Gözlərdəki qürur, sona çatan 30 illik həsrət - Şükürbəyli sakinləri sevinclərini AZƏRTAC-la bölüşüblər VİDEO
İşğaldan azad edilmiş torpaqlarımızın "Böyük Qayıdış" proqramı çərçivəsində yenidən qurulması və sakinlərin doğma yurdlarına qovuşması prosesi sürətlə davam edir. Cəbrayıl rayonunun yenidən qurulan yaşayış məskənlərindən biri olan Şükürbəyli kəndində artıq həyat yenidən canlanıb AZƏRTAC xəbər verir

İşğaldan azad edilmiş torpaqlarımızın "Böyük Qayıdış" proqramı çərçivəsində yenidən qurulması və sakinlərin doğma yurdlarına qovuşması prosesi sürətlə davam edir. Cəbrayıl rayonunun yenidən qurulan yaşayış məskənlərindən biri olan Şükürbəyli kəndində artıq həyat yenidən canlanıb AZƏRTAC xəbər verir ki, Şükürbəyli kəndi bu gün daha 39 ailəyə qucaq açıb. Həyata keçirilən növbəti köç mərhələsi ilə kənddə daha bir tarixi və sevincli gün yaşanıb. Doğma yurda geri dönən Şükürbəyli sakinlərinin üzündəki sevinc, illərdir çəkdikləri Vətən həsrətinin bitməsindən doğan böyür qürur hissi hər bir addımda özünü büruzə verir Doğma yurduna qovuşan Firudin Həsənov kəndə qədəm qoyduğu ilk anda illər əvvəlki xatirələrinin gözü önündə yenidən canlandığını bildirir. O, 1993-cü ilin ağrılı günlərini xatırlayaraq qeyd edib ki, işğal zamanı Füzuli istiqamətində yollar bağlandığı üçün ailəsi ilə birlikdə Araz çayını keçərək bu yerləri çətinliklə tərk edə biliblər. Doğma torpaqdan 21 yaşında ayrılmaq məcburiyyətində qalan F.Həsənov, otuz ildən sonra bura 54 yaşında, artıq bir ailə başçısı kimi, övladları ilə birlikdə qayıtmağın qürurunu yaşayır. O, illərlə çəkdikləri Vətən həsrətinə baxmayaraq, bir gün mütləq geri dönəcəklərinə olan ümidlərini heç vaxt itirmədiklərini vurğulayır “Şükürbəylidə artıq ən böyük arzumuz gerçəkləşib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bizə bu xoşbəxtliyi bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu gün doğma kəndimiz tamamilə yenidən qurulub, müasir evlər inşa edilib, yollarımız abadlaşdırılıb. Dövlətimiz tərəfindən bizə hər cür şəraiti olan 3 otaqlı mənzil verilib. Burada yaşamaq və yaratmaq üçün hər bir imkan mövcuddur”, - deyə o əlavə edib Kənd sakini Pakizə Sadıqova da illərlə qəlbində gəzdirdiyi Vətən həsrətinin artıq sona çatdığını və ailəsi üçün tamamilə yeni, xoşbəxt günlərin başladığını ifadə edir. O, məcburi köçkünlük dövrünün gətirdiyi bütün çətinliklərə baxmayaraq, doğma el-obaya qayıdacaqlarına olan ümidini bir an belə itirməyib. Bu torpaqlardan vaxtilə 40 yaşında ayrılan kənd sakini, indi bura 72 yaşında, ağbirçək bir ana kimi geri dönüb. O, otuz iki ildən sonra yenidən Şükürbəylinin havasını udmağın, doğma torpağa qədəm qoymağın bəxş etdiyi hissi “yenidən dünyaya gəlmək” kimi qiymətləndirir Uzun illər yuxularını bəzəyən kəndin indi tamamilə müasir simada yenidən qurulduğunu qürurla vurğulayan Pakizə nənə sevincini bu sözlərlə tamamlayıb: “Biz illərlə bu anın xəyalı ilə yaşadıq və bu gün arzumuz artıq gerçəyə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz bizlərə bu günləri yaşatdı. Ailə üzvlərimlə birlikdə bura qayıtmışıq. Şükürbəylimiz indi daha da gözəlləşib” Kənd sakini Tahir Şükürov da 33 ildən sonra doğma yurda qayıtmağın sevincini yaşayır: “33 il səbirsizliklə bu günü gözlədik. Məcburi köçkünlük illərində müxtəlif yerlərdə yaşadıq. Çətin günlərimiz olsa da, hər zaman Vətənə qayıdacağımıza inanırdıq. İndi isə sevinc hissləri ilə doğma elimizə qayıtmışıq. Hazırda 70 yaşım var. Ailə üzvlərim, övladlarım və nəvələrimlə birlikdə doğma kəndimizdəyik. Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkür edirik. Onların sayəsində biz bu günlərə qovuşduq və tarixi anların şahidi olduq. Bu torpaqlar uğrunda qəhrəman oğullarımız canlarını fəda ediblər. Ona görə də bu yerlərin hər qarışı bizim üçün müqəddəsdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin” Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


