Tenqri
Ana Səhifə
Dünya

"Sənətdə kütlənin arxasınca getmək yaxşı nəticə vermir"

"525-ci qəzet"in gənc istedadlara dəstək məqsədi daşıyan müsahibələr silsiləsi davam edir. Bu dəfə həmsöhbətimiz gənc aşıq Rəvan Musalıdır. Rəvan çağdaş aşıq sənətində istedadlı ifaçılığı ilə seçilir. O, Azərbaycan Milli Konservatoriyasını bitirib. Hazırda isə Türkiyənin İstanbul şəhərində musiqi və

0 baxış525.az
"Sənətdə kütlənin arxasınca getmək yaxşı nəticə vermir"
Paylaş:

"525-ci qəzet"in gənc istedadlara dəstək məqsədi daşıyan müsahibələr silsiləsi davam edir. Bu dəfə həmsöhbətimiz gənc aşıq Rəvan Musalıdır. Rəvan çağdaş aşıq sənətində istedadlı ifaçılığı ilə seçilir. O, Azərbaycan Milli Konservatoriyasını bitirib. Hazırda isə Türkiyənin İstanbul şəhərində musiqi və səhnə sənətləri üzrə magistr təhsilini davam etdirir. Söhbətimizə onun bu sənəti seçməsindən, aşıqlığa sevgisindən başladıq Mən Gədəbəy rayonundayam. Bizim rayon da daxil olmaqla, ümumilikdə bu zona, bildiyiniz kimi, aşıqlar diyarıdır. Mən də aşıq sənətinə sevgini elə gözümü açıb evimizdə, ailəmizdə görmüşdüm. Xüsusən də babam aşıq musiqisini çox sevərdi. Ona görə mənim də aşıq sənətinə olan marağım uşaqlıq illərindən başlayıb. Sazın səsi, aşıq yaradıcılığının ruhu və dastan ənənəsi məni hər zaman özünə cəlb edib. Zaman keçdikcə bu maraq mənim həyat yoluma çevrildi və bu sahədə peşəkar şəkildə inkişaf etməyə qərar verdim. Orada Dədə Ələsgər adına aşıq məktəbi var idi. İlk musiqi təhsilimi də rayonda həmin məktəbdə aldım. Oranı uğurla bitirdikdən sonra isə Milli Konservatoriyaya üz tutdum Bununla yanaşı, hazırda magistratura təhsilimlə əlaqədar aşıq sənətinin elmi tərəfi ilə də məşğul oluram. Tədqiqat istiqamətim əsasən aşıq sənətidir, bu sənətin tarixi inkişaf mərhələləri və müasir dövrdəki funksiyası ilə bağlıdır. Hesab edirəm ki, sənəti yalnız ifa etmək kifayət deyil, onu elmi şəkildə araşdırmaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq da vacibdir Rəvan bəy, müasir dövrdə gənclərimizdə, aşıq sənəti də daxil olmaqla, qədim sənətlərimizə qarşı sanki bir laqeydlik var. Onları müasir musiqilər, yeni trendlər daha çox özünə cəlb edir. Aşıq sənətində özünü təsdiqləmək fikrində olan bir gənc kimi, siz bu barədə nə düşünürsünüz? Bu mövzu ilə bağlı həm televiziya və radio verilişlərində çıxışlarım olur, həm də İstanbulda təhsil aldığım universitetdə də bu mövzu ilə bağlı elmi məqaləm çap olunmuşdu. Sözlərinizdə həqiqət var. Bu gün əksər gənclərimiz müasirliyə, yeniliyə daha çox can atırlar, aşıq sənətinə soyuq və laqeyd münasibət göstərirlər. Amma aşıq sənəti, muğam sənəti bizim kökümüzdür, milli kimliyimizdir, onlara nə qədər laqeyd yanaşılsa da, heç zaman tarixdən silmək, tamamilə unutdurmaq mümkün olmayacaq. Bildiyiniz kimi, hətta aşıq sənəti YUNESKO səviyyəsində qorunur. Dövlətimiz tərəfindən bu sənətə qarşı sonsuz diqqət və qayğı var. Bu xüsusda biz gənclərin də üzərinə böyük öhdəliklər düşür. Biz öz qədim sənətimizi beynəlxalq səhnələrdə layiqincə təmsil etməli, klassik yolu qorumaqla aşıq musiqisini inkişaf etdirməli, xalq doğru şəkildə çatdırmalıyıq İlk