Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şəmkirdə alman küçələri Azərbaycanın qərb bölgəsinin qədim və gözəl şəhərlərindən olan Şəmkir bu gün həm zəngin tarixi irsi, həm müasir siması, həm də özünəməxsus memarlıq nümunələri ilə yerli və xarici turistlərin böyük maraq göstərdiyi məkanlardan birid

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şəmkirdə alman küçələri Azərbaycanın qərb bölgəsinin qədim və gözəl şəhərlərindən olan Şəmkir bu gün həm zəngin tarixi irsi, həm müasir siması, həm də özünəməxsus memarlıq nümunələri ilə yerli və xarici turistlərin böyük maraq göstərdiyi məkanlardan biridir. Buraya gələn qonaqlar üçün şəhərin ən diqqətçəkən ünvanlarından biri isə məşhur alman küçələridir XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Rusiya imperiyası işğalçı müharibələr nəticəsində sərhədlərini genişləndirmişdi. Yeni ələ keçirilən torpaqlarda kənd təsərrüfatını inkişaf etdirmək, üzümçülüyü, şərabçılığı və heyvandarlığı gücləndirmək üçün işçi qüvvəsinə ehtiyac yaranmışdı. Bu səbəbdən alman ailələrinin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə qərar verildi 1819-cu ildə onların bir hissəsi indiki Göygöl ərazisində Helenendorf koloniyasını, digər hissəsi isə Şəmkir torpaqlarında Annenfeld adlı yaşayış məntəqəsini saldı. Məhz həmin dövrdən etibarən Şəmkirdə alman memarlığı, yaşayış tərzi və təsərrüfat ənənələri formalaşmağa başladı Bu gün şəhərin Nizami, Səməd Vurğun, İsrafil Məmmədov, Həzi Aslanov və Sabir küçələri həmin dövrün yadigarlarıdır. Vaxtilə sadəcə Birinci, İkinci, Üçüncü küçə kimi tanınan bu ərazilər indi Şəmkirin ən maraqlı və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib Buradakı evlər memarlıq baxımından xüsusi üslubu ilə seçilir. Əsas yola baxan geniş eyvanlar, taxta balkonlar, geniş küçələr, dağlardan gələn su sistemi, həyətlərin planlı quruluşu və küçəboyu sıralanan qədim çinar ağacları burada tamam fərqli bir atmosfer yaradır Şəmkir şəhərinin dörd mərkəzi küçəsində yerləşən 158 alman evi qeydiyyata alınıb. Bu evlərin qorunması, bərpası və tarixi görünüşünün saxlanılması dövlət nəzarətindədir. Aparılan abadlıq və bərpa işləri nəticəsində bu memarlıq nümunələri həm qorunur, həm də gələcək nəsillərə ötürülür Şəhərin diqqətçəkən memarlıq abidələrindən biri də Həzi Aslanov küçəsində yerləşən Lüteran kilsəsi-Kirxadır. 1909-cu ildə inşa edilən bu bina uzun illərdən sonra yenidən bərpa olunub, ətrafı abadlaşdırılıb və park salınıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


