Ərzaq məhsulları niyə bahalaşır?
Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub - 6,8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatl

Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub - 6,8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb. Ötən ay qida məhsullarının qiymət artımlarının strukturuna diqqət yetirəndə daha çox inflyasiyanın meyvə və tərəvəzlərdə qeydə alındığı görünür. Belə ki, meyvələrdə 3.6, tərəvəzlərdə isə 3.2 faiz qiymət artımları müşahidə olunub. Bütövlükdə, mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb. Meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır. İran müharibəsi mart ayında idxal inflyasiyasını daha da aktivləşdirib BU, KOMPLEKS AMİLLƏRİN TƏSİRİNİN NƏTİCƏSİDİR Ərzaq məhsullarının bahalaşması ilə bağlı ekspertlər məsələni bir neçə əsas istiqamət üzrə izah edirlər və vurğulayırlar ki, bu proses tək bir səbəblə deyil, kompleks amillərin təsiri ilə formalaşır İqtisadçıların fikrincə, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və daşınması üçün yanacaq və enerji vacibdir. Neft və qaz qiymətlərinin artması isə məhsulun maya dəyərini yüksəldir və bu da son istehlak qiymətinə təsir edir. Nəqliyyat xərclərinin artması və təchizat zəncirindəki gecikmələr də mühüm rol oynayır. Məhsulun tarladan bazara çatana qədər keçdiyi mərhələlərdə hər bir əlavə xərc son qiymətə əlavə olunur. Eyni zamanda, valyuta məzənnələrinin dəyişməsi də idxal olunan məhsulların qiymətinə təsir edir. Əgər ölkə ərzaq məhsullarının bir hissəsini idxal edirsə, milli valyutanın zəifləməsi həmin məhsulların qiymətini artırır. Bu da daxili bazarda ümumi bahalaşmaya səbəb olur. Digər tərəfdən, iqtisadçılar bazarda rəqabət mühitinin zəif olmasını da risk kimi qiymətləndirirlər. Onların fikrincə, inhisarçılıq və ya bazarın az sayda təchizatçının əlində cəmlənməsi qiymətlərin süni şəkildə yüksəlməsinə gətirib çıxarır QİYMƏT ARTIMLARININ QARŞISININ ALINMASININ BAŞLICA YOLU YERLİ İSTEHSALIN ARTIRILMASIDIR İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir. Son qlobal və regional geo-siyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal inflyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, gündəlik qiymətlərin formalaşmasında bir sıra amillər öz rolunu oynayır. Hazırda ölkəmizə əsasən qlobal ticarətdə çıxış payı olan məhsullar buğda və buğda məhsulları, şəkər, bitki yağları, qəhvə və çaydır. Bu kateqoriyalarda qiymətlər bəzən volatilliyə malik olur, yəni ucuzlaşma ilə yanaşı, bir neçə ay sonra qiymət artımı da ola bilər. Bu baxımdan, qiymətlərin sabitləşməsi mürəkkəb və uzunmüddətli prosesdir İqtisadçı deyir ki, yerli bazarda ucuzlaşma olması üçün rəqabət mühitinin liberallaşması böyük əhəmiyyət kəsb edir: "Eyni zamanda, təchizat zəncirinin şaxələndirilməsi vacibdir. Məhsulların bir ölkədən yox, bir neçə ölkədən idxal edilməsi problemi kökündən həll edə bilər. Digər tərəfdən, bəzi hallarda inflyasiya sahibkarları əlavə marja əldə etməyə sövq edir və süni qiymət artımları da bazarda rol oynayır. Bu səbəbdən, daha ciddi tənzimləmələrin həyata keçirilməsi zəruridir" ƏRZAQ İDXALI ÜZRƏ İNHİSARÇILAR BAZARDA QİYMƏT DİKTƏ EDİRLƏR İqtisadçı ekspert Natiq Cəfərliyə görə, Azərbaycanda ərzaq qiymətlərinin enməməsi obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Obyektiv səbəb odur ki, daxili istehsalımız azdır. Biz özümüzü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edirik, yerdə qalan qisim idxaldan asılıdır. Subyektiv səbəb isə odur ki, ənənəvi Azərbaycanın problemləri idxal inhisarçılığıdır. Pərakəndə ticarətdə problem yoxdur, minlərlə mağazalar, şəbəkələr, müəyyən rəqabət var. Amma məhz topdansatış qiymətlərinin tənzimlənməsi inhisarçılığa daha çox bağlıdır. Ənənəvi olaraq inhisarçılıq problemi həll edilməyindən bəlli sayda şirkətlər var ki, onlar ölkəyə məhsul gətirə bilir və onlar da sövdələşmə yolu ilə qiyməti daxili bazarda tənzimləyə bilirlər. Ərzaq idxalı üzrə inhisarçıların təsirləri var, onlar bazarda qiymət məsələsinə müəyyən qədər diktə edirlər. Bəzi pərakəndə ticarət şəbəkələrinin bazar payı çoxdur, bu da əsasən şəbəkə marketlərdir və onlar istədikləri qiymətləri tərtib edib, satırlar. Bu da sözsüz ki, müəyyən ucuzlaşmaya imkan vermir. Çünki onların monopolik bazarlarda payları var, çoxdur. Bu baxımdan, bu təsirləri də biz inkar edə bilmərik. Əsas problemlərdən biri budur: "Həmçinin ölkədə vergi yüksəkdir. Doğrudur, bəzi dünya ölkələri ilə müqayisədə aşağıdır, amma ümumilikdə Azərbaycanın alıcılıq qabiliyyətini nəzərə alsaq, ərzaq məhsullarında əlavə dəyər vergisinin 18 faiz olması məntiqli deyil. Bunu daha aşağı salmaq mümkündür ki, bu da qiymətlərin azalmasına təsir göstərən amilə çevrilə bilər" YERLİ İSTEHSAL ÇOX AŞAĞIDIR İqtisadçı ekspert Akif Nəsirli deyir ki, ölkədə yerli ərzaq məhsulları üzrə istehsal çox aşağı səviyyədədir. Yəni yerli istehsal daxili tələbatı ödəmək gücündə deyil. Az sayda kənd təsərrüfatı məhsulları yerli tələbatın cəmi 50 faizinə qədərini ödəyə bilir. Ona görə də ərzaq məhsullarına olan tələbatı ödəmək üçün yerdə qalan hissəsini xaricdən idxal etməli oluruq. Xaricdən idxal isə öz növbəsində baha başa gəlir. Xaricdə həmin məhsulun qiyməti nə qədər ucuz olsa da, ölkəyə gətirilmə və gömrük xərcləri onun baha başa gəlməsinə səbəb olur. Üstəlik, heç kimə sirr deyil ki, ölkəmizdə idxal prosesi də monopoliyadadır. Yəni iki amil Azərbaycanda ərzaq məhsulları və meyvələrin qiymətinin baha olmasına gətirib çıxarır ƏKİN SAHƏLƏRİNİN HƏCMİNDƏ AZALMA VAR İqtisadçı-eskpert Razi Abbasbəyli hesab edir ki, məhsulun maya dəyərinin yüksək olması Azərbaycanda kənd təsərrüfatı məhsullarını bahalaşdıran başlıca səbəblərdəndir: "Məlumdur ki, məhsul istehsalı asan başa gəlmir. İstehsal vasitələri, yəni toxum, gübrə, pestisidlər və s. bahadır. İstixanalarda istifadə edilən təbii qazın qiyməti yüksəkdir. Buraya suvarılma və daşınma xərcləri də əlavə olunur. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı maya dəyəri kifayət qədər yüksək olur. Qonşu Türkiyə, Gürcüstan kimi ölkələrdə istixanalar üçün təcrübə təminatı ilə bağlı xüsusi güzəşt limitləri tətbiq olunur. Əsas məqsəd də ölkə əhalisinin qidaya olan tələbatının ödənilməsidir. Azərbaycanda 1 hektar buğda sahəsinin şumlanması üçün 60 manat subsidiya verilir. Bu, kifayət etmir. Kəndli məcbur qalıb cibindən əlavə vəsait qoyub məhsul becərir. Bu zaman da məhsulun maya dəyəri artır və bazara məcburi olaraq baha çıxarılır. Digər tərəfdən, Azərbaycanda strateji ərzaq məhsulları üzrə əkin sahələrinin həcmində azalma var. Əkin sahələri günü-gündən azalır. Daha çox yonca, buğda, pambıqçılıq sahələri ayrılmağa başlanıb. Strateji ərzaq məhsullarının əkini ilə bağlı həm təşviqetmə proqramları doğru-düzgün işləmir. Dövlət dəstəyi kifayət qədər olmadığına görə insanlar bu məhsulların yetişdirilməsində maraqlı olmurlar. Bu da təbii ki, zamanla qıtlığa, bahalaşmaya gətirib çıxarır" İqtisadçı vurğulayıb ki, bu gün kəndli becərdiyi məhsulu rahatlıqla gətirib paytaxtda sata bilmir. Hətta becərdiyi məhsulu Bakıya gətirməkdə çətinlik çəkir. Logistik xərclər çox bahadır: "Bu gün kənd təsərrüfatı məhsulları iri market şəbəkələrində daha çox satılır. İri market şəbəkələrindəki kənd təsərrüfatı məhsullarına diqqət yetirdikdə görürük ki, daha çox xaricdən gətirilən meyvə tərəvəz məhsullarına üstünlük verilir. Yaxud bir neçə məlum ünvanlardan götürülən məhsullar satılır. Azərbaycanda kartof istehsal olunsa belə, xarici ölkələrdən nisbətən ucuz qiymətə kartof gətirib iri supermarketlərdə satışa çıxarır və daha çox gəlir əldə edirlər. İnsanlar da qiyməti münasib məhsula üstünlük verdiyi üçün yerli yox, xarici məhsullar alır. Bu da nəticə etibarilə yerli məhsulların həm bazara çıxşını çətinləşdirir, həm də onların gələcək üçün əkinə meyllənməsinin qarşısını alır" Nəticə olaraq ekspertlər bildirirlər ki, ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün dövlət dəstəyi, yerli istehsalın artırılması, effektiv logistika sisteminin qurulması və bazarda sağlam rəqabətin təmin olunması vacibdir


