Makron Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etdi
Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bir sıra açıqlamaları ilə diqqət çəkdi Əslində o, İrəvanda verdiyi mesajlarla Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etmiş oldu. Söhbət ondan gedir ki, Makron həm Azərbaycanla 44 günlük müharibədə Ermənistana dəstək verdiyini, hə

Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bir sıra açıqlamaları ilə diqqət çəkdi Əslində o, İrəvanda verdiyi mesajlarla Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etmiş oldu. Söhbət ondan gedir ki, Makron həm Azərbaycanla 44 günlük müharibədə Ermənistana dəstək verdiyini, həm də 8 il əvvəl bu ölkənin danışıqlar masasında de-fakto Rusiyanın peyki kimi qəbul olunduğunu söyləyib. O deyib ki, "Rusiya 2020-ci ildə sizə kömək etmədi. O, sizi tərk etdi. Fransa isə burada idi və indi də yanınızdadır". İlk növbədə qeyd etmək lazımdır ki, Paris İkinci Qarabağ müharibəsində Ermənistana dəstək verib, silah yardımı edib, bununla da kifayətlənməyərək hətta Azərbaycan ərazisindəki keçmiş separatçı rejimi açıq müdafiə edib. Bütün bunlar isə Fransanın ATƏT-in artıq mövcud olmayan Minsk qrupunun həmsədri kimi öhdəliklərinə zidd idi. Makron hökuməti üzdə belə neytral qala bilmədi. Həm 44 günlük müharibədə, həm 2023-cü ilin antiterror əməliyyatı zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qətnamələrin qəbulu üçün dəfələrlə məsələ qaldırdı. Amma Azərbaycanın haqlı və ədalətli mövqeyi, beynəlxalq hüquq çərçivəsində davranışı, güclü diplomatiyası qarşısında məğlub oldu, öz niyyətinə çata bilmədi. Laçın yolunda qurduğu tamaşa, guya ermənilərə yardım adı ilə beynəlxalq hüquqazidd davranışı da təbii ki, unudulmayıb Məsələnin digər tərəfi də Ermənistanın sözdə müstəqil olub, əslində isə Rusiyanın for-postuna çevrilməsi ilə bağlıdır. Bu fikir dəfələrlə Azərbaycan Prezidenti tərəfindən də səsləndirilib. Ermənistan özü müstəqil qərar qəbul edə bilməyib, Rusiyadan tam asılı vəziyyətdə olub. Makronun indiki etirafı Azərbaycanın illər əvvəl dediklərinin təsdiqidir Təəssüf ki, Fransa bu gün də öz pozucu fəaliyyətini davam etdirməyə çalışır, ermənidən daha çox erməni mövqeyindən çıxış edir. Azərbaycanla Ermənistan arasında de-fakto sülh bərqərar olub, ticarət əlaqələri başlayıb, Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsi Paşinyan hökuməti tərəfindən qapadılıb. Müxtəlif səviyyələrdə əlaqələr, səfərlər intensivləşib. Bu günlərdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistanda səfərdə olub. Hər iki tərəfdən müsbət bəyanatlar verilir, əlaqələrin daha da irəli aparılması, yekun sülhə nail olunması masadadır. Fransa isə aranı qatmağa, bununla da həm özünə masada yer etməyə, həm də Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışır. Bu arada, Makronun vaxtilə Azərbaycan-Ermənistan normallaşması üzrə Brüssel prosesini pozmasını da qeyd etmək lazımdır. Vaxtilə erməni separatçıları, cinayətkarları dəstəkləyən Makron bu gün də öz əməllərinə görə Bakıda cəza çəkən həmin şəxslərin nüdafiəsinə qalxıb, "erməni əsirlər" adı ilə Ermənistana dəstək vəd edir "Siz mənə arxalana bilərsiniz", - deyən Makronun, görünür, əlində qalan son kartı budur. Amma o, bununla da öz istəyinə nail ola bilməyəcək. Makron Azərbaycan dövlətinin gücü qarşısında dəfələrə məğlub olub. Məlumdur ki, Makron və Paşinyanın imzaladığı iki ölkə arasında hərbi texnologiyaların inkişafı, müdafiə sistemlərinin araşdırılması və hərbi geyim ləvazimatlarının tədarükü sahəsində əməkdaşlıq haqqında sazişlər var Həmçinin Makron bildirir ki, Fransa regionda "vasitəçilik rolunu oynamağa davam edəcək". Amma bu cür vasitəçilik mümkün deyil, eyni zamanda buna ehtiyac da yoxdur. Əgər iki dövlət özü danışır, anlaşırsa, Makronun vasitəçiliyi nədən ibarət ola bilər?! Bu, yalnız sülh prosesini ləngidə bilər ki, Azərbaycan da buna əsla imkan verməyəcək Azərbaycanın İrəvandakı "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına videobağlantı vasitəsilə qatılması da mühüm hadisə idi İstənilən halda, iki ölkə sülh istiqamətində ancaq irəliləyir, Ermənistandakı parlament seçkilərdən sonra yekun sülh sazişinin imzalanması ilə əlaqələr daha da intensivləşəcək, diplomatik əlaqələr qurulacaq. Makronun bu proses əleyhinə cəhdləri, erməni cinayətkarları "əsrlər" kimi təqdim etməyə çalışması bir nəticə verməyəcək, əvəzində geniş regionun aparıcı gücü olan Azərbaycanla əlaqələrinə ciddi zərbə vurmuş olacaq