dəfə səhnəyə çıxdığınız anlar keçirdiyiniz hisslər necə idi? Rayonda hələ Dədə Ələsgər aşıq məktəbində təhsil alarkən tez-tez bizi konsertlərə, tədbirlərə dəvət edirdilər. Onlar mənim auditoriya qarşısında ilk çıxışlarım idi. Bir uşaq üçün bunun özü belə çox həyəcanlı və maraqlı təcrübə idi. Xüsusən, səhnədə səhv etməkdən çox qorxurduq. Əlbəttə, bizim orada ifa zamanı yol verdiyimiz xırda bir qüsuru tamaşaçı hiss etməyə bilər, amma bizim üçün o, çox böyük məsuliyyət idi. Əlbəttə, uşaq yaşlarda insanın kifayət qədər özgüvəni olmur, yaş artdıqca, təhsil aldıqca, auditoriya qarşısında daha çox çıxışlar etdikcə, o özgüvən də artır Təhsil aldığım müddətdə aşıq sənətinin həm nəzəri əsaslarını, həm də ifaçılıq xüsusiyyətlərini dərindən öyrənmişəm. Bu illər ərzində saz ifaçılığı üzrə texniki bacarıqlarımı inkişaf etdirməklə yanaşı, eyni zamanda bu sənətin fəlsəfi və estetik tərəflərini də mənimsəmişəm. Bu təhsil mənə həm akademik, həm də səhnə baxımından daha geniş dünyagörüş qazandırır İfaçılıq fəaliyyətim çərçivəsində müxtəlif səhnələrdə, mədəni tədbirlərdə və proqramlarda çıxış etmişəm. Bu çıxışlar zamanı əsas məqsədim Azərbaycan aşıq sənətini geniş auditoriyaya çatdırmaq və dinləyicilərə bu sənətin ruhunu hiss etdirmək olub. Xüsusilə tələbəlik və magistratura dövründə müxtəlif konsert proqramlarında, mədəniyyət tədbirlərində və elmi-bədii layihələrdə iştirak etmişəm. Bu tədbirlər səhnə təcrübəmin formalaşmasında mühüm rol oynayıb Eyni zamanda televiziya və radio proqramlarında da iştirak etmişəm. Bu kimi çıxışlar mənə öz sənətimi daha geniş auditoriyaya təqdim etmək imkanı verib. Səhnə mənim aləmimdə xüsusi bir məna daşıyır. Məndən ötrü səhnə sadəcə çıxış etdiyim yer deyil, dinləyici ilə mənəvi bağ qurduğum bir məkandır. Xüsusilə saz ifaçılığı ilə bağlı çıxışlarımda çalışmışam ki, həm ənənəvi üslubu qoruyum, həm də dinləyicilərlə səmimi bir əlaqə qurum, sazın səsini, aşıq sənətinin ruhunu və dərinliyini dinləyiciyə çatdıra bilim Bu sənətdə ustadlarınız kimlər olub? Ustadım Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevdir. O, təhsil aldığımız müddətdə aşıq sənətinin tarixi köklərini, dərinliklərini bizə aşılayıb. Onun sayəsində bu gün biz aşıq sənəti professional səhnələrdə təbliğ edə bilirik. Aşıq sənətində ustad-şəyird ənənəsini qoruyub-saxlamaq əsas şərtlərdən biridir. Amma müasir dövrdə texnologiya o dərəcədə inkişaf edib ki, artıq özüm də daxil olmaqla, gənclərimiz internet vasitəsi ilə də bu sənətin daşıyıcılarını izləyərək müəyyən qədər biliklər əldə edirlər. Buna baxmayaraq, ustadla şəyird əlaqəsi bir başqadır və məncə, bunun yerini heç bir şey verə bilməz Uşaq yaşlarımda isə öncə Dədə Ələsgərin şeirləri ilə aşıq sənətini sevməyə başlamışam. Sonra ustad aşıqlardan Əkbər Cəfərovu, İmranı, Ədalət Nəsibovu dinləyirdim. Onlardan başqa isə əlbəttə, öz zonamızda Qərb bölgəsinin aşıqların canlı olaraq dinləyirdim Aşıq sənəti ənənəyə bağlı bir sənətdir. Sırf bu ənənələrə bağlı qalaraq davam edirsiniz, yoxsa öz ifalarınızda bu sənətə yeniliklər gətirmək fikriniz də var? Aşıq musiqisində ənənəni qorumaq, klassik yola sadiqlik əsas şərtlərdən biridir. Saz ifaçılığında ənənəvilik, klassik yol əsasdır, amma yenilikdən qorxmaq, ondan qaçmaq da lazım deyil. Klassik yolu korlamadan bəzi havaları sintez etmək, onları kompozisiya formasında işləmək olar Çalışıram ki, bu qədim sənəti onun ənənəvi xüsusiyyətlərini qoruyaraq ifa edim, eyni zamanda müasir auditoriyaya uyğun şəkildə təqdim edim. Mənim üçün vacib olan odur ki, aşıq sənəti yalnız keçmişin yadigarı kimi deyil, bu gün də yaşayan, inkişaf edən və cəmiyyətlə dialoq qura bilən bir sənət kimi qəbul edilsin Sizcə, bu gün aşıq sənətinin təbliğində müasir texnologiyadan, konkret desək, sosial şəbəkələrdən necə istifadə etmək olar? Sosial şəbəkələr bu gün ən mühüm təbliğat maşını rolunu oynayır. Biz bunu dana bilmərik. Biz gənclər də öz sənətimizi orada tanıtmaq üçün səmərəli fəaliyyət göstərə bilərik. Öz adıma bunu etməyə çalışıram. Məni məhz oradan tanıyan, izləyən insanlar da az deyil. Amma onu da etiraf edək ki, bu gün sosial şəbəkələrdə bayağı musiqilər daha çox baxış yığır, daha geniş kütləyə çatır. Bu da zövqün düzgün formalaşmamasına gətirib çıxarır. Həm də insanlarda bir xüsusiyyəti də müşahidə etmişəm, onlar görürlər ki, nəyə baxış çoxdursa, onu təbliğ etməyə çalışırlar. Məncə, bu, heç də yaxşı xüsusiyyət deyil. Kütlənin arxasınca getmək yaxşı nəticə vermir. Mən kəmiyyətə xüsusi önəm verən insan deyiləm. Fikrimcə, bir keyfiyyətli aşıq musiqisinə min nəfər onu anlamayan, duymayan insanın baxmağındansa, on nəfər onun mahiyyətini anlayan, duyan, onu hiss edən və həqiqi dəyər verən insanın dinləməsi daha önəmlidir Səhnədən, təhsilinizdən başqa, daha hansı hallarda saza əl atırsınz? Ruhum yorulanda, özümü narahat hiss edəndə, nədənsə, məyus olanda ən yaxın dostum, könül həmdəmim saz olur. Onun vasitəsilə dincəlirəm, ruhum yenilənir. Həmin anlarda daha çox "Ruhani", "Dilqəmi", "Misri" və "Osmanlı divanisi" havalarını ifa etməyi sevirəm. Xüsusən, "Osmanlı divani"sinin mənim üçün xüsusi yeri var, ən çox sevdiyim havalardan biridir. Elə onu ilk ifa etməyə başlayanda sanki içimdən bir sızıltı keçir, onun melodiyası mənə daha çox təsir edir İfa zamanı texnikaya üstünlük verirsiniz, ya hissə, duyğuya? Təbii ki, texnika önəmlidir. Müəyyən ifalar var ki, onlar mütləq texnika tələb edir. Amma məncə, klassik aşıq musiqilərində çox da texnikaya üstünlük verməyə gərək yoxdur. Çünki texnika bəzən musiqinin ruhunu öldürə bilir. O anda duyğular daha çox ön plana çıxır Yaradıcılığa, sənətlə bağlı fəaliyyətinizə aid planlarınız nələrdir? Planlarım arasında Azərbaycan aşıq sənətini daha geniş miqyasda tanıtmaq, beynəlxalq səviyyədə təqdim etmək və xüsusilə gənc nəsil arasında bu sənətə marağı artırmaq dayanır. Bu sənətin pedaqoji istiqaməti ilə də məşğul olmaq istəyirəm. Xüsusən, Azərbaycanda bu sənəti gənclərimizə ali təhsil səviyyəsində öyrətmək, pedaqoji fəaliyyətlə məşğul olmaq əsas arzularımdan biridir. İnanıram ki, aşıq sənəti xalqımızın milli kimliyinin ən mühüm daşıyıcılarından biridir və bu sənətin yaşadılması hər bir sənətkarın üzərinə düşən məsuliyyətdir

Kaynak: 525.az

Diğer Haberler