Tenqri
Ana Səhifə
Dünya

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Səhnə hər zaman istedadla yanaşı, zəhmət, intizam və daxili duyum tələb edən incə bir aləmdir. Xüsusilə musiqi sahəsində öz yolunu tapan gənclər bu aləmin həm estetik, həm də fəlsəfi qatlarını öz yaradıcılıqları ilə daha da zənginləşdirirlər. Belə parlaq və perspektivli gənclərdən biri də ecazkar sə

0 baxışazertag.az
Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO
Paylaş:

Səhnə hər zaman istedadla yanaşı, zəhmət, intizam və daxili duyum tələb edən incə bir aləmdir. Xüsusilə musiqi sahəsində öz yolunu tapan gənclər bu aləmin həm estetik, həm də fəlsəfi qatlarını öz yaradıcılıqları ilə daha da zənginləşdirirlər. Belə parlaq və perspektivli gənclərdən biri də ecazkar səs tembri, rəngarəng səs palitrası və səhnədəki səmimi, özünəməxsus ifa tərzi ilə qısa zamanda dinləyicilərin rəğbətini qazanan, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin gənc ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin tələbəsi, respublika müsabiqələri laureatı Mədinə Səlimovadır. Peşəkar səhnədə ilk addımlarını atmasına baxmayaraq, xor musiqisinin dərin fəlsəfəsini dərk edən və klassik irsə sadiqliyi ilə seçilən gənc ifaçının sənət yolu həm də müasir gəncliyimizin mədəniyyətə verdiyi dəyərin bariz nümunəsidir AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan gənc ifaçı sənət yolu, tələbəlik illərindən peşəkar səhnəyə uzanan yaradıcılıq fəaliyyəti və gələcək hədəfləri barədə danışıb Həyatın bəzən insanın qarşısına taleyini müəyyən edən gözəl təsadüflər çıxardığını deyən Mədinə Səlimova peşəkar kollektivə gəlişinin də belə unudulmaz məqamlardan biri olduğunu bildirir. Onun iştirak etdiyi tədbirlərin birindən paylaşılan videogörüntüləri Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar artist Təranə Yusifova tərəfindən izlənilib. Gənc ifaçıdakı potensialı dərhal hiss edən rəhbərlik onu kollektivə dəvət edib. Beləliklə, hələ tələbə ikən ölkənin ən peşəkar və nüfuzlu musiqi ocaqlarından birində fəaliyyətə başlayan Mədinə Səlimova bu addımı həm böyük şans, həm də ciddi məsuliyyət kimi qiymətləndirir Gənc ifaçı dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını da xüsusi vurğulayır. Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi musiqi sahəsində də inkişaf etmək istəyən gənclər üçün geniş imkanlar yaradılır, peşəkarlaşmaq üçün əlverişli mühit formalaşdırılır. O, həmçinin müəllimlərinin dəstəyini də hər zaman hiss etdiyini bildirir. 9 saylı Cabbar Qaryağdıoğlu adına musiqi məktəbində təhsil alarkən muğam dərslərini Fədail Qəhrəmanovdan alan Mədinə ilk dəfə muğamın incəliklərini məhz burada mənimsəyib. Hazırda isə Xalq artisti Gülyanaq Məmmədovanın tələbəsi olan gənc ifaçı musiqi təhsilini uğurla davam etdirir Onun ən böyük arzularından biri “Leyli və Məcnun” operasından“Leyli” obrazını yaratmaqdır, bu həm də onun müəllimlərinin istək və arzusudur. Yeri gəlmişkən qeyd edək ki, onun “Leyli” obrazından bir hissəni ifa etdiyi video qısa müddət ərzində sosial şəbəkələrdə milyonlarla baxış toplayıb və ifaçıya çoxsaylı müsbət rəylər qazandırıb. Gənc ifaçının sözlərinə görə, tamaşaçıların rəğbəti və xoş fikirləri ona sənət yolunda daha inamla addımlamaq, öz üzərində daim çalışmaq və yeni uğurlara imza atmaq üçün əlavə stimul verir Səhnədə solo ifa ilə xor daxilində çıxış etməyin fərqli fəlsəfəsi olduğunu qeyd edən gənc ifaçı hər iki ifa tərzinin özünəməxsus ab-havasını belə izah edir: “Xor daxilində çıxış etmək tam fərqli bir hissdir. Burada sən tək deyilsən, böyük bir harmoniyanın, vahid bir gücün bir parçasına çevrilirsən. Digər ifaçıların səsini duymalı, ümumi rəngi qoruyub saxlamalısan. Solo ifa isə tamamilə fərqli bir məsuliyyətdir. Bu zaman bütün diqqət, baxışlar və duyğular birbaşa sənin üzərində cəmləşir. Səhnədə tək qalarkən əsərin ruhunu və daxili dramaturgiyasını dinləyiciyə öz hisslərinlə ötürməlisən. Solo ifada səs azadlığı daha geniş olsa da, səhnənin bütün ağırlığını təkbaşına daşıyırsan. Bu isə həm böyük məsuliyyət, həm də sözlə ifadə olunması çətin olan xüsusi bir xoşbəxtlikdir” Repertuar seçimindən danışan gənc ifaçı klassik musiqi irsinə və milli-mənəvi köklərə bağlılığını xüsusi vurğulayır. O qeyd edir ki, müxtəlif janrlarda əsərlər ifa etsə də, qəlbinə ən yaxın olan nümunələr böyük Azərbaycan şairi Səməd Vurğunun sözlərinə bəstələnmiş musiqi əsərləridir. İfaçının fikrincə, bu əsərlərdəki dərin məna, poetik zənginlik və milli ruh ona öz duyğularını daha səmimi şəkildə ifadə etməyə imkan verir Mədinə Səlimova iştirak etdiyi festival və müsabiqələrin onun bir musiqiçi kimi formalaşmasında mühüm rol oynadığını qeyd edir. O bildirir ki, bu tədbirlər həm səhnə təcrübəsinin artmasına, həm də peşəkar mühitdə özünü sınamasına geniş imkan yaradıb. Gənc ifaçı, həmçinin Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bir sıra konsert proqramlarında ifaçı kimi çıxış etdiyini, bu təcrübənin isə onun yaradıcılıq yolunda əlamətdar mərhələlərdən biri olduğunu vurğulayır. Hər mədəni proqramdan sonra səhnəyə baxışının daha da genişləndiyini bildirən solist əlavə edir ki, rəqabət mühiti və müxtəlif auditoriyalar onun yaradıcılıq inkişafına müsbət təsir göstərir Müasir dövrdə gənc ifaçıların qarşısında duran əsas çətinliklərdən biri isə sürətlə dəyişən musiqi trendləri fonunda akademik keyfiyyəti və sənətin orijinallığını qoruyub saxlamaqdır. Gənc solist bu çətinlikləri daim öz üzərində çalışmaq, klassik ənənələrə sadiq qalmaq və sənətə ciddi yanaşmaqla aşmağa çalışdığını vurğulayır Mədinə Səlimova deyir: “Mənim üçün ən vacib məsələ sənətin orijinallığını qorumaqdır. Sürətlə dəyişən musiqi trendləri bəzən sənətkara təsir etsə də, klassik ənənələrə sadiqlik yolumun əsas istiqamətidir. Daim öz üzərimdə çalışır, bilik və bacarıqlarımı inkişaf etdirməyə səy göstərirəm. İnanıram ki, yalnız zəhmət və peşəkarlıqla əsl sənətkar olmaq mümkündür.” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler