Tenqri
Ana Səhifə
Dünya

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb Məqalədə süni intellektin yalnız texnoloji yenilik kimi

0 baxışazertag.az
Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu
Paylaş:

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb Məqalədə süni intellektin yalnız texnoloji yenilik kimi deyil, həm də yeni sosial-iqtisadi strukturun formalaşdırıcı amili kimi çıxış etməsi geniş şəkildə təhlil olunur Süni intellektin dayanıqlı cəmiyyətin yeni sosial-iqtisadi strukturunun formalaşmasına təsiri Süni intellekt haqqında danışanda çox vaxt söhbət yeni proqramlardan, avtomatlaşdırılmış sistemlərdən və ya texnoloji rahatlıqlardan gedir. Halbuki məsələ daha dərindir. Süni intellekt artıq yalnız texniki yenilik deyil; o, iqtisadi dəyərin necə yaradıldığını, əməyin necə bölüşdürüldüyünü, dövlət xidmətlərinin necə təşkil olunduğunu, məlumatın kim tərəfindən və hansı məqsədlə idarə edildiyini dəyişdirən struktur amilə çevrilir. Yəni burada söhbət təkcə texnologiyanın tətbiqindən yox, bütöv sosial-iqtisadi münasibətlər sistemində təsir edən amil kimi qiymətləndirilməlidir Bu baxımdan “yeni sosial-iqtisadi struktur” anlayışı da təsadüfi deyil. Məsələ yalnız rəqəmsal alətlərin çoxalması ilə bitmir. Süni intellekt iqtisadi fəaliyyətin təşkili, əmək funksiyalarının bölgüsü, məlumatın strateji resursa çevrilməsi, yeni bacarıq iyerarxiyasının yaranması, dövlət-vətəndaş münasibətlərinin daha məlumat əsaslı formaya keçməsi və hüquqi-etik çərçivənin yenidən düşünülməsi ilə bağlıdır. Bu dəyişikliklərin hamısı birlikdə cəmiyyətin hansı inkişaf yolunu müəyyən etməsini göstərəcək Bununla yanaşı qeyd etmək lazımdır ki, hər texnoloji dəyişiklik struktur dəyişiklik demək deyil. Yeni proqram təminatı, yeni platforma və ya yeni alət müəyyən işi sürətləndirə bilər, amma bu, hələ sosial-iqtisadi münasibətlərin mahiyyətcə dəyişməsi anlamına gəlmir. Struktur dəyişikliyi o vaxt baş verir ki, son nəticədə istehsalın təşkili, qərarvermə məntiqi, bazar münasibətləri, əmək bölgüsü və dövlətin idarəetmə üsulları eyni vaxtda yenidən qurulur. Süni intellekt məhz bu səviyyədə cəmiyyətə təsir göstərmək potensialına malikdir Süni intellektin iqtisadiyyata ilk böyük təsiri məhsuldarlıq xəttində görünür. Şirkətlər üçün bu, proseslərin səmərəliliyinin artırılması, qərarvermənin sürətlənməsi, xərclərin azalması və yeni məhsul və xidmətlərin daha tez ortaya çıxması deməkdir. Amma burada xəyali təsvir qurmaq səhv olar. Fayda avtomatik və hamıya eyni ölçüdə yayılmır. Daha çox məlumat bazası, güclü infrastruktur, maliyyə resursları və ixtisaslı kadrları olan aktorlar daha sürətli uyğunlaşır, daha çox fayda görür. Nəticədə məhsuldarlıq artımı ilə yanaşı, yeni fərqlər də yaranır. Yəni süni intellekt həm imkan yaradır, həm də yeni problemlər doğurur və onlar ədalətli həll yollarını müəyyən etməsi zəruriyyətini tələb edir Burada sosial bərabərlik məsələsi ortaya çıxır. Əgər texnologiyaya, data resurslarına, keyfiyyətli təhsilə və yeni bacarıqlara çıxış hamıda eyni deyilsə, süni intellekt mövcud fərqləri daha da dərinləşdirə bilər. Süni intellektdən istifadə səviyyəsi, bacarıqları və məlumat resurslarına çıxış imkanları fərqli olan istifadəçilər arasında yeni səmərəlilik fərqləri formalaşa bilər. Bu səbəbdən rəqəmsal uçurum artıq yalnız internetə çıxışı olan və olmayan qruplar arasındakı fərqlə məhdudlaşmır; o, süni intellekt alətlərindən effektiv istifadə edə bilənlərlə bu imkanlardan yetərincə faydalana bilməyənlər arasında yaranan məhsuldarlıq və bacarıq fərqlərini də əhatə edir. İndi fərq süni intellektdən