Mələk xanım - Mərhum şair Şahmar Əkbərzadənin ömür-gün yoldaşı Mələk xanım Baharlıya
Xoş təsadüfləri sevirəm və əminliklə deyə bilərəm ki, bütün təsadüflər illərlə rastlaşdığımız, şahidi olduğumuz hadisələrin davamı, nəticəsidir 1996-cı il oktyabr ayının son günləri idi. Hüseyn Cavid məqbərəsinin açılış mərasimi Naxçıvanda böyük izdiham yaratmışdı. Turan xanım Cavidin şəxsi dəvəti

Xoş təsadüfləri sevirəm və əminliklə deyə bilərəm ki, bütün təsadüflər illərlə rastlaşdığımız, şahidi olduğumuz hadisələrin davamı, nəticəsidir 1996-cı il oktyabr ayının son günləri idi. Hüseyn Cavid məqbərəsinin açılış mərasimi Naxçıvanda böyük izdiham yaratmışdı. Turan xanım Cavidin şəxsi dəvəti ilə məqbərənin açılışında iştirak etmək səadətini yaşamaq mənə də nəsib oldu. Üç gün davam edən möhtəşəm tədbirlərin biri Naxçıvan Dövlət Dram Teatrında keçirilirdi. Şeirlərini sevə-sevə oxuduğum Şahmar Əkbərzadəni zalda görəndə çox sevindim. Salam verib boş oturacaq axtarışıyla ətrafa baxırdım ki, "Gəl, gəl əyləş qızım" - dedi. Tədbirin gedişatı zamanı Şahmar müəllim səmtini azca mənə tərəf çevirib şeir söyləməyə başlayanda öncə təlaşlandım, ancaq bu, bir an məsələsi oldu. Şeirin ilk "Kəcavən mübarək, toyun mübarək" misrası məni elə duyğulandırdı ki... Şeir Hüseyn Cavid türbəsinin açılışından bir neçə gün öncə Müşkünaz Cavidin nəşinin ölümündən öncə iyirmi il sonra Naxçıvana gətirilərək Cavid əfəndinin nəşiylə qovuşması münasibəti ilə yazılmışdı. Şeir bitəndə başımı qaldırıb təşəkkür etdim və Şahmar müəllimin gözlərindən axan yaş, baxışlarının uzaqlara dikilməsi məni bərk kövrəltdi... Bundan sonrakı çıxışları eşitsəm də, anlaya bilmirdim, elə ordaca ruhuma hopmuş "Kəcavən mübarək, toyun mübarək" misraları məni məndən almışdı Məzardan məzara gəlin köçürsən Kəcavən mübarək, toyun mübarək Qan qana qovuşan gün deyil bu gün Sibirdə içildi qanı Cavidin Toyudur sürgündə donan sümüyün Bu gün açılacaq donu Cavidin İllər keçdi. 1999-cu ilin gözəl bir payız axşamı uca Tanrım lütf edib ocağımıza nur ələmişdi. Güneyimizdən dünya şöhrətli cərrah, alim doktor Cavad Heyət, böyük alim cərrah, professor Nurəddin Rzayev və xanımı, çağdaş ədəbiyyatımızın nəhəng simaları Bəxtiyar Vahabzadə və Şahmar Əkbərzadə qonaq gəlmişdilər. Bir neçə dəfə "Ay qızım, sən də bir əyləş" deyilsə də, sayğı əlaməti olaraq masanın yaxınlığında dayanıb söhbətə maraqla qulaq asır və eşitdiklərimi hafizəmdə saxlamağa çalışırdım. Bəxtiyar müəllimin dəvətiylə ilk dəfə bizə qonaq gələn Şahmar Əkbərzadə Naxçıvandakı həmin görüşü xatırlatdı. Cavad Heyətin təklifi ilə böyük şairimiz şeiri səsləndirdi və gələrkən gətirdiyi kitabını imzası ilə hədiyyə etdi. Ailə arxivimizdə həmin gecə çəkdirdiyimiz fotonu bu günə qədər qoruyub saxlamışam. İllər sonra bu gün də xatırladıqca özümə həsəd apardığım, qulaqlarımın ucuna qədər həyəcandan qızardığım o mübarək gecəni bir başqa yanğıyla xatırlayacağımı təsəvvür etməzdim və əlbəttə, bu iki görüşün zərurətdən doğan xoş təsadüf olduğuna inanırdım İllər sonra yenə bir təsadüf. Bir yas mərasimində Şahmar Əkbərzadənin ömür-gün yoldaşı Mələk xanımla rastlaşdım. Böyük şairimiz artıq dünyasını dəyişmişdi. Mələk xanım məclisdəki cavan xanımlara "Ay gözəl xanımlar, nə qədər ki, evinizin çırağı, başınızın tacı ərləriniz sağdır, qədrini bilin, nə olur-olsun heç vaxt küsülü qalmayın" - deyib illər öncə ona həsr olunmuş gözəl bir şeirin yaranma səbəbini danışıb ipək səsi ilə oxudu Burax inadını, ay ömrüm, günüm Çəkilər göylərə harayım, ünüm Dolaşar qəfildən ömür düyünüm Ayırar bu dünya bizi nə vaxtsa Dağlayar qəlbini, dağlayar dağ-dağ Sinəmdə əcəlin çatdığı ocaq Tüstüsü gözünü yandırar ancaq Üşüdər qəlbini közü nə vaxtsa Ha səslən, dağılmaz əbədi yuxum Burnunun ucunu göynədər qoxum Çarpaz dağlar çəkər sənə yoxluğum Çiləyər yarana duzu nə vaxtsa Düşər xatirələr yadına bir-bir Yanarsan günlərin oduna bir-bir Əsər əsim-əsim, titrəyər tir-tir Sınar qürurunun dizi nə vaxtsa Bəxtin gözlənilməz günlə rastlaşar Odun da, közün də Şahmarsızlaşar Dadın da, duzun da Şahmarsızlaşar Ayırar bu dünya bizi nə vaxtsa Şeir məni uşaqlıq, yeniyetmə çağlarıma apardı. Axı mən də şair ailəsində böyümüşdüm. Atamın çox erkən dünyadan köçən anama həsr etdiyi şeirləri və daha nələri... nələri xatırladım. Xatirələr məni elə uzaqlara apardı ki, Mələk xanımla yaxından tanış ola bilmədim. Ancaq içimdəki, susmayan səs "Üzülmə Jalə, sizi mütləq görüşdürəcəyəm" dedi Yenə illər keçdi, bu dəfə Tanrı çox, lap çox lütf etdi, böyük şairimiz Şahmar Əkbərzadənin ocağında qonaq oldum. Təsadüfmü? Əlbəttə ki, yox. Evlərinin astanasındaca ata ocağımın ab-havasını, ətrini duydum. Üçüncü gəlişimdən sonra Şahmar Əkbərzadə ocağına bir övlad kimi, bacı kimi bağlandım, bir hikmət xəzinəsi tapdım bu ocaqda. Bu hikmət xəzinəsi adı özünə, özü adına yaraşan Mələk xanıma aid idi. Elə ilk söhbətimizdən anlamışdım ki, insanın həyata, milli-mənəvi dəyərlərə münasibətindəki zənginliyin kökündə mənən zəngin soyu-kökü dayanır. Yanılmamışdım. Hər gəlişimdə Mələk xanımın sayğıyla, həvəslə dilə gətirdiyi xatirələri dinlədikcə zamanın necə keçdiyinin fərqində olmurdum. Təpədən dırnağa saflıq, təbiilik mücəssəməsi olan Mələk xanımın titrəyən yanğılı səsinə, bulud kimi dolub-boşalan gözlərinə baxmaqdan, müdrik kəlamlarını heyranlıqla dinləməkdən doymurdum. Mələk xanım Qarabağın sayılıb-seçilən kişilərindən olan, Ağdamın Baharlı obasında dünyaya göz açan babası Əliş bəylə adını daşıdığı nənəsi Mələk xanımla bağlı bir xatirə danışdı. Bu, sadəcə bir xatirə, həyat hekayəsi deyildi, təkcə bu nəslin yox, ata-babalarımızın, milli-mənəvi dəyərlərimizin nə qədər zəngin olduğunu göstərən nümunə idi Həmin xatirəni indi sizlərlə də bölüşmək istəyirəm Sovet hökumətinin yenicə qurulan vaxtlarıymış. Qırmızı papaqlılar bəyləri sürgün etməklə ürəkləri soyumayıb illərlə sahib olduqları var-dövlətlərini də sorğu-sualsız sovet hökumətinin xeyrinə müsadirə edirmişlər. Qara əllər Qarabağ mahalında mərdliyi ilə camaatın hörmətini qazanan Əliş bəyin də qapısını döyür, halal, isti ocağına kül üfürür. Qazaxıstanın Çimkənd vilayətinə sürgün edilən