Tenqri
Ana Səhifə
Dünya

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Milli Məclisdə müzakirə olunan sosial şəbəkələrdən istifadə ilə bağlı qanun layihəsi uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində atılan mühüm addımlardan biridir. Sənədin əsas məqsədi azyaşlıların onlayn təhlükələrdən müdafiəsini gücləndirmək, onların təhlükəsiz rəqəmsal mühitdə fəaliyyətini

0 baxışazertag.az
Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək
Paylaş:

Milli Məclisdə müzakirə olunan sosial şəbəkələrdən istifadə ilə bağlı qanun layihəsi uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində atılan mühüm addımlardan biridir. Sənədin əsas məqsədi azyaşlıların onlayn təhlükələrdən müdafiəsini gücləndirmək, onların təhlükəsiz rəqəmsal mühitdə fəaliyyətini təmin etmək və sosial şəbəkələrdən istifadənin yaratdığı riskləri minimuma endirməkdir Bunu AZƏRTAC-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu bildirib Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş oxşar təşəbbüslər həyata keçirilir və Azərbaycanın da bu istiqamətdə addım atması beynəlxalq təcrübəyə uyğun yanaşmadır. Qanun layihəsinin mühüm üstünlüklərindən biri uşaqların zərərli məzmunlardan qorunmasına xidmət etməsidir. 16 yaşdan aşağı şəxslərin yaş məhdudiyyəti tətbiq olunan platformalara çıxışının məhdudlaşdırılması onların zorakılıq və aqressiv məzmunla qarşılaşma riskini azalda bilər “Qanun layihəsində sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması da xüsusi əhəmiyyət daşıyır. Əgər platformalar yaşın yoxlanılması, təhlükəsizlik tədbirlərinin tətbiqi və zərərli məzmunun silinməsi ilə bağlı konkret öhdəliklər daşıyırlarsa, bu, məsuliyyətin yalnız valideynlərin üzərində qalmasının qarşısını alır. Belə yanaşma rəqəmsal təhlükəsizlik sahəsində daha səmərəli nəzarət mexanizmlərinin formalaşmasına şərait yarada bilər. Qanun layihəsində nəzərdə tutulan müddəalar valideyn nəzarətinin güclənməsinə də imkan yaradır. 16-18 yaş arası istifadəçilər üçün xüsusi təhlükəsizlik rejimlərinin tətbiqi, hesabların daha məxfi şəkildə idarə olunması, naməlum şəxslərlə əlaqələrin məhdudlaşdırılması, reklam və məlumat toplama fəaliyyətinin məhdudlaşdırılması, həmçinin ekran vaxtına nəzarət imkanlarının genişləndirilməsi müsbət nəticələr verə bilər”, – deyə mütəxəssis qeyd edib O, şəxsi məlumatların qorunmasının da sənədin vacib istiqamətlərindən biri olduğunu vurğulayaraq deyib: “Azyaşlılar çox vaxt paylaşdıqları məlumatların gələcək nəticələrini tam şəkildə dərk etmirlər. Məlumatların toplanması və emalına əlavə məhdudiyyətlərin qoyulması onların gələcəkdə məxfilik problemləri ilə üzləşməsi riskini azalda bilər. Qanun layihəsi ilə bağlı bəzi dairələr tərəfindən ifadə azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı suallar səsləndirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, söhbət azyaşlıların müdafiəsi məqsədilə tətbiq edilən tədbirlərdən gedir. Burada məqsəd uşaqları rəqəmsal mühitdən tam təcrid etmək deyil, onların təhlükəsizliyini təmin etməkdir. Ona görə də məsələyə qadağa prizmasından deyil, müdafiə mexanizmi kimi yanaşmaq daha doğru olar” R.Fikrətoğlu qanunun tətbiqi zamanı müəyyən texniki və praktik çətinliklərin də yarana biləcəyini, sosial şəbəkələrin böyük əksəriyyətinin xarici şirkətlər tərəfindən idarə olunduğunu da xatırladıb. “Təcrübə göstərir ki, bəzi hallarda uşaqlar doğum tarixlərini dəyişərək, valideynlərin hesablarından istifadə edərək və ya VPN kimi vasitələrdən yararlanaraq məhdudiyyətləri keçə bilirlər. Buna görə də yaşın yoxlanılması mexanizmlərinin effektivliyi gələcəkdə müzakirə mövzularından biri olacaq. “TikTok”, “Facebook” və digər platformaların milli qanunvericiliyin tələblərini hansı səviyyədə və necə icra edəcəyi ayrıca hüquqi və texniki məsələdir. Bu istiqamətdə müəyyən çətinliklərin yaranması istisna deyil. Qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal təhlükəsizliyini artırmaq və onları müxtəlif risklərdən qorumaqdır. Sənəd beynəlxalq tendensiyalara uyğundur və xüsusilə azyaşlıların şəxsi məlumatlarının qorunması, kibertəhqir hallarının qarşısının alınması və zərərli məzmun risklərinin azaldılması baxımından müsbət nəticələr vəd edir. Qanunun uğuru, ilk növbədə, yaşın yoxlanılması mexanizmlərinin necə qurulacağından, məxfilik hüququnun necə qorunacağından və tətbiq mexanizmlərinin texniki baxımdan nə dərəcədə işlək olacağından asılı olacaq. Əks halda bəzi məhdudiyyətlər formal xarakter daşıya və uşaqlar tərəfindən asanlıqla yan keçilə bilər. Ümumilikdə isə hesab edirəm ki, qanun layihəsi düzgün icra olunarsa, uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bunun üçün yalnız hüquqi tənzimləmələr deyil, valideynlərin, məktəblərin, dövlət qurumlarının və sosial şəbəkə platformalarının birgə fəaliyyəti də vacibdir”, – deyə ekspert əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler