Qarabağ təbiətin gözəllik muzeyidi... - Ulduz Qasım yazır
“Qarabağda qiyamət” romanımın təqdimatında tələbə yoldaşım Vasif Quliyev mənə bir sual verdi: Sizin o balaca ürəyinizdə Qarabağ neçə dəfə yerləşir? Doğrusu, bu suala cavab vermədim. Ona görə ki, Vasif bəyin bu sualı çox vaxt tələb edirdi. Gülümsəyib keçdim. Ancaq neçə illərdi bu sual məni tərk etm

“Qarabağda qiyamət” romanımın təqdimatında tələbə yoldaşım Vasif Quliyev mənə bir sual verdi: Sizin o balaca ürəyinizdə Qarabağ neçə dəfə yerləşir? Doğrusu, bu suala cavab vermədim. Ona görə ki, Vasif bəyin bu sualı çox vaxt tələb edirdi. Gülümsəyib keçdim. Ancaq neçə illərdi bu sual məni tərk etmir. İstəyirəm, “Günəş” jurnalının baş redaktoru, “Şuşa” qəzetinin redaktoru, Əməkdar jurnalist Vasif Quliyevə cavab yazam Bilirsiniz, Vasif bəy, harada yaşamağın, necə yaşamağın buna heç dəxli yoxdu. Mən hər səhər yuxudan ayılanda elə bilirəm, Cəbrayıl rayonunun Mehdili kəndində oyanıram. Evimizin həyətinə çıxıram. Bağçamızın güllərinin-çiçəklərinin qoxusunu duyuram. Meyvələrin və bostanımızın cürbəcür ətri gəlir burnuma. O ətri acgözlüklə içimə çəkirəm. Məst oluram. Gözlərimi bərk-bərk qapayıram o anda. Qorxuram sevincimi rüzgar aparar. Qovaq ağaclarının pıçıltısını eşidirəm. Lap uşaqlıqda olduğu kimi. Nə demək istədiklərini aydınlaşdırmağa çalışıram. Onların özlərinəməxsus nəğmələri var. Mən həmişə o musiqini duymuşam, qovaq ağaclarıyla danışmışam, dərdləşmişəm. Bilirsiniz, nə qədər mehribandı o ağaclar Sonra da evimizin aşağısındakı yovşan kollarının ətrini duyuram. Dünyanın heç bir ətrinə dəyişmədiyim yovşan qoxusunu O tərəfdəki bağlardasa quşların nəğmələri eşidilir. Sanki bir-biriylə yarışırlar. Sanki mahnı müsaqibəsinə qoşulublar. Hərə öz nəğməsinin gözəl olduğunu sübut eləmək istəyir... Torağayların, kəkliklərin səsini bir-birindən o dəqiqə ayırıram Sonra da Arazın səsini eşidirəm Üz tuturam dağlara tərəf. Həkərini keçib uzaqlaşıram oraların gözəlliklərini seyrinə dala-dala... Laçın baxışlı Laçın qarşılayır məni. Sanki allı-güllü süfrə sərir qarşıma. Fədakar, zəhmətkeş, mehriban, can qurban ediləsi qonaqpərvər analarımız kimi. Səliqəsinə, səhmanına heyran qalırsan ana təbiətin... Gözəlliklər gözünü qamaşdırır. Bilmirsən, hansı tərəfə, hansı çəmənə, hansı gülə, hansı çiçəyə baxasan. Allahın böyüklüyünə, qüdrətinə şükür edirsən. Nə yaxşı bizə belə bir Vətən bəxş edib, belə bir yurd verib deyirsən Sonra da başı qarlı, əzəmətli sirli dağlar çisiylə, dumanıyla qarşına çıxır. Rəngləriylə göz qamaşdıran xalılarını sərir qarşına. Laləsinə, minbir adını bilmədiyin, kəşf etmədiyin çiçəkli xalılarını. Sakitcə, dinməzcə, qürurla sənə "xoşgəldin" eləyir... "Bacarırsansa, çöz məni" deyir. "Danış mənimlə. Oxu, sinəmdə yazılanları. Gör, nələr var bu cığırlarda, bu ot basmış yollarda. Gör, kimlər gəlib, kimlər keçib bu yerlərdən" Fikirlər, xəyallar aləminə düşürsən. Nə deyəcəyini, nə cavab verəcəyini bilmirsən. Kaş ki, Süleyman peyğəmbərin dövründə yaşayaydım deyirsən, bəlkə onda köməyinə gələn olardı Hələ Kəlbəcər, gözəlliyi ilə hər tərəflə yarışan, birincilik iddiasında olan Kəlbəcər. Adamın sevincdən gözləri yaşarır. Adam düşünür ki, bu gözəlliyi beyninə, qəlbinə necə həkk eləsin, şəklini gözlərinə necə çəkib aparsın Sərin sular, bulaqlar, dərələrdən axıb gedən çaylar... Hamısına bir könüldən, min könülə aşiq olursan. Şeir, dastan yazmaq istəyirsən Kəlbəcərin dağları, sıldırım qayaları başqalarından daha çox fərqlənir. Bulaqların aşağısındakı dağ yarpızının, nanəsinin ətri səni alıb haralarasa aparır. Hələ kəkliotu, çayçiçəyi, qantəpər...nələr-nələr Yol alıram uşaqlığım qoynunda keçən “Əyri qar”a, “Sarı bulağ”a, “Şırşır”a...Yad əllərdə əsir olan yaylaqlarımıza. Xatirələr içimi didib-dağıdır. Yenə azıram gözəlliklər məkanında. Günüm-güzaranım dağlarda keçir. Anam demişkən, otlar qalmır yığıb daşıyıram çadır evimizə. O da məni danlayır... Gözüm doymur, heç nədən keçə bilmirəm Sarı bulağa enirəm. Sərin suyundan doya-doya içirəm. Məlhəm kimi üz-gözümə çəkirəm Gözəlliklər oylağı, Qarabağın zümrüd qaşı Elə uşaqlıqda olduğu kimi qədim daş yollarla yuxarı qalxıram. Asta-asta, dinməzcə, zövq ala-ala. Havasından uda-uda. Cıdır düzünə gəlirəm, ordan Topxana meşəsinə baxıram. İsa bulağına enmədən dönə bilmirəm Bilirsən, Vasif qardaş, harada yaşamaq vacib deyil, nə ilə yaşamaq, necə yaşamaq, nə ilə nəfəs almaq önəmlidi. Mən başqa dövlətlərə gedərkən belə xəyalən Qarabağda oluram. Hətta, bəzən başqa bir dildə musiqi eşidəndə mənim qulağımda “Qarabağ şikəstəsi” səslənir. Gülümsəyirəm öz-özümə. Doğmalıq, Vətənə sevgi, torpağa vurğunluq başqa bir şeydi, başqa bir hissdi deyirəm Qarabağ təbiətin gözəllik muzeyidi. Ən gözəl təbiət tabloları orda yerləşir. Qarabağ, təbiətin o gözəllik muzeyi mənim bu kiçik ürəyimdə neçə dəfə yerləşdiyini mən özüm də bilmirəm Heç ürəyimin ölçüsünü də bilmirəm


