Panayır güzgüsü - Məryəm Bağırova yazır
Bəzən insan özünə baxdığı yerdə həqiqəti yox, sadəcə inanmağa öyrəşdiyi təhrif olunmuş bir təsviri görür. Sanki panayır güzgüsünə baxırmış kimi... Orada insan nə qədər normal dayansa da, əksi ya həddindən artıq uzanır, ya əyilir, ya da tanınmaz hala düşür. Və ən təhlükəlisi də odur ki, insan bir müd

Bəzən insan özünə baxdığı yerdə həqiqəti yox, sadəcə inanmağa öyrəşdiyi təhrif olunmuş bir təsviri görür. Sanki panayır güzgüsünə baxırmış kimi... Orada insan nə qədər normal dayansa da, əksi ya həddindən artıq uzanır, ya əyilir, ya da tanınmaz hala düşür. Və ən təhlükəlisi də odur ki, insan bir müddət sonra həmin görüntünün həqiqətən özü olduğuna inanmağa başlayır. “Çirkinəm”, “yetərli deyiləm”, “seviləcək biri deyiləm” deyən o daxili səs çox vaxt insanın öz səsi olmur. O, bəlkə illər əvvəl eşidilmiş bir tənqidin, bir müqayisənin, bir alçaldılmanın kölgəsidir. Şüur bəzən insanı qorumaq istəyir, amma bunu yanlış üsulla günahlandıraraq edir. İnsan zamanla həmin görüntüyə inanmağa başlayır. Və elə bu məqamda, əsl təhlükə doğur, insan özünü özünün təhrif olunmuş bir versiyası kimi qəbul edir Unutmamaq lazımdır ki, hər güzgü həqiqəti göstərmir. İnsan doğru güzgünü tapmayınca, özü ilə münasibəti də sağlam olmur. Bəzən insan yanlış güzgüdə gördüyü obraza inanaraq, elə o insan kimi yaşamağa başlayır. Yanlış güzgüyə baxdıqca, sən özünlə münasibətdə sağlamlıq tapmırsan. Ən qorxuncu isə budur ki, insan həmin təhrif olunmuş əksə inanır, həyatını ona uyğun qurur, sanki həqiqətən də elə olmalıdır. O halda illər, zaman və sevgi, diqqət, özünü qəbul etmə fürsətləri əldən gedir Bu hadisə ilə bağlı maraqlı bir əhvəlat da var: Bir adam hər gün panayırdakı eyni əyri güzgüyə baxır və öz-özünə deyir: “Mən çirkinəm...” Bir gün biri ona yaxınlaşıb deyir: “Bu, panayır güzgüsüdür, səni təhrif edir. Bu, əsl üzün deyil”. Adam başını aşağı salıb cavab verir: “Bu, mənim tək güzgümdür. Mənim başqa güzgüm yoxdur”. O, illərlə özünü maska arxasında gizlətmişdi, həqiqətini görməmişdi. İnsanların onu bəyənməyəcəyinə o qədər əmin idi ki, özünü heç kimə göstərməməyə çalışırdı. Nə yazıq ki, o adam ömrünün 40 ilini bu şəkildə yaşayıb itirdi. Amma faciə təkcə bu deyildi. O, bu həqiqəti anladıqdan sonra belə xoşbəxt ola bilmədi. Çünki o, qarşısında qalan illərin dəyərini görmək əvəzinə, itirdiyi illərin yasını tutmağa başladı. O, yaşaya biləcəyi günləri yox, yaşaya bilmədiyi illəri düşündü. Sevə biləcəyi insanları yox, qaçırdığı ehtimalları xatırladı. Qarşısında açılan qapılara yox, artıq bağlanmış qapılara baxdı. Və beləcə, o, yalnız 40 ilini yox, ondan sonrakı illərini də eyni şəkildə itirdi. Panayır güzgüsü artıq yalnız onun keçmişini yox, gələcəyini də təhrif edirdi Fəlsəfi baxımdan, hər insanın yolu da elə bir güzgü ilə doludur, biz hansı güzgüyə baxacağımızı seçməliyik. Özünü qəbul edən, sevgi və həqiqətlə dolu güzgünü tapmaq, onu gündəlik həyatımızda saxlamaq lazımdır. Əks halda illər bir-birini əvəzləyir, vaxt itirilir və insan başa düşür ki, əsl problem heç də güzgüdə deyilmiş - problem sənə yapışdırılmış etiketlərdə, yanlış baxışlarda, qorxularda və maskalarda imiş. Düzgün güzgü - sevgi ilə baxdığın, səhvlərini qəbul etdiyin, özünü təhrif etmədən görə bildiyin güzgüdür. Həyat, panayır güzgüsü deyil, sən baxdığın güzgünü seçməyi öyrəndikcə, əsl xoşbəxtlik başlanır. Və bəlkə də ən acı həqiqət budur. İnsan bəzən həyatını bir panayır güzgüsünə inanaraq yaşayır... Sonra bir gün anlayır ki, gördüyü heç vaxt həqiqət olmayıb. Amma problem təkcə bu deyil. Problem odur ki, insan bunu anladıqdan sonra belə azad ola bilmir. Çünki o, çox vaxt qarşısında olanı deyil, artıq itirdiyini düşünür. Keçmişin peşmanlığı gələcəyin qarşısını kəsir. İtirilmiş illərin ağırlığı, yaşanacaq illərin dəyərini kölgədə qoyur. Beləcə, insan təkcə keçmişini yox, gələcəyini də eyni yanlış baxışla itirir. Çünki bəzən insanı həyat məhv etmir... İnsan, sadəcə, həqiqət olmayan bir əksə inanaraq öz həyatını yavaş-yavaş tükəndirir. Doğru güzgünü seçdiyimiz an, itirdiklərimiz yox, yaşaya biləcəklərimiz həyatımızın həqiqi başlanğıcına çevrilir

