Mədəni irsin qorunması beynəlxalq öhdəlikdir
1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyur. İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin dağıdılması, qanunsuz daşınması və ya məqsədli şəkildə dəyişdirilməsi beynəlxalq humanitar h

1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyur. İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin dağıdılması, qanunsuz daşınması və ya məqsədli şəkildə dəyişdirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. UNESCO-nun müvafiq sənədlərində də mədəni irsin qəsdən məhv edilməsinin insan ləyaqətinə, fundamental hüquqlara və bəşəri dəyərlərə ciddi zərbə vurduğu xüsusi vurğulanır Tarixin müxtəlif mərhələlərində mədəni irsə qarşı yönəlmiş dağıdıcı fəaliyyətlər heç vaxt yalnız maddi obyektlərin məhv edilməsi ilə məhdudlaşmamış, eyni zamanda xalqların yaddaşına, kimliyinə və tarixi varisliyinə qarşı kobud müdaxilə forması kimi təzahür etmişdir. Azərbaycan da uzun illər ərzində belə bir vandalizmlə üzləşib. Burada söhbət təsadüfi hadisələrdən deyil, ardıcıl və məqsədyönlü xarakter daşıyan, tarixi izlərin silinməsinə yönəlmiş sistemli yanaşmadan gedir Tarixi təcrübə göstərir ki, bu proseslər ayrı-ayrı mərhələlərdə deyil, uzun zaman kəsiyində davam etmişdir. XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə zorakılıqlar, deportasiyalar və işğal siyasəti nəticəsində milli – mədəni irsimizə ağır zərbələr vurulmuş, bu zərərin miqyası xüsusilə işğal dövründə daha geniş xarakter almışdır. Buna görə məsələ yalnız keçmişin faciəsi kimi deyil, həm də gələcəyin təhlükəsizliyi baxımından qiymətləndirilməlidir Tarixi-mədəni irs nümunələrinin dağıdılması, mənimsənilməsi və ya kimliyinin dəyişdirilməsi təkcə fiziki destruksiya deyil, həm də kollektiv yaddaşın zəiflədilməsi, tarixi həqiqətlərin təhrif olunması və saxta təsəvvürlərin formalaşdırılması cəhdidir. Azərbaycan xalqının əsrlər boyu yaşadığı coğrafiyalarda mövcudluğunu təsdiqləyən maddi və mənəvi sübutların dağıdılması həmin ərazilərin tarixinin təhrif olunaraq yenidən yozulmasına xidmət edən məkrli siyasi xəttin tərkib hissəsi olmuşdur. Məscidlərin, türbələrin, qəbiristanlıqların və digər müqəddəs məkanların dağıdılması və təhqir edilməsi bu siyasətin ən ağır təzahürlərindən biridir. İbadət yerləri və xatirə məkanları sadəcə daş və divarlardan ibarət tikili deyil, onlar nəsillərarası bağlılığın, mənəvi yaddaşın və milli kimliyin daşıyıcılarıdır. Belə tikililərə qarşı vandalizm əməlləri yalnız memarlıq nümunələrinə qarşı zorakılıq deyil, həm də bir xalqın dini inanclarına, mənəvi dəyərlərinə və tarixi varlığına qarşı yönəlmiş bir hücumdur Mədəni irsin kimliyinin dəyişdirilməsi, başqa mənsubiyyət altında təqdim olunması və tarixi aidiyyatın inkar edilməsi də eyni dərəcədə təhlükəli tendensiyadır. Bu halda abidənin yalnız fiziki siması deyil, onun tarixi mahiyyəti və mənəvi məzmunu da dəyişdirilir. Toponimlərin dəyişdirilməsi, qədim yaşayış məskənlərinin adlarının silinməsi, tarixi yaddaşın coğrafi əsaslarının zəiflədilməsi də həmin siyasətin mühüm istiqamətlərindən biri olmuşdur Müxtəlif dövrlərdə Azərbaycanın mədəni irsi sistemli şəkildə hədəfə alınmış, muzey fondları, arxiv materialları, kitabxana resursları və digər mədəni sərvətlər məhv edilmiş və talan olunmuşdur. Mədəni dəyərlərin ölkə hüdudlarından kənara çıxarılması, satışa çıxarılması və ya başqa mənsubiyyət altında təqdim edilməsi beynəlxalq hüquqda tanınmış qoruma prinsiplərinin açıq şəkildə pozulması deməkdir Mədəni irsə qarşı törədilən vandalizm bu gün beynəlxalq təhlükəsizlik və sülh gündəliyinin mühüm tərkib hissəsi olmalıdır. Cəzasızlıq mühiti belə halların yenidən təkrarlanması riskini artırır, regionda davamlı sülhün və qarşılıqlı etimadın formalaşmasına mane olur. Buna görə də mədəni irsin qəsdən məhv edilməsinə hüquqi və siyasi qiymətin verilməsi yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərin yaddaşının, mənəvi dəyərlərinin və sülh perspektivinin qorunması baxımından strateji əhəmiyyət daşıyır Milli Məclisin deputatı