Əliş bəy iki balasını və canından artıq sevdiyi Mələk xanımı Allaha əmanət etməli olur. Ağır günlər başlayır. Hər keçən gün Əliş bəyin qapısını ilginc xəbərlərlə açır. Kimin hünərinəydi "Mələk xanım" deyə müraciət etsin, "xanım", "bəy" sözünü dilinə gətirənin cəzası bəlliydi. Hər gün çiynində kətmən tarladan evə dönən Mələk xanım kənd arvadlarının gətirdikləri xəbərlərə məhəl qoymur Ay Mələk, Əlişin mal-qarasını qabaqlarına qatıb kolxoza göndərdilər Əlişin canı sağ olsun, qayıdıb gələndən sonra yüz elə mal-qara sürüsü qoşub düzəldəcək Ay Mələk, ay Mələk, indicənə bizim uşaqlar xəbər gətirdilər ki, Əlişin kərpic zavoduna beş-altı adam gəlib qapısına bir yazı vurublar. Ay qız, yazıq Əliş, heç o zavodu bircə gün də işlətmədi Qoy kim oturur otursun, təki Əlişin canı sağ olsun, qayıdar təzəsini tikər. Yüz elə zavod Əlişin bircə telinə dəyməz Bu minvalla Əliş bəyin şəxsi əmlakından bir evdən başqa heç nə qalmır. Ancaq Mələk xanım bircə dəfə də köks ötürmürmüş. Hər gün gözləri yolda Əlişindən məktub gözləyirmiş Əliş bəyin məktublarını dönə-dönə oxuyub, öpüb gözlərinə sürtüb "Ay Əliş, ay Əliş" deyib təklikdə göz yaşarlı töksə də, el içində özünü tox tutarmış Bu minvalla məşəqqət dolu günlər ötüb keçir. Bir gün kətmən çiynində həyətə yaxınlaşan Mələk xanım evin qarşısındakı iri çinar ağacının dibindən kəsilib doğranaraq ətrafa səpildiyini görüncə, sanki dünyası çökür. Üz-gözünü dırnaqlarıyla qanı axanacan didib-parçalayan, saçlarını yolan, əynindəki paltarlarını cırıb dağıdan Mələk xanımı sakitləşdirmək hünər istəyirdi. Kənd arvadlarından biri ürəklənib "Ay Mələk, ay qurban olum, topdağıtmaz malın-mülkün getdi cınqırını da çıxartmadın, indi bir ağac səni niyə belə yerlə-yeksan elədi?" Heç kəsə məhəl qoymayan Mələk xanım azca toxdayandan sonra üzünü baltalanmış çinara tərəf tutub "Ay elim-günüm, məni qınamayın, var-dövlət bir gün var, bir gün də heç olmasa nə olar ki? Bu qoca çinarın kitablara, dillərə sığmayan xatirələri var. Bu çinarın altında nə kişilər oturub, nə oğullar süfrə açıb. Bu çinarın altında saymaqla bitməyən alimlər, böyük ustad xanəndələr, dünyanın haralarından gələn qonaqlar oturmuşdu axı. Siz bu çinara niyə elə ağac kimi baxırsınız? Əliş gəlib hər şeyi yoluna qoya biləcək, bircə bu çinardan başqa. Kaş bu çinarın yerinə məni öldürəydilər. O çinar neçə tarixi hadisələrə şahidlik etmişdi axı". Bu hadisədən sonra heç kəs Mələk xanımın üzünü gülən görmür P.S. Günlərdir, mən də bu xatirənin təsirindən çıxa bilmirəm. Hər kəlməsində Şahmar Əkbərzadənin nəbzi vuran Mələk xanımı dinlədikcə bir daha əmin oldum ki, elə insanlar var, onların bu dünyadan köç etməsi heç də ayrılıq anlamına gəlmir. Bir gözəl deyim var: "İnsan unudulanda ölür". Bir daha, bir daha əmin oldum ki, mayası saflıqdan, halallıqdan, dürüstlükdən yoğrulan Şahmar Əkbərzadə ocağından Haqqın dərgahına qovuşanlar yalnız cismən aramızda yoxdur. Bu ocağın işığını Tanrı heç vaxt söndürməz. Bu ocağın daim yanmasını qoruyub saxlayan mələk üzlü, mələk xislətli Mələk xanımlar olub və daima olacaq

