“Əsərlərimin əksəriyyəti son iki ildə ərsəyə gəlib” - şuşalı rəssam VİDEO
Rəssam Rövşən Bayramov Şuşadan ayrı qaldığı 32 il ərzində doğma şəhərini rəsmlərində yaşadıb. O, yaddaşında qoruduğu Şuşanın küçələrini, məhəllələrini və abidələrini ağ vərəqlərə köçürərək bu ayrılığa sənətlə təsəlli tapıb. Bu gün isə həmin xatirələr reallığa çevrilib - rəssam Şuşaya qayıdan ilk sak

Rəssam Rövşən Bayramov Şuşadan ayrı qaldığı 32 il ərzində doğma şəhərini rəsmlərində yaşadıb. O, yaddaşında qoruduğu Şuşanın küçələrini, məhəllələrini və abidələrini ağ vərəqlərə köçürərək bu ayrılığa sənətlə təsəlli tapıb. Bu gün isə həmin xatirələr reallığa çevrilib - rəssam Şuşaya qayıdan ilk sakinlərdən biri kimi doğma şəhərdə yaşayır, yenidən yaradır, azad Şuşanı artıq xəyallarında deyil, canlı mənzərələr əsasında kətanda əks etdirir O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, sənətə olan marağı hələ gənc yaşlarından yaranıb. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb və peşəkar yaradıcılıq yoluna qədəm qoyub. “Əvvəlcə Şuşa şəhər mədəniyyət evində tərtibatçı rəssam kimi çalışdım. 1982-ci ildə Şuşada Rəsm Qalereyasının açılışı oldu. Açılışda Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Əsərlərə baxdı, mənim qrafik işlərim xoşuna gəldi və mənə uğurlar arzuladı”, – deyən rəssam ötən günləri yada salır R.Bayramov bildirib ki, Rəsm Qalereyası 1982-ci ildən 1992-ci ilədək fəaliyyət göstərib: “Şuşa şəhəri işğal olunanda qalereyadakı rəsm əsərlərini çıxara bilmədik. Bakı şəhərində məskunlaşdıq və bir neçə aydan sonra yeni əsərlər çəkməyə başladım. Şuşanı, köhnə məhəllələri xəyalımda canlandıraraq 150 rəsm əsəri yaratdım” 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi rəssamın həyatında yeni mərhələ açıb. O, Şuşaya ilk köçənlərdən biri olub. “2024-cü il mayın 10-da Prezident İlham Əliyev yeni evimizin açarlarını bizə təqdim etdi. Görüş zamanı Prezidentə söz verdim ki, Şuşada yeni əsərlər yaradacağam. Elə də oldu, növbəti səfərində yeni çəkdiyim əsərləri ona təqdim etdim”, - deyən rəssam Şuşaya gələndə ilk getdiyi yerlərdən biri elə Rəsm Qalereyası olub: “Bir hissəsi dağılsa da bir hissəsi durur. Ən böyük arzularımdan biri Rəsm Qalereyasının bərpa olunaraq fəaliyyətini davam etdirməsidir” Artıq iki ildir doğma şəhərində yaşayıb-yaradan sənətkarın bu müddət ərzində Şuşada üç sərgisi təşkil olunub. Onun əsərlərində Şuşanın qədim abidələri və küçələrinin təsviri üstünlük təşkil edir. Rəssam qeyd edir ki, əsərlərinin 90 faizi məhz son iki ildə ərsəyə gəlib Rövşən Bayramovun tablolarındakı rənglərin parlaqlığı və canlılığı tamaşaçıların da diqqətini çəkir. Rəssam bunu Şuşanın özünəməxsus təbiəti ilə əlaqələndirir: “Sərgilərdə mənə həmişə deyirlər ki, əsərlərinizdə rənglər niyə belə canlıdır? Cavab verirəm ki, Şuşanın rəngi elədir. Şəhər sanki özü parıldayır. Şuşadan aşağı endikcə rənglər sanki bozarır, amma o təravət burada həmişə var. Ona görə də mənim əsərlərim rənglərinə görə də seçilir” Sənətkar Şuşanın yalnız küçələrini, qədim məhəllələrini, abidələrini deyil, həm də şəhərin tarixi şəxsiyyətlərini kətana köçürür. O, Kərim bəy Mehmandarov, Mir Mövsüm Nəvvab, Xurşidbanu Natəvan və Cabbar Qaryağdıoğlunun portretlərini onların yaşadıqları evlərin fonunda, qrafik üslubda işləyib Söhbət zamanı rəssam neçə illik xəyallarının məhsulu olan son əl işini də bizə nümayiş etdirir. “Həmişə eşitmişdim ki, qədimdə Şuşada evlər çox sıx olub. Axır ki, neçə ildən sonra onun eskizini etdim və bu gün sonuncu rəngləri vuraraq əsəri tamamladım. Növbəti hədəfim isə Daşaltı kəndinin mənzərələrini çəkməkdir. Bu əsərlər yüz illərlə qalacaq, gələcək nəsillər Şuşanı bu tablolar vasitəsilə tanıyacaqlar”, – deyə Rövşən Bayramov vurğulayıb Rəssamın evindən ayrılarkən divarlardakı rəngarəng tabloları bir daha nəzərdən keçiririk. Rövşən Bayramov indi təkcə keçmişin xatirələrini deyil, həm də dirçələn Şuşanın işıqlı gələcəyini rənglərin dili ilə tarixə köçürür. Onun fırçası artıq daha inamlıdır - çünki bu rənglər xəyalın deyil, azad və doğma Şuşanın rəngləridir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
