Musiqi müəllimlərinə 30% artım verilməlidir - TƏKLİF
Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesinə cəlb olunması ilə bağlı müzakirələr davam edir. Hazırda həmin müəllimlər attestasiya mərhələsindən keçsələr də, yaxın illərdə onların da ümumi təhsil müəllimləri kimi sertifikasiya imtahanına cəlb olunacağı gözlənilir. Mi

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesinə cəlb olunması ilə bağlı müzakirələr davam edir. Hazırda həmin müəllimlər attestasiya mərhələsindən keçsələr də, yaxın illərdə onların da ümumi təhsil müəllimləri kimi sertifikasiya imtahanına cəlb olunacağı gözlənilir. Milli Məclisdə qəbul edilən son dəyişikliklərdən sonra bu prosesin müəllimlərin əməkhaqqına necə təsir göstərəcəyi əsas müzakirə mövzularından birinə çevrilib Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, musiqi istiqamətində təhsil məsələləri birbaşa Mədəniyyət Nazirliyinə tabedir və bu sahədə keçirilən attestasiya və sertifikasiya prosesləri də həmin qurumun qərarları əsasında formalaşır: Ekspert qeyd edib ki, attestasiya mərhələsindən sonra sertifikasiya prosesinə keçid gözləniləndir və bu mərhələdə müəllimlərin əməkhaqqının artırılması əsas məsələlərdən biri olacaq: “Sertifikasiyadan sonra əməkhaqqında artımın olacağı gözlənilir. Amma Elm və Təhsil Nazirliyinə tabe məktəblərdə olduğu kimi 30 faiz, 35 faiz və ya daha aşağı artımın tətbiq olunacağı barədə yekun qərarı Mədəniyyət Nazirliyi verəcək” Elçin Əfəndinin sözlərinə görə, musiqi müəllimlərinə tətbiq ediləcək maaş artımı ümumi təhsil müəllimləri ilə eyni prinsip əsasında müəyyənləşdirilsə, daha məqsədəuyğun olar: “Mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyində çalışan müəllimlərdə tətbiq olunan prinsip musiqi istiqamətində çalışan müəllimlərə də şamil edilməlidir. Daha aşağı faizlə əməkhaqqı artımı etmək doğru yanaşma olmaz” Ekspert vurğulayıb ki, musiqi və incəsənət müəllimlərinin sertifikasiya imtahanı məzmun baxımından ümumi təhsil müəllimlərinin imtahanlarından fərqlənəcək: “Burada əsasən musiqi istiqaməti üzrə nəzəri biliklər yoxlanılır. Eyni zamanda müəllimlərin kurikulum bilikləri və mövcud tədris proqramına uyğun hazırlıq səviyyəsi qiymətləndirilir. Ümumi təhsil müəllimlərindən fərqli olaraq burada sırf musiqi təhsili istiqamətində nəzəri bilik və bacarıqların yoxlanılması həyata keçiriləcək” - deyə o bildirib