mənalı, peşəkar istifadə edə bilənlərlə bilməyənlər, məlumatı strateji resursa çevirə bilənlərlə bilməyənlər, yeni iqtisadi qaydalara uyğunlaşanlarla geridə qalanlar arasında yaranır. Bu isə əməkhaqqı bölgüsündən sosial hərəkətliliyə, orta təbəqənin sabitliyindən regional fərqlərə qədər geniş sahəyə təsir edir Bu proses əmək bazarında daha aydın görünür. Çoxlarının düşündüyü kimi, əsas məsələ iş yerlərinin birdən-birə kəskin yox olması deyil. Daha real ssenari işin daxilindəki tapşırıqların yenidən bölüşdürülməsidir. Gündəlik və təkrar olunan işlər (rutin) və standartlaşdırılmış koqnitiv tapşırıqlar daha çox avtomatlaşdırılır, analitik və yaradıcı tapşırıqlar isə ya tamamlanır, ya da yenidən dizayn olunur. Bu o deməkdir ki, gələcəkdə üstünlük, sadəcə, kompüterdən istifadə edənlərdə olmayacaq; texnologiya ilə birlikdə düşünə bilən, nəticəni şərh edən, etik riskləri anlayan və çevik uyğunlaşan insanlar daha güclü mövqedə olacaq Süni intellektin təsiri dövlət idarəçiliyi sahəsində də mühümdür. Daha sürətli analitika, proaktiv xidmətlər, qərar dəstək sistemləri və rəqəmsal əlaqə mexanizmləri dövlət xidmətlərini daha çevik və daha hədəfli edə bilər. Lakin bu sahədə də sadə texnoloji həll kifayət etmir. Məlumat keyfiyyəti, hüquqi çərçivə, institusional koordinasiya, təhlükəsizlik və insan nəzarəti olmadan belə sistemlər səmərəlilikdən çox etimad və legitimlik problemi yarada bilər. Yəni süni intellektin dövlət sektorunda uğuru proqram təminatının gücündən yox, idarəetmə keyfiyyətindən asılıdır Azərbaycan üçün bu mövzu ayrıca əhəmiyyət daşıyır. Çünki ölkədə son illər qəbul olunmuş strateji sənədlər süni intellekti artıq ayrıca dövlət prioriteti kimi təqdim edir. Burada məsələ yalnız texnologiya idxal etmək və ya yeni tətbiqləri sınaqdan keçirmək deyil. Məqsəd rəqəmsal iqtisadiyyatın genişlənməsi, dövlət xidmətlərinin çevikləşməsi, sahibkarlığın yeni dəyər yaratma formalarına keçməsi, data (informasiya) infrastrukturunun genişləndirilməsi, təkmilləşdirilməsi və insan kapitalının yeni mərhələyə uyğunlaşdırılmasıdır. Başqa sözlə, Azərbaycan üçün süni intellekt ayrıca texnoloji dəb yox, cəmiyyət və iqtisadiyyatın struktur modernləşmə vasitəsi kimi çıxış edir Belə olan halda əsas sual dəyişmir: Bu keçid kimə daha çox fayda verəcək? Əgər uyğunlaşma yalnız iri aktorlarda, böyük platformalarda və daha hazırlıqlı qruplarda baş verərsə, onda süni intellekt dayanıqlı inkişafı yox, yeni asılılıqları və mərkəzləşməni gücləndirəcək. Əgər hüquqi-etik çərçivə, məlumat idarəçiliyi, təhsil sistemi və institusional koordinasiya paralel şəkildə qurularsa, onda bu texnologiya daha inklüziv və dayanıqlı nəticələr verə bilər. Məhz buna görə süni intellektə yanaşma yalnız “nə qədər müasir texnologiyamız var?” sualı ilə məhdudlaşmamalıdır. Daha doğru sual budur: “Bu texnologiya cəmiyyətin hansı hissəsini gücləndirir, hansı hissəsini zəiflədir və bunu necə idarə etmək olar?” Nəticə aydındır: Süni intellektə yalnız alət kimi baxmaq artıq yetərli deyil. O, yeni sosial-iqtisadi strukturun formalaşmasında iştirak edən, məhsuldarlıq, əmək bazarı, bərabərlik, dövlət idarəçiliyi və hüquqi legitimlik kimi sahələri eyni vaxtda dəyişən çoxsəviyyəli transformasiya amilidir. Bu transformasiyanın nəticəsi isə texnologiyanın özündən çox, onun hansı institusional və sosial mühitdə tətbiq olunacağından asılıdır. Dayanıqlı cəmiyyət də məhz buradan başlayır: texnologiya, sadəcə, tətbiq ilə tamamlanmır, onun yaratdığı yeni münasibətlər sistemini idarə etməyi bacaran, mənimsəyən cəmiyyətə məxsus olur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler