Tenqri
Ana Səhifə
İdman

Muğam təhsilim olmasaydı, Çin dilini öyrənmək çətin olardı - MÜSAHİBƏ

Çində təhsil alan azərbaycanlı gənclər arasında fərqlənən simalardan biri də Murad Əliyevdir. O, hazırda Pekin Pedaqoji Universitetində təhsil texnologiyaları ixtisası üzrə doktorantura oxuyur. Təhsil texnologiyaları və süni intellekt sahəsində bir neçə layihəyə rəhbərlik edən Murad Əliyev beynəlxal

0 baxışmodern.az
Muğam təhsilim olmasaydı, Çin dilini öyrənmək çətin olardı - MÜSAHİBƏ
Paylaş:

Çində təhsil alan azərbaycanlı gənclər arasında fərqlənən simalardan biri də Murad Əliyevdir. O, hazırda Pekin Pedaqoji Universitetində təhsil texnologiyaları ixtisası üzrə doktorantura oxuyur. Təhsil texnologiyaları və süni intellekt sahəsində bir neçə layihəyə rəhbərlik edən Murad Əliyev beynəlxalq konfranslarda iştirak edib, elmi məqalələri müxtəlif platformalarda dərc olunub Akademik fəaliyyətlə yanaşı, milli mədəniyyətə də xüsusi maraq göstərən Murad Əliyev 5 illik muğam təhsili alıb. O, Çində həm təhsil və texnologiya sahəsində fəaliyyət göstərir, həm də Azərbaycanı mədəni və intellektual potensialı ilə tanıtmağa çalışır Modern.az-ın “Diasporun səsi” layihəsinin budəfəki qonağı Pekin Pedaqoji Universitetinin doktorantı, layihə rəhbəri və təhsil texnologiyaları üzrə tədqiqatçı Murad Əliyevdir Onunla müsahibəni təqdim edirik: Murad bəy, muğam təhsili alan bir gənc Çində doktorantura oxuyan və beynəlxalq layihələrdə iştirak edən bir tədqiqatçıya neçə çevrildi? Uşaqlıqdan musiqi mənim həyatımda böyük rol oynayıb. İlk dəfə musiqiyə xor qruplarında mahnılar ifa etməklə başlamışam. Sonradan yaxınlarımın dəstəyi ilə pianonu da öyrəndim. 11 yaşımda valideynlərimin razılığı ilə musiqi məktəbinə yazılmaq qərarına gəldim. Musiqi məktəbində piano sinfində təhsil almağı planlaşdırırdım. Əfsuslar olsun ki, piano təhsili almaq üçün gecikmişdim. Amma qəlbimdəki arzumu reallaşdırmaq istəyirdim. Beləliklə, elə musiqi məktəbində, muğam sinfinə qəbul olmaq istədiyimi dedim. Yadımdadır, direktorun otağında xalq mahnısını ifa etdim və həmin çıxış o qədər təsirli oldu ki, digər müəllimlər də otağa gəldilər. Beləcə, muğam, xalq mahnıları, bəstəkar mahnıları ilə uzun bir səyahətə başladım. Uşaqlıqdan davamlı olaraq özüm öyrənməyə, araşdırmağa və təcrübə etməyə çalışırdım. 300-dən çox mahnı və muğam parçasını öyrənmişəm. İndiyə qədər xatırlayıram, bəzən bir neçə dəqiqəlik parçanı düzgün öyrənmək üçün saatlarla çalışırdım. Bu mənim üçün əyləncə yox, daxildən gələn öyrənmək ehtiyacı idi. Hətta 12-15 yaşlarımda artıq muğamı öyrənmək və ifa etmək mənim üçün tədqiqat kimi idi. Özümü musiqi vasitəsilə test edir, detalları müqayisə edir, fərqləri hiss edir və nəticə çıxarırdım. Bu vərdişlər universitetdə də davam etdi. Müəllim bir mövzu üçün yalnız bir mənbə tövsiyə etsə də, mən əlavə mənbələr araşdırır, müxtəlif yanaşmaları öyrənir və nəticələri birləşdirirdim. Mən uşaqlarda tədqiqatçı ruhunun erkən yaşlardan formalaşmasının çox vacib olduğunu düşünürəm. Əgər uşaq öyrənməyə, araşdırmağa və sual verməyə meyllidirsə, gələcəkdə hansı sahədə olmasından asılı olmayaraq uğur qazanacaq. Maraqlı olan sahə deyil, araşdırmaq və öyrənmək ehtiyacıdır. Gördüyünüz kimi, bu gün mən artıq dünyanın ən nəhəng ölkələrindən birində təhsilimə davam etdirirəm. Araşdırıram, özümü inkişaf etdirirəm, yenilikləri axtarıram. Nəticədə, keçmişdən gələn vərdişləri qoruyub saxlayaraq, bu gün inkişaf etməyə davam edirəm Musiqi təhsilim Çin dilini öyrənməkdə mənə çox kömək etdi. Bildiyimiz kimi, Çin dilində sözlərin mənası çox vaxt hecanın hansı tonla və necə səsləndirilməsindən asılıdır. Muğam təhsili aldığım üçün səsin incə çalarlarını, ahəngi, intonasiyanı və ton fərqlərini daha rahat hiss edə bilirdim. Buna görə də Çin dilində düzgün tələffüz və səslənmə mənim üçün o qədər də çətin olmadı. Hətta müəllimlərim və digər tələbələr də mənim tələffüzümün və intonasiyamın fərqləndiyini qeyd edirdilər. Çin dilini öyrənməyə başladıqdan təxminən dörd-beş ay sonra artıq Çin dilində mahnılar oxumağa, şeirlər əzbərləməyə və müxtəlif müsabiqələrdə iştirak etməyə başladım. Çində təhsil aldığım dövrdə isə Azərbaycan musiqisini təqdim etmək üçün daha geniş imkanlar yarandı. Universitetimizdə və digər ali təhsil müəssisələrində keçirilən mədəniyyət festivallarında Azərbaycan xalq mahnılarını, bəstəkar mahnılarını və muğam parçalarını ifa etməyə başladım. Bu çıxışlar həm universitet rəhbərliyi, həm müəllimlər, həm də xarici tələbələr tərəfindən böyük maraqla qarşılanırdı. Maraqlıdır ki, hər il mədəniyyət festivalları keçiriləndə digər ölkələrdən müxtəlif milli yeməklər gözlənildiyi kimi, Azərbaycandan da həm milli mətbəximiz, həm də mənim musiqi ifam gözlənilir Siz hazırda Pekin Pedaqoji Universitetində təhsil texnologiyaları ixtisası üzrə doktorantura təhsili alırsınız. Niyə məhz Çində və niyə bu istiqamət? Bu seçim həyatınızda hansı məqsədlərdən doğdu? Mən bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə almışam. İlk ixtisasım birbaşa müəllimliklə bağlı olduğundan tədris prosesi, müəllim-şagird münasibətləri və öyrənmə mühiti kimi məsələlərə marağım formalaşdı. Daha sonra Pekin Pedaqoji Universitetində ali təhsil və tələbə işləri ixtisası üzrə magistr təhsili aldım. Bu mərhələdə təhsilə artıq yalnız müəllim gözü ilə deyil, həm də idarəetmə və sistem baxımından yanaşmağa başladım. Akademik yolumda bir-biri ilə əlaqəli üç istiqamət formalaşıb: müəllimlik, təhsilin idarə olunması və təhsil texnologiyaları. Çində təhsil aldığım dövrdə texnologiyanın gündəlik həyat və təhsil sistemi ilə necə sıx inteqrasiya olunduğunu yaxından gördüm. Xüsusilə rəqəmsal platformaların, süni intellekt əsaslı sistemlərin və innovativ texnologiyaların təhsildə tətbiqi məndə böyük maraq yaratdı. Anladım ki, gələcəyin təhsili artıq ənənəvi yanaşmalarla məhdudlaşmayacaq. Bu maraq iştirak etdiyim beynəlxalq layihələr və proqramlarla daha da gücləndi. Tsinghua Universitetində “Innovating Education and Entrepreneurship” və “AI in Digital Economy” proqramlarında layihə rəhbəri kimi fəaliyyət göstərmişəm, müxtəlif beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmişəm. Bu təcrübələr mənə göstərdi ki, süni intellekt və təhsil texnologiyaları sadəcə texniki yenilik deyil, müəllimlərin daha effektiv dərs qurmasına, tələbələrin isə yaradıcılıq və analitik düşünmə bacarıqlarının inkişafına xidmət edən mühüm vasitədir. Məhz buna görə Pekin Pedaqoji Universitetində təhsil texnologiyaları üzrə doktorantura istiqamətini seçdim. Çin bu sahədə sürətlə inkişaf edən ölkələrdən biridir və burada həm güclü elmi mühit, həm də praktik tətbiq imkanları mövcuddur. Əsas məqsədim qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycan təhsilinə uyğunlaşdırmaq, xüsusilə müəllimlərin peşəkar inkişafı, düşüncə yönümlü tədris və süni intellektin təhsildə səmərəli inteqrasiyası istiqamətində fəaliyyət göstərməkdir. Düşünürəm ki, texnologiya düzgün tətbiq olunduqda təhsilin keyfiyyətini dəyişdirə biləcək böyük imkandır Çinə ilk getdiyiniz dövrdə sizi ən çox təəccübləndirən nə olmuşdu? Dil, insanlar, həyat ritmi və ya təhsil sistemi baxımından uyğunlaşmaq sizin üçün nə dərəcədə çətin oldu? - Çinə ilk gəldiyim dövrdə məni ən çox təəccübləndirən məsələlərdən biri insanların həyat tərzi oldu. Burada həyat ritmi çox sürətlidir, insanlar intensiv işləyirlər və iş saatları da əksər hallarda kifayət qədər uzundur. Bununla yanaşı, fiziki sağlamlığa və gündəlik aktivliyə xüsusi önəm verirlər. İdman burada sadəcə hobbi deyil, həyat tərzinin bir hissəsidir. İnsanlar nə qədər məşğul olsalar da, səhər və ya axşam saatlarında gəzintiyə çıxmağa, qaçmağa və müxtəlif fiziki fəaliyyətlərlə məşğul olmağa vaxt ayırırlar. Məni xüsusilə təsirləndirən məqamlardan biri yaşlı insanların sosial və mədəni aktivliyi oldu. Onlar parkları sadəcə istirahət məkanı kimi deyil, canlı sosial mühitə çevirirlər. Birlikdə rəqs edir, mahnı oxuyur, musiqi alətlərində ifa edir, şeirlər səsləndirirlər. Bu fəaliyyətlər təkcə asudə vaxtın təşkili deyil, həm də Çin mədəniyyətinin gündəlik həyatda yaşadılmasının bir formasıdır. Maraqlıdır ki, xaricdən gələn insanlar da bu mühitdən kənarda qalmırlar. İnsan özünü sadəcə müşahidəçi kimi hiss etmir, əksinə, həmin harmoniyanın bir hissəsinə çevrilir. Bu da Çin cəmiyyətinin diqqətçəkən xüsusiyyətlərindən biridir. Düşünürəm ki, Çini fərqləndirən əsas cəhət yüksək texnoloji inkişafla sosial münasibətlərin və mədəni həyatın paralel şəkildə qorunmasıdır. Məhz bu balans məndə ən güclü təəssürat yaradan məqamlardan biri olub Çin bu gün texnologiya və innovasiya sahəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri hesab olunur. Siz orada təhsil alan biri kimi bu inkişafı gündəlik həyatda necə hiss edirsiniz? Mən artıq üç ildən çoxdur ki, Çində yaşayıram və bu müddətdə texnologiyanın gündəlik həyatın demək olar ki, bütün sahələrinə necə inteqrasiya olunduğunu yaxından müşahidə etmişəm. İlk vaxtlar bu mənim üçün daha çox öyrənmə və müşahidə mərhələsi idi. Amma zaman keçdikcə texnologiyanı izləyən yox, onunla yaşayan insan olduğumu hiss etdim. Bu gün Çində texnologiya ayrıca yenilik kimi deyil, gündəlik həyatın görünməz infrastrukturu kimi fəaliyyət göstərir. Ödəniş sistemlərindən tutmuş ictimai nəqliyyata, logistika xidmətlərinə, universitet mühitinə və mağazalara qədər hər şey rəqəmsal həllərlə inteqrasiya olunub. Maraqlısı budur ki, insanlar artıq bu texnologiyaları yenilik kimi qəbul etmirlər, çünki onlar həyatın adi bir hissəsinə çevrilib. Məsələn, gecə saat 3-də hansısa məhsula ehtiyac yaranarsa, universitet şəhərciyində yerləşən rəqəmsal mağazaya sadəcə QR kod vasitəsilə daxil olmaq, məhsulu seçmək və ödənişi tam elektron formada həyata keçirmək mümkündür. Bəzi hallarda bu proseslər robotlaşdırılmış sistemlər tərəfindən idarə olunur. İnsan heç bir kassir və ya xidmətçi ilə təmas qurulmadan alış-verişini tamamlayır. Məncə, Çinin fərqi yalnız texnologiya istehsal etməsində deyil, onu cəmiyyətin bütün strukturlarına sistemli şəkildə inteqrasiya edə bilməsindədir. Burada texnologiya insanı özünə uyğunlaşmağa məcbur etmir, əksinə, insanların ehtiyaclarına uyğunlaşdırılır. Buna görə də müəyyən müddətdən sonra insan özünü sadəcə texnologiya istifadəçisi deyil, rəqəmsal ekosistemin bir hissəsi kimi hiss edir. Bu yanaşmanı təhsil sahəsində də aydın görmək mümkündür. Universitetlərdə rəqəmsal təhsil resursları mərkəzləri, ağıllı tədris avadanlıqları və interaktiv platformalar geniş tətbiq olunur. İlk vaxtlar bu texnologiyalar mənə çox təsir edirdi. Lakin zaman keçdikcə onlar da gündəlik akademik fəaliyyətin adi hissəsinə çevrildi. Düşünürəm ki, texnologiyanın real inkişaf səviyyəsi yalnız yeni cihazların mövcudluğu ilə deyil, insanların gündəlik düşüncə və fəaliyyət sisteminə nə qədər təbii şəkildə inteqrasiya olunması ilə ölçülür. Əgər yüksək texnologiya artıq qeyri-adi hadisə kimi deyil, normal iş və yaşam mühiti kimi qəbul edilirsə, bu, həmin cəmiyyətin texnoloji transformasiyasının nə qədər dərin olduğunu göstərir Azərbaycan və Çin cəmiyyətlərini müqayisə etsəniz, sizcə, ən böyük oxşarlıqlar və ən ciddi fərqlər nələrdir? İnsan münasibətləri, disiplin, texnologiyaya yanaşma və gündəlik həyat baxımından hansı fərqləri hiss edirsiniz? - Azərbaycan və Çin cəmiyyətləri arasında müəyyən oxşarlıqlar olsa da, fərqlər daha qabarıq görünür. Oxşarlıqlardan danışsaq, hər iki cəmiyyətdə yaşlılara, müəllimlərə və ümumilikdə insan münasibətlərində hörmət və nəzakətə önəm verilir. Həmçinin insanlar təhsilə və əməyə ciddi yanaşır, özünüinkişaf və çalışqanlıq hər iki cəmiyyət üçün vacib dəyərlərdəndir. Ən böyük fərqlərdən biri isə texnologiyaya yanaşmadır. Çində texnologiya gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Ödəniş sistemlərindən tutmuş mağazalara, nəqliyyata və təhsil mühitinə qədər hər şey rəqəmsal həllərlə inteqrasiya olunub. Burada texnologiya əlavə vasitə deyil, sistemin təbii bir hissəsidir. Azərbaycanda isə bu proses inkişaf etsə də, texnologiyanın gündəlik həyata və təhsil sisteminə sistemli inteqrasiyası hələ tam formalaşmayıb. Sosial həyat baxımından da maraqlı fərqlər var. Çində insanlar ictimai məkanlarda daha kollektiv fəaliyyət göstərirlər. Parklarda yaşlı insanların birlikdə rəqs etməsi, mahnı oxuması və müxtəlif mədəni fəaliyyətlərlə məşğul olması geniş yayılıb. Bu, həm sosial əlaqələri gücləndirir, həm də mədəniyyətin gündəlik həyatda yaşamasına xidmət edir. Azərbaycanda isə insanlar daha çox ailə və yaxın çevrə mərkəzli sosial həyat yaşayırlar. Disiplin və özünü təşkil etmə məsələsində də fərqlər hiss olunur. Çinlilər fəaliyyətlərini daha planlı və sistemli şəkildə qurmağa meyllidirlər. Azərbaycanda isə insanlar daha çevikdir, vəziyyətə uyğun qərar vermək və adaptasiya olmaq bacarığı daha çox ön plana çıxır. Mənim müşahidəmə görə, Çin təcrübəsinin ən maraqlı tərəfi texnologiya, sosial həyat, mədəniyyət və iş intizamının bir-birini tamamlayan sistem şəklində qurulmasıdır. Düşünürəm ki, Azərbaycan üçün də əsas öyrəniləsi məqam texnologiyanı yalnız alət kimi deyil, gündəlik həyatın, təhsilin və sosial münasibətlərin təbii hissəsinə çevirməkdir. Bu yanaşma həm fərdi inkişafı, həm də cəmiyyətin ümumi məhsuldarlığını artırmağa kömək edə bilər Təhsil texnologiyaları sahəsində çalışan bir tədqiqatçı kimi Çin universitetlərinin yanaşması sizdə necə təəssürat yaradıb? Azərbaycan təhsil sistemi sizcə Çindən hansı nümunələri götürə bilər? - Məncə, Azərbaycanın Çin təcrübəsindən götürə biləcəyi ən vacib nümunələrdən biri texnologiyanı sadəcə avadanlıq və ya platforma kimi deyil, tədris mədəniyyətinin bir hissəsi kimi qəbul etməkdir. Bəzən rəqəmsallaşma daha çox texniki təminat səviyyəsində başa düşülür. Halbuki əsas məsələ texnologiyanın tədris prosesinə və pedaqoji yanaşmaya necə inteqrasiya olunmasıdır. Bu baxımdan müəllim hazırlığı xüsusi əhəmiyyət daşıyır. Müəllimlərə yalnız texnologiyadan istifadə qaydaları deyil, onun şagirdlərin düşünmə, analiz və problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün necə tətbiq edilə biləcəyi öyrədilməlidir. Süni intellekt müəllimin yerini tutan alət deyil, onun pedaqoji imkanlarını gücləndirən vasitə olmalıdır. Çin universitetlərində diqqətimi çəkən digər məqam praktik tədqiqat mühitinin güclü olmasıdır. Laboratoriyalar və təhsil texnologiyaları mərkəzləri sadəcə nümayiş məqsədilə fəaliyyət göstərmir. Burada real dərs nümunələri hazırlanır, məktəblərdə sınaqdan keçirilir, nəticələr təhlil olunur və davamlı şəkildə təkmilləşdirilir. Azərbaycanda da universitetlərin nəzdində belə mərkəzlərin yaradılması faydalı ola bilər. Müəllimlər arasında əməkdaşlıq mədəniyyəti də Çin təcrübəsinin önəmli tərəflərindən biridir. Dərs hazırlığı çox vaxt fərdi deyil, kollektiv proses kimi qurulur. Müəllimlər və tədqiqatçılar birlikdə dərs planlarını müzakirə edir, təhlil aparır və daha effektiv metodlar üzərində çalışırlar. Bu yanaşma Azərbaycanda da genişləndirilə bilər. Süni intellektin təhsilə inteqrasiyası məsələsində də əsas diqqət texnologiyanın özünə deyil, onun təlim nəticələrinə təsirinə yönəlməlidir. Məsələn, süni intellekt müəllimlərə müxtəlif səviyyələrdə tapşırıqlar hazırlamaqda, şagirdlərin düşünmə proseslərini təhlil etməkdə və daha keyfiyyətli müzakirələr qurmaqda kömək edə bilər. Digər vacib məqam universitet-məktəb əməkdaşlığının gücləndirilməsidir. Çin təcrübəsində universitetlər və məktəblər daha sıx əlaqədə çalışır, yeni yanaşmalar və texnologiyalar əvvəlcə real məktəb mühitində sınaqdan keçirilir. Bu model Azərbaycanda da təhsilin inkişafına müsbət təsir göstərə bilər. Mənim fikrimcə, əsas məsələ texnologiyanı təhsilə gətirmək deyil, onun ətrafında yeni pedaqoji düşüncə, müəllim əməkdaşlığı və tədqiqata əsaslanan inkişaf mədəniyyəti formalaşdırmaqdır. Çin təcrübəsinin ən dəyərli tərəfi də məhz budur Siz həm də bir neçə layihəyə rəhbərlik etmisiniz və beynəlxalq konfranslarda iştirak etmisiniz. Xarici akademik mühitdə azərbaycanlı gənc kimi özünü təsdiqləmək nə dərəcədə çətindir? Xarici akademik mühitdə azərbaycanlı gənc kimi özünü təsdiqləmək yalnız elmi fəaliyyət deyil, həm də ölkəni təmsil etmək məsuliyyətidir. Beynəlxalq mühitdə insan təkcə fərdi tədqiqatçı kimi deyil, gəldiyi ölkənin təhsil sisteminin və elmi potensialının nümayəndəsi kimi qəbul olunur. Çin kimi yüksək rəqabətli akademik mühitdə tez başa düşürsən ki, sadəcə çalışqan olmaq kifayət etmir. Burada sistemli düşünmək, elmi əsaslandırmanı güclü qurmaq, metodologiyanı müdafiə etmək və tədqiqatın praktik dəyərini göstərə bilmək vacibdir. Xüsusilə konfranslarda insanlar çox sürətlə məsələnin mahiyyətinə keçir və araşdırmanın real töhfəsini görmək istəyirlər. Mənim üçün ən çətin mərhələlərdən biri akademik uyğunlaşma prosesi olub. Burada tədqiqatın yalnız nəzəri tərəfi deyil, praktik tətbiqi də ciddi qiymətləndirilir. Təqdim etdiyiniz ideya ilə bağlı dərhal “Bu model real mühitdə necə işləyəcək?”, “Hansı problemi həll edəcək?” kimi suallar verilir. Bu da insanı daha dərindən düşünməyə vadar edir. Beynəlxalq konfrans və görüşlərdə Azərbaycana marağın da şahidi oluram. İnsanlar ölkəmizin təhsil sistemi, texnologiyaya yanaşması, gənclərin inkişafı və innovasiya potensialı haqqında suallar verirlər. Bu zaman anlayırsan ki, belə platformalar yalnız elmi nəticələri paylaşmaq üçün deyil, həm də Azərbaycanı tanıtmaq üçün mühüm imkandır. Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlı gənclərin üstünlüklərindən biri müxtəlif mühitlərə uyğunlaşmaq və fərqli mədəniyyətlər arasında körpü qurmaq bacarığıdır. Multikultural mühitdən gəlməyimiz beynəlxalq əməkdaşlıqlarda bizə əlavə üstünlük verir. Mənim üçün vacib məqsədlərdən biri Azərbaycan haqqında müasir akademik obrazın formalaşmasına töhfə verməkdir. İstəyirəm ki, ölkəmiz beynəlxalq mühitdə yalnız tarixi və coğrafiyası ilə deyil, elm, innovasiya və təhsil sahəsindəki potensialı ilə də tanınsın. Hesab edirəm ki, gələcəkdə ölkələrin gücü təkcə iqtisadi göstəricilərlə deyil, insan kapitalı və elmi potensialı ilə ölçüləcək. Ümumilikdə, xarici akademik mühit insanın yalnız elmi inkişafına deyil, dünyagörüşünə də təsir edir. Bu proses insana daha qlobal düşünməyi, fərqli baxışlara açıq olmağı və daim özünü yeniləməyi öyrədir Maraqlıdır ki, eyni zamanda 5 illik muğam təhsili almısınız. Muğam kimi milli sənətlə məşğul olmaq sizin dünyagörüşünüzə və xaricdə Azərbaycanı təqdim etməyinizə necə təsir edib? Mən düşünürəm ki, muğam təhsili dünyagörüşümün formalaşmasında böyük rol oynayıb. Çünki muğam sadəcə musiqi deyil, insanın düşüncə tərzinə, hadisələrə yanaşmasına, səbrinə, daxili intizamına və estetik duyumuna təsir edən dərin bir sənətdir. Muğamda improvizasiya var, amma bu improvizasiya təsadüfi deyil. Onun öz qaydaları və məktəbi mövcuddur. Məncə, bu, insana həm sərbəst düşünməyi, həm də müəyyən çərçivə daxilində özünü ifadə etməyi öyrədir. Sonradan elmi fəaliyyətə başlayanda bunun təsirini daha aydın hiss etdim. Tədqiqat apararkən mövzuya dərindən yanaşmaq, müxtəlif tərəfləri müqayisə etmək, əlaqələri görmək və düşüncəni sistemli qurmaq vacibdir. Muğam təhsili məndə bu keyfiyyətlərin formalaşmasına təsir göstərib. Digər tərəfdən, muğam mənim üçün Azərbaycan mədəniyyətini daha dərindən anlamaq imkanı yaradıb. Hesab edirəm ki, insan öz mədəniyyətini nə qədər yaxşı tanıyırsa, onu xaricdə bir o qədər inamla təqdim edə bilir. Xaricdə Azərbaycanı təmsil etmək yalnız ölkənin adını çəkmək deyil, həm də davranışın, düşüncə tərzin və mədəni kimliyinlə onu göstərməkdir. Beynəlxalq mühitdə muğam haqqında danışanda insanların reaksiyası həmişə maraqlı olur. Muğamı ilk dəfə dinləyənlər burada yalnız musiqi deyil, həm dərin emosiya, həm də müəyyən düşüncə sistemi görürlər. Xarici tələbə və professorlarla söhbətlərimdə də bunun şahidi olmuşam. Onlar üçün maraqlıdır ki, bu sənətdə həm improvizasiya, həm də ciddi qayda və məktəb mövcuddur. Məncə, muğamın ən böyük gücü ondadır ki, o, Azərbaycanı yalnız musiqi ilə deyil, düşüncə tərzi, duyğu dünyası və milli yaddaş vasitəsilə təqdim edir. Hətta düşünürəm ki, incəsənətlə məşğul olmaq təhsil texnologiyaları və süni intellekt sahəsindəki fəaliyyətimə də təsir edib. Bu gün texnologiya sahəsində də yaradıcılıq, estetik baxış və fərqli düşünmək bacarığı mühüm rol oynayır. Muğam isə məndə bu xüsusiyyətlərin formalaşmasına kömək edib Çində Azərbaycanı necə tanıdır və təqdim edirsiniz? Çinlilərin ölkəmizlə bağlı ən çox verdiyi suallar və onları ən çox təəccübləndirən məqamlar hansılardır? Çində Azərbaycanı yalnız coğrafi baxımdan deyil, daha çox mədəni, intellektual və insani tərəfləri ilə təqdim etməyə çalışıram. Hesab edirəm ki, bir ölkəni tanıtmaq onun xəritədə yerini göstərməkdən daha çox, insanlarını, mədəniyyətini, düşüncə tərzini və inkişaf istiqamətlərini anlatmaqdır. Universitet mühitində daha çox Azərbaycanın təhsil sistemi, mədəniyyəti, musiqisi, multikultural mühiti və müasir inkişafı haqqında danışıram. Eyni zamanda təhsil texnologiyaları sahəsində fəaliyyət göstərdiyim üçün Azərbaycanda müəllim hazırlığı, süni intellektin təhsildə tətbiqi və rəqəmsal transformasiya ilə bağlı məlumatlar da paylaşmağa çalışıram. Mənim üçün vacibdir ki, Azərbaycan yalnız tarixi və mədəniyyəti ilə deyil, həm də gələcəyə baxan bir ölkə kimi tanıdılsın. Çinlilərin ən çox verdiyi suallardan biri Azərbaycanın coğrafi mövqeyi ilə bağlı olur. Onlar tez-tez soruşurlar ki, Azərbaycan Avropaya aiddir, yoxsa Asiyaya? Mən də izah edirəm ki, ölkəmiz Şərqlə Qərbin kəsişməsində yerləşən, müxtəlif sivilizasiyaların təsiri ilə formalaşmış unikal bir məkandır. Onların maraq göstərdiyi mövzulardan biri də Bakı şəhəridir. İçərişəhər, Qız qalası, Xəzər dənizi və xüsusilə Heydər Əliyev Mərkəzi haqqında danışanda böyük maraq yaranır. Çinliləri təəccübləndirən məqamlardan biri isə Azərbaycanın mədəni müxtəlifliyi və tolerantlıq ənənələridir. Müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin uzun illər birgə yaşaması, eləcə də azərbaycanlıların qonaqpərvərliyi və ailə dəyərlərinə bağlılığı onların diqqətini çəkir. Qarabağ mövzusu da maraq doğurur. Mən çalışıram ki, bu məsələni yalnız siyasi deyil, həm də tarixi, mədəni və humanitar aspektlərdən izah edim. Qarabağın Azərbaycan üçün mədəni yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıram. Maraqlıdır ki, Azərbaycanı daha yaxından tanıdıqca, çinlilər iki xalq arasında müəyyən oxşarlıqları da görürlər. Ailə dəyərlərinə hörmət, təhsilə ciddi yanaşma, böyüklərə ehtiram və milli mədəniyyətə bağlılıq bu oxşarlıqların əsas nümunələridir. Ümumilikdə, məqsədim insanlarda Azərbaycan haqqında sadəcə məlumat yaratmaq deyil, ölkəmizi mədəniyyəti, insanları, tarixi və inkişaf potensialı ilə birlikdə daha yaxından hiss etdirməkdir Xaricdə yaşayan azərbaycanlı gənc kimi diaspor fəaliyyətini və Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki gənclərlə işini necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansı təşəbbüslərin daha vacib olduğunu düşünürsünüz? - Xaricdə yaşayan azərbaycanlı gənc kimi diaspor fəaliyyətini çox vacib hesab edirəm. Çünki xaricdə yaşadıqca anlayırsan ki, ölkəni tanıtmaq yalnız rəsmi tədbirlərlə məhdudlaşmır. Bəzən bir akademik çıxış, konfrans təqdimatı və ya gündəlik ünsiyyət belə Azərbaycan haqqında yeni təsəvvür formalaşdıra bilir. Bu baxımdan diaspor fəaliyyəti mənim üçün ölkə ilə xaricdə yaşayan azərbaycanlılar arasında mədəni, elmi və mənəvi körpü rolunu oynayır. Düşünürəm ki, son illərdə Azərbaycan diasporunun fəaliyyəti daha sistemli xarakter almağa başlayıb. Xaricdə yaşayan gənclər artıq təkcə mədəni tədbirlərdə deyil, elm, təhsil, texnologiya, biznes və innovasiya sahələrində də ölkəmizi təmsil edirlər. Bu, Azərbaycanın müasir və inkişaf yönümlü ölkə kimi tanıdılması baxımından vacibdir. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ən önəmli məqamlardan biri xaricdə yaşayan gənclərin bir araya gətirilməsi və şəbəkələşməsinə dəstək verməsidir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən tələbələrin, tədqiqatçıların və mütəxəssislərin əlaqələrinin gücləndirilməsi yeni əməkdaşlıqlar və layihələr üçün imkan yarada bilər. Məncə, gələcəkdə diqqət yetirilməli əsas istiqamətlərdən biri xaricdə yaşayan azərbaycanlı gənclərin peşəkar şəbəkəsinin daha da gücləndirilməsidir. Bu platformalar yalnız tanışlıq məqsədi daşımamalı, həm də birgə layihələr, mentorluq proqramları və təcrübə mübadiləsi üçün imkan yaratmalıdır. Xüsusilə elm və təhsil sahəsində çalışan gənclərin bilik və təcrübəsindən ölkənin inkişafı naminə daha səmərəli istifadə etmək mümkündür. Digər vacib məsələ isə xaricdə yaşayan gənclərin Azərbaycanla əlaqələrinin davamlı saxlanılmasıdır. Onların ölkədə gedən inkişaf prosesləri, elm və təhsil sahəsindəki yeniliklər, yeni imkanlar və əməkdaşlıq platformaları barədə mütəmadi məlumatlandırılması həm bağlılığı gücləndirər, həm də gələcəkdə ölkəyə töhfə vermək imkanlarını artırar Komitənin təşkil etdiyi VI Yay Düşərgəsində iştirakınız sizə nə qazandırdı? Həmin proqram çərçivəsində yaddaşınızda ən çox qalan məqam nə oldu? Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi VI Yay Düşərgəsində iştirakım mənim üçün çox dəyərli təcrübə oldu. Ən böyük qazancım dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərlə bir araya gəlmək idi. Orada fərqli sahələrdə uğur qazanan gənclərlə tanış olmaq həm qürur hissi yaradırdı, həm də insanı daha böyük məsuliyyət hiss etməyə vadar edirdi. Düşərgə mənə diaspor fəaliyyətinə daha geniş baxmağa imkan verdi. Bir daha anladım ki, diaspor yalnız ölkəni tanıtmaq deyil, həm də bir-birini tanımaq, dəstəkləmək və ortaq məqsədlər ətrafında birləşməkdir. Ən yaddaqalan məqamlardan biri Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşümüz oldu. Həmin görüşdə Azərbaycanı xaricdə necə tanıtmaq mövzusu müzakirə edilirdi. Mən də qeyd etdim ki, ölkəni tanıtmaq üçün mütləq incəsənət sahəsində fəaliyyət göstərmək lazım deyil. İnsan elm, təhsil, texnologiya və ya istənilən başqa sahədə çalışsa belə, öz mədəniyyətini və milli kimliyini layiqincə təmsil edə bilər. Görüş zamanı bəstəkar Cavanşir Quliyevin “Hər şey gözəldir həyatda” mahnısından bir parçanı ifa etdim. Mahnıdan sonra o, zarafatla mənə “Sənin Çində nə işin var? Gəl Azərbaycana, konservatoriyada oxu” dedi. Bu sözlər mənim üçün çox yaddaqalan və dəyərli xatirəyə çevrildi. Digər unudulmaz məqam isə düşərgənin son gecəsində yaşandı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlı gənclər Xankəndidə bir araya gəlmişdi. Həmin axşam biz birlikdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə bağlı mühüm görüşünü izlədik. O an hamını birləşdirən əsas hiss milli birlik və Azərbaycanla bağlılıq idi. Mənim üçün həmin gecə diaspor ruhunun və milli kimliyin gücünü ən yaxşı göstərən anlardan biri oldu. Ümumilikdə, VI Yay Düşərgəsi mənə göstərdi ki, diaspor fəaliyyəti yalnız xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi deyil, həm də onların bilik və potensialının ölkə üçün dəyərə çevrilməsi prosesidir. Düşünürəm ki, belə proqramların davamlı olması və elm, təhsil, texnologiya, innovasiya kimi sahələrdə konkret layihələrlə zənginləşdirilməsi çox faydalı olar Bu gün Çində təhsil almaq və yaşamaq istəyən azərbaycanlı gənclərə nə tövsiyə edərdiniz? Sosial şəbəkələrdə görünən Çinlə real Çin arasında hansı fərqlər var, eyni zamanda, gələcək planlarınızla bağlı nə düşünürsünüz - fəaliyyətinizi Çində davam etdirmək, yoxsa qazandığınız bilik və təcrübəni Azərbaycanda tətbiq etmək istəyirsiniz? - Çində təhsil almaq və yaşamaq istəyən azərbaycanlı gənclərə ilk növbədə onu tövsiyə edərdim ki, buraya yalnız diplom almaq məqsədilə gəlməsinlər. Çin təkcə universitet təhsili deyil, həm də insanın dünyagörüşünü dəyişən fərqli bir mühitdir. Burada insan akademik biliklə yanaşı, çalışqanlıq, intizam, vaxtın düzgün idarə olunması və davamlı inkişaf mədəniyyətini də öyrənir. Məncə, Çində təhsil alan gənc yalnız ixtisas qazanmır, eyni zamanda fərqli düşünməyi də öyrənir Sosial şəbəkələrdə görünən Çinlə real Çin arasında da müəyyən fərqlər var. Sosial mediada daha çox texnologiya, böyük şəhərlər və sürətli həyat tərzi nümayiş etdirilir. Amma real həyatda Çin daha dərin və mürəkkəbdir. Burada insan texnoloji inkişafla yanaşı, insanların sistemli işləməsini, təhsilə yanaşmasını, uzunmüddətli planlaşdırma mədəniyyətini və kollektiv məsuliyyət hissini də görür Bəzən elə təsəvvür yaranır ki, burada hər şey avtomatik və çox rahat işləyir. Əslində isə Çin kifayət qədər rəqabətli mühitdir. Xüsusilə universitetlərdə tələbələr və tədqiqatçılar çox çalışırlar. Buna görə də uğur qazanmaq üçün yalnız savad deyil, uyğunlaşmaq, səbirli olmaq və davamlı öyrənmək bacarığı da vacibdir Gələcək planlarıma gəldikdə isə, hesab edirəm ki, Çində qazandığım bilik və təcrübənin əsas dəyəri onun Azərbaycana necə tətbiq olunacağındadır. Burada xüsusilə təhsil texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya sahəsində zəngin təcrübə formalaşıb. İstəyirəm ki, gələcəkdə bu bilikləri Azərbaycan təhsil sisteminə uyğunlaşdırım, müəllim hazırlığı, düşüncə yönümlü tədris və süni intellektin təhsildə tətbiqi istiqamətlərində fəaliyyət göstərim Beynəlxalq akademik mühitlə əlaqələrin davam etməsi mənim üçün vacibdir. Lakin uzunmüddətli məqsədim qazandığım təcrübəni Azərbaycanın inkişafına yönəltmək və təhsil sahəsində innovativ yanaşmaların tətbiqinə töhfə verməkdir. Məncə, xaricdə təhsil almağın ən böyük mənası da budur: insan yalnız özü inkişaf etmir, qazandığı bilik və təcrübə ilə öz ölkəsinin inkişafına da xidmət etməyə çalışır

Kaynak: modern.az

Diğer Haberler