Uğurun ilahi düsturu - istedad və zəhmətin harmonik vəhdəti…
Bütün sivilizasiyaların dəyişilməz bir həqiqəti var: həqiqi uğur istedadla zəhmətin harmonik vəhdətindən ibarətdir. Həyatda yalnız o insanlar uğur qazanır ki, bu ilahi düsturu zamanında dərk edir, daxili potensialı ilə əməksevərliyi tamlaşaraq həyatının mənasına, qoşa qanada çevrilir. Bu gün doğum g

Bütün sivilizasiyaların dəyişilməz bir həqiqəti var: həqiqi uğur istedadla zəhmətin harmonik vəhdətindən ibarətdir. Həyatda yalnız o insanlar uğur qazanır ki, bu ilahi düsturu zamanında dərk edir, daxili potensialı ilə əməksevərliyi tamlaşaraq həyatının mənasına, qoşa qanada çevrilir. Bu gün doğum gününü qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov məhz belə şəxsiyyətlərdəndir. O, istedadlı olduğu qədər də əməksevərdir, daim öz üzərində çalışan, zamanın sürəti ilə ayaqlaşan, elmin çətin yollarında cəsarətlə addımlayan bir ziyalıdır. İlham müəllimin təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda dilçi alim, pedaqoq, ustad tərcüməçi və publisist kimi tanınmasında bu amillərin rolu danılmazdır Professor İlham Tahirov bu gün ölkəmizdə Hind-Avropa dillərinin ən nüfuzlu və əsas tədqiqatçılarından biri kimi qəbul olunur. Dilşünas alim bu istiqamətdə sanballı tədqiqat işlərinin müəllifidir və müasir dilçilik elmində multidissiplinar yanaşmanın tətbiqi ilə seçilir. Onun bir araşdırmaçı kimi tədqiqat trayektoriyasının miqyası olduqca genişdir-bura dialektologiyadan ümumi dilçiliyə, Azərbaycan dilinin qrammatikasından Hind-Avropa dillərinin müqayisəli-tipoloji təhlilinə qədər uzanan zəngin bir elmi yol daxildir. Onun Azərbaycan dilçilik elminin fundamental nailiyyətlərindən sayılan, linqvistik təfəkkürün dərinliklərini açan “Dildə temporallıq sahəsi” və “Temporal leksika” adlı monoqrafiyalarını bu sahədə çevriliş saymaq olar. Təsadüfi deyil ki, görkəmli akademik Ağamusa Axundov bu fundamental əsərləri yüksək qiymətləndirərək yazırdı: “İlham Tahirovun “Dildə temporallıq sahəsi” əsəri şəxsən mənə məlum olan əsərlərin hamısından fərqlənir” Azərbaycan dilçilk elmində İlham Tahirov məhsuldar və novator alim kimi tanınır. O, ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələlərinə həsr olunmuş 7 monoqrafiya və kitabın, 6 proqramın, 100-dən çox elmi məqalə və tezisin müəllifidir. Alimin dünya dilçilik elminə gətirdiyi nəzəri yeniliklər diqqətəlayiqdir. O, sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə yeni bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirməyə nail olub. Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq funksional-semantik sahə kimi təqdim edən prof. İlham Tahirov leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialları əsasında ilk dəfə olaraq tədqiq edərək, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurub. Bu model sayəsində Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini, leksik-semantik xüsusiyyətlərini araşdırmaq, qədim alınma sözlərin tarixi laylarını aşkarlayıb sistemli təhlilini vermək mümkün olub İlham Tahirov böyük alim olmaqla yanaşı, həm də örnək bir pedaqoq, tələbələrinin mühazirələrini sevərək dinlədiyi müəllimdir. Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirdiyi il təyinatla Yardımlı rayonunun ucqar Hamarkənd kənd orta məktəbinə ingilis dili müəllimi kimi göndərilən İlham Tahirov burada 4 il fəaliyyət göstərir. Elmə olan tükənməz sevgisi onu AMEA-nın aspiranturasına gətirsə də, o, elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirir. Ali təhsil ocaqlarında gənc nəsildə dil sevgisini formalaşdırmaq, onlara dilçiliyin sirlərini sevdirmək üçün bütün pedaqoji məharətini işə salır. Onun Yardımlı rayonunun Hamarkənd orta məktəbindən başlanan müqəddəs müəllimlik yolu (1986–1990) sonradan Xəzər Universitetində (1994–1996), Azərbaycan Memarlıq və İnşaat Universitetində (1996–1998) və Azərbaycan Müəllimlər İnstitutunda (2014–2016) uğurla davam edib. 2014-cü ildən etibarən isə İlham müəllim Lənkəran Dövlət Universitetində müqayisəli tipologiya, semantik sahə, ingilis dilinin leksikologiyası, üslubiyyatı və filologiyanın müasir problemləri fənlərindən mühazirələr oxuyur, magistrant və doktorantlara rəhbərlik edir. Onun elmi rəhbərliyi ilə artıq 16 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru dissertasiyasını müdafiə edib Prof. İlham Tahirov alim, pedaqoq olmaqla yanaşı, həm də mahir tərcüməçidir. Onun ingilis dili üzrə mükəmməl mütəxəssis olması, bir neçə xarici dili dərindən bilməsi və ən əsası, ana dilinin incəliklərinə vaqif olması tərcüməçilik fəaliyyətində uğuru şərtləndirən əsas amillərdir. İlham müəllim bədii və elmi mətnlərin tərcüməsində hər iki dilin daxili harmoniyasını, ruhunu hiss edən dilçi alimdir. Onun ingilis və rus dillərindən dilimizə tərcümə etdiyi 6 fundamental kitab xarici elmi mühitlə Azərbaycan elmi arasında möhkəm elmi-ədəbi körpü rolunu oynayır. Alimin son illərdə ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” (2022) adlı kitabı isə sadəcə elmi iş deyil, həm toponimiyamızın qorunması, həm də dövlət əhəmiyyətli milli maraqlarımızın qlobal müstəvidə düzgün ifadəsi baxımından mühüm tətbiqi və strateji uğurdur Dilşünas alimin yaradıcılığının əsas xətlərindən biri dildə zamanı — temporallığı araşdırmaq olsa da, onun bir insan, alim və pedaqoq kimi keçdiyi ömür yolu özü bütövlükdə gənc nəslə örnək olan bir zaman nümunəsidir. İlham Tahirov bu gün dilimizin qrammatik qanunlarını, onun Hind-Avropa dilləri ilə müqayisəli təhlilini verməklə kifayətlənməyən, milli dilin milli şüurun və dövlətçiliyin formalaşmasındakı böyük rolunu gələcək nəsillərə aşılayan, sevdirən alim-ziyalı kimi tanınır, sevilir. Günün nəbzini tutan publicist yazıları, esseləri, ədəbi-tənqidi məqalələri, resenziyaları onun həm alim, həm şəxsiyyət kimi bütövlüyündən, zəngin mütaliəsindən, erudisiyasından xəbər verir Ana dilimizi təkcə qrammatik qaydalarla deyil, milli şüurun və ruhun aynası kimi sevdirən və təbliğ edən, yaradıcılığında dildə zamanın sirrini axtaran professor İlham Tahirov öz ömür yolu ilə zamandan daha böyük bir həqiqəti — elmə və insana olan sonsuz sevgini isbatladı. Sübut etdi ki, onun alimlik missiyası sadəcə dilləri müqayisə etmək deyil, pedaqoji fəaliyyəti məruzə oxumaqla yekunlaşmır, bu fəaliyyətə milli-mənəvi, əxlaqi dəyərlərimizin, milli yaddaşımızın təbliği də daxildir Bu gün rəhbərlik etdiyi Hind-Avropa dilləri şöbəsindən tutmuş Lənkəran Dövlət Universitetində dərs dediyi tələbələrə qədər hər yerdə İlham müəllimin silinməz imzası var. Azərbaycan elminin uğurlu imzası, tanınmış siması, xalqımızın böyük ziyalısı- yeni yaşınız mübarək! Qoy uca xaliqin zaman tərəzisində yaşınızla uğurlarınız tən artsın, sizə araşdırdığınız zaman qədər uzun, fəaliyyətinizin bütün istiqamətlərində uğurlarla zəngin olan bir ömür arzulayırıq! Esmira İsmayılova, Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent


