Tenqri
Ana Səhifə
Dünya

"Tarix xalqlara ikinci dəfə eyni fürsəti nadir hallarda verir" - Fond rəhbəri

“Ermənistanda keçirilən 7 iyun parlament seçkilərinin yekun nəticələri göstərdi ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi. Bu nəticə revanşizmə, yeni qarşıdurma və yeni müharibə vədlərinə deyil, daha realist siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilə bilər

0 baxış525.az
"Tarix xalqlara ikinci dəfə eyni fürsəti nadir hallarda verir" - Fond rəhbəri
Paylaş:

“Ermənistanda keçirilən 7 iyun parlament seçkilərinin yekun nəticələri göstərdi ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi. Bu nəticə revanşizmə, yeni qarşıdurma və yeni müharibə vədlərinə deyil, daha realist siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilə bilər. Ermənistan cəmiyyəti son illərdə ikinci dəfədir ki, qisasçılıq ritorikasına deyil, gələcəklə bağlı daha praqmatik yanaşmaya üstünlük verir. Bu seçimin arxasında isə təkcə siyasi simpatiya deyil, həm də son illərin ağır dərsləri dayanır. Bəzən xalqların taleyi döyüş meydanlarında dəyişir, bəzən isə seçki qutularının qarşısında. Ermənistanda baş verən də məhz belə hadisələrdən biridir. Çünki seçici faktiki olaraq keçmişlə gələcək arasında seçim etdi. Bir tərəfdə uzun illər regionu qarşıdurma məkanına çevirən, Ermənistanı geosiyasi asılılıqlara sürükləyən köhnə düşüncə dayanırdı. Digər tərəfdə isə bütün çətinliklərinə baxmayaraq sülh, əməkdaşlıq və açıq kommunikasiyalar perspektivi vardı” Bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev 525.az-a bildirib. Fond prezidenti vurğulayıb ki, yekun nəticələrdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Ermənistan xalqının səsvermə yolu ilə dövlətçiliyin, müstəqilliyin, gələcəyin və sülhün müdafiəsinə qalxdığını bəyan etdi və “müharibə partiyası” adlandırdığı qüvvələrin məğlubiyyətini vurğuladı. Bu yanaşma göstərir ki, Ermənistanın daxili siyasi mübarizəsində artıq əsas xətt keçmiş münaqişə ritorikası ilə gələcək inkişaf modeli arasında gedir. Siyasi bəyanatların sonrakı praktik addımlarla təsdiqlənməsi ayrıca məsələ olsa da, seçkinin verdiyi siyasi mesaj kifayət qədər aydındır: Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi növbəti dəfə qarşıdurmadan daha çox sabitlik və inkişaf perspektivinə üstünlük verib: “Bu baxımdan seçkilərin yekun nəticələri yalnız Nikol Paşinyanın və ya onun rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi düzənin, Prezident İlham Əliyevin böyük siyasi qətiyyətlə müdafiə etdiyi sülh strategiyasının növbəti siyasi təsdiqidir. Lakin seçkilər yalnız imkan yaradır. İmkanın tarixi nəticəyə çevrilməsi isə sonrakı addımlardan asılıdır. Ermənistan rəhbərliyi bundan sonra sülh gündəliyinə uyğun real siyasi qərarlar qəbul etməlidir. Qarabağ separatizmi ilə bağlı bütün siyasi, maliyyə və ideoloji qalıqlardan qəti şəkildə imtina olunmalı, separatizmin hər hansı formada dəstəklənməsinə son qoyulmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi, sülh sazişinin imzalanması üçün zəruri hüquqi addımların atılması və regional nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi növbəti mərhələnin əsas göstəriciləri olacaq. Forpost olmaqla dövlət olmaq arasında böyük fərq var. Forpost başqalarının maraqlarına xidmət edir, dövlət isə ilk növbədə öz xalqının gələcəyini düşünür. Son seçkilərin ən mühüm siyasi mənalarından biri də Ermənistan cəmiyyətinin ən azı indiki mərhələdə bu fərqi anlamağa başlamasıdır. Bu isə regionda uzunmüddətli sabitlik üçün az əhəmiyyət daşımayan amildir. Bu gün Ermənistanın qarşısında duran əsas məsələ keçmiş münaqişələrin kölgəsində yaşamaq deyil, gələcək dövlətçiliyin əsaslarını müəyyənləşdirməkdir. Çünki müstəqillik yalnız bayraq, himn və beynəlxalq tanınma deyil. Müstəqillik həm də tarixi məqamlarda düzgün qərar vermək, milli maraqları xarici təsirlərdən üstün tutmaq və gələcəyi keçmişin əsirinə çevirməmək bacarığıdır. Seçkilərdə ifadə olunan ictimai iradənin sonrakı siyasi qərarlarda da öz əksini tapması indi Ermənistan hakimiyyətinin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Əgər bu baş verərsə, 7 iyun seçkiləri Cənubi Qafqazda yeni dövrün başlanğıcını rəsmiləşdirən siyasi hadisə kimi tarixə düşəcək. O zaman bu nəticələr bir partiyanın qələbəsindən daha böyük məna daşıyacaq: regionda sülh ideyasının, əməkdaşlıq perspektivinin və müharibədən sonrakı siyasi transformasiya xəttinin növbəti mühüm uğuru kimi qiymətləndiriləcək. Tarix xalqlara ikinci dəfə eyni fürsəti nadir hallarda verir. Bu gün Ermənistanın qarşısında açılmış imkan pəncərəsinin dəyəri də məhz bundadır”

Kaynak: 525.az

Diğer Haberler