Qlazqo Universitetində təhsil alan azərbaycanlı: İdman təhsilini yeni imkanların qapısını açan bir “açar” kimi görürəm - MÜSAHİBƏ
Xaricdə təhsil alan azərbaycanlı gənclər arasında fərqli araşdırma sahələri ilə seçilənlərdən biri də Qlazqo Universitetinin doktorantı Nərmin Əliyevadır. O, idman təhsili və sülh araşdırmaları istiqamətində apardığı tədqiqatla xüsusilə qadınların idman təhsilinə çıxışı və prosesin sosial təsirləri

Xaricdə təhsil alan azərbaycanlı gənclər arasında fərqli araşdırma sahələri ilə seçilənlərdən biri də Qlazqo Universitetinin doktorantı Nərmin Əliyevadır. O, idman təhsili və sülh araşdırmaları istiqamətində apardığı tədqiqatla xüsusilə qadınların idman təhsilinə çıxışı və prosesin sosial təsirləri üzərində çalışır Avropa, Asiya və Afrikada 80-dən çox beynəlxalq tədbirdə çalışan, Formula 1, UEFA, COP29 və Afrika Futbol Konfederasiyası kimi nüfuzlu platformalarda təcrübə qazanan Nərmin Əliyeva AZƏRTAC-a müsahibəsində doktorantura yolundan, beynəlxalq təcrübələrindən və gələcək planlarından danışıb Qlazqo Universitetində doktorantura təhsili almaq qərarını necə verdiniz? Efiopiyada Afrika Futbol Konfederasiyasında işçi qüvvəsi meneceri kimi çalışarkən könüllülər üçün ilk fransızdilli təlim strategiyasını hazırlamışdım. Həmin prosesdə idman təhsilinin insanların həyatında necə müsbət iz buraxdığına yaxından şahid oldum. Bu sahəyə marağım və bacarığımın olduğunu gördükdən sonra düşündüm ki, niyə bunu akademik olaraq daha dərindən araşdırmayım və öz sahəmin ən yaxşılarından biri olmayım? Həmin dövrdə artıq ABŞ, Niderland, Norveç daxil olmaqla 12 ölkədən doktorantura qəbulu almışdım. Lakin əsas fokusum qadınlar olduğu üçün bu sahənin ekspertləri olan rəhbərlərlə işləmək qərarına gəldim və yolum Qlazqo Universitetinə düşdü Tədqiqat sahəniz olan idman təhsili və sülh araşdırmaları kifayət qədər maraqlı və fərqli istiqamətdir. Bu sahəni seçməyinizin səbəbi nə oldu? Həyatımın hər mərhələsində diqqət etdiyim əsas məqamlardan biri o olub ki, mən hər zaman səsi eşidilməyən, arxa planda qalan insanlara dəstək olmaq istəmişəm. Formula 1, UEFA kimi beynəlxalq tədbirlərdə iştirak etdiyim zaman özümə tez-tez “Niyə Azərbaycan qadınları bu sahədə yoxdur? Niyə onların adları çəkilmir?” kimi suallar verirdim. Əvvəllər bunun sadəcə adi suallar olduğunu düşünürdüm. Amma zaman keçdikcə bu suallara cavab tapmaq üçün daha dərin araşdırmalar etməyə başladım və bu prosesdə özümü tapdım. Bu artıq mənim gələcək planıma çevrildi və hazırda ölkədə yalnız mənim tərəfimdən araşdırılan bu mövzu üzərində işləmək qərarına gəldim Araşdırmanız konkret olaraq hansı mövzuları əhatə edir və hansı nəticələri əldə etməyi hədəfləyirsiniz? Araşdırmam Azərbaycanda yaşayan və müxtəlif regionlardan olan xanımların idman təhsilinə əlçatanlığını, bu təhsil vasitəsilə öz səslərini və mövcudluqlarını necə ifadə etdiklərini, həmçinin bu proseslərin gündəlik həyatlarında və daha geniş miqyasda sülhün yayılmasına necə təsir etdiyini əhatə edir. Mən idman təhsilinə sadəcə bir anlayış kimi deyil, müxtəlif imkanların qapısını açan bir “açar” kimi baxıram. Araşdırmamda da bu “açar”ın eyni anda bir neçə qapını aça bildiyini göstərməyə çalışıram Təhsilinizlə yanaşı, geniş praktiki təcrübələr də qazanmısınız. Bu təcrübələriniz haqqında ətraflı məlumat verə bilərsinizmi? Artıq 11-ci sinifdən etibarən, ilk olaraq “Bakı-2015” tədbiri ilə başlayan fəaliyyətim çərçivəsində Avropa, Asiya və Afrika olmaqla 3 qitədə 80-dən çox beynəlxalq tədbirdə 5 dildə və fərqli sahələrdə çalışmışam. Bütün bu tədbirlər, çalışdığım qurumlar və ünsiyyətdə olduğum insanlar məndə bugünkü araşdırmaçı ruhunu formalaşdırıb və doktorant olmağıma yol açıb. Hesab edirəm ki, bir sahədə ekspert olmaq üçün həmin sahənin A-dan Z-yə bütün mərhələlərindən keçmək lazımdır. Ölkə daxilində və xaricində iştirak etdiyim mötəbər tədbirlər məndə həm texniki, həm də yumşaq bacarıqların inkişafına böyük töhfə verib və məni bugünkü təcrübəli səviyyəyə gətirib Siz Formula 1, UEFA və digər böyük beynəlxalq tədbirlərdə çalışmısınız. Bu təcrübələr sizə nə öyrətdi? Bu təcrübələr mənə insanların fərqli yanaşmalarını, praktiki həll yollarının necə vacib olduğunu və insanlara fərdi yanaşdığımız zaman daha böyük nəticələr əldə edə bildiyimizi öyrətdi. Tədbirlərin idarə olunması və yüksək stres altında işləmək mənə yalnız idarəetmə bacarıqları qazandırmayıb, həm də özümü daha yaxından tanımağa kömək edib COP29 kimi qlobal tədbirdə iştirakınız sizə hansı perspektivləri qazandırdı? Açığı, COP29-dan əvvəl kifayət qədər beynəlxalq tədbirdə iştirak etdiyim üçün düşünürdüm ki, artıq hər cür çətinliyə hazır və rahatam. Lakin COP29 tamamilə fərqli təcrübə oldu. Bu tədbir ölkəmizdə indiyədək keçirilən ən fərqli və ən yüksək diqqət tələb edən tədbirlərdən biri idi. COP29 zamanı inklüzivliyin əhəmiyyətini daha dərindən anladım və bu yanaşma sonrakı idarəetmə sistemimdə də mənə çox kömək etdi. Həmçinin tədbir zamanı göstərdiyim dəstəyə görə mənə və komandama BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən xüsusi təşəkkür edilmişdi Şotlandiyada yaşamaq və təhsil almaq sizin üçün necə bir təcrübədir? Bundan əvvəl İngiltərədə magistratura təhsili alarkən daha gənc və həyəcanlı idim. Təhsilimi bitirib ölkəmə qayıtdıqdan və işlədikdən sonra yenidən bura gəlmək mənə daha sakit, daha planlı və zamana uyğun hərəkət etməyi öyrətdi. Doktorant olmaq və araşdırma layihəsinin bütün məsuliyyətini daşımaq isə daha çox diqqət və tələbkarlıq tələb edir. Lakin bütün bunlar prosesin bir hissəsidir və günün sonunda “Yaxşı ki, əzmlə bu yola gəldim” dedirdir Təhsilinizi başa vurduqdan sonra gələcək planlarınız nədən ibarətdir? Gələcəkdə həm akademik fəaliyyətimi davam etdirmək, həm də əldə etdiyim bilik və təcrübələri Azərbaycanda tətbiq etmək istəyirəm. Əsas məqsədim qadınların idman təhsilində iştirakını artırmaq və bu sahədə daha inklüziv imkanların yaradılmasına töhfə verməkdir Xaricdə doktorantura təhsili almaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Doktorantura araşdırması aparmaq sadəcə bir mövzunu araşdırıb yazmaqdan ibarət deyil. Bu yol böyük əzm, səbir və özünəinam tələb edir. Araşdırma ruhu olan gənclərə tövsiyəm odur ki, başqalarının fikirlərindən çəkinmədən öz yollarında inamla davam etsinlər. Bu yol asan deyil, amma yolun sonunda onların öz zəhmətləri ilə qurduqları layihələr, insanlarda qoyduqları xoş izlər və ilham verəcəkləri gələcək nəsillər dayanır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


