Neft-qaz sahəsində də süni intellektin tətbiqi zəruridir - MÜSAHİBƏ
Professor Qalib Əfəndiyev: ""İntellektual neft yatağı” sistemlərinin işlənməsi zamanı idarəetmə proseslərinin xüsusiyyətlərinin elmi əsaslarla tədqiq olunması mühüm aktuallıq kəsb edir" Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev neft

Professor Qalib Əfəndiyev: ""İntellektual neft yatağı” sistemlərinin işlənməsi zamanı idarəetmə proseslərinin xüsusiyyətlərinin elmi əsaslarla tədqiq olunması mühüm aktuallıq kəsb edir" Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Onun elmi tədqiqatları quyuların qazılması zamanı optimal qərarların qəbulu, qazma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi, dağ süxurlarının dağıdılması prosesləri və süxurdağıdıcı alətin işi, neft hasilatının intensivləşdirilməsi üzrə müxtəlif geoloji-texniki tədbirlərin müqayisəli səmərəliliyinin təhlili və s. istiqamətləri əhatə edir. 2026-cı ilin may ayında alimin 80 illik yubileyi olub. Yubiley ərəfəsində AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevlə müasir texnoloji çağırışlar, süni intellektin neft-qaz sənayesində tətbiqi, elm və istehsalatın birliyinin təmin olunması, həmçinin alimin çoxillik elmi fəaliyyətinin ən mühüm nəticələri barədə söhbətləşdik. Modern.az onunla müsahibəni təqdim edir: – Hörmətli Qalib müəllim, siz neft və qaz quyularının qazılması sahəsində tanınmış alim kimi fundamental elmi məktəb formalaşdırmısınız. Geriyə baxdıqda, elmi fəaliyyətinizdə ən mühüm nailiyyətiniz və Azərbaycan neft sənayesinə təsir göstərən ən uğurlu tətbiqlərinizdən hansıları misal gətirə bilərsiniz? – Təşəkkür edirəm. Doğrudan da, bu sualı cavablandırmaq mənim üçün o qədər də asan deyil. Geriyə baxdıqda, yarım əsrdən artıq davam edən elmi fəaliyyətimin müxtəlif mərhələləri, qarşılaşdığımız çətinliklər və əldə etdiyimiz nəticələr göz önünə gəlir. Elmi yolumun ən yaddaqalan məqamlarından biri elmi rəhbərimlə müntəzəm görüşlər üçün Moskvaya səfərlərim, laboratoriya eksperimentlərində iştirakım və həmin tədqiqatların nəticələrinin ilk dəfə elmi məqalə şəklində dərc olunması olmuşdur. Məhz həmin dövr mənim gələcək elmi fəaliyyətimin əsasını təşkil etmişdir Praktiki əhəmiyyət daşıyan ilk işlərimizdən biri Qərbi Sibirin iki neft yatağında quyuların qazılması zamanı yuxarı intervallarda kəsici baltalardan istifadə olunmasına dair hazırladığımız tövsiyələr idi. Süxurların xüsusiyyətlərinin nəzərə alınması əsasında verilən bu təkliflər qazma prosesinin səmərəliliyinin artırılmasına xidmət edirdi və sonradan istehsalatda öz müsbət nəticələrini göstərdi. Məhz həmin layihələr elmi tədqiqatların real istehsalat problemlərinin həllinə yönəlməsinin vacibliyini nümayiş etdirirdi Azərbaycan neft sənayesi üçün mühüm hesab etdiyim nəticələrdən biri də quyuların qazılması zamanı optimal qərarların qəbulunu təmin edən proqram təminatının hazırlanması və tətbiqi olmuşdur. Bu işlər o dövrdə fəaliyyət göstərən qazma işləri idarələri ilə bağlanmış müqavilələr çərçivəsində həyata keçirilirdi. Hazırladığımız metodikalar və proqram həlləri qazma prosesinin daha səmərəli idarə olunmasına, texniki və iqtisadi göstəricilərin yaxşılaşdırılmasına imkan yaradırdı Təbii ki, bu gün də aktual prioritet istiqamətlərdə elmi fəaliyyətimizi davam etdiririk. Son illərdə müxtəlif layihələr çərçivəsində qazma proseslərinin optimallaşdırılması, geoloji-texnoloji məlumatların təhlili, mürəkkəb geoloji şəraitlərin proqnozlaşdırılması və müasir rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərində tədqiqatlar aparırıq – Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurda artıq genişmiqyaslı geoloji tədqiqatların aparıldığını bildirərək, Azərbaycan alimlərini bu prosesdə fəal iştiraka dəvət etdi. Sizcə, bu regionlarda aparılan geoloji araşdırmalar ölkə elmi və sənayesinin inkişafı üçün hansı yeni perspektivlər açır? – Şübhəsiz ki, bu, həm elmi, həm də strateji baxımdan çox vacib və perspektivli bir məsələdir. Qarabağ və Şərqi Zəngəzur kimi yeni geoloji tədqiqat zonalarında aparılan işlər yalnız mövcud resursların öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda ölkənin mineral-xammal bazasının dəqiqləşdirilməsi və yenidən qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu prosesdə geoloqlarla yanaşı, müxtəlif istiqamətlər üzrə alim və mütəxəssislərin birgə fəaliyyəti də böyük rol oynayır Bu kimi tədqiqatlar regionun geoloji quruluşunun daha dərindən öyrənilməsinə, potensial faydalı qazıntı yataqlarının aşkarlanmasına və onların sənaye dövriyyəsinə cəlb olunmasına imkan verəcək. Eyni zamanda, qazma texnologiyaları, geofiziki tədqiqat üsulları və rəqəmsal modelləşdirmə kimi müasir elmi yanaşmaların tətbiqi bu sahədə daha dəqiq və effektiv nəticələrin əldə olunmasını təmin edəcək Ümumilikdə hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji araşdırmalar yaxın gələcəkdə innovativ elmi nəticələrin əldə olunmasına, yeni yataqların müəyyən edilməsinə və onların iqtisadi dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Bu proses Azərbaycan elminin praktiki tətbiq imkanlarını genişləndirməklə yanaşı, elm ilə istehsalat arasında inteqrasiyanı, elmi nəticələrin kommersiyalaşdırılmasını daha da gücləndirəcək Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyat potensialına diqqət çəkərək qeyd etmişdir ki, regionda qızıl, gümüş, mis və müxtəlif polimetal yataqları mövcuddur və onların aşkarlanması, kəşfiyyatı və istismara cəlb edilməsi ölkəyə böyük iqtisadi fayda gətirəcəkdir Bu baxımdan, Azərbaycan alimlərinin həmin ərazilərdə aparılan tədqiqatlara fəal cəlb edilməsi yalnız yeni elmi biliklərin əldə olunmasına deyil, həm də ölkədə geologiya, geofizika, geokimya və faydalı qazıntıların axtarışı sahələrində elmi məktəblərin inkişafına mühüm töhfə verəcəkdir. Eyni zamanda, əldə olunacaq nəticələr müasir məlumat bazalarının formalaşdırılmasına, geoloji xəritələrin yenilənməsinə və təbii ehtiyatlardan səmərəli istifadə strategiyalarının hazırlanmasına xidmət edəcək. Bu isə, öz növbəsində regionun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, Azərbaycanın mineral resurs potensialının beynəlxalq səviyyədə daha dolğun təqdim olunmasına və investisiya cəlbediciliyinin artmasına əlverişli zəmin yaradacaqdır – Bu gün Azərbaycanda qazma proseslərinin idarə olunması və qərarların qəbul edilməsində süni intellektin, rəqəmsal texnologiyaların tətbiqi hansı mərhələdədir və bu çərçivədə Azərbaycan elminin qarşısında hansı strateji vəzifələr dayanır? – Əvvəla qeyd etmək istərdim ki, Prezident İlham Əliyev son illərdə çıxışlarında rəqəmsal transformasiyanın, innovasiyaların və süni intellekt texnologiyalarının ölkənin gələcək inkişafında həlledici rol oynayacağını dəfələrlə vurğulamışdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” xüsusi əhəmiyyət kəsb edir Hesab edirəm ki, neft-qaz sənayesi də bu prosesdən kənarda qala bilməz. Bu gün qazma proseslərinin idarə olunmasında və qərarların qəbulunda rəqəmsal texnologiyaların tətbiqi istiqamətində müəyyən addımlar atılsa da, süni intellekt əsaslı həllərin imkanlarından daha geniş istifadə olunmasına ehtiyac var. Azərbaycan elminin qarşısında duran strateji vəzifələrdən biri geoloji və texnoloji məlumatların emalı üçün intellektual sistemlərin yaradılması, qazma risklərinin əvvəlcədən proqnozlaşdırılması, istehsalat proseslərinin optimallaşdırılması və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elmi müəssisələr, universitetlər və sənaye qurumları arasında əməkdaşlığın gücləndirilməsi bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına imkan verə bilər Digər məsələ ondan ibarətdir ki, “intellektual neft-qaz yatağı”, “ağıllı neft yatağı” dedikdə, quyuların qazılması, neft və qaz yataqlarının istismarı üzrə bütün əməliyyatların avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilməsi və bu proseslərin davamlı olaraq optimallaşdırılması nəzərdə tutulur. Bu yanaşma çərçivəsində əsas məqsəd texnoloji proseslərin real vaxt rejimində izlənməsi, təhlili və daha səmərəli idarə olunmasıdır. Bunun üçün yatağın geoloji modeli ilə yanaşı, qazma və neftçıxarma proseslərinin idarəetmə modellərinin də qurulması sistemin vacib tərkib hissəsi kimi çıxış edir. Belə modellər müxtəlif məlumat axınlarının inteqrasiyasına əsaslanır və qərarların daha əsaslandırılmış şəkildə qəbul olunmasına imkan yaradır Ümumilikdə, bu yanaşma tamamilə yeni növ sistemlərin – “intellektual yataq” konsepsiyasının formalaşmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, bu termin müxtəlif ölkələrdə və şirkətlərdə fərqli adlarla ifadə olunsa da, mahiyyət etibarilə eyni məqsədə xidmət edir və müasir neft-qaz sənayesində rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birini təşkil edir Belə ki, rəqəmsal yataq, “ağıllı neft yatağı” və ya “gələcəyin neft-qaz yatağı” kimi anlayışlarla yanaşı, bu sahədə xüsusi bir konsept olaraq “intellektual quyu” anlayışı da istifadə olunur. Bu yanaşma ayrı-ayrı quyular səviyyəsində proseslərin daha dəqiq idarə olunmasına və nəzarət imkanlarının genişləndirilməsinə xidmət edir Hazırda neft-qaz hasilatının tamamilə avtomatlaşdırılmış idarəetmə sistemləri əsasında təşkili kifayət qədər mürəkkəb məsələ olaraq qalır. Bunun əsas səbəbi həm modellərin, həm də sistemin müxtəlif komponentlərində mövcud olan texnoloji mürəkkəbliklər və qeyri-müəyyənlik amilləridir. Bu faktorlar qərar qəbuletmə prosesinin daha çevik və adaptiv yanaşmalar tələb etməsinə gətirib çıxarır “İntellektual yataq” konsepti isə məhz bu çərçivədə süni intellekt metod və yanaşmalarından istifadə etməklə yataqda gedən texnoloji proseslərin daha səmərəli idarə olunmasına əsaslanır. Bu, məlumatların emalı, proqnozlaşdırma və optimallaşdırma imkanlarını genişləndirərək neft-qaz hasilatında yeni idarəetmə modelinin formalaşmasına şərait yaradır Mövcud tədqiqatların təhlili göstərir ki, “intellektual yataq” sisteminin formalaşdırılması bir sıra fundamental prinsiplərə əməl edilmədən mümkün deyil. Bu prinsiplərə meyarların düzgün seçilməsi, uyğun optimallaşdırma üsullarının müəyyənləşdirilməsi, adekvat modellərin işlənilməsi, eləcə də effektiv idarəetmə mexanizminin yaradılması daxildir İntellektual neft-qaz texnologiyalarının müasir istiqamətlərinə “intellektual quyu” konsepsiyası, quyuların öyrənilməsinin yeni metodları, məhsuldar layların “intellektual” modelləşdirilməsi, qazma proseslərinin idarə olunması, neft və qaz yataqlarının işlənməsinin tənzimlənməsi, eləcə də kollektor xüsusiyyətlərinin riyazi və geoloji modellərinin hazırlanması kimi sahələr daxildir. Bu yanaşmalar hasilat proseslərinin daha çevik, dəqiq və səmərəli idarə olunmasına xidmət edir Azərbaycan geologiya elminin qarşısında duran əsas vəzifə və prioritetlərə gəldikdə isə qeyd etmək lazımdır ki, yataqların işlənməsi prosesində zaman keçdikcə hasilatın maya dəyərinin artması və karbohidrogen ehtiyatlarının keyfiyyət göstəricilərinin aşağı düşməsi müşahidə olunur. Bu səbəbdən “ağıllı (intellektual) yataq” sistemlərinin işlənməsi və tətbiqi zamanı neft-qazçıxarma müəssisələrində idarəetmə proseslərinin xüsusiyyətlərinin elmi əsaslarla tədqiq olunması mühüm aktuallıq kəsb edir Bu kimi sistemlərin formalaşdırılması üçün kompleks yanaşma tələb olunur ki, bu yanaşma çərçivəsində həm geoloji mühitin xüsusiyyətləri, həm texnoloji proseslərin dinamikası, həm də iqtisadi səmərəlilik meyarları birlikdə nəzərə alınmalıdır. Məhz bu baxımdan genişmiqyaslı elmi tədqiqatların aparılması və nəticələrin inteqrasiya olunması zəruridir Eyni zamanda, qarşıya çıxan mürəkkəb problemlərin səmərəli həlli üçün müxtəlif sahələri təmsil edən mütəxəssislərin səylərinin birləşdirilməsi məqsədəuyğundur. Buraya geoloqlar, geofiziklər, yataqların işlənməsi üzrə mütəxəssislər, qazma mühəndisləri, proqramlaşdırma və rəqəmsal texnologiyalar üzrə mütəxəssislər, eləcə də iqtisadi və riyazi modelləşdirmə sahəsində çalışan mütəxəssislər daxildir. Bu kimi multidissiplinar əməkdaşlıq avtomatlaşdırılmış idarəetmə və qərar qəbuletmə sistemlərinin daha effektiv qurulmasına imkan yaradır – Qalib müəllim, bu gün Azərbaycanda elm ilə sənaye, xüsusilə neft sektoru arasında əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, elmi nəticələrin istehsalata daha sürətli transferi, elmin kommersiyalaşdırılması üçün hansı mexanizmlərin qurulmasına ehtiyac vardır? – Bu sahədə elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün tədqiqat istiqamətləri istehsalat sektorunun aktual tələbatları və texnoloji çağırışları əsasında formalaşdırılmalıdır. Yəni hər bir tədqiqatın başlanğıc nöqtəsi konkret praktik problemin qoyuluşu, son məqsədi isə həmin problemin istehsalat mühitində tətbiq oluna biləcək həllinin hazırlanması olmalıdır. Eyni zamanda, elmi nəticələrin daha operativ şəkildə tətbiqə yönəldilməsi üçün elm və sənaye arasında institusional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir. Bu əməkdaşlıq çərçivəsində birgə tədqiqat proqramları, pilot layihələr və tətbiqyönümlü işlər xüsusi rol oynamalıdır Qeyd edim ki, qarşılıqlı fəaliyyət, xüsusilə neft şirkətləri ilə birgə həyata keçirilən layihələr əsasında təşkil olunduqda, elmi nəticələrin kommersiyalaşdırılması və istehsalata transferi daha səmərəli şəkildə təmin edilə bilər. Bu isə həm elmi potensialın gücləndirilməsinə, həm də sənaye səmərəliliyinin artırılmasına xidmət edir Bundan əlavə, elmi nəticələrin kommersiyalaşdırılması üçün texnologiya transferi mərkəzlərinin, innovasiya ofislərinin və sənaye tərəfdaşlığı platformalarının fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu kimi qurumlar elmi ideyanın laboratoriya mərhələsindən patentləşdirmə, prototip hazırlanması, sınaqdan keçirilməsi və bazara çıxarılması prosesinə qədər bütün mərhələlərdə əlaqələndirici rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ali məktəblər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında qurulan davamlı innovasiya ekosistemi yeni texnologiyaların daha sürətli tətbiqinə və yüksək əlavə dəyər yaradan məhsulların formalaşmasına şərait yaradır Eyni zamanda, elmi layihələrin maliyyələşdirilməsi mexanizmlərində də tətbiqyönümlü yanaşmanın formalaşdırılması zəruridir. Dövlət, elm fondları və sənaye müəssisələrinin birgə maliyyələşdirdiyi qrant proqramları tədqiqatların real iqtisadi nəticələrə istiqamətlənməsini stimullaşdıra bilər. Xüsusilə neft-qaz sənayesində rəqəmsallaşma, süni intellekt, geoloji modelləşdirmə, ekoloji təhlükəsizlik və enerji səmərəliliyi kimi prioritet istiqamətlər üzrə elmi araşdırmaların dəstəklənməsi həm sənayenin rəqabət qabiliyyətini artıracaq, həm də ölkənin elmi potensialının iqtisadi inkişafa daha fəal inteqrasiyasını təmin edəcəkdir – Uzun illər ərzində həm elmi rəhbər, həm də pedaqoq kimi onlarla gənc tədqiqatçının yetişməsində rol oynamısınız. Müasir dövrdə gənc alimlərin fundamental elmə marağını artırmaq və onları sənaye yönümlü innovativ tədqiqata cəlb etmək üçün hansı addımların atılmasını vacib hesab edirsiniz? – Hesab edirəm ki, gənc tədqiqatçıların formalaşmasında ən vacib mərhələ universitet dövründən başlayır. Təhsil prosesində elmə marağı və potensialı olan tələbələrin seçilməsi, elmi fəaliyyətə cəlb edilməsi, birgə məqalələr üzərində işləməsi, konfranslarda çıxış etməsi və müxtəlif qrant layihələrində iştirakı onların inkişafı, bilik və bacarıqlarının artırılması üçün əsas şərtlərdəndir. Bu, həm nəzəri biliklərin möhkəmlənməsinə, həm də elmi düşüncə tərzinin formalaşmasına ciddi təsir göstərir Müasir dövrdə gənc alimlərin fundamental elmlərə marağının artırılması ilə yanaşı, onların sənaye yönümlü tədqiqatlara inteqrasiyası da xüsusi əhəmiyyət daşıyır. Bizim sahə üzrə bunu təmin etməyin ən səmərəli yollarından biri gənc mütəxəssislərin bilavasitə qazma qurğularına, işlək yataqlara və quyuların qazılma prosesinə aparılmasıdır. Onların real istehsalat mühitini yerində görməsi, prosesin gedişini və yarana biləcək texniki problemləri müşahidə etməsi nəzəri biliklə praktika arasında əlaqəni gücləndirir Eyni zamanda, bu kontekstdə gənc mütəxəssislərin beynəlxalq təcrübə ilə tanışlığı da mühüm rol oynayır. Müxtəlif universitetlərə və elmi mərkəzlərə təcrübə mübadiləsi məqsədilə ezam olunmaları onların dünyagörüşünü genişləndirir, yeni elmi yanaşmalarla tanış olmasına şərait yaradır. Belə mübadilə proqramları elmi kadr hazırlığının keyfiyyətini artırmaqla yanaşı, ölkə elminin beynəlxalq elmi mühitə inteqrasiyasını da sürətləndirir, elmi əməkdaşlığı gücləndirir Bununla yanaşı, düşünürəm ki, elmi-tədqiqat institutları ilə sənaye müəssisələri arasında uzunmüddətli birgə proqramların hazırlanması da çox vacibdir. Bu kimi proqramlar çərçivəsində gənc tədqiqatçılar real istehsalat problemləri üzərində işləyərək həm praktiki bacarıq qazanır, həm də əldə olunan nəticələrin birbaşa tətbiqinə töhfə vermiş olurlar Ümumilikdə hesab edirəm ki, yüksəkixtisaslı elmi kadrların, gənc alimlərin yetişdirilməsində müasir dövrün tələblərinə cavab verən keyfiyyətli təhsil həlledici rol oynayır. Eyni zamanda, bu prosesdə nəzəri bilik, praktiki təcrübə və beynəlxalq əməkdaşlıq paralel şəkildə inkişaf etdirilməlidir Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri


