Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO
Yığım və sərmayə qərarları vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Lakin vəsaitlərin hansı investisiya alətinə yönəldilməsinin daha məqsədəuyğun olduğu sualı hər zaman aktual olaraq qalır. Xüsusilə iqtisadi şəraitin dəyişdiyi, bazarlarda qiymət dalğalanmalarının

Yığım və sərmayə qərarları vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Lakin vəsaitlərin hansı investisiya alətinə yönəldilməsinin daha məqsədəuyğun olduğu sualı hər zaman aktual olaraq qalır. Xüsusilə iqtisadi şəraitin dəyişdiyi, bazarlarda qiymət dalğalanmalarının müşahidə edildiyi dövrlərdə insanlar yığımlarını həm qorumağa, həm də artırmağa imkan verən variantlar axtarırlar. Bu zaman əmanət, qızıl və daşınmaz əmlak kimi ən çox müraciət olunan investisiya alətləri diqqət mərkəzinə çıxır. Hər birinin özünəməxsus üstünlükləri və riskləri olduğundan seçim prosesində müxtəlif amillərin nəzərə alınması vacib hesab edilir. Bəs mövcud iqtisadi şəraitdə yığımları hansı istiqamətə yönəltmək daha məqsədəuyğundur? Sosial-iqtisadçı ekspert Rəşad Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, yığımın hansı investisiya alətində yerləşdirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən kifayət qədər çoxlu obyektiv və subyektiv faktorlar var. Onun sözlərinə görə, qərarın qəbul edilməsi həmin amillərin qiymətləndirilməsi nəticəsində mümkündür "Buna görə də, yığımın məhz əmanətdə, qızılda və ya daşınmaz əmlakda yerləşdirilməsi ilə bağlı birmənalı tövsiyə vermək doğru deyil. Çünki burada yığımın hansı müddəti əhatə etməsi vacib faktorlardan biridir. Əgər vəsaitlərin qısamüddətli dövr üçün investisiya edilməsi nəzərdə tutulursa, əlbəttə ki, bu zaman likvidliyə daha çox üstünlük verilməlidir. Bu halda qızıl və əmanətlər ön plana çıxır. Çünki onları istənilən vaxt qısa müddətdə realizə edib pul vəsaitinə çevirmək mümkündür", – deyə o qeyd edib Ekspert vurğulayıb ki, seçim zamanı bazar konyunkturunun təsirləri də nəzərə alınmalıdır: "Əgər bu gün əmanətlərin illik faiz dərəcələri 10-12 faiz arasında dəyişirsə və ya 2025-ci ilin bazar göstəricilərini nəzərə alsaq, qızılın qiymətində 70 faizdən artıq bahalaşma müşahidə olunubsa, təbii ki, qızıla üstünlük verilə bilər. Ancaq qızılla müqayisədə əmanətlərin gəlirləri daha proqnozlaşdırılandır. Nisbətən risksiz və proqnozlaşdırıla bilən alətlərə investisiya etməyə üstünlük verən şəxslər bu halda əmanətləri seçəcəklər. Bu isə hər bir şəxsin öz qərarından asılıdır” O bildirib ki, bazarda investisiya alətlərinin gəlirliliyi mühüm əhəmiyyət daşıyır "Əmanətin faiz dərəcəsi, qızılın qiymətindəki dəyişikliklər, daşınmaz əmlak bazarında qiymət artım templəri, tələb və təklifin dinamikası, eləcə də bazar qiymətlərinin konyunkturuna təsir göstərən potensial risklər və sair nəzərə alınmalıdır. Hazırkı şəraitdə daşınmaz əmlak bazarında qiymət artımının indiyədək müşahidə olunan sürətli dinamikasını risk altına ala biləcək müəyyən amillər mövcuddur. Fiskal konsolidasiya, iqtisadiyyatın durğunluq mərhələsinə daxil olması və digər amillər daşınmaz əmlak bazarına investisiya qoyuluşu baxımından potensial risklər kateqoriyasına daxil ola bilər. Həmçinin investisiyanın daşınmaz əmlaka yönəldilməsi zamanı onun hansı regionda yerləşməsi də nəzərə alınmalıdır. Paytaxt və onun ətrafında yerləşən daşınmaz əmlak daha geniş likvidlik imkanları yaradır. Lakin ucqar ərazilərdə alınmış daşınmaz əmlakı sonradan ehtiyac yarandıqda bəzən hətta on illərlə sonrakı mərhələdə ehtiyac yarandıqda realizə etmək mümkün olmur", – deyə ekspert əlavə edib Ekspert sonda vətəndaşlara investisiya qərarlarını daha diqqətli şəkildə verməyi tövsiyə edib: “Yığım edən şəxslər müxtəlif investisiya alətlərini nəzərdən keçirməli, eyni zamanda, öz gözləntilərini nəzərə almaqla vəsaitin nə qədər müddət dövriyyədən kənarda qalacağını müəyyənləşdirməlidirlər. Bazar konyunkturunu, aktivlərin investisiya istiqamətlərinin gəlirliliyini və mövcud riskləri nəzərə almaqla öz investisiya qərarlarını qəbul etsinlər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


