Tenqri
Ana Səhifə
Dünya

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

İyunun 8-də keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununda İstanbul Bəyannaməsinin qəbul edilməsi üç ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd, sadəcə, növbəti diplomatik görüşün yekun bəyanatı deyil

0 baxışazertag.az
İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil
Paylaş:

İyunun 8-də keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununda İstanbul Bəyannaməsinin qəbul edilməsi üç ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd, sadəcə, növbəti diplomatik görüşün yekun bəyanatı deyil, eyni zamanda, Cənubi Qafqazda formalaşmaqda olan yeni regional təhlükəsizlik, nəqliyyat və enerji arxitekturasının siyasi manifesti kimi qiymətləndirilə bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nəzrin Əlizadə bildirib Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi artıq uzun illərdir davam edən regional əməkdaşlıq modelinin mühüm sütunlarından birinə çevrilib. 2014-cü ildən etibarən fəaliyyət göstərən bu format təkcə siyasi məsləhətləşmə platforması deyil, həm də regional sabitlik və inkişaf gündəliyinin formalaşdırılmasına töhfə verən təsirli mexanizm kimi çıxış edir “2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. Müharibədən sonra regionda təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı müxtəlif yanaşmalar meydana çıxsa da, Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı regional sabitliyin təmin olunmasına yönəlmiş ən praktik və dayanıqlı modellərdən biri kimi ön plana çıxıb. İstanbul Bəyannaməsində üç ölkənin regional sülhə, sabitliyə və rifaha verdiyi töhfələrin xüsusi vurğulanması da bu baxımdan təsadüfi deyil. Sənəddə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə göstərilən birmənalı dəstək üçtərəfli mexanizmin normativ əsaslarını daha da gücləndirir. Bu yanaşma regionda münaqişələrin həllinin beynəlxalq hüququn prinsipləri əsasında həyata keçirilməsinə verilən dəstəyin ifadəsidir. Görüş zamanı təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə olunması xüsusi əhəmiyyət daşıyır. Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhlükələr, qanunsuz miqrasiya və digər çağırışlara qarşı koordinasiyalı fəaliyyət region dövlətlərinin ortaq maraqlarından irəli gəlir. Bu isə Cənubi Qafqazda regional məsuliyyət prinsipinin gücləndiyini göstərir”, - deyə Nəzrin Əlizadə vurğulayıb O qeyd edib ki, İstanbul Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ilə bağlı müddəalardır. Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatmasının alqışlanması Orta Dəhlizin inkişafına verilən strateji önəmin göstəricisidir “Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhliz Avrasiyanın ən perspektivli nəqliyyat xətlərindən birinə çevrilib. BTQ-nin modernləşdirilməsi və yükdaşıma imkanlarının artırılması isə bu marşrutun beynəlxalq rəqabət qabiliyyətini daha da yüksəldəcək. Türkiyə xarici işlər naziri Hakan Fidanın da vurğuladığı kimi, Orta Dəhliz artıq üç ölkə əməkdaşlığının strateji sütunlarından birinə çevrilib. Bu dəhliz vasitəsilə Avropa ilə Asiya arasında daha təhlükəsiz, sürətli və proqnozlaşdırılan nəqliyyat marşrutu formalaşdırılır. İstanbul Bəyannaməsində Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında nəqliyyat və əlaqələndirmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müddəalar xüsusi diqqət çəkir. Bu, üçtərəfli mexanizmin funksional baxımdan Mərkəzi Asiyaya doğru genişlənməkdə olduğunu göstərir və Orta Dəhlizin potensialını əhəmiyyətli dərəcədə artırır. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropa enerji təhlükəsizliyinə verdiyi töhfələrin bir daha vurğulanması enerji əməkdaşlığının strateji əhəmiyyətini təsdiqləyir. Bununla yanaşı, yaşıl enerji və aşağı karbon texnologiyalarının inkişafı istiqamətində əməkdaşlığa verilən önəm regionun gələcək enerji siyasətinin yeni istiqamətlərini müəyyən edir”, - deyə müəllim bildirib N.Əlizadə hesab edir ki, yaşıl enerji bağlantılarının inkişaf etdirilməsi Azərbaycanın, Türkiyənin və Gürcüstanın Avrasiyanın yeni enerji xəritəsində mövqelərini daha da gücləndirəcək. Bu yanaşma regionun yalnız ənənəvi enerji ixracatçısı deyil, həm də yaşıl enerji dəhlizinin mühüm iştirakçısına çevrilməsinə xidmət edir “İstanbul Bəyannaməsi həm də gələcək regional inteqrasiya proseslərinin istiqamətini müəyyənləşdirən sənəddir. Qazaxıstanın daha fəal şəkildə bu əməkdaşlıq formatına cəlb olunması perspektivi gələcəkdə daha geniş Avrasiya əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər. On ilə yaxın müddətdə fəaliyyət göstərən üçtərəfli mexanizmin növbəti mərhələsi olan İstanbul Bəyannaməsi Cənubi Qafqazı münaqişə məkanından əməkdaşlıq və əlaqələndirmə məkanına çevirməyə yönəlmiş strateji baxışın ifadəsidir. Bu gün Bakı–Ankara–Tbilisi xətti artıq regionda baş verən proseslərin, sadəcə, müşahidəçisi deyil, həmin prosesləri formalaşdıran əsas siyasi və geoiqtisadi mərkəzlərdən biri kimi çıxış edir”, - deyə Nəzrin Əlizadə bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler