Tenqri
Ana Səhifə
Dünya

9 May - Qələbənin kölgəsində qalan talelər

Bizim nəslə müharibə kəlməsi orta məktəb illərindən tanışdır. Bizlər böyüdükcə o zaman “Böyük Vətən müharibəsi” adlanan, dörd ilə qədər davam edən bir tarix haqqında bildiklərimiz də artırdı. Artıq xoşbəxt sovet insanları olsaq da, müharibə haqqında hələ də çəkilən filmləri izləməklə, yazılan əsərlə

0 baxış525.az
9 May - Qələbənin kölgəsində qalan talelər
Paylaş:

Bizim nəslə müharibə kəlməsi orta məktəb illərindən tanışdır. Bizlər böyüdükcə o zaman “Böyük Vətən müharibəsi” adlanan, dörd ilə qədər davam edən bir tarix haqqında bildiklərimiz də artırdı. Artıq xoşbəxt sovet insanları olsaq da, müharibə haqqında hələ də çəkilən filmləri izləməklə, yazılan əsərləri mütaliə etməklə, yaşadığımız quruluş görmədiyimiz qanlı bir faciəni yaddaşımıza həkk etməyi bacararaq, bizləri vətənpərvər kimi yetişdirə bildi. Və bu vətənpərvərlik hissini nəsildən nəslə çatdırmağımızdır ki, Azərbaycan oğulları görmədikləri nənə-baba torpaqlarını otuz ildən sonra onlara qaytardı Və bu gün 9 maydır, İkinci Dünya müharibəsində qələbədən 81 il ötsə də, bu tarix yaşayacaq və onu yaşadanlar da olacaq 1941-ci ilin yay fəsli təzə başlayanda hər şeydən bixəbər insanların nə qədər arzuları, istəkləri, görəcək işləri vardı. Dinindən, milliyətindən asılı olamayaraq, repressiya adlı işgəncə dolu bir zamandan keçən insanlar düşünürdülər ki, həyat artıq axarına düşməkdədir. Lakin fələk yazdığını yazmışdı, çünki “Barbaros” onların həyatında təkcə hərbi əməliyyat olmadı. O, insanlığın yaddaşına çökən böyük bir qorxunun adına çevrildi. Tank səsləri torpağın deyil, insanların içindəki sakitliyi əzib yox etdi. Səmadan yağan bomba yağışı evləri darmadağın etsə də, ən böyük dağıntı insanların ruhunda oldu. Həmin gün insanlar anladı ki, müharibə çox soyuqdur, çox acdır və ən dəhşətlisi, çox mərhəmətsizdir Müharibə gələndə ilk ölən insan olmur... İlk ölən rahatlıq olur... Sonra inam... Həmin iyun ayının məşum günündə insanlar yuxudan oyananda gördülər ki, səma mavi rəngdə deyil. Sanki dünya bir gecənin içində qocalıb. Anaların üzündən gülüş silindi, çünki müharibə bir-bir qapıları döyməyə başladı. Kimsə yarımçıq qalan kitabın səhifəsini itirməmək üçün arasına zərif bir çiçək qoyub getdi, kimsə özü də bilmədən evinin pəncərəsindən son dəfə baxdı, kimsə də “tez qayıdaram” dedi və bir ömür qayıtmadı. O illərin insanları üçün zaman məktublarla ölçülməyə başladı. Məktub gəlirdisə, deməli, həyat davam edir. Gəlmirdisə, gözləyənlərin içində sanki şaxtalı qış başlayırdı Müharibə haqqında doğruları tarix kitabları yazmadı... Ən doğrunu yazan illərlə sandıqlarda qorunan məktublar, saralmış şəkillər və qapısı döyülməyən evlər yazdı. Və müharibə yalnız səngərlərdə olmur. Bir ananın ömrünün sonuna qədər pəncərəyə dikilən baxışları müharibənin gerçək üzüdür. O illərin insanları çox danışmadı, ağırılarını içində daşıdı, çünki onlar bir ömrə sığmayacaq qədər itki görmüşdülər Müharibə böyüdükcə, o, arxa cəbhədə nəfəs alan hər kəsin taleyinə çevrilmişdi. Həmin illərdə Bakı artıq sadəcə bir şəhər deyildi, o, müharibənin görünməyən ürəyi idi. Bakı qələbəyə nəfəs verən bir şəhər oldu. Müharibə illərində hasil edilən neftin böyük hissəsi Azərbaycana aid idi. Hitlerin “Qafqaza yürüş” planının əsas məqsədi də Bakı neftinə nəzarət eşqindən doğmuşdu. O zaman heç kəs düşünmürdü ki, sonralar tarixçilər yazacaqdılar: “Bakı nefti olmasaydı, müharibənin gedişi tam başqa cürə ola bilərdi”. SSRİ-nin 15 respublikasından biri olan Azərbaycandan İkinci Dünya müharibəsində 700 min insan iştirak edib ki, onlardan 300 mini geri qayıtmayıb. Nəzərə alınsa ki, o dövrdə Azərbaycan əhalisinin sayı indiki qədər olmayıb, deməli, bu rəqəm müharibənin hər qapını döyməsinin göstəricisidir 1945-ci ilin bu günü küçələr qələbə sevincinə bürünmüşdü. Lakin qələbənin də öz kədərləri var. Çünki hər sevincin arxasında adı çəkilməyən bir boşluq olur. İnsanlar sevinsə də, həmin gün çox qapılar açılmadı, itkisi olan analar göz yaşlarını saxlaya bilmədi Həmin o may günündə müharibə bitsə də, gecələr yuxudan qorxuyla oyanan insanların yaddaşında çox yaşadı. Və Və zaman keçir... Şəhərlər böyüyür... İnsanlar dəyişir... Amma dəyişməyən bir şey qalır — müharibə həmişə insanın içində ən səssiz yeri yaralayır və olduğu kimi qalır. Biz bunu yaşadıq da, gördük də Ey insanlar, Tanrı bu dünyanı bizə dağıtmaq üçün bəxş etmədi. Gəlin dünyamıza qıymayaq. Dünya qoruyub saxladığımız xatirələrin, itirdiyimiz insanların, hələ yaşanmamış sabahların adı və uşaq gülüşlərinin gələcək səsidir

Kaynak: 525.az

Diğer Haberler