Məktəblərdə vahid geyim sosial bərabərliyə də xidmət edir - ekspetlər
Milli Məclisdə "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər çərçivəsində ümumi təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, məktəbli forması ilə bağlı tələblərin hüquqi əsaslarının dəqiqləşdirilməsi və müəllimlərin geyim standartları məsələləri müzakirə olunub. Müzakirələr zamanı t

Milli Məclisdə "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər çərçivəsində ümumi təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, məktəbli forması ilə bağlı tələblərin hüquqi əsaslarının dəqiqləşdirilməsi və müəllimlərin geyim standartları məsələləri müzakirə olunub. Müzakirələr zamanı təhsil müəssisələrində vahid qaydaların formalaşdırılması, məktəb mühitində nizam-intizamın gücləndirilməsi və təhsil prosesinin bütün iştirakçıları üçün ümumi prinsiplərin müəyyənləşdirilməsi məsələləri ön plana çıxarılıb Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eskperti Elçin Əfəndi bildirib ki, vahid geyim formasının həm təhsilalanlar, həm də müəllimlər üçün tətbiqi hazırda müzakirə olunur. Ekspert hesab edir ki, bu yanaşmanın bir sıra müsbət tərəfləri var "İlk növbədə, vahid geyim forması görüntü baxımından daha səliqəli və estetik mühit yarada bilər. Digər tərəfdən, bu, sosial bərabərliyin təmin olunmasına xidmət edən vacib amillərdən biridir. Çünki əvvəllər geyimlər, aksessuarlar və digər xarici görünüş elementləri müəyyən fərqlər yarada bilirdisə, vahid forma tətbiq edildikdə bütün şəxslər eyni geyimdə olur və bu fərqlər minimuma enir. Beləliklə, sosial bərabərlik daha çox qorunmuş olur" Ekspert onu da əlavə edib ki, vahid geyim müəllim və ya təhsilalanın asanlıqla fərqləndirilməsinə imkan yaradır: "İnsanlar ilk baxışdan qarşılarındakı şəxsin təhsil müəssisəsinin əməkdaşı və ya şagird olduğunu müəyyən edə bilirlər. Düşünürəm ki, bu, ümumilikdə qəbul oluna biləcək bir yanaşmadır. Belə təcrübələr təkcə Azərbaycanda deyil, dünyanın bir sıra inkişaf etmiş ölkələrində də mövcuddur. Bir çox təhsil müəssisələrində müəllimlər üçün dress-kod və ya vahid geyim tələbləri tətbiq edilir. Bu baxımdan, belə bir addımın atılması xoş görüntü yarada bilər. Bununla yanaşı, bizim üçün əsas prioritet təhsil keyfiyyətinin daha da yüksəldilməsi olmalıdır. Təhsil sahəsində aparılan bütün dəyişikliklər və müzakirələr ilk növbədə tədrisin keyfiyyətinin artırılmasına, ümumi təhsil göstəricilərinin yaxşılaşdırılmasına xidmət etməlidir", - deyə E.Əfəndi qeyd edib Təhsil eksperti Məzahir Məmmədli isə deyib ki, ümumilikdə, müvafiq təcrübə göstərir ki, vahid geyim formalarının işin daha sistemli və keyfiyyətli təşkilinə müəyyən müsbət təsirləri olur: "Bununla bağlı müxtəlif nümunələr mövcuddur. Məsələn, hərbiləşdirilmiş qurumları bir kənara qoysaq, notariat ofislərində, banklarda, eləcə də bizim üçün uğurlu təcrübə hesab olunan “ASAN Xidmət” mərkəzlərində əməkdaşların vahid formada fəaliyyət göstərdiyini görürük. Bu da həm iş mühitinin təşkilinə, həm də ümumi korporativ mədəniyyətin formalaşmasına xidmət edir Mən hesab edirəm ki, müəllimlər üçün də vahid geyim formasına keçid yenilik kimi qarşılanacaq və müsbət təsir göstərəcək. Müəllimin cəmiyyətdə vahid formada görünməsi onun peşə nüfuzunun daha da artmasına xidmət edə bilər. İctimai nəqliyyatda, metroda və ya digər məkanlarda müəllimin asanlıqla tanınması insanlarda ona qarşı hörmət və rəğbət hissini gücləndirə, şagirdlərin isə müəllimlərini daha rahat fərqləndirməsinə şərait yarada bilər" Ekspertin fikrincə, bu gün müəllim nüfuzunun artırılmasından danışırıqsa, belə addımların müəllim peşəsinin cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyini düşünürəm: "Müəllimin nümunəvi görünüşə malik olması həm onun öz davranışına, həm də şagirdlərin ona münasibətinə müsbət təsir göstərə bilər. Qeyd edim ki, müəllimlərin etik davranış qaydaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur və həmin sənəddə qeyri-etik, vulqar geyimlərə məhdudiyyətlər nəzərdə tutulur. Vahid geyim formasının tətbiqi isə bu yanaşmanı daha da sistemli hala gətirə bilər" M.Məmmədli eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycanda artıq bu istiqamətdə müəyyən təcrübə formalaşıb "Həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən təxminən 10-a yaxın məktəbdə müəllimlər üçün vahid geyim forması tətbiq edilir. Bu qərarlar pedaqoji şuralar tərəfindən qəbul olunub və kişi, eləcə də qadın müəllimlər üçün ayrıca geyim nümunələri müəyyənləşdirilib. Təcrübə artıq bir neçə ildir ki, uğurla davam edir" Ekspertin fikrincə, vahid geyim forması müəllimlərin peşəkar imicinin formalaşmasına, təhsil mühitində nizam-intizamın güclənməsinə və ümumi iş mühitinin daha sistemli təşkilinə töhfə verə bilər "Bu, geyim seçimi ilə bağlı əlavə vaxt itkisini azalda, müəyyən mənada müəllimin büdcəsinə də müsbət təsir göstərə bilər. Digər tərəfdən, müəllimlər arasında xarici görünüşlə bağlı fərqlərin azalmasına, daha peşəkar və vahid təhsil mühitinin formalaşmasına xidmət edər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, vahid geyim forması həm müəllimlər, həm şagirdlər, həm də bütövlükdə cəmiyyət üçün faydalı nəticələr verə bilər", - deyə M.Məmmədli fikrini tamamlayıb


