Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH
Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında formalaşan yeni reallıqlar bu əməkdaşlıq formatının aktuallığını daha da artırıb. Bu baxımdan, İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü həm regional, həm də beynəlxal

Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında formalaşan yeni reallıqlar bu əməkdaşlıq formatının aktuallığını daha da artırıb. Bu baxımdan, İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü həm regional, həm də beynəlxalq kontekstdə xüsusi əhəmiyyət daşıyan siyasi hadisədir. İstanbul görüşü yalnız ənənəvi diplomatik məsləhətləşmələrlə məhdudlaşmadı, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynadı Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva səsləndirib Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq artıq uzun illərdir öz səmərəliliyini nümayiş etdirir. Bu əməkdaşlıq yalnız siyasi sahəni deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və digər istiqamətləri də əhatə edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr üç ölkənin uğurlu tərəfdaşlığının konkret nəticələri hesab olunur. Bu baxımdan, İstanbul görüşünün əsas məqsədlərindən biri mövcud əməkdaşlıq mexanizmlərinin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi idi Ekspert qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Region artıq qarşıdurma mərhələsindən əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndiyi yeni mərhələyə qədəm qoyub. Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə davamlı sülhün və təhlükəsizlik mühitinin təmin olunmasında maraqlı tərəflər kimi çıxış edir və onların ortaq mövqeyi regional sabitliyin güclənməsinə mühüm töhfə verir Görüşün əsas müzakirə mövzularından biri də Orta Dəhlizin inkişaf perspektivləri olub. Son illərdə Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsi, qlobal təchizat zəncirlərində müşahidə olunan çətinliklər və alternativ marşrutlara tələbatın artması Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkiyənin inkişaf etmiş logistika infrastrukturu birlikdə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və ticarət bağlantısı formalaşdırır R.Abdullayeva bildirib ki, enerji təhlükəsizliyi məsələləri də görüşün əsas prioritetləri sırasında idi. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti Azərbaycanın enerji resurslarına marağı daha da artırıb. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir. Gürcüstan ilə təbii qazın alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, eləcə də SOCAR və BOTAŞ arasında “Abşeron” yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilmiş razılaşma enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək Hər üç ölkə arasında qarşılıqlı siyasi etimad və strateji tərəfdaşlıq mühiti mövcuddur ki, bu da ən böyük üstünlük hesab edilir. Məhz bu amil regionda həyata keçirilən iri enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas faktorlardan biridir. Professorun qənaətincə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı artıq təkcə regional layihələrin koordinasiya platforması deyil, həm də geoiqtisadi əhəmiyyət daşıyan strateji tərəfdaşlıq mexanizminə çevrilməkdədir R.Abdullayeva sonda bildirib ki, görüşdə İKT, yüksək texnologiyalar, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlıq məsələləri də diskussiya predmeti olub. Belə ki, üç ölkə arasında mövcud iqtisadi əlaqələr yüksək səviyyədə olsa da, potensial bundan daha genişdir. Xüsusilə sənaye, logistika, rəqəmsal iqtisadiyyat, turizm və kənd təsərrüfatı sahələrində yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması mümkündür. Ümumiyyətlə, İstanbul görüşünün nəticələri üç ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


