işimiz ola bilər ki? Müəllifin ruhunu tapmaq ilkindir. Dövrün nəfəsi və səhnə imkanları isə bu mahiyyətə uyğunlaşdırılmalı olan, mən deyərdim ki, daha çox "cari" və texniki məsələlərdir. Əsas olan o toxumu, müəllifin paradiqmasını düzgün mühitə əkməkdir Klassik mətnlər, sizcə, müasir səhnədə tərcümə olunmalıdır, yoxsa şərh? Məncə, klassik mətn müasir səhnədə nə sadəcə tərcümə olunmalı, nə də kor-koranə şərh edilməlidir. Klassik mətnlər rejissorun bədii konsepsiyasına uyğun olaraq mütləq adaptasiya olunmalıdır. Teatr donub qalmış abidə deyil. Lakin burada bir vacib şərt var: rejissorun ortaya qoyduğu konsepsiya müəllifin məramı və məqsədləri ilə tam bir harmoniya təşkil etməlidir. Biz müəllifi inkar etmək üçün deyil, onun ideyasını bugünkü tamaşaçıya daha təsirli çatdırmaq üçün yeni formalar axtarırıq. Əgər bu harmoniya varsa, deməli, klassika müasir səhnədə yenidən doğulur Ədəbi mətn səhnəyə keçəndə ən çox nə itirir, nə qazanır? Ədəbi mətn səhnəyə keçəndə ilk növbədə özünün statikliyini və sözün diktaturasını itirir. Oxucunun xəyalında canlandırdığı o minlərlə müxtəlif variant artıq bir rejissorun vizual və ruhsal mizanı ilə məhdudlaşır. Lakin qazancı itirdiyindən qat-qat böyükdür. Ədəbi mətn mahiyyətinə görə ədəbiyyat nümunəsidir, səhnədə isə o, gələcək tamaşanın ədəbi əsasını təşkil edən bir "ədəbi bəhanə"dir. Çünki tamaşa ədəbi nümunə deyil, müstəqil bir səhnə əsəridir, o, incəsənətin tamhüquqlu bir üzvünə transformasiya olunur. Müəllifin versiyasını olduğu kimi qorumağa çalışmaq, əslində rejissorun müəlliflik iddiasını və yaradıcılıq iradəsini sual altında qoyur. Təəssüf ki, bizim teatrlarda bu yanaşmaya çox rast gəlirik və bu, o qədər də ürəkaçan mənzərə deyil. Rejissor mətni sadəcə "səsləndirməməli", onu səhnə dilinə yenidən tərcümə edib öz əsərini yaratmalıdır Bu gün teatr sizin üçün daha çox sualdır, yoxsa cavab? Teatr mənim üçün heç vaxt hazır cavablar yeri olmayıb. Əksinə, teatr ən böyük və ən dürüst sualdır. Əgər teatr tamaşaçıya hazır cavablar versəydi, o, sənət deyil, mühazirə və ya nəsihət olardı. Mənim missiyam tamaşaçını özü ilə, öz daxili dünyası və o qədim arxetipləri ilə üz-üzə qoyub, ona suallar verdirməkdir. Biz səhnədə bir sual veririk, tamaşaçı isə o sualın cavabını öz ruhunda, öz həyatında axtarır. Cavab tapmaq tamaşaçının işidir, bizim işimiz isə o sualı ən uca və ən estetik şəkildə səsləndirməkdir. Sənət sualın doğulduğu yerdə başlayır

Kaynak: 525.az

Diğer Haberler