Musiqi sərhəd tanımır: MESAM Bakıda “Qardaşlığın körpüsü” qurdu
Müəllif hüquqları və əməkdaşlıq müzakirə olunub Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəm

Müəllif hüquqları və əməkdaşlıq müzakirə olunub Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gün musiqi sənayesinin ən aktual problemlərindən biridir. Məhz bu məsələlərin müzakirəsini təşkil etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə MESAM (Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyi) Bakıda geniş təqdimat tədbiri keçirib. “Musiqi, Qardaşlığın Körpüsü” adı altında təşkil olunan toplantıda Türkiyə ilə Azərbaycan arasında mədəni və bədii həmrəyliyin daha da möhkəmləndirilməsi, müəllif hüquqlarının qlobal miqyasda qorunması mövzusunda əhəmiyyətli müzakirələr aparılıb. MESAM-ın fəaliyyəti: Əqli mülkiyyət və rəqəmsal çağırışlar Tədbirin əvvəlində MESAM-ın fəaliyyəti və keçdiyi inkişaf yolunu əks etdirən qısa film nümayiş olunub. Daha sonra çıxış edən MESAM-ın İdarə Heyətinin sədri Recep Ergül təşkilatın fəaliyyəti, prioritetləri və gələcək planları barədə ətraflı məlumat verib. O bildirib ki, MESAM 1986-cı ildə musiqi əsəri müəlliflərinin hüquqlarını qorumaq, onların yaradıcılıq məhsullarından əldə olunan gəlirləri ədalətli şəkildə təmin etmək məqsədilə yaradılıb və 40 illik fəaliyyəti dövründə nəinki regionun, ümumilikdə dünyanın aparıcı müəllif hüquqları təşkilatlarından birinə çevrilib: “Dünyada bu sahədə fəaliyyət göstərən qurumlar arasında ilk 20-liyə daxil olmağı hədəfləyirik”, – deyə o vurğulayıb. Recep Ergül qeyd edib ki, hazırda 192 ölkədə üzvlərinin hüquqlarını qoruyan MESAM-ın ümumilikdə 17 mindən çox üzvü var. Musiqi sektorunda geniş təsirə malik olan qurum yalnız hüquqi müdafiə ilə kifayətlənmir, eyni zamanda müəlliflərin əsərlərindən istifadə nəticəsində əldə olunan qonorarların toplanması və bölüşdürülməsi istiqamətində də sistemli fəaliyyət göstərir ki, bu da sənətçilərin öz əsərlərindən davamlı gəlir əldə etməsinə imkan yaradır. MESAM sədri xüsusilə vurğulayıb ki, əqli mülkiyyətin qorunması müasir dövrdə ən vacib məsələlərdən biridir və bu sahədə effektiv mexanizmlərin qurulması yaradıcı insanların motivasiyasına birbaşa təsir göstərir: “MESAM-ın əsas məqsədlərindən biri bu sistemi daha da təkmilləşdirmək, xüsusilə rəqəmsal platformalarda müəllif hüquqlarının qorunmasını gücləndirməkdir. Bu gün qarşılaşdığımız yeni çağırışlardan biri də süni intellektin yaratdığı kontentlə bağlıdır. Türkiyə olaraq bu istiqamətdə artıq müəyyən addımlar atmışıq və bu təcrübəni Azərbaycanla da bölüşməyə hazırıq”. Onun sözlərinə görə, son illərdə rəqəmsal mühitdə ciddi irəliləyiş əldə olunub, qonorar sisteminin şəffaflığı artırılıb və restoranlar, ictimai məkanlar, xidmət sektoru kimi yeni istifadə sahələri də lisenziyalaşdırma sisteminə cəlb edilib. Bununla yanaşı, təşkilat beynəlxalq əməkdaşlıqları genişləndirərək türk musiqisinin qlobal bazarda mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Musiqinin birləşdirici gücü: Azərbaycan–Türkiyə əməkdaşlığı Recep Ergül çıxışında Azərbaycanla əlaqələrə də xüsusi toxunub. O bildirib ki, hazırda MESAM-ın 400-ə yaxın azərbaycanlı üzvü var və bu, iki ölkə arasında yaradıcı sahədə sıx əlaqələrin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq davamlı şəkildə inkişaf edir, ölkənin müvafiq qurumları, o cümlədən Əqli Mülkiyyət Agentliyi ilə görüşlər keçirilir və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır: “Azərbaycan zəngin mədəniyyətə, dünya miqyaslı sənətçilərə sahib ölkədir. Azərbaycan dövləti mədəniyyətə və incəsənətə böyük önəm verir. Bu baxımdan, azərbaycanlı müəlliflərin hüquqlarının qorunması və əqli mülkiyyətin müdafiəsi istiqamətində əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq. Birgə layihələr, təcrübə mübadiləsi və ortaq mexanizmlərin tətbiqi bu sahədə mühüm nəticələr verə bilər”. Daha sonra tədbirdə iştirak edən MESAM nümayəndə heyətinin üzvləri, sədr müavinləri Selim Çaldıran, Hakan Sarıca, təşkilatın üzvləri – Mustafa Kul, Ferzində Kaya, idarə heyətinin üzvü, tanınmış sənətçi Ahmet Şafak, baş katib Ali Haydar, Yıldız, eyni zamanda Elif Kaya və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, müəllif hüquqlarının qorunması mexanizmləri və tətbiq olunan texnoloji sistemlər barədə məlumat veriblər. Onlar qeyd ediblər ki, MESAM modeli həm hüquqi, həm də iqtisadi baxımdan effektiv işləyən sistemdir və digər ölkələr üçün də tətbiq oluna biləcək nümunə hesab olunur. Azərbaycanlı sənətçilərdən MESAM modelinə maraq Tədbirdə həmçinin azərbaycanlı sənətçilər, bəstəkarlar, müğənnilər və musiqi sahəsinin nümayəndələri çıxış edərək MESAM-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar xüsusilə müəllif hüquqlarının qorunması mexanizmləri, qonorar sisteminin işləmə prinsipləri və rəqəmsal platformalarda hüquqların təmin olunması məsələləri ilə maraqlanıblar. Ölkəmizdə müəllif hüquqlarının mövcud vəziyyəti, rəqəmsallaşma prosesində qarşılaşılan problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müxtəlif təkliflər səsləndirilib. Qeyd edilib ki, MESAM-ın hazırladığı və tətbiq etdiyi model Azərbaycan kimi ölkələr üçün də nümunə ola bilər. Qeyd edək ki, MESAM təmsilçiləri Bakı səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli sənətkarların məzarlarını ziyarət ediblər. Səfər çərçivəsində təşkilatın 40 illiyinə həsr olunmuş qala gecə də keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış sənətçiləri iştirak edib, hər iki ölkənin klassik və müasir musiqi nümunələri səsləndirilib. Gecə iki qardaş ölkənin musiqi mədəniyyətinin vəhdətini nümayiş etdirən rəngarəng proqramla yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb Qeyd edək ki, rəsmi hissə və Qala gecəsində Azərbaycandan çoxlu sayda sənət adamları təmsil olunub: Aygün Səmədzadə, Cəlal Qurbanov, Rauf Məmmədov, Məmmədbağır Bağırzadə, Əlibaba Məmmədovun övladları, Tahir Əkbərin həyat yoldaşı, Baba Vəziroğlu, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Nazilə Səfərli, Elza Seyidcahan, Ruslan Səfəroğlu və s


