Milli ruhlu şəxsiyyət və sənətkarlıq örnəyi - Mir Cəlal Paşayev
Azərbaycan ədəbiyyatının ideya-məzmun və bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal ) yaradıcılığının xüsusi yeri var. XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayır. Onun qələm

Azərbaycan ədəbiyyatının ideya-məzmun və bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal ) yaradıcılığının xüsusi yeri var. XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayır. Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə və prosesləri öyrənmək üçün qiymətli bədii məxəzdir. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi və bədii söz xəzinəmizi zənginləşdirib Görkəmli yazıçı və əvəzsiz alim Mir Cəlal bütün ruhu ilə milli məfkurəli bir şəxsiyyət idi. Xalqının faciəli həyatını özünün şəxsi həyatında yaşayan ədib bu faciələri ədəbi yaradıcılığında mükəmməl şəkildə əks etdirmiş, onu doğuran səbəbləri tənqid və ifşa edərək xoşbəxt gələcəyini arzulamışdı. Baxmayaraq ki, sovet dövrünün ən nüfuzlu yazıçı və alimlərindən biri idi, Mir Cəlalın elmi və bədii yaradıcılığında milli mündəricə başlıca yer tutur, onun üslubunun nüvəsində dayanırdı. Görkəmli ədibin milli məfkurəli bir yazıçı olması onun yaratdığı obrazların mənəviyyatında, ruhunda, ideyalarında, əxlaqı və dəyərlərində, vətənə, xalqa, ölkəyə münasibətində, dilində, dinində, imanında təzahür edib. Vətənə dərin məhəbbət bəsləyən böyük yazıçının "Dirilən adam", "Açıq kitab", "Yaşıdlarım", "Yolumuz hayanadır" kimi romanlarında, "İnsanlıq fəlsəfəsi", "Vicdan mühakiməsi", "Ərik ağacı", "Vətən yaraları", "Badam ağacları" və digər hekayələrində vətənə və xalqa məhəbbət, onun gələcəyinə cavabdehlik, ümummilli taleyüklü mətləblər başlıcalıq təşkil edir. Böyük yazıçımızın qələmindən çıxan "Kəmtərovlar ailəsi", "Həkim Cinayətov", "Bostan oğrusu", "Təzə toyun nəzakət qaydaları", "Özündən naxoş", "Xarici naxoşluq", "İclas qurusu" və başqa əsərləri satira və yumorun ən uğurlu nümunələrini yaratmaqla bərabər, bir sıra aktual məsələ və mətləbləri tənqid və ifşa edir. Mir Cəlal Paşayev obrazlar yaradarkən milli mənsubiyyətdən irəli gələn keyfiyyətləri də əks etdirməyi qarşısına məqsəd qoymuş və öhdəsindən müvəffəqiyyətlə gəlmiş, ən tipik və yaddaqalan insan xarakterləri yaratmağa nail olmuşdu O, bütün varlığı ilə millətinə bağlı ədəbiyyat nəhəngi idi və ideologiyanın tələb etdiyi insan surətlərini yaradarkən də milli keyfiyyətlərə həssas münasibət göstəriridi. Yazıçının yaradıcılığında şəxsi tərcümeyi-halına yaxınlığı ilə seçilən, əsl sənətkarlıq məharəti ilə ərsəyə gələn, XX əsrin 17-20-ci illərində Azərbaycanda baş verən ictimai-tarixi hadisələrə həsr olunan və yazıçıya böyük şöhrət qazandıran "Bir gəncin manifesti" (1938) əsərində ədibin çox böyük ustalıqla yaratdığı Bahar surəti nəinki Azərbaycan ədəbiyyatı tarixində, həm də dünya ədəbiyyatında yaradılmış uşaq obrazları arasında öz estetik təsiri ilə qəlbləri fəth edən əbədiyaşar bir surətdir. Sətiraltı məna və metaforik obrazlardan məharətlə istifadə edən görkəmli yazıçı Mir Cəlal "Bir gəncin manifesti" əsəri olmaqla bir sıra irili-xırdalı əsərlərində "qadağan olunmuş duyğuları" ifadə etməyə, milli kimliyi eybəcərləşdirən sovet maşınının mənfi tərəflərini tənqid etməyə müvəffəq olmuşdu Görkəmli ədibin yaradıcılığında sovet ictimai-tarixi inkişafının antimilli siyasəti və vurduğu zərərlər konkret və cəsarətlə əks və ifşa olunub. Yazıçı konkret düşüncələrini uğurla təqdim etməklə cəmiyyət üçün ciddi təhlükə mənbəyi olan insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün çox dolğun xarakterlər panoramasını əks etdirib. Əgər diqqətlə fikir verilsə, ədibin konkret ictimai-tarixi şəraitdə psixoloji-mənəvi eybəcərlik kimi təhlil və təqdim etdiyi bürokratçılıq, inzibatçılıq və sair kimi xarakter xüsusiyyətlərini ümumiləşdirdiyi "Gəldiyevçilik" fəlsəfəsi və xarakteri, ümumiyyətlə, sovet ideologiyasının - "sovetizm"in tipikliyi kimi nəzərə çarpır. Bütün həyati məsələləri, hətta ailə-məişət məsələlərini inzibatçılıqla həll və idarə etməkdən zövq duyan sosial-psixoloji xəstələr - psixopat "iclas quruları" ("İclas qurusu") mətnaltında fikirlərini uğurla nümayiş etdirməyə müvəffəq olan Mir Cəlal yaradıcılığında dövrün ideoloji inkişaf tezisinin yaratdığı ictimai-mənəvi naqislik kimi səciyyə tapır. "Təzə toyun nəzakət qaydaları" əsərində yazıçı "Məhv olsun köhnə qaydalar!" şüarı ilə milli davranış, xarakter, adət-ənənə, hətta ana dilinin daşlaşmış ifadələrinə qarşı amansız və kor-koranə mübarizə səylərini yanğı ilə ifşa və tənqid edir. "Allah sizdən razı olsun" yerinə "Təbiət sizdən razı olsun", ümumən "Allah"ın əvəzinə "Təbiət", "Təbiətin gizli qüvvələri" sözünün işlənməsi, habelə milli adət-ənənələrə zidd davranışların "təzə nəzakət qaydaları" olaraq kodekslərə çevrilməsi milli ruhlu yazıçı tərəfindən ikrahla qarşılanıb, yeni qurulmuş Şura cəmiyyətinin yeni dəbi "təzə toy" olaraq adlandırılıb və bu "yeniliklər"in gətirəcəyi pozğunluq dilimizdəki "toy tutmaq" anlamında mənalandırılıb. Ümumiyyətlə, həmişə öz estetik idealına sadiq sənətkar sovet cəmiyyətinin ictimai eybəcərliyi olan ideoloji robotluğa tənqidi münasibət bəsləmiş, bədii problem səviyyəsinə qaldırmağa nail olmuşdu Mir Cəlalın ədəbi tənqiddə "həqiqətin üzünə dik baxan əsər" (akad. M.Cəfər) kimi yüksək qiymətləndirilən "Açıq kitab" (1941) romanında müəllif çox uğurla yaradılmış, "Əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa enməyi bacar" kimi bir həyat fəlsəfəsi ilə yaşayan Gəldiyev obrazı və ona bənzər insanların varlığı fonunda əslində "ali insan" yaratmaq əvəzinə "naqis insan" yaratmış konkret ideologiyanın ortaya çıxardığı ictimai-mənəvi naqisliyi, şikəstliyi təqdim və tənqid edir. Müəllifin fikrincə, Kəmtərovlar ailəsini, Anket Anketov, Qədir, Kərim Gəldiyev kimi "ideorobotları", dayaz adamları və ailələri mövcud cəmiyyətin özü, onun tərbiyə və təlim dəyərləri, ideoloji tələbləri yaradır. Bununla da Mir Cəlal, əslində, müasir cəmiyyətin tərbiyə maşınının yaratdığı şil-şikəst, inzibatçı, hissiz, duyğusuz, altruist "sovet insan tipi"nə qarşı tənqidi münasibəti ifadə edir, Gəldiyev kimi insanların baş alıb getməsini cəmiyyət üçün ciddi təhlükə sayır, belə insanları yetirməkdə olan sovet cəmiyyətinin özünü isə "eybəcərlər anası" kimi qiymətləndirir Milli ruhlu yazıçının əsərlərində xalq həyatı və milli mənəviyyat, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini tapmaqla onun azərbaycançı mövqeyini aydın nümayiş etdirir. Totalitar sovet rejiminin milli xarakterə zidd, assimilyator xüsusiyyətləri nəhəng söz ustadının böyük ustalıqla yaratdığı Sona ana ("Bir gəncin manifesti"), Qədir ("Dirilən adam"), Vahid ("Açıq kitab"), Qocaman müəllim ("Xoşbəxtlik barəsində") və başqa milli xarakterlər işığında təkzib olunurdu. Dövrün tərbiyə edib ortaya çıxardığı Kərim Gəldiyev obrazının simasında yazıçı bu cür insanları yaradan və hər yerdə onların dayaz fikirlərini, duzsuz çıxışlarını, mülahizələrini təqdir edən, Kərim Gəldiyev, Verdiyev və Qədir Qurd oğlu kimi sırtıq, dayaz ictimai "qurdlar"ı rəhbərliyə gətirən və onların əlilə baş kəsən, taleləri həll edən tipləri göstərməklə sovet dövründəki qorxunc ictimai-siyasi qüvvəni təqdim etmişdi. Mir Cəlal öz sənətkar ustalığı ilə bu mənfi tendensiyanı, zərərli tərbiyəni, "37-ci il patalogiyasını" ortaya çıxaran tendensiya olaraq təqdim edərək cəmiyyətə ciddi xəbərdarlıq ünvanlamışdı. Böyük yazıçı, fikrimizcə, yaradıcılığında zahiri planda sovetizmin tələblərinə xoş gələn ideoloji məsələləri qaldırsa da, alt planda daha çox özünəməxsus millilik amilini irəli çəkmişdi. Bu mənada da milli hissiyyatlı yazıçımız kosmopolit sovet xarakterini darmadağın edərək milli insan xarakterini təqdir etdiyini öz əsərlərinin mətnaltı anlamında ortaya qoyub Realizmin nəhəng tədqiqatçılarından olan və böyük ədəbiyyatşünas alim kimi geniş şöhrət qazanan Mir Cəlal satirik-yumoristik nəsrin inkişafında böyük xidmətlər göstərib, "İclas qurusu", "Həkim Cinayətov", "Anket Anketov" və başqa əsərlərilə bədii nəsrdə gülüşün yeni məzmunda zənginləşməsi və ictimai mübarizə qüdrəti qazanmasına öz töhfələrini verib. Adından tutmuş ideyasına, surətlərindən tutmuş dilinə qədər ən incə şəkildə ictimai-tənqidi gülüş yaradan qüdrətli sənətkar ciddi ictimai əhəmiyyət kəsb edən mətləbləri əks etdirib. Özünəməxsus ciddiyyəti ilə tanınan "Bir gəncin manifesti" əsərində olduqca təsirli gülüşdən istifadə edən yazıçının məharətlə yaratdığı Misterin ceyran əvəzinə uzunqulağı bərk-bərk tutub göbəyini iyləməsi, müşk-ətir iysi əvəzinə "turş qatıq iyi" alması səhnəsi böyük ictimai-tənqidi məzmuna malik təbii gülüş, yumor nümunəsidir. Bu nümunədə Azərbaycanın sərvətlərinə göz dikmiş işğalçı qüvvələrin mənfur niyyətləri yazıçı yumoru ilə tənqid və ifşa olunub. Qüdrətli yazıçı işğalçıları xalqın ən adisinin vətənpərvərliyi və qətiyyəti qarşısında acız və xəcalətli qoyur. Misterin həm sürücü tərəfindən ələ salınması, həm də Sona arvad tərəfindən bazarda qətiyyətlə rədd edilməsi kasıblığa və gözüqıpıqlığa məhkum edilməsinə baxmayaraq, Azərbaycan insanının vətənpərvərliyi, oyanıqlığı, cəsarəti və yadellilərə qarşı nifrətinin təcəssümüdür. Ondan son və ən qiymətli mirası olan "Yusif-Züleyxa" xalçasını hər nə yolla olursa olsun, almaq istəyən yadelliyə qarşı "itə ataram, yada satmaram" deyən Sona ana azərbaycanlı anaların ümumiləşmiş, əzəmətli obrazı olaraq xarici işğalçılığa qarşı qətiyyətlə dayanan əsl vətənpərvər bir sima kimi canlanır. Fikrimizcə, yazıçı məharətlə davranaraq xalçanı "Yusif-Züleyxa" adlandırmaqla xalqın milli-mənəvi dəyərləri və mirasına möhtəşəm əhd-peymanı, sədaqəti və qoruyuculuğu mənalandırmışdı Ana dilini mükəmməl bilən və onun zənginliyinə arxalanan sənətkarın olduqca sadə, yığcam, dolğun və təsirli dili var. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə izləmiş, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs etmiş, ana dilinə məhəbbət hisslərini sözünün başında və ayağında ifadə edərək xalqına ləyaqətlə xidmət göstərmişdi Mir Cəlal səmimi sevgi ilə sevilən, oxunan və həmişə təsiri duyulan bir sənətkardır. Onun sənətkarlığı bədii təhlilə sığmayacaq dərəcədə zəngin və peşəkar, inadla təsdiqini tapacaq qədər dəqiq və danılmazdır. Mirzə Cəlil məktəbini özünün məharətli yazıçılıq qabiliyyəti və sənətkarlığı ilə inkişaf etdirən böyük yazıçımız Mir Cəlal həm də azərbaycançılığa uğurla xidmət göstərib, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini həmişə uca tutub. Onun əsərləri Azərbaycan xalqına sonsuz sevgini təlqin və təbliğ etdiyinə görə azərbaycançılığın açıq kitabı olaraq hər yeni nəsil tərəfindən sevilərək məhəbbətlə oxunacaq Filologiya elmləri doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti


